Diaspor təşkilatları birləşərək fəaliyyət göstərməlidirlər

Səfər Karakoyunlu: “Yumruq kimi birləşib dünyaya bizdə varıq deməliyik”

"Türklüyün birliyi onun gələcəyidir"

Bir müddət əvvəl İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin dəvəti ilə baş tutan səfərdə məqsəd Azərbaycanı daha yaxından tanımaq və ölkəmizin zəngin tarixi-mədəni irsini türk xalqı və dünya ictimaiyyətinə tanıtmaq olub. İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu "OLAYLAR"-a verdiyi müsahibədə Azərbaycana səfər çərçivəsində keçirdikləri görüşlər barədə məlumat verib. İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri bu günlərdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin Bakıda keçirilən birinci forumu və bu forumdan olan gözləntilər barədə də danışıb.

-Səfər bəy, bir müddət əvvəl İstanbul Türkiyə-Azərbaycan Dərnəyi olaraq geniş bir nümayəndə heyəti ilə Azərbaycanda səfərdə oldunuz. Bu səfərin məqsədi nə idi və Azərbaycanda olarkən hansı görüşlər keçirdiniz?

-İyunun 14-dən 18-dək olan müddət ərzində İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin qurucu rəhbərləri, ağsaqqallar və ziyalılardan ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə oldu. Məlumat üçün qeyd edim ki, bizim səfərimiz Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin dəvəti ilə baş tutdu. Səfərdə başlıca məqsədimiz Azərbaycanın tarixi, mədəni yerlərini ziyarət etmək bu barədə həm dünya ictimaiyyətini, həm də türk xalqını tanıtmaq idi. Həmçinin Türkiyə ilə Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin daha yüksək səviyyəyə çatdırılmasına yardım etmək idi. Bu məqsədlə də biz İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin nümayəndə heyəti olaraq Azərbaycana səfər təşkil etdik. Səfərimiz Gəncə şəhərində başladı və Quba rayonuna qədər davam etdi. Hər səfər etdiyimiz bölgədə yerli ictimaiyyət tərəfindən böyük sevgi gördük. Səfərimiz zamanı yalnız bir əskikliyi gördük. O da bundan ibarətdir ki, Azərbaycanı hələ də tam olaraq tanıya bilməmişik. Bizim nümayəndə heyətimizin tərkibində 15 nəfər vardı ki, onlardan 12 nəfəri indiyə qədər Azərbaycanda olmayıblar. Hətta onlar Azərbaycanı ağlayaraq tərk etdilər.  Beş gün ərzində Azərbaycandan doymadıqlarını ifadə etdilər. Həmin 15 nəfər artıq Türkiyədə Azərbaycanın fəxri konsulluğu, səfirliyi kimi fəaliyyət göstərməkdədirlər. Eyni zamanda onlar Azərbaycanın turizmini, tarixi-mədəni abidələrini bütün Türkiyəyə, dünyaya tanıdırlar. Ona görə də hesab edirəm ki, bu kimi səfərlər daha sıx-sıx təşkil edilməlidir. Eyni zamanda hər kəsin Azərbaycana gəlməsini təşviq etməliyik. Öz növbəsində Azərbaycana gəlmək istəyən insanlara da burada müəyyən  imkanlar yaradılmalıdır. Düşünürəm ki, iki dövlət arasında bu kimi səfərlər tez-tez həyata keçirilməlidir.

-Azərbaycana səfəriniz zamanı Qubadakı kütləvi məzarlıqda da oldunuz. Qubadakı kütləvi məzarlığı ziyarət zamanı hansı hisslər keçirdiniz?

-Doğrusu çox kədərləndik. Qubada, eləcə də Azərbaycanın müxtəlif bölgələrində ermənilərin XX əsrin əvvəllərində kütləvi şəkildə soyqırımlar törətdiyi tarixdən bizə bəlli idi. Ancaq bunu əyani şəkildə görmək, insanların toplu şəkildə dəfn edildiyinin şahidi olmaq son dərəcə məyusedicidir. Onu da qeyd edim ki, bizimlə Azərbaycana səfər etmiş dərnək rəhbərlərimiz, ziyalılarımızın bəzilərinin hətta bundan xəbəri belə yox idi. Bizi Azərbaycana dəvət edərək belə bir kütləvi məzarlıqla tanış olamq fürsəti yaradan hər kəsə, xüsusilə də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinə təşəkkürümüzü bildiririk.

-Yəqin ki, Qubada gördüyünüz kütləvi məzarlıq barədə Türkiyəyə qayıtdıqdan sonra türk xalqı və dünya ictimaiyyətini ətraflı şəkildə məlumatlandıracaqsınız?

-Əlbəttə ki. Onsuz da biz İstanbul Türkiyə-Azərbayvan Dərnəyi olaraq hər zaman fəaliyyətimizdə Azərbaycanın haqq səsinin türk xalqı və dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetiririk. İstər 20 Yanvar facisəi, istər Xocalı soyqırımı, istərsə də digər bu kimi tarixləri dərnək olaraq hər zaman anır, tarixən Azərbaycanın başına gətirilən müsibətləri dünya ictimaiyyətinə, türk xalqına çatdırırıq. Heç şübhəsiz ki, Türkiyəyə qayıtdıqdan sonra Azərbaycanda, Qubadakı kütləvi məzarlıqda gördüklərimiz vəhşət barədə türk xalqını, həmçinin dünya ictimaiyyətini geniş şəkildə məlumatlandıracağıq. Xüsusilə dünya ictimaiyyətinin bu vəhşilik barədə məlumatlandırılması lazımdır.

-Anoloji olaraq Azərbaycandan da bəlli bir qrupun yaxın zamanlarda  Türkiyəyə səfəri nəzərdə tutulurmu?

-Azərbaycanda yüksək səviyyədə əlaqələr qurduğumuz Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzindən hələlik belə bir təklif gəlmədi. Hesab edirəm ki, onlardan belə bir təklif gəldiyi təqdirdə İstanbul Türkiyə-Azərbaycan Dərnəyi olaraq Azərbaycan nümayəndə heyətini Türkiyədə qarşılamaqdan qürur duyarıq. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi bizim Azərbaycanda olan qardaş dərnəyimizdir. Eyni zamanda İstanbul Türkiyə-Azərbaycan Dərnəyi də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin Türkiyədəki qardaş dərnəyidir. Qarşılıqlı şəkildə hər iki dövlətin və millətin xeyrinə xidmət edən fəaliyyətlərimiz var. Hesab edirəm ki, bu əməkdaşlığı bundan sonra daha yüksək səviyyələrə çatdıracağıq.

-İstanbul Türkiyə-Azərbaycan Dərnəyi olaraq yaxın vaxtlarda Türkiyədə Azərbaycanla əlaqədar hansısa tədbirlər keçirməyi düşünürsünüzmü?

-İstanbul Türkiyə-Azərbaycan Dərnəyi olaraq yaxın vaxtlarda bir sıra tədbirlər keçirməyi nəzərdə tuturuq. Qars, İqdır və Ardahanın düşmən işöalından azad edilməsi ilə əlaqədar tədbirin keçirilməsi planlaşdırılıb. Eyni zamanda dərnək olaraq Azərbaycanın milli günləri ilə bağlı tədbirlər keçirəcəyik. Hər il olduğu kimi bu il də 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbir təşkil edəcəyik. Ümumiyyətlə, zamanı gəldikcə bütün tədbirləri keçiririk. Bir sözlə, Azərbaycanın bütün milli günlərini biz Türkiyədə yüksək səviyyədə qeyd edirik.

-Bir müddət əvvəl Bakıda keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin  forumunu necə dəyərləndirirsiniz və həmin forumdan gözləntiləriniz nədir? İstanbul Türkiyə-Azərbaycan Dərnəyi bu kimi forumları türk dünyasının birlik və bərabərliyi üçün nə dərəcədə əhəmiyyətli sayır?

-Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin diaspor təşkilatları rəhbərlərinin Bakı forumunu İstanbul Türkiyə-Azərbaycan Dərnəyi olaraq xüsusi əhəmiyyət kəsb edən bir hadisə kimi dəyərləndiririk. Ancaq onu da qeyd etmək lazımdır ki, bu bir qədər gec qalmış toplantıdır. Çünki türklüyün birliyi onun gələcəyidir. Bir gün mütləq türk birliyinin qurulması lazımdır. Birlik dirilik deməkdir.  Biz bir yumruq kimi birləşib dünyaya bizdə varıq deməliyik. Türk birliyi nə zaman güclü bir şəkildə qurulursa, o zaman türk birliyinin gələcəyi, türk insanının həyatı daha da asanlaşacaq.  Türklər dünyaya bir güc sahibi olduğunu isbat etməlidir. Təssüflər olsun ki, 250 milyonluq bir türk dünyasının hələlik heç bir birliyi yoxdur. Əslində bu bizim üçün çox mənfi bir haldır. Ona görə də türk birliyi qısa bir zamanda qurulmalı, türkdilli ölkələrin diaspor təşkilatları birləşərək fəaliyyət göstərməlidirlər. Bu mənada hesab edirəm ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin diaspor təşkilatları rəhbərlərinin Bakıda bir araya gəlməsi tarixi bir gün idi. Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın diaspor təşkilatlarının birlikdə bir forum altında birləşməsi, birlik və bərabərlik nümayiş etdirməsi türk dünyası üçün çox önəmlidir. Gələcəkdə Özbəkistan və Türkmənistanın da bu birliyə qoşulmasını arzu edirik. Çünki nəticə etibarilə onlar da bizim qardaşlarımızdır.  Ümidvaram ki, gələcəkdə mütləq böyük bir türk birliyi qurulacaq. Bu bizim üçün zəruridir. Dini, dili, adət-ənənələri bir olan toplumun birlik və bərabərlik nümayiş etdirməsi, bir təşkilatda birləşməsi çox önəmlidir. Türk birliyinin tezliklə qurulması lazımdır. Türkdilli Ölkələrin Diaspor Təşkilatları rəhbərlərinin Bakı forumu da həmin tarixi günlərdən biri idi. Hesab edirəm ki, bütün dünyanın gözü məhz bu ərəfədə Bakıda idi və dünya dövlətləri də belə bir türk birliyinin qurulmasını maraqla qarşılayırdı. Xüsusilə, Qafqaz regionu bu prosesi diqqətdə saxlayır. Onu da qeyd etmək yerinə düşər ki, türk dünyasının birlik və bərabərliyini tarixən istəməyən qüvvələr olub, bundan sonra da olacaq.  Çünki bizlər dünyanın ən strateji nöqtəsində olan ölkələrik.

-Türkmənistan və Özbəkistanın birlik və bərabərlik toplantısına maraq göstərməməsi onu deməyə əsas verirmi ki, türk toplumu olaraq hələ də vahid mövqedən çıxış etməyi bacarmırıq?

-Türkmənistan və Özbəkistanın hansı səbəbdən həmin toplantıta qatılmadığı barədə ətraflı məlumatım yoxdur. Hər bir dövlət müstəqil olduğu üçün onun öz düşüncə və strategiyası var. Həmin dövlətlərin düşüncə və strategiyası nə lursa olsun ona sayğı göstərmək lazımdır. Çünki nəticədə onlar da bizim qardaşımızdır. Ona görə də Türkmənistan və Özbəkistanın Bakı toplantısına qatılmamasında hər hansı bir pis niyyət görmürəm. Hesab edirəm ki, bunun üçün zamana ehtiyac var. Türkmənistan və Özbəkistan  Bakıda keçirilən toplantıya qatılmasa da, ancaq hesab edirik ki, onların da ürəyi buradadır. Ancaq onu da yadda saxlamaq lazımdır ki, birlikdən dirilik doğar. İsmayil Qaspiralinin dediyi kimi dildə, fikirdə bir olarıqsa o zaman türk dünyası ayağa qalxar, daha güclü olar.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31