“Borçalı Azərbaycanın, Türk dünyasının bir qoludur” - MÜSAHİBƏ
Kamran Ramazanlı: “Gürcülər çox gözəl bilirlər ki, Borçalı Azərbaycanın tarixi ərazisi olub”
24 Yanvar 2013 14:19 DiasporaMüsahibimiz Qafqaz Araşdırmalar Mərkəzinin icraçı direktoru Kamran Ramazanlıdır.
-Kamran bəy, Gürcüstanda yaşayan azərbaycanlılar böyük bir toplumdur, lakin hakimiyyətdə möhkəmlənmək üçün istənilən gürcü lider azərbaycanlıların dəstəyini qazanmaq əvəzinə onları təzyiq altında saxlamağa, dövlətin siyasi həyatından kənarlaşdırmağa üstünlük verir.
- Gürcüstanda dəyişən siyasi liderlər həmişə azərbaycanlıların dəstəyini qazanmaq üçün yalançı vədlər verirlər və deyirlər ki, hakimiyyətə gəldikdən sonra bütün problemləri həll edəcəyik. Təəssüflər olsun ki, reallıqda isə ənənəvi, milli problemlər həll edilmir. Məsələn, təhsil sahəsindəki, torpaq islahatındakı, toponimlərin dəyişdirilməsindəki, dövlət orqanlarında təmsilçilik məsələsi və digər sahələrdəki problemlər olduğu kimi qalır.
-Gürcüstan azərbaycanlılarının təşkilatlanması hansı səviyyədədir, konkret olaraq Borçalı ilə bağlı hansı birliklər yaradılıb və bu təşkilatların fəaliyyətlərini necə qiymətləndirərdiniz?
- Ümumiyyətlə Gürcüstanda azərbaycanlıların yaratdığı QHT-lərin hamısı Borçalı ilə bağlıdır. Təxmini olaraq 50-dən çox bununla əlaqədar QHT qeydiyyatdan keçib. Onlardan yalnız 10-u aktiv şəkildə fəaliyyət göstərir. "Qeyrət" Xalq Hərəkatı, Gürcüstan azərbaycanlılarının mədəniyyət mərkəzinin sədri Fazil Həsənov, Tiflisdəki "Varlıq" mədəniyyət mərkəzi, Marneuli Gənclər mərkəzi, Milli azlıqların monitorinqi üzrə qrup sədri Elbrus Məmmədov və s. kimi adamlar öz sahələri üzrə çox fəal iş görürlər. Məsələn, "Varlıq" mədəniyyət mərkəzindən Fazil müəllimin rəhbərliyi ilə Marneulidə mədəni proyektlər həyata keçirirlər. Borçalıda fəaliyyət göstərən Rafiq Hümmət həm də Azərbaycan Yazıçılar İttifaqının Gürcüstan bölməsinin rəhbəridir. Rafiq müəllimin təşkilatçılığı ilə Gürcüstanda azərbaycanlı yazıçıların kitablarının dərc edilməsi ilə bağlı təqdirəlayiq işlər görülür. Bu yaxınlarda "Gürcüstanın ədəbi antologiyası" kitabı işıq üzü gördü. XVII əsrdən bu yana olan ədəbi nümunələr kitabda öz əksini tapıb. Kitab Azərbaycan Diaspor Komitəsinin maliyyə dəstəyi və Rafiq Hümmətin təşkilatçılığı ilə çap edilib. Marneuli Gənclər mərkəzi əsasən gənclərin maariflənməsi, ingilis dili, kompüter kurslarının təşkil edilməsi və gənc istedadların üzə çıxarılması yönündə böyük işlər görür. Təşkilat öz planlarını beynəlxalq təşkilatlardan aldığı qrantlarla həyata keçirir. "Qeyrət" xalq hərəkatından Elbrus Məmmədov da kifayət qədər fəal çalışır. Təşkilat təkcə ictimai və insan hüquqlarının qorunması ilə yox, bir növ Gürcüstan daxilindəki siyasi proseslərə də münasibət bildirir. Elbrus Məmmədovun həmçinin "Tolerant" İctimai Birliyi adlı təşkilatı da var. Bu sırf hüquq təşkilatıdır. Elbrus Məmmədovun özü də Gürcüstanda hüquq müdafiəçisi qismində fəaliyyət göstərir. Milli azlıqlarla bağlı E.Məmmədovun çoxlu sayda kitabları çap edilib və həmin kitabların bir çox nüsxələrini beynəlxalq təşkilatlara göndərib. Həmçinin Gürcüstan azərbaycanlılarının təhsil vəziyyəti, dini sahə ilə əlaqədar hesabatları da var. Bunların hamısı müxtəlif zamanlarda işıq üzü görüb və hamısının nüsxələri beynəlxalq təşkilatlara çatdırılıb. Mövcud problemlərin köklü şəkildə həllinə isə nail olunmayıb. Lakin, sadalanan QHT-lər öz sahələri üzrə nə isə etməyə çalışır. Gürcüstan hakimiyyətinin azərbaycanlılara qarşı münasibətləri dəyişməyənədək bu problemlər də əsaslı şəkildə həll edilməyəcək. Azərbaycan tərəfindən isə Gürcüstana çox güzəştlər edilir, iri layihələr həyata keçirilir. İkitərəfli danışıqlarda da Borçalının problemləri bir nömrəli məsələ kimi Gürcüstan hakimiyyəti qarşısında qaldırılmalıdır. Azərbaycanda Borçalı ilə Dərbənd barədə ayrıca dövlət proqramı olmalı və problemlər incəliyinə qədər öyrənilməlidir. Bu gün Borçalı və Dərbənddəki azərbaycanlıların problemlərinin aradan qaldırılması üçün müvafiq dövlət orqanları - Təhsil Nazirliyi və Dövlət Diaspor Komitəsi tədbirlər görməlidirlər.
-Sadə gürcülərin azərbaycanlılara qarşı münasibətləri necədir? İctimaiyyət arasında belə bir fikir var ki, gürcülər də siyasi liderləri kimi milliyyətçidirlər və heç də azərbaycanlılara qarşı rəğbət bəsləmirlər.
- Gürcü siyasi elitasında azərbaycanlılara qarşı antipatiya var. Lakin, gürcülər azərbaycanlılara qarşı "simpatiya bəsləmir" kimi düşüncələr həqiqətə uyğun deyil. Düzdür, gürcülər həqiqətən də milliyyətçidirlər. Əslində belə götürəndə milliyyətçilik çox gözəl ideologiyadır. Bir millət öz millətini sevməsə başqasına rəğbətlə yanaşa bilməz. Sadə gürcülər heç də azərbaycanlılara aqressiv münasibət bəsləmirlər. Təbii ki, Gürcüstan hakimiyyət dairələrinin bir qismində bu cür fikirlər mövcuddur. Amma, gürcülərlə azərbaycanlılar arasında müəyyən problemlər mövcuddur. Əvvəlki illərə nəzərən sadə gürcülərin münasibətlərində dəyişikliklər baş verir. Əsasən də Qamsaxurdiya dövründə sadə gürcülərin azərbaycanlılara qarşı münasibətləri yaxşı deyildi. 1996-cı ildən başlayaraq bu istiqamətdə olan problemlər aradan qalxmağa doğru gedir. İndiki məqamda isə gürcü millətinin yalnız 1-2%-i Qansaxurdiya dövründəki münasibəti saxlayır. Ümumilikdə isə iki millət arasında elə də böyüdüləcək problemlər yoxdur.
-Borçalı mədəniyyəti ilə bağlı nə deyə bilərsiniz, orada hansı tarixi abidələrimiz var, ümumiyyətlə isə Borçalı mədəniyyəti Gürcüstanın mədəni həyatına təsir göstərə bilir?
- Borçalı mədəniyyəti məfhumunu ayrıca işlətmək o qədər də uğurlu ifadə deyil. Çünki, Borçalı mədəniyyət nümunələri Azərbaycanın, türk dünyasının bir qoludur. Borçalı Azərbaycan mədəniyyətinin əsas tərkib hissəsidir. Tarixi abidələrimizlə bağlı Borçalıda çox ciddi problemlər var. Borçalı tarixi abidələrinin Gürcüstanın Mədəniyyət Nazirliyində qeydiyyatdan keçməsi təəssüflər olsun ki, bu günə kimi yubadılır. Həmin mədəniyyət nümunələrinin qorunması çox aşağı səviyyədədir. Gürcüstan dövləti bu məsələdə o qədər də maraqlı deyil. Bildiyiniz kimi Gürcüstanda Mirzə Fətəli Axundovun Ev Muzeyi var. ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə həmin muzey əsaslı şəkildə təmir olunub və yaxın vaxtlarda istifadəyə veriləcək. Nəriman Nərimanovun Ev Muzeyi ilə bağlı isə heç bir yenilik yoxdur. Muzeyin yerləşdiyi ərazidə nə qədər evlər var idisə, hamısı uçurulub. Guya ərazidə yeni evlər tikiləcək və Nərimanov adına mədəniyyət evi də bərpa olunacaq. Təəssüflər olsun ki, orada hələ tikinti işləri aparılmır. Tiflisdə Azərbaycan Teatrı da fəaliyyət göstərir. Hal-hazırda həmin teatrda 19 ailə yaşayır. Bu ailələrin heç birisi də oradan çıxmaq istəmir. Bunların hamısı Gürcüstan hakimiyyətinin planıdır, çünki gürcü hökuməti ailələrin oradan çıxması üçün Azərbaycan dövlətindən fantastik məbləğdə vəsait istəyirlər. Ona görə də teatrın təmir edilib tamaşaçıların ixtiyarına verilməsi işi təxirə salınır. Teatrda yaşayan ailələrin içərisində ermənilərin nümayəndələri də var. Baxmayaraq ki, binanı ARDNŞ alıb.
-Gürcülər bilirlərmi ki, Borçalı bir vaxtlar Azərbaycanın bir parçası olub. Azərbaycan ictimaiyyətinin böyük əksəriyyəti bu məsələ ilə bağlı məlumatsızdır, Kamran bəy, siz deyə bilərsinizmi, Borçalı ilə bağlı Gürcüstan tarixində nə yazılıb?
- Gürcülər çox gözəl bilirlər ki, Borçalı Azərbaycanın tarixi torpağıdır. Gürcüstanda orta məktəb tarix dərsliklərində Azərbaycana qarşı münasibət birmənalı deyil. Siyasi, akademik elitada olan şovinist gürcülər Azərbaycana ərazi iddiası irəli sürürlər. Guya ki, Azərbaycanın bəzi əraziləri vaxtilə gürcülərin olub. Hətta, Gürcüstanda 9-cu sinifin tarix dərsliyində Azərbaycan tarixi tamamilə bu istiqamətdə saxtalaşdırılıb. Bunun aradan qaldırılması üçün Azərbaycanın Təhsil Nazirliyi Gürcüstan Təhsil Nazirliyilə danışıqlar aparmalıdır. Gürcülər azərbaycanlılara öyrədirlər ki, guya onların əcdadları Borçalıya 19-cu əsrdə köçüblər və XX əsrdən etibarən çoxalmağa başlayıblar. Nəsillər dəyişdikcə bu mənfi hal Azərbaycanın milli maraqlarına zərbə vuracaq.
"Mixail Saakaşvilinin hakimiyyəti dönəmində azərbaycanlılara qarşı gizli təzyiqlər olub" kimi fikirlər mövcuddur. Doğrudanmı Saakaşvilinin borçalılara qarşı gülümsərliyi riyadan doğur?
- Təkcə Saakaşvili yox, Qamsaxurdiya dönəmindən bu yana Gürcüstanın bütün hakimiyyətləri azərbaycanlılara təzyiqlər ediblər. Qamsaxurdiya isə bu addımı şovinistcəsinə atırdı. Şevardnadze də fərqli basqılar edib. Bu gün də eyni proseslər davam edir. Digər prezidentlərə baxanda Saakaşvili hakimiyyəti dönəmində müsbət tendensiya var idi. Azərbaycanlılara qarşı açıq təzyiqlər Saakaşvli vaxtında bir qədər azalmışdı.
-Azərbaycanlılar üçün ən sevilən gürcü lideri kimdir?
- Bu sualı cavablandırmağa çətinlik çəkirəm, çünki mən Azərbaycan vətəndaşıyam. Sualın cavabını həmin ölkədə vətəndaşlıq hüququ olan azərbaycanlılar daha yaxşı bilirlər. Amma, kənardan baxanda məlum olur ki, azərbaycanlılar həmişə Gürcüstan dövlətçiliyini dəstəkləyiblər, heç vaxt separatizmə yol verməyiblər. Tarixboyu da gürcülərlə çiyin-çiyinə öz dövlətlərini qoruyub saxlayıblar. Amma, Gürcüstanda kimin hakimiyyətə gəlməsi Borçalı üçün xüsusi əhəmiyyətə malikdir. Təbii ki, hansı siyasi lider onlara köməklik göstərəcək və problemlərinin həllinə çalışacaqsa, onu da sevəcəklər.
-Tarixə də nəzər yetirəndə məlum olur ki, azərbaycanlılar gürcülərə qarşı heç bir separatçı addım atmayıblar, amma bunun qarşılığında bu gün Saakaşvili və İvanaşvilinin azərbaycanlılara qarşı yürütdüyü siyasət ən iyrənc diktatorların ideologiyasından, ən iyrənc millətlərin, hətta erməni xislətindən də pisdir.
- Hal-hazırda Gürcüstan hakimiyyətində ikitirəlik yaranıb. Nazirlər Kabineti İvanişvilinin tərəfdarlarından formalaşıb, amma bir çox yerlərdə Mixail Saakaşvilinin komandası vəzifə tutur. Ona görə də bu fonda bu gün Gürcüstanda xaotik vəziyyət hökm sürür, hakimiyyət hələ tam oturuşmayıb. Gürcüstan baş naziri Bidzina İvanaşvili tərəfindən müəyyən bəyanatlar eşitdik və Saakavili dərhal İvanaşvilinin bəyanatlarına cavab verdi ki, baş nazir heç də Gürcüstanın milli maraqlarına uyğun fikirlər səsləndirmir. Hakimiyyətdə hələ aydınlaşdırma prosesi gedir. Bildiyiniz kimi Gürcüstanda Saakaşvlinin vaxtından əvvəl istefasını tələb edənlər var, amma Saakaşvili hələ öz vəzifəsini icra edir. Saakaşvili Azərbaycanla qonşuluq münasibəti kursunu dəstəkləyir, İvanaşvili də dildə Azərbaycanla isti münasibətlərlə əlaqənin tərəfində olduğunu bəyan edir. Bəzən də onların bəyanatlarında fərqliliklər olur. Prezident seçkilərindən sonra hər şey tam şəkildə aydınlaşacaq. Azərbaycandan isə Gürcüstan tərəfi üçün heç bir problem yoxdur. Azərbaycan həmişə bütün sahələr üzrə öz müttəfiqlik borcunu yerinə yetirib. Gürcüstanın ən pis vaxtlarında Azərbaycan ona dəstək olub. Bu yaxınlarda Gürcüstan Yazıçılar Birliyinin sədri Azərbaycanın işğal olunmuş ərazilərinə gedib. Azərbaycan Yazıçılar İttifaqı və bir qrup ziyalımız buna sərt şəkildə etiraz etdilər. Ümumiyyətlə gürcülərin Azərbaycanla münasibətlərində təzadlar var. Bir də görürsən preziident başqa bəyanat verir, baş nazir tamam fərqli fikir deyir. Ona görə də Gürcüstanın Azərbaycana münasibətini aydınlaşdırmaq çox çətin məsələdir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir