“Türkiyədəki Azərbaycan diasporunda son bir ilə qədər müəyyən problemlər vardı” - MÜSAHİBƏ

Sinan Oğan: “Əsas problemlərdən biri birliyin olmaması idi”

"Ancaq tədricən həmin problemlərin yoluna qoyulduğunun şahidi oluruq"

Bu günlərdə Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci forumu keçirildi. Forumun nəticəsi olaraq qəbul edilən Bakı Bəyannaməsi və diaspor təşkilatlarının fəaliyyət istiqamətlərini müəyyən edən sənəd türkdilli ölkələr, xüsusilə bu ölkələrin diaspor təşkilatları arasında əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə bir əminlik yaradır. Forumda iştirak edən Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin sədri, millət vəkili Sinan Oğan da bu qənaətdədir. Türkdilli Ölkələrin Diaspor Təşkilatlarının Birinci Bakı Forumunun nəticələrinin əməkdaşlıq üçün yeni imkanlar açacağını deyən Sinan Oğan tezliklə bu əməkdaşlığa Türkmənistan və Özbəkistanın da qoşulacağına əminliyini bildirir. Sinan Oğan "OLAYLAR"-a verdiyi müsahibədə Türkiyədəki Azərbaycan diasporunun vəziyyəti, mövcud problemlər və həmin problemləri aradan qaldırmaq istiqamətində görülən işlər barədə də danışıb.

-Sinan bəy, Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri olaraq hazırda türkdilli ölkələrin diaspor təşkilatları arasında mövcud olan əlaqələri necə dəyərləndirirsiniz. Bu gün diaspor təşkilatları arasındakı  mövcud əlaqələr hansı səviyyədədir?

-Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri olaraq əvvəla onu qeyd etmək istərdim ki, türkdilli ölkələrin diaspor təşkilatları olaraq bir araya gələ bilirik. Hesab edirəm ki, bu istiqamətdə bir problem yoxdur. Türkdilli ölkələr müstəqillik əldə etdikləri illərdən etibarən bu istiqamətdə addımlar atılmağa başlanılıb. Həmin illərdən başlayaraq türkdilli ölkələrin dövlət başçılarının toplantıları keçirilir. Bu günə qədər də türkdilli ölkələrin bir araya gəlməsində heç bir problem yoxdur. Zaman-zaman bir araya gəlib türkdilli ölkələrin birlik və bərabərliyinə xidmət edən layihələr ortaya qoyur, müəyyən təkliflər səsləndiririk. 1990-cı illərin əvvəllərində bu siyasətin həyata keçirilməsinə öndərlik edən, onun başında duran ölkə Türkiyə Cümhuriyyəti idi. Həmin illərdə keçirilən bütün tədbirlər Türkiyədə təşkil olunur, onun maliyyə mənbəyini Ankara qarşılayırdı. Ancaq indi vəziyyət fərqlidir. Sevindirici hal ondan ibarətdir ki, bu gün  bütün bunları Azərbaycan edir. Bu cür toplantılar Azərbaycanda keçirilir, onların maliyyə vəsaiti Azərbaycan tərəfindən ayrılır. Eyni şeyi Qazaxıstana da şamil etmək olar. Qazaxıstanın da türk birliyinin əldə edilməsi istiqamətində çox ciddi təklifləri var. Bir sözlə artıq  digər türkdilli respublikaların da bu prosesə dəstəyi var. Ancaq onu da etiraf etmək lazımdır ki, həmin layihələr və təkliflərin həyata keçməsində müəyyən problemlər var. Ümid edirəm ki, tezliklə həmin problemləri də aradan qaldırmağa müvəffəq olacağıq.

-Həmin problemlər hansılaradı?

-Bunlar müxtəlifdir. Bəzi problemlər ayrı-ayrı türkdilli ölkələrin daxili siyasətindən qaynaqlanır. Ortaya qoyulan, irəli sürülən təklif və layihələrin reallaşması üçün həmin ölkələrin prezidentləri, parlamentlərinin razılığı alınmalıdır. Bu da bir gündə mümkün olan şey deyil. Çünki 70 il Sovet idarəçiliyi altında olan ölkəyə birdən-birə birləşmə, türk birliyi, diasporadan bəhs etsən də, bunu qısa zamanda həyata keçirə bilməzsən. Çünki bunun üçün zamana ehtiyac var.  Digər bir əsas problem ondadır ki, qarşıya çox böyük hədəflər qoyuruq. Bu kimi məsələlərdə qarşıya çox böyük hədəflər qoymağın mənası yoxdur. Hesab edirəm ki, daha kiçik, həyata keçirilməsi mümkün olan hədəflərə nail olmağı qarşıya məqsəd qoymaq lazımdır. Məhz kiçik hədəflərə nail olduqdan sonra böyük hədəflərə keçmək lazımdır. Ancaq biz tərsinə edirik. Ortaya çox böyük hədəflər qoyuruq ki, sonradan da həmin hədəflərə nail olmaqda çətinlik çəkirik. Bizim indiki mərhələdə daha asan həyata keçə biləcək hədəflər uğrunda çalışmağımız lazımdır.

-Həmin hədəflər sırasına nəyi şamil edərdiniz?

-Ortaq əlifbanı bu sıraya aid etmək olar. Ya, Türkiyə, ya Azərbaycan, ya da Qazaxıstan və digər türkdilli ölkələr əlifbasını dəyişdirsin. Və yaxud bütün ölkələrin əlifbası bir tərəfdə qalsın, yeni bir əlifba yaradaq. Digər bir problem hələ də ortaq tarixin yazılmamasıdır. Yəni hər bir türkdilli respublikada ayrı bir tarix tədris edilir. Belə olan halda türk dünyası arasında birlik necə əldə edilə bilər?

-Ancaq tarixdə xidmətləri olmuş ayrı-ayrı sərkərdələr barədə ayrı-ayrı türkdilli ölkələrdə hələ də fərqli fikirlər qalmaqdadır. Bəs bunu necə aradan qaldırmsaq olar?

-Bunu aradan qaldırmaq mümkündür. Mənim təmsil olunduğum Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı dedi ki, Yavuz Sultan Səlim qədər Şah İsmayıl Xətai də bizimdir. Yəni hər ikisi türk oğludur və hər ikisini sevməliyik. Bunları qarşı-qarşıya qoymaq doğru deyil. Təssüflər olsun ki, hələ də bu problem yaşanmaqdadır. Ancaq hesab edirəm ki, hər ölkədə tarixi şəxsiyyətlərə qarşı məntiqi yanaşma olsa, belə bir problem qalmaz. Şah İsmayıl Xətai kimi Yavuz Sultan Səlim də bir türk sərkərdəsi olub. Eyni şeyi şair və yazıçılar üçün də söyləımək olar. Məhəmməd Füzuli kimi Məhtimqulu da türkdilli ölkələr üçün eyni şeyi ifadə etməlidir. Təssüflər olsun ki, yeni nəsl olan gənclərin müəyyən bir qismi türk dünyasının tanınmış sərkərdələri, tarixçi alimləri, ədəbiyyat xadimlərini tanımırlar. İstanbuldakı orta məktəblərdən birinin şagirdinə Məhtimqulu kimdir deyə sual etsək bilməyəcək. Bəlkə də Füzuli haqqında nə isə bilmiş olarlar. Bunun əsas problemi nədir? Əsas problem odur ki, bizlər ortaq tariximizi bilmirik.

-Ancaq Türkmənistan və Özbəkistan müəyyən mənada bu kimi birliklərdən kənarda qalır. Bakıda keçirilən Türkdilli Ölkələrin Diaspor Təşkilatlarının Forumuna da adı çəkilən hər iki ölkə qatılmadı. Sizcə bunun səbəbi nədir?

-Əvvəla onu nəzərə almaq lazımdır ki, hər bir ölkənin öz daxili siyasəti, idarəçiliyi var. Əgər Özbəkistan hakimiyyəti bu kimi məsələlərdə həvəsli deyilsə, oradakı təşkilatları da həmin prosesə daxil etmək mümkün olmur. Yaxud Türkmənistan tərəfsiz olduğunu bildirdiyi üçün bu ölkədəki diaspor təşkilatları da birlik təşəbbüslərindən kənarda qalır. Hesab edirəm ki, bu bir qədər zaman tələb edən bir məsələdir..Hesab edirəm ki, yaxın vaxtlarda Türkmənistanla bağlı məsələ də aradan qalxacaq. Çünki rəsmi Aşqabad son zamanlar bir qədər fəallıq nümayiş etdirir. Qazaxıstan və Qırğızıstan birlik məsələsində kifayət qədər addım atıb. Azərbaycan isə hətta bu məsələdə Türkiyədən belə irəli keçib.

-Bəs Türkiyədə Azərbaycan diasporunun vəziyyəti necədir və TAD rəhbəri olaraq diasporumuzun durumunu necə qiymətləndirirsiniz?

-Türkiyədəki Azərbaycan diasporunda son bir ilə qədər müəyyən problemlər vardı. Özü də ciddi problemlər idi. Ancaq tədricən həmin problemlərin yoluna qoyulduğunun şahidi oluruq. Əsas problemlərdən biri birliyin olmaması idi. Onu da qeyd edim ki, son bir-iki ay ərzində Türkiyədə bir neçə diaspor təşkilatı, dərnəyi yaradıldı. Artıq Türkiyədəki Azərbaycan diaspor təşkilatları içərisində bir canlanma, irəliləyiş var. Ümid edirəm ki, hər şey yaxşı olacaq.

-Bəs Türkiyədə yaşayan soydaşlarımız diaspora işində nə dərəcədə aktivlik nümayiş etdirirlər?

-Onsuz da diaspor işində əsas fəallığı azərbaycanlılar nümayiş etdirir. Bu gün Türkiyənin müxtəlif bölgələrində, İqdır, Qars, Ərzurum, Van, Amasiya, Muş, Antalya, Kocaeli, İzmir, Manisa, Ankara, İstanbulda 3 milyon Azərbaycan əsilli insan yaşayır ki, onlar da fəaliyyətlərini göstərirlər. Ancaq o da var ki, diaspora işində sadəcə azərbaycanlılar deyil, Anadolu türkləri də iştirak edirlər. Əsas aparıcı güc isə Azərbaycan türklərinə məxsusdur. Ümumiyyətlə, bizim ayrı-ayrılıqda fəaliyyət göstərməyimiz də doğru olmazdı. Çünki biz qardaş ölkələrik. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azəbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" kəlməsi bir qardaş üçün söylənilən bir fikirdir. Həmçinin mərhum Heydər Əliyevin "Bir millətin iki dövləti" kəlamı da buna xidmət edir.

-Bu günlərdə Bakıda keçirilən Türkdilli Ölkələrin Diaspor Təşkilatlarının Forumundan gözləntiləriniz nədən ibarətdir?

-Hesab edirəm ki, Türkdilli Ölkələrin Diaspor Təşkilatlarının Bakı Forumu çox önəmlidir. İndiyə qədər türkdilli ölkələrin prezidentləri bir araya gəlir, görüşlər, zirvə toplantıları keçirirdi. Bu gün isə türkdilli ölkələrin qeyri-hökumət təşkilatları, diaspor rəhbərləri, dərnək liderləri bir araya gəlir. Hesab edirəm ki, əsas olanı budur. Çünki xalqların bir araya gəlməsi vacibdir. Bakıda da məhz xalqlar bir araya gəlib. Düşünürəm ki, bundan səmərəli istifadə etmək lazımdır.

-Türkdilli ölkələrin diaspor təşkilatlarını bir araya gətirmək üçün son illər bir sıra qurumlar yaradılıb. Bu kimi qurunlar sözügedən prosesə nə kimi dəstək verir?

-Hesab edirəm ki, bu cür qurumların yaradılması olduqca önəmlidir. Hazırda Türkiyədə də Türkcə Danışan Ölkələr və Əqrəba Topluluqlar Başkanlığı yaradılıb. Ancaq hesab edirəm ki, bu cür qurumlar deyil, konkret nazirliklər yaradılmalıdır. Bu olduqca önəmli məsələdir. Türkiyədə də məhz nazirlik-Xarici Türklər Nazirliyi yaradılmalıdır. İnşallah biz iqtidara gəldiyimiz zaman ilk işimiz belə bir nazirlik yaratmaq olacaq. Hələlik bu sırada irəli olan ölkələrdən biri Azərbaycandır. Bu gün Azəbaycanda diaspor sahəsində nazirlik funksiyasına yaxın olan bir qurum fəaliyyət göstərir. İnşallah yaxın vaxtlarda həmin qurum da nazirlik olar.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31