Azərbaycan diasporası erməniləri təşvişə salıb

Mais Səfərli: “Ermənilər artıq azərbaycanlılar haqqında mənfi fikir söyləməyə qorxurlar”

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə xaricinə miqrasiya özünün xarakterini dəyişərək sırf iqtisadi xarakter aldı. Dünyanın digər inkişaf etməkdə olan ölkələrində olduğu kimi diaspor fəaliyyəti sivil forma  alaraq beynəlxalq hüquq normaları çərçivəsinə düşüb. Artıq demək olar ki, müxtəlif ölkələrə səpələnmiş azərbaycanlıların öz milli mənsubiyyətlərini qorumaqla mədəni-siyasi həmrəyliyi müstəqil Azərbaycan Respublikasının dövlət maraqlarına uyğun gəlir və onun strateji məqsədlərindən biridir. Bununla yanaşı,  müstəqilliyin və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin gücləndirilməsi, erməni təcavüzünə məruz qalmış xalqın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində ədalətli həllinə nail olunması xarici ölkələrdə diaspor fəaliyyəti ilə məşğul olan təşkilatların vahid mərkəz ətrafında birləşməsini zəruri edir. Dünya azərbaycanlılarının yaşadığı ölkələrdə monolit qüvvə kimi çıxış etmələri onların milli və vətəndaş hüquqlarının qorunmasına da əhəmiyyətli təsir göstərir. Son illər fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi və mədəni həyatında Azərbaycan cəmiyyətlərinin fəal iştirak etmələri diaspor quruculuğu işinin ən mühüm istiqamətlərindən birinə çüvrilib.  Bir sıra ölkələrin qanunvericilik, icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarında təmsil olunmaları, kompakt yaşadıqları ərazilərdə Bazar günü məktəblərinin açılması, müxtəlif icma və birliklərin nəzdində 27 qəzet, 10 jurnal, 3 radio və 1 televiziyanın fəaliyyət göstərməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə müxtəlif tədbirlərin təşkil edilməsi Azərbaycan diasporu nümayəndələrinin ictimai-siyasi fəallığının artmasının göstəricisidir. Lakin diaspor fəaliyyəti daim inkişafda olan fəaliyyət növü olduğundan onun daha da təkmilləşməsinə ehtiyac duyulur. Hazırki şəraitdə Azərbaycan diasporu qarşısına qoyulan vəzifələrin öhdəsindən gəlmək gücünə malikdirmi?

      Yurddaş Partiyasının sədri Mais Səfərli diaspora fəaliyyəti ilə bağlı suallarımızı cavablandırır.

-Mais müəllim, Azərbaycan diasporunun hazırki fəaliyyətini qənaətbəxş hesab etmək olarmı?

-Azərbaycan diasporasının son illərdəki fəaliyyəti yüksək qiymətləndirilməlidir. Xüsusən, Azərbaycanda  Diasporla İş üzrə Dövlət Komitəsi yarandıqdan sonra bu iş daha da güclənib. Bu işin dövlət səviyyəsində aparılması çox sevindirici haldır. Əslində diaspora fəaliyyəti belə də olmalıdır. Çünki taleyin amansız hökmü ilə azərbaycanlılar dünyanın bir çox ölkələrinə səpələniblər. Onların  dilimizi, dinimizi, milli dəyərlərimizi, adət-ənənələrimizi qoruyub saxlamalarına, xarici ölkələrdə dünyaya gələn övladlarının azərbaycanlı kimi böyüməsi işində dövlət qayğısına çox böyük ehtiyac duyulur. Məhz ümummilli liderimiz Heydər Əliyev bu məsələni  yüksək qiymətləndirərək yeganə tarixi lider kimi məsələni dövlət səviyyəsinə qaldırdı. Nəticədə  xaricdə yaşayan azərbaycanlılarla  bağlı qanun layihəsi hazırlandı və qəbul edildi. Eyni zamanda, Diasporla İş üzrə Dövlət  Komitəsi yaradıldı. İndi birmənalı şəkildə demək olar ki, diaspora ilə bağlı sistemli şəkildə iş aparılır. Bunun nəticəsidir ki, diaspora fəaliyyəti xeyli güclənib. Əvvəllər xarici ölkələrdəki Azərbaycan cəmiyyətləri dağınlıq idi, onlar arasında koordinasiya yox idi, fəaliyyətlərini lazımi səviyyədə əlaqələndirə bilmirdilər. Dövlət Komitəsi yarandıqdan sonra bu iş sistemli və ardıcıl şəkildə aparılır. Məlim olduğu kimi bu sahə bizim üçün yeni bir sahədir, hələ bu istiqamətdə fəaliyyətə yenicə başlamışıq. Odur ki, hələlik istədiyimiz yüksək nəticələrə çata bilməmişik. Ancaq hər halda indiyə qədər diaspora ilə dövlət səviyyəsində aparılan işi yüksək qiymətləndirirmək lazımdır.  

-Sizcə, Azərbaycan dövləti diaspor fəaliyyətinə lazımi dəstəyi verirmi?

-Düzdür, dünyanın ayrı-ayrı ölkələrində elə cəmiyyətlər var ki, fəaliyyəti zəifdir, elələri isə normal fəaliyyət göstərir. Lakin bir faktdır ki, fəaliyyəti zəif olan icmaların gücləndirilməsi üçün Azərbaycan dövləti və aidiyyati orqanları lazımi işləri görürlər. Fərəhləndirici haldır ki, bu iş birbaşa cənab prezident İlham Əliyevin nəzarətindədir. Dövlət başçısı da bu məsələyə xüsusi diqqət yetirir. Prezident bu və ya digər ölkəyə səfər edərkən təkcə həmin ölkənin dövlət və hökumət rəhbərləri ilə deyil, eyni zamanda oradakı Azərbaycan icmalarının rəhbərləri və nümayəndələri ilə görüşür, onları dinləyir, onların problemləri ilə maraqlanır. Həmin problemlərin aradan qaldırılması üçün lazımi tapşırıqlarını verir. Təsadüfi deyil ki,  bu gün  dünya azərbaycanlıları İlham Əliyevi özlərinin lideri hesab edir və bunun əsas səbəblərindən biri də odur ki, dövlət başçısı harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılara çox böyük diqqət yetirir, onların problemlərinin həll olunmasında əməli  fəaliyyət göstərir.

- Azəbaycanın xarici diaspor təşkilatları arasında əlaqələrin zəif olduğu bildirilir. Sizcə real vəziyyət nədən ibarətdir?

- Diaspora fəaliyyətində ən böyük problemlərdən biri də icmalar arasında əlaqənin zəif olmasıdır. Nəzərə almaq lazımdır ki, həmin icmalar və cəmiyyətlər ictimai təşkilatlardır. Onlar Azərbaycan dövləti tərəfindən yaradılmır, idarə olunmur, sadəcə dövlət onların fəaliyyətinə istiqamət verir,  yardım göstərir. Təbii ki, hələ də bir çox cəmiyyətlər var ki, onlar arasındakı əlaqələr lazımi səviyyədə deyil. Elələri də var ki, milli məsələlər qalıb bir yana, başqa məsələlərlə məşğul olurlar.  Bəzi cəmiyyətlərdə biznes maraqları daha üstünlük təşkil edir və sairə. Amma illər keşdikcə bu nöqsanlar da aradan qalxır. O cəmiyyətlər, icmalar yaşayıb fəaliyyət göstərə bilir ki, onlar orada yaşayan azərbaycanlıların problemləri ilə həqiqi mənada məşğul olurlar, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə qalxırlar, vətənlə soydaşlarımız arasında ünsiyyət körpüsünün yaranmasında əllərindən gələni edirlər. O cəmiyyətlər ki, bu və ya digər şəxslərin maraqlarındadır, artıq həmin cəmiyyətlər sıradan çıxmaqdadır. Vaxtilə Rusiya Federasiyasının ərazisində belə cəmiyyətlər var idi. İndinin özündə də elə cəmiyyətlər var ki, ayrı-ayrı adamların nəzarətindədr, onların maraqlarından çıxış edir. Amma bütövlükdə həmin cəmiyyətlərin, milli-mədəni mərkəzlərin böyük əksəriyyəti Azərbaycan diaspora təşkilatı tərəfindən koordinasiya olunur, nəticədə uğurlu fəaliyyət göstərirlər.

- Belə bir fikir var ki, xarici ölkələrdə diaspor təşkilatların sayının çox olması diaspor fəaliyyətinə əngəl törədir. Sizin məsələyə münasibətiniz necədir?

- Diaspor fəaliyyətində say məsələsi önəmli deyil. Bu məsələdə əsas şərt ortada keyfiyyətin, işin olmasıdır. Bəzən xarici ölkələrdə yaşayan soydaşlarımızın öz aralarında maraqların toqquşması olur, bəzən kimisə lider kimi qəbul etmirlər. Əslində diaspor fəaliyyətində bunlar normal hadisələrdir. Belə hallar digər xalqların diasporalarında da müşahidə olunur. Məsələn, bu gün dünyada ən güclü diaspora fəaliyyəti yəhudilərin diasporaları hesab olunur. Lakin onların özlərində də belə problemlər olur. Bu baxımdan demək olar ki, diaspora fəaliyyətində əsas göstərici keyfiyyətin olması qəbul edilir.  Keyfiyyət isə icmaların qarşısında duran vəzifələrin icrasından ibarətdir. Bu vəzifələr həmin ölkələrdə yaşayan azərbaycanlıların sayının dəqiq müəyyən edilməsi, onların milli-mədəni irsimizə yiyələnmələri üçün azərbaycanlıların yeganə dövləti olan Azərbaycan Pespublikası ilə əlaqələrin təmin edilməsi, Azərbaycan dilinin öyrənilməsi, mədəniyyətin təbliği, Azərbaycanin probleminin həmin ölkələrə çatdırılması, bu ölkələrlə Azərbaycan arasında əlaqələrin güclənməsində diaspor fəaliyyətindən istifadə edilməsindən ibarətdir.  Kim bu məsələlərdə fəaldırsa, bu istiqamətdə praktiki iş görürsə, təbii ki, o icmalar yaşayacaq, əksinə, iş görməyən təşkilatlar tarixin səhifəsindən silinəcək. Bu baxımdan çoxlu sayda icmaların olmasının heç bir ziyanı yoxdur. Bir şərtlə ki, o icmalar arasında əlaqələr olsun, bir-biri ilə əlaqəli şəkildə konkret iş görsünlər.

-  Sizcə Azərbaycan diasporasının erməni diasporasına təsir dairəsi hansı səviyyədədir?

- Ermənilər əsrlər boyu diaspor fəaliyyəti ilə məşğul olublar. Ermənilər vətənsiz bir toplum olduğundan dünyanın hər yerinə yayılıblar. Ona görə, onların öz mövcudluqlarının qorunub saxlanması üçün yeganə yol diaspora olub. Təbii ki, bu baxımdan onlar daha fəal və daha təcrübəlidirlər. Amma buna baxmayaraq bu gün Avropada, Amerikada, Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporası erməniləri elə bir küncə sıxışdırıb ki,  ermənilər artıq azərbaycanlılar haqqında mənfi bir fikir söyləməyə qorxurlar. Çünki dərhal layiqli və lazımi  cavablarını alırlar. Bu da onunla bağlıdır ki, diaspora məsələsi ilə Azərbaycanda dövlət səviyyəsində məşğul olurlar və bu məsələlər çiddi çəkildə nəzarət alrtında saxlanır. 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31