Bakıda türk dünyasının birliyinə yönəlik daha bir addım atıldı

Yanvarın 24-də Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor məsələlərinə cavabdeh dövlət qurumlarının rəhbərlərinin ilk görüşü keçirilib.  Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın diaspor məsələlərinə cavabdeh dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən görüşün başlıca məqsədi Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diasporları arasında əməkdaşlığı gücləndirmək, Türk dünyasının birliyi ideyalarının yayılması və həyata keçirilməsi üçün səylərin birləşdirilməsi, eləcə də gələcək fəaliyyət strategiyasının müəyyənləşdirilməsi olub. Toplantını giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tədbirin əhəmiyyətindən danışıb və tədbir iştirakçılarına uğurlu fəaliyyət arzulayıb. Nazim İbrahimov bildirib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev hər zaman türk xalqları arasında milli birliyin möhkəmləndirilməsinə xüsusi önəm verib. Türk xalqlarını minilləri əhatə edən tarixi qardaşlıq bağları, etnik mənşə, ortaq dil və mədəniyyət birləşdirdiyini bildirən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri çıxışında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu toplantısının məhz türkdilli xalqların diasporlarının mövcud vəziyyəti və potensialını müzakirə etmək, prioritet məqsəd və vəzifələrini müəyyənləşdirmək baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Komitə sədri çıxışında Azərbaycanda həyata keçirilən diaspora siyasəti və dünya ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev hələ 1970-ci illərdən dünyada yaşayan azərbaycanlıların təşkilatlanması işinə böyük bir diqqət yetirib: "Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini qazandıqdan sonra, daha dəqiq desək ümummilli liderin Azərbaycana rəhbərliyə başladığı dövrdən etibarən diaspora işinə xüsusi diqqət yetirildi. Dünyada yaşayan soydaşlarımızın Azərbaycan dövləti ətrafında sıx birləışməsi üçün çox böyük ideyalar irəli sürdü və bu ideyalar bu gün də həyata keçirilir.  Ümummilli lider türk dünyasının birliyi istiqamətində də yorulmaz fəaliyyət göstərdi. Heydər Əliyev  Azərbaycan və Türkiyəyı yönəlik "Bir millət, iki dövlət" tarixi kəlamını söylədi. Sonralar isə bu ideya bir qədər də inkişaf etdi və "Bir millətin iki diasporu olmaz", "Azərbaycan və türk diasporları birgə olmalıdır" kimi ideyalar ortaya atıldı. Artıq bir neçə ildir ki, Azərbaycan və türk diasporları çox sıx fəaliyyət göstərirlər. Onlar dünyanın müxtəılif ölkələrində Azərbaycan və Türkiyənin qarşılaşdığı problemlərin həlli istiqamətində birgə addımlar atırlar. Bizim hər zaman arzumuz olub ki, başqa türkdilli dövlətlər də bizim yanımızda olsun. Çünki dünyanın müxtəlif ölkələrində Azərbaycan, bəzi ölkələrdə türk, başqa bir dövlətlərdə isə qazax, qırğız diasporunun gücü böyükdür. Əgər güclərimizi bir-birinə qatıb hər bir yaşadığımız ölkədə bütün problemlərə birgə yanaşsaq bu işdə həm Azərbaycan, həm Türkiyə, həm də Qazaxıstan və Qırğızıstan udmuş olar". Nazim İbrahimov qeyd edib ki, Azərbaycan dövləti və Diasporla İş üzrə Dövlət Komitəsi olaraq hər zaman digər türkdilli ölkələrin diasporlarına da dəstək verə bilərik. Komitə sədri deyib ki, artıq Azərbaycanın strukturlaşmış, formalaşmış diaspor təşkilatları var: "Bu yaxınlarda Azərbaycan prezidenti cənab İlham Əliyevin Fransanın paytaxtı Parisə səfəri zamanı orada yaşayan ermənilər Azərbaycan prezidentinin səfərinin əleyhinə mitinq keçirmək istədilər. Biz də ermənilərin bu ideyasından xəbər tutaraq həmin  gün, eyni saatda Parisdəki Ermənistan səfirliyi qarşısında aksiya keçirdik. Əgər ermənilər Azərbaycan əleyhinə olan mitinqə 170 nəfər toplaya bilmişdilərsə, biz 850 nəfərlik bir aksiya keçirdik. Əgər bəzi texniki imkanlar yaradılsaydı, biz daha çox soydaşımızı həmin aksiyaya çıxara bilərdik. Bunun ardınca isə Ermənistan prezidenti Serj Sərkisyanın Fransaya səfəri zamanı Azərbaycan diasporu Parisdəki Ermənistan səfirliyi qarşısında 2 min nəfərlik bir aksiya keçirdi. Ermənilər isə bunun müqabilində heç bir adekvat addıım ata bilmədilər. Baxmayaraq ki, Fransa ermənilərin ikinci vətəni hesab edilir və bu ölkədə ermənilər kifayət qədər çoxluq təşkil edir". Komitə sədri deyib ki, müəyyən zamanlarda dünyanın müxtəlif ölkələrində istər Türkiyə, istər Qazaxıstan, istərsə də Qırğızıstana qarşı həyata keçirilən kampaniyaların qarşısının alınmasında Azərbaycan diasporu çox fəal olub və bu ölkələrə öz dəstəyini nümayiş etdirib: "Xüsusilə, qondarma erməni soyqırımı ilə bağlı məsələdə Azərbaycan diasporu fəallıq göstərərək bu yalançı kampaniyaya qarşı mübarizədə ön sırada oldu. İsrail Knessetində iki dəfə yalançı soyqırıım məsələsi gündəmə gələndə oradakı Azərbaycan diasporu bu məsələ ilə bağlı mövqeyini qəti şəkildə ortaya qoydu və bizim böyük təzyiqimiz nəticəsində İsrail Knesseti bu məsələyə baxmağı birdəfəlik rədd etdi. Çünki İsraildə 60 mindən artıq Azərbaycan yəhudisi birləşərək böyük bir təşkilat yaradıb. Bu güc eyni zamanda Türk dünyasının, Türkiyə, Qazaxıstan, Qırğızıstanın gücüdür. Hər bir yerdə bizim gücümüz sizin gücünüzdür".

Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı diaspora sahəsinin çox önəmli bir sahə olduğunu vurğulayıb. Hər bir dövlətin diasporlarının müəyyən mənada fəaliyyət göstərdiyini deyən baş katib onu da qeyd edib ki, türkdilli ölkələrin diasporları toplu halında birləşməyiblər ki, bu da mənfi haldır: "Gələcəkdə bu diasporlar arasında əməkdaşlığı inkişaf etdirmək üçün davamlı təmas nöqtələri müəyyən edilməlidir". Halil Akınçı onu da qeyd edib ki, qarşıdakı planlar çərçivəsində bütün dünyada fəaliyyət göstərən türk diasporlarının bir araya gətirilməsi, onların toplantısının keçirilməsi nəzərdə tutulur: "Dünyanın hər yerində diasporumuz var. Ayrı-ayrılıqda bəzi yerlərdə uğurlu, bəzi yerlərdə uğursuz fəaliyyətlərimiz var. Ona görə də ilk məqsədimiz bütün gücləri birləşdirərək türklərə qarşı olan mənfi münasibətin qarşısını almaqdır. İkincisi isə, türklərin imicini, nüfuzunu qaldırmaqdır. Türklər olaraq dünyada ən çox dövlət qurmuş millətlərdən biriyik, ancaq imicimiz, nüfuzumuzun tarixdəki rolumuza uyğun olduğunu deyə bilmərik. Təssüflər olsun ki, türklərin nüfuzu dünyada o qədər də sevilmir. Hesab edirəm ki, bu mənfi rəyin aradan qaldırılması istiqamətində də çalışmaq lazımdır".

Ümumdünya Qazaxlar Assosiasiyasının İdarə Heyətinin sədr müavini Talqat Mamaşev  dünya ölkələrindəki qazax diasporu barədə məlumat verib. Bildirib ki, etnik qazaxların üçdə biri hazırda dünya ölkələrində yaşayır. Qazaxıstanda 15 milyon qazax yaşadığı halda, 5 milyon qazax dünyanın 40 ölkəsində məskunlaşıb. Talqat Mamaşev qeyd edib ki, xüsusilə 1991-ci ildən sonra qazaxların xarici ölkələrə axını sürətlənib: "Hazırda 2 milyona yaxın qazax Çin, 1 milyon nəfər Özbəkistan, 1 milyona yaxın qazax isə Rusiya Federasiyasında yaşayır. Təxminən 150 min nəfər Monqolustan, 25-30 min qazax isə Türkiyə, 15 min İran, 2-3 min isə Əfqanıstanda yaşayır". Talqat Mamaşev Qazaxıstanın dövlət olaraq müstəqillik əldə etməsindən əvvəl də diaspora sahəsinə diqqət yetirdiyini vurğulayıb  Lakin bu fəaliyyətin o qədər də aktiv olmadığını deyən Mamaşev bu sahəyə diqqətin müstəqillik illərindən sonra daha da artdığını söyləyib: "1992-ci, sentyabr ayında isə ilk qazax qurultayı keçirildi. Həmin qurultaya 30-dan artıq ölkədən 800-ə yaxın nümayəndə qatıldı. Bu qurultaydan sonra Dünya Qazaxlarının Təşkilatı yaradıldı. Həmin təşkilatın sədri isə hazırkı prezidentimiz Nursultan Nazarbayev seçildi". Mamaşev deyib ki, hazırda qazax diasporu prezident Nazarbayevin diqqət və qayğısı ilə inkişaf edir.

Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyinin məşğulluq və miqrasiya məsələləri departamentinin direktoru Kuştakbek Aytımatov isə qırğız diasporu barədə danışıb. Bildirib ki, qırğız diasporu da bu ölkənin müstəqillik əldə etməsindən sonra inkişaf edib. Qırğız diasporunun daha çox Rusiya Federasiyasında fəal olduğunu deyən Aytmatov müstəqillik illərindən sonra təxminən 400 min qırğızın Rusiya vətəndaşlığını qəbul etdiyini diqqətə çatdırıb. O, qırğız diasporunun digər türk diasporları ilə sıx əməkdaşlığa maraq göstərdiyini vurğulayıb.  Türkdilli Ölkələrin Parlament Assambleyasının baş Katibi Ramil Həsənov isə təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri və TürkPA-nın diaspora işinə verdiyi töhfələrdən söhbət açıb.  

Türkiyə Nazirlər Kabineti yanında diasporla iş şöbəsinin müdiri Gürsel Sönməz türkdilli ölkələrin diaspor təşkilatları toplantısının keçirilməsinin ölkələrimiz arasında diaspor və lobbi quruculuğu sahəsində əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyini vurğulayıb. Toplantıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diasporları arasında əməkdaşlığı gücləndirmək və gələcək fəaliyyət strategiyasının müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparılmış, bir sıra təkliflər irəli sürülüb.

Qeyd edək ki, toplantıda Türkdilli xalqların diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi və bu sahədə əməkdaşlığın sistemli şəkildə həyata keçirilməsi məqsədilə Türkdilli xalqların diasportəşkilatları rəhbərlərinin forumunun keçirilməsi də planlaşdırılır. Bununla yanaşı, toplantıda foruma hazırlıq məqsədilə diasporla iş üzrə dövlət qurumları nümayəndələrindən ibarət İşçi qrupun yaradılması, Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyasının hazırlanması, məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31