“Qırğızıstanda Azərbaycan diasporu yaxşı səviyyədədir”

Nüsrət Məmmədov: “Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondu olaraq hər zaman türkdilli xalqların diasporları ilə əməkdaşlıq etmişik”

"Diaspor təşkilatlarına qarşı diqqət artırılmalıdır"

Dünyanın əksəriyyət ölkələri kimi bu gün Orta Asiya regionunda da Azərbayca diasporu fəaliyyət göstərir. Düzdür, Orta Asiya regionuna daxil oloan respublikalarda Azərbaycan diasporu o qədər fəal olmasa da, lakin ayrı-ayrı diaspor təşkilatları var ki, Azərbaycanın təbliği, Ermənistanın işğalçılıq siyasətinin türkdilli respublikaların diqqətinə çatdırılması istiqamətində gördükləri işlər, həyata keçirdikləri layihələrlə bu boşluğu aradan qaldırmağa müvəffəq olurlar. Belə təşkilatlardan biri də Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondudur. 20 ildən artıqdır ki, fəaliyyət göstərən sözügedən təşkilatın gördüyü işlər təkcə Qırğızıstan deyil, eyni zamanda Orta Asiya regionuna daxil olan digər türkdilli respublikalar, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Tacikistanı da əhatə edir. Bu günlərdə Bakıda olan Türkdillli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədovla görüşüb rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, ötən müddət ərzində gördüyü işlər və qarşıya qoyduğu vəzifələr barədə söhbətləşdik. Nüsrət Məmmədov "OLAYLAR"-a verdiyi müsahibədə Orta Asiya regionuna daxil olan respublikalardakı Azərbaycan diasporunun vəziyyətinə də aydınlıq gətirib.

-Nüsrət müəllim, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu nə vaxtdan fəaliyyət göstərir və təşkilatın əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?

-Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu 1989-cu ildən fəaliyyətdədir.  2004-cü ildən isə təşkilatımız rəsmi qeydiyyatdan keçib. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun əsas fəaliyyəti türkdilli ölkələrin tanınmış liderlərinin təbliğatı və bu ölkələrin mədəniyyətlərinin yayılması istiqamətində qurulub.

-Rəhbərlik etdiyiniz fondun dəstəyi ilə mütəmadi olaraq Qırğızıstanda Azərbaycanla bağlı kitablar tərcümə olunaraq təqdimatı keçirilir. Yaxın vaxtlarda anoloji tədbirlərin keçirilməsi nəzərdə tutulurmu?

-Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fodunun xətti ilə bu günə qədər 48 kitab qırğız, qazax və ya ingilis dilinə tərcümə edilərək nəşr olunub.  Bu sıraya mərhum şairimiz Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasını aid etmək olar ki, həmin kitabı qırğız, rus və ingilis dillərinə tərcümə etdirmişik. Həmçinin Mir Cəlal Paşayevin seçilmiş əsərlərinin 3 cildliyini qırğız dilinə tərcümə etdirib onu nəşr etdirmişik. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəkliyi", "Gorus-2010" kitabları qırğız və rus dillərinə tərcümə edilərək nəşr olunub. Onu da qeyd edim ki, bu kitablar bizim tərəfimizdən pulsuz yayımlanır. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu həmin kitabların tərcüməsi və nəşrini maliyyələşdirir. Burada yeganə məqsəd Azərbaycanın həqiqətlərini Orta Asiya xalqlarına çatdırmaqdır. Bu yaxınlarda isə Çingiz Aytmatovun "Mən Manas oğluyam" kitabını qırğız dilinə tərcümə etdirmişik. Yaxın vaxtlarda kitab tam hazır olacaq ki, bu da bizim fond tərəfindən Çingiz Aytmatovun 85 illiyinə  hədiyyədir. Bundan başqa Bəxtiyar Qaracanın  millət vəkili Qənirə Paşayevanın şerləri əsasında ədəbi-bədii kompozisiya filmi çəkilib. Həmin filmdəki şerləri qırğız dilinə tərcümə edib dublyaj etdirdik. Həmçinin Bişkəkdə "Xoca" filminin də təqdimatını keçirdik. Təqdimat mərasimindən sonra isə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu, "Xəzər" İctimai Birliyi və Qırğızıstandakı Azərbaycanlıların Konqresinin təşəbbüsü və maliyyəsi ilə  filmi qırğız dilinə tərcümə etdirdik.

-Hazırda türkdilli ölkələrin diaspor təşkilatları arasında əməkdaşlığı necə dəyərləndirirsiniz?

-Türkdilli ölkələrin diaspor təşkilatları arasında əməkdaşlığı yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu bizim üçün günümüzdə çox lazımlıdır. Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondu olaraq hər zaman türkdilli xalqların diasporları ilə əməkdaşlıq etmişik. Bir neçə il əvvəl Birləşmiş Ştatalar Senatı qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı qanun qəbul etmək niyyətinə düşərkən Qırğızıstanda fəaliyyət göstərən türkdilli xalqların diaspor təşkilatları bir araya gələrək Amerika Senatına etiraz bəyanati göndərdik və onu hər yerdə yaydıq. Bəyanatda qeyd etdik ki, tarixdə "erməni soyqırımı" deyilən bir şey olmayıb və bunu siyasilər deyil, tarixçilər araşdırmalıdır.

-Qırğızıstanda təxminən nə qədər azərbaycanlı yaşayır və onların diaspora sahəsində fəaliyyətləri necədir?

-Rəsmi siyahıyaalmaya görə, Qırğızıstanda 16200 nəfər soydaşımız yaşayır. Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondundan başqa Qırğızıstanda 4 diaspor təşkilatı da fəaliyyət göstərir. Bunlar Ziyəddin Hüseynovun rəhbərlik etdiyi "Xəzər" İctimai Birliyi, Cəbi Rəsulovun başçılıq etdiyi Qırğızıstan Azərbaycanlıları Əlaqələndirmə Mərkəzi,  Çingiz Ələsgərovun sədrliyi ilə fəaliyyət göstərən  Qırğızıstan Azərbaycanlıları Konqresi və Mirzəli Rzayevin rəhbərlik etdiyi diaspor təşkilatlarıdır. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu  olaraq həmin təşkilatlarla biz sıx əlaqəli şəkildə işləyirik.  Bütün tədbirləri bir yerdə keçiririk.

-Demək olarmı ki, Qırğızıstanda Azərbaycan diasporunun vəziyyəti yaxşı səviyyədədir7

-Bu gün Qırğızıstandakı Azərbaycan diasporu doğrudan da yaxşı səviyyədədir. Ancaq bir məqamı da qeyd etmək yerinə düşər. Belə ki, bu yaxınlarda Bakıda keçirilən türkdilli ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci forumuna Qırğızıstanda fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri dəvət edilmədi. Hesab edirəm ki, həmin diaspor təşkilatlarına qarşı diqqət artırılmalıdır.

-Sizcə, Orta Asiya respublikalarında fəaliyyət göstərən Azərbaycan diuaspor təşkilatlarını öz ətrafında cəm edən hansısa konqres və ya assambleyanın yaradılmasına ehtiyac varmı?

-Biz Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu olaraq bu barədə fikirləşirik. Belə ki, Orta Asiya və Qazaxıstan Azərbaycanlıları Konqresi yaratmağı nəzərdə tuturuq. Hazırda həmin konqresin yaradılması istiqamətində müvafiq işlər həyata keçirilir. Yəqin ki, yaxın vaxtlarda Orta Asiya və Qazaxıstan Azərbaycanlıları Konqresi yaradılacaq və qeydiyyatdan keçəcək. Hesab edirəm ki, Orta Asiya və Qazaxıstan Azərbaycanlıları Konqresinin yaradılması çox müsbət bir hal olar. Çünki, biz təşkilat olaraq yalnız Qırğızıstanla deyil, ümumilikdə Orta Asiya regionu ölkələri ilə əlaqəli .şəkildə işləyirik. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu olaraq hansısa bir kitab nəşr etdikdə, həmin kitabı Qırğızıstanla yanaşı, Qzaxıstan, Özbəkistan, Türkmənistan və Tacikistanda da yayırıq. Ona görə də sözügedən konqresin yaradılması olduqca lazımlı bir işdir.

-Bu il ərzində həmin konqresin yaradılması mümkündür?

-Bəli. Ola bilsin ki, il ərzində Orta Asiya və Qazaxıstan Azərbaycanlıları Konqresinin yaradılması baş tutdu.

-Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun yaxın aylar üçün qarşısına qoyduğu vəzifələr və keçirəcəyi tədbirlər nədən ibarətdir7

-Hazırda Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə 10-a yaxın kitab qırğız dilinı tərcümə edilir. Yaxın vaxtlarda həmin kitablar növbəli prinsip əsasında nəşr olunacaq. Bundan başqa Qırğızıstanın paytaxtı Bişkəkdə fəaliyyəti götərən Kitabxanalar Sistemi ilə birlikdə Azərbaycanla bağlı tədbir keçirəcəyik. Həmin tədbirin planı da artıq hazırdır.

-Həmin tədbir nə zaman olacaq?

-Düşünürük ki, sözügedən tədbiri oktyabr ayının ortalarında keçirək. Azərbaycanda baş tutacaq prezident seçkilərinə 5-10 gün qalmış biz həmin tədbiri keçirmək niyyətindəyik.

-Yəqin ki, həmin tədbirdə Qırğızıstanda yaşayan azərbaycanlıların prezident seçkiləri ilə bağlı mövqeyi də aydınlaşacaq və soydaşlarımız seçkilərdə kimə səs verəcəklərini müəyyənləşdirəcəklər?

-Əlbəttə ki. Onsuz da prezident seçkiləri ilə bağlı bizim mövqeyimiz birmınalıdır. Təxminən bir ay əvvəl toplanıb belə bir qərar qəbul etdik ki, Azərbaycanda keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyinin irəli sürülməsinin tərəfdarıyıq. Çünki Birləşmiş Ştatlar özünü demokratiyanın beşiyi adlandırdığı halda Ruzvelt 3 dəfə Amerikanın prezidenti seçilib. Ona görə  biz də hesab edirik ki, bu gün cənab prezident İlham Əliyevi dəyişdirmək olmaz. Çünki ona alternativ yoxdur. Bizim əsas fikrimiz və mövqeyimiz ondan ibarətdiri ki, Orta Asiya regionunda yaşayan Azərbaycan vətəndaşları prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləsinlər. Bunu dünya şöhrətli kinorejissor Polad Cəmşiyevin sözləri ilə əlaqələndiririk. Belə ki, Polad Cəmşiyev Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşkil etdiyi tədbirdə iştirakı zamanı bildirdi ki, azərbaycanlılar doğurdan da Qafqaz regionunun lider dövlətidir. Əgər Azərbaycanı Türk dünyasının da lider dövlətinə çevirmək istəyirsinizsə İlham Əliyev yenə hakimiyyətdə olmalıdır. Çünki İlham Əliyevin gördüyü işlər göz qabağındadır. Bir məqamı da qeyd edim ki, Polad Cəmşiyev bir müddət əvvəl Azərbaycanda oldu və Qubadakı kütləvi məzarlığı ziyarət etdi. Qırğızıstana qayıtdıqdan sonra isə həmin məzarlığı özündə əks etdirən bir ssenari yazıb. Türkdilli Dövlətlırin Siyasətinə Dəstək Fondunun dəstəyi ilə həmin ssenari ingilis dilinə tərcümə edilib.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31