“Birlik, həmrəylik anlayışlarında ciddi problemlər var”

Zaur Əliyev: “Xarici ölkələrdə elmi mərkəzlər və təhsil ocaqları ilə əməkdaşlıq təbliğat baxımdan böyük təsir edə bilır”

"Bizim diaspor belə bir təcrübəyə malik deyil"

Dünya dəyişdikcə bütün sahələr üzrə inkişaf baş verir. Belə sahələrdən biri də diaspora sahəsidir. Hər bir sahədə olduğu kimi diaspora sahəsində də yeni yanaşmalar, mübarizə texnologiyalarından istifadə etmək zərurətə çevrilir. Bəs görəsən Azərbaycan diasporu bu zərurəti nə dərəcədə dərk edir və öz fəaliyyətində yeni yanaşma və texnologiyalardan istifadə edirmi? Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, "Diaspor və Lobbi" Elmi Araşdırmalar Mərkəzinin sədri, siyasi fəlsəfə doktoru Zaur Əliyev fikirlərini "OLAYLAR"-a bölüşüb. O, müsahibəsində Azərbaycan diasporunun mövcud durumu, bu sahədə mövcud olan problemlərdən də danışıb.

-Zaur müəllim, bu bir reallıqdır ki, diaspor daim yenilik, yeni yanaşmalar tələb edir. "Diaspor və Lobbi" Elmi Araşdırmalar Mərkəzinin rəhbəri olaraq necə düşünürsünüz, Azərbaycan diasporu bu yeniliklərdən necə istifadə edir?

-İlk növbədə onu qeyd etmək lazımdır ki, bu gün Azərbaycan diasporunda ən böyük çatışmamazlığımız diaspor anlayışının zəif olmasıdır. Axı bizimkilərin çoxu heç bilmir diaspor nədir, necə formalaşır. Yaxud diaspor hansı istiqamətdə və hansı formada yaranır. Biizmkilər ilk olaraq bunu bilməlidirlər ki, sonradan yeniliklərə müraciət etsinlər. Azərbaycan diasporu bu günə qədər anlaya bilmir ki, onlar icmadır yoxsa diaspor. Məlumdur ki, xaricdə müəyyən saya malik vətəndaşı olan hər bir dövlət onlarla qarşılıqlı və faydalı əməkdaşlıq qurmaqda maraqlıdır. Bu istiqamətdə isə diasporun xatirində ana vətən və tarixi torpaqlar barədə ortaq təsəvvürlərin olması amili başlıca rola malik olur. Bu gün bizim diasporumuzda Vətən və tarixi torpaqlar anlayışı demək olar ki, az bir insanda özünü göstərir. Nəzəriyyədə və təcrübədə bəllidir ki, diasporlar məskunlaşdıqları ölkələr ilə tarixi vətənləri arasında ikitərəfəli əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayırlar. Bəs bizim bu günə qədər hansı diasporumuz yaşadıqları ölkə ilə Azərbaycan arasında körpü rolu oynayıb? Demək olar ki, çox az qismi. Digər tərəfdən Azərbaycan diasporunda "Vətən2 və "Dövlət" anlayışı heç də onların təsəvvüründə eyni deyil və onların baxışları bir-birini tamamlamır. Buna görə də xaricdəki azərbaycanlılar parçalanmış, iki hissəyə bölünmüş bir xalqın təmsilçisi olmaqla, onlar arasında hüquqi-siyasi status, vətəndaşlıq mənsubiyyəti, sosial-siyasi anlayış və baxışlar baxımından fərqlər var. Azərbaycan diasporu haqqında lazımınca məlumatın olmaması, xalqımızda belə bir qurumun yoxluğu təsəvvürünü formalaşdırıb. Buna görə də hesab edirəm ki, bizim diaspor ilk olaraq özlərini dərk etməlidirlər. Məhz bundan sonra  yenliklərdən yararlana bilsinlər.

-Diaspora sahəsində bəzən erməni təcrübəsindən də istifadə etməyin zəruri olduğu bildirilir. Ancaq bir sıra ekspertlər isə ermənilərin düşmən xalq olduğunu deyərək buna qarşı çıxırlar. Sizin necə hesab edirsiniz, diaspora sahəsində erməni təcrübəsindən istifadə lazımdır?

-Bu gün dünyanın bütün bölgələrinə səpələnərək 50 milyonluq azərbaycanlı adını daşıyan soydaşlarımızın birlik, həmrəylik anlayışılarında ciddi problemlər var. Diaspordaxili ziddiyyətlər, qarşılıqlı anlaşılmazlıq, liderlik uğrunda mübarizə və digər problemlər azərbaycanlıların vahid bir mərkəzə çevrilməsində əngəllər yaradır. Bunu aradan götürmək yollarını və istiqamətlərini düşünən "beyinlər" lazəmdır. Eyni zamanda tarixi, keçmişi, psixoloji məqamları nəzərə almaqla yanaşı dünyanın başqa millətlərinin təcrübəsinə də əsaslanmalıdırlar. Ermənilər 100 ildən çoxdur ki, diaspor fəaliyyətini planlı şəkildə qururlar. Onlar üçün şəxsi maraq dövlət və millət marağından aşağıda durur. Xaricdə yaşayan hər bir erməni bilir ki, onun bir dövləti var və həmin dövlətin də ona ehtiyacı var. Buna görə aylıq gəlirindən ümumerməni işinə pul ayırmaqdan əlavə mediada, hər hansı bir yerdə Ermənistan əleyhinə nəsə görəndə özününkülərə xəbər verir və bir tədbir keçirib onu aradan qaldırmağa cəhd edirlər. Sizcə belə təcrübədən yararlanmaq nə qədər pisdir? Bizim diaspor belə olsa inanın dünyanın hər yerdə Azərbaycan adı çəkilər. Yoxsa, yaxın ölkələri çıxmaq şərti ilə bir az uzağa gedəndə məlum olur ki, Azərbaycan adını heç eşitməyiblər. Hətta Avrovision yarışmasından sonra nə qədər dünya mediasında Azərbaycan haqqında yazılmasına baxmayaraq. Buna qarşı çıxanlar getsinlər özlərinə sual versinlər ki, belə düşüncə ilə biz hardayıq, düşmən dediyimiz ermənilər harda?

-Azərbaycan diasporu aparıcı elmi mərkəzlər, təhsil ocaqları ilə əməkdaşlıq edirmi?

-Çox az, demək olar ki, nəzərə çarpmadan. Bu Ukrayna, Rusiya və maksimum MDB məkanında hər hansı biri olar. Səhv etmirəmsə Cənubi Amerikada, Meksikada da belə bir cəhd edilmişdir. Əslində bu çox vacib məsələdir. Xarici ölkələrdə elmi mərkəzlər və təhsil ocaqları ilə əməkdaşlıq təbliğat baxımdan böyük təsir edə bilır. Amma baxın ermənilərin təsiri nə qədər güclüdürsə bəzi ölkələrdə onlar dərsliklərə uydurma soyqrımı və hətta Qarabağın onlara məxsus olduğun saldıra biliblər. Bizim diaspor isə sadəcə bəyanat verməklə kifayətlənib. Çünki onlar passiv və nəzarətsizdirlər. Hesab edirəm ki, bu işdə daha mühüm addımlar atıla bilərdi. Bizim diaspor belə bir təcrübəyə malik deyil. Olsa idi bu barədə geniş söhbət edərdik.
 

-Bəs Azərbaycan diasporunun xarici ölkələrin nüfuzlu  kütləvi informasiya vasitələri ilə əlaqələri, onlara çıxışı hansı səviyyədədir?

-Bu sahədə nisbətən nəsə edirlər. Amma etiraf etmək lazımdır ki,  bu görülən işlər düşmənlərimizin gördükləri işin yanında kölgədə qalır. Azərbaycan haqqında xarici kütləvi informasiya vasitələrində yazı yazılması və yaxud məlumatın getməsində səfirliklərimizin rolu daha çoxdur, nəinki diasporun. Özü də qeyd edim ki, soydaşlarımızdan bəzilər elə həmin kütləvi informasiya vasitələrində, ayrı-ayrı qəzet və jurnallarda çalışırlar. Sizə dəqiq bir fakt deyim. Avropada jurnalist işləyən bir  dostum var. Çalışdığı qəzetdə ermənilər barədə yazılar dərc olunur, ancaq o bunun qarşısını almaqda acizdir. Çünki etiraz eləsə işdən qovulmasından qorxur. O, işdən çıxsa dövlət onu müdafiə etməyəcək. Buna görə də susurlar.
 

-Son vaxtlar bir sıra ölkələr, xüsusilə Rusiya və Ukraynadakı Azərbaycan  diasporu daxilində baş verən ziddiyətlər sizcə nədən qaynaqlanır?

-Bunun bir cavab var, siyasət. Azərbaycan daxilində gedən siyasi proseslərdə bir birinə əks mövqe tutan partiyaları dəstəkləyənlər burda bir şeyi unudurlar. Xaricdə hakmiyyət dəstəkləmək əvəzinə bayrağımızı dəstəkləsələr nələrə nail olmaq olar. Amma onlara kreslo, vəzifə, pul lazımdır.Vətəni kimin yadına düşür. Diaspora nə qədər müxalifət-iqtidar söhbətlərindən asılı olacaq onlar arasında parçalanma davam edəcək. Hətta şəxsi düşmənçiliyə də gətirib çıxaracaq. Buna görə bizi diasporumuzun inkişafında qarşıda heç də yaxşı günlər gözləmir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31