XVIII-XIX əsrdə Azərbaycan icmaları

Bu dövrdə mühacir həyatı yaşayan soydaşlarımızın Azərbaycan diasporunun formalaşması prosesinə əvəzsiz xidmətləri olub

XVIII əsrin II yarısında Azərbaycanın iqtisadi inkişafının ən mühüm səbəblərindən biri köhnə şəhərlərin dirçəldilməsi və yeni şəhərlərin salınması ilə bilavasitə bağlı idi. Azərbaycan şəhərlərinin karvan yollarında yerləşməsi həm də bu ərazilərdə yaşayan əhalinin miqrasiya prosesi üçün cəlbedici rol oynamışdır. Azərbaycan ərazisində xanlıqların mövcud olduğu dövrdə ərazilərdən keçən karvan yolları öz əvvəlki əhəmiyyətini itirmişdi və bu dövrdə Xəzər dənizi vasitəsilə ticarətin genişlənməsi müşahidə olunurdu. Bu yol Azərbaycanı İngiltərə, Fransa, Türkiyə, İran, Rusiya, Buxara, Türkmənistan, Hindistan və Çinlə bağlayıdı. Xanlıqlar dövründə daxili iqtisadi əlaqələrdə yaranmış məhdudiyyətlərə baxmayaraq ölkə ərazisindən keçən beynəlxalq ticarət yolları ümumAzərbaycan daxili bazarının formalaşmasına şərait yaradırdı. Azərbaycanın iri şəhərlərində ticarətin və sənətkarlığın inkişsfı ölkənin mühüm beynəlxalq ticarət və iqtisadi mərkəzə çevrilməsinə səbəb oldu.  Lakin XIX əsrin I yarısında, 1804-1813 və 1826-1828-ci illər Rusiya-İran müharibələri nəticəsində Şimali Azərbaycan Rusiya İmperiyası tərəfindən işğal olundu və ölkə iki hissəyə parçalandı. Bu iki müharibə Azərbaycan xalqı üçün ağır fəlakətlərlə nəticələndi. Şimali Azərbaycan əhalisinin böyük hissəsi öz doğma vətənlərini tərk etmək məcburiyyətində qaldı. XIX əsrin 50-70-ci illərində Azərbaycan və Dağıstan əhalisinin böyük hissəsi- 2-3 milyon nəfərə yaxını İran və Osmanlı imperiyası ərazilərinə miqrasiya etdi. Rus-türk müharibəsindən sonra da mühacirət axını davam edirdi. Bu miqrasiya prosesi zamanı onların bir qismi məhv olmuşdu ki, nəticədə 1876-cı ilə olan məlumata görə, Osmanlı imperiyasına gəlmiş miqrantların sayı təxminən 1 milyon nəfər təşkil edirdi. Əhalinin miqrasiya prosesi XX əsrin əvvəlində də davam etmişdi. 1901-ci ildə Bakı quberniyasının Cavad qəzasının Ərəb-Baloğlan kəndinin sakinləri öz evlərini buraxaraq Osmanlı imperiyası ərazisinə köçdülər.  Şimali Azərbaycanda Rusiya imperiyasının apardığı xristianlaşdırma və ruslaşdırma siyasəti, ermənilərin və almanların bu ərazilərə kütləvi surətdə köçürülməsi yerli azərbaycanlı əhali arasında miqrasiya prosesinin güclənməsi, onun əhəmiyyətli hissəsinin başqa ölkələrə miqrasiya etməsi ilə nəticələndi. Burada diqqət cəlb edən əsas məqamlardan biri odur ki, Rusiya imperiyası Şimali Azərbaycandan başqa ölkələrə miqrasiya edən azərbaycanlı əhaliyə heç bir maneçilik yaratmırdı. Bu isə yerli avtaxton əhalinin sosial-iqtisadi vəziyyətinə çox ağır təsir göstərirdi. Beləliklə, XIX əsrin II yarısında  müxtəlif vasitələrlə azərbaycanlı əhalini sıxışdırma siyasəti yeridən Rusiya imperiyası bu ərazilərə alman rus kolonistlərini və kütləvi surətdə erməniləri köçürməklə Şimali Azərbaycanda ruslaşdırma və xristianlaşdırma siyasəti yürüdürdü. Bunu təsdiq edən sənədlərdən biri çar hökuməti tərəfindən tərtib edilən, "Qafqazda quldurluğun səbəbləri və ona qarşı mübarizə tədbirləri" idi. Həmin sənəddə deyilirdi: " Rusların tərk edilmiş kəndlərdə yerləşdirilməsi işi Bakı quberniyası ərazisində həyata keçirilir və hər dəfə bu ərazidə quldurluq və qarətlərin dayandırılması ilə nəticələnirdi. Beləliklə, rus köçkünlərinin bu diyarda yerləşdirilməsi burada Rusiya inzibati hakimiyyəti üçün əhəmiyyətli sosial dayaq imkanı verirdi".

Beləliklə, 1828-ci ildə "Tükmənçay" müqaviləsinin imzalanmasından sonra Rusiya imperiyasının  müstəmləkəsinə çevrilən  Şimali Azərbaycan ərazi-inzibati cəhətdən vahid Rusiya imperiyası ərazi-inzibati sisteminin bir hissəsinə çevrildi və bu azərbaycanlı əhalinin öz vətənlərindən kütləvi surətdə mühacirət etmələrinə təkan verdi. Bütün bunlarla yanaşı Şimali Azərbaycandan Rusiya imperiyasının digər ərazilərinə, o cümlədən iri elm və mədəniyyət mərkəzlərinə köçərək  yaşayanlar da vardı. Bunlar içərisində Rusiya İmperator, Sankt-Peterburq və İmperator Kazan Universitetlərində çalışmış Mirzə Cəfər Topçubaşov və Mirzə Məhəmmədəli Kazımbəyin adlarını xüsusi qeyd etmək lazımdır.  Bundan əlavə Rusiya Xarici İşlər Nazirliyində və Rusiya imperiya ordusunda xidmət edən azərbaycanlılar da vardı. Onlardan Mirzə Nəsirov,  Əbuturab Vəzirov, Abbasqulu Ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Fətəli Axundov, İskəndər xan Xoyski və başqaları var idi.

Cənubi Azərbaycan və tərkibində olduğu İran dövlətinə gəldikdə isə qeyd etmək lazımdır ki,  onların biri  çar Rusiyasının, digəri isə Böyülk Britaniyanın  nüfuz dairəsinə daxil olan yarımmüstəmləkə ərazilər idi.  XX əsrin əvvəlində Cənubi Azərbaycanda Səttar xanın rəhbərliyi altında milli azadlıq hərəkatı başlandı. 1905-1911-ci illərdə baş verən bu siyasi hadisələr milli tariximizə məşhur Səttar xan inqiılabı adı ilə daxil oldu. Cənubi Azərbaycanın Təbriz, Ərdəbil,  Xoy, Zəncan və digər şəhərlərində şah rejiminə qarşı əhalinin bütün təbəqələrinin nmayəındələri-sənətkarlar, kəndlilər, fəhlələr, milli kapital nümayəndələri, tacirlər və din xadimləri mübarizəyə qalxmışdı. Bundan qorxuya düşən Böyük Britaniya və Çar Rusiyası dövlətlərinin birbaşa hərbi müdaxiləsi və yardımı ilə İran şah rejimi Cənubi Azərbaycanda milli-azadlıq hərəkatını qan içində boğdu. Bütün bu hadisələr azərbaycanlıların siyasi və sosial-iqtisadi həyatında ağır iz qoydu və onların böyük bir hissəsinin öz vətənlərindən mühacirət etmələrinə səbəb oldu. 1918-ci ildə Osmanlı ordusunun Cənubi Azərbaycana daxil olması azərbaycanlılara qarşı törədilən soyqırım cinayətlərinin qarşısını aldı. Lakin Cənubi Azərbaycan ərazisində 1914-1918-ci illərdə  aparılan hərbi əməliyyatlar və 1917-1920-ci illərdə Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında başlanan milli-azadlıq hərəkatı və onun İran şah rejimi tərəfindən qan içində boğulması, heç şübhəsiz azərbaycanlıların böyük bir hissəsinin öz vətənlərini tərk etmələri ilə nəticələndi. Azərbaycanlıların bir qismi Şimali Azərbaycana, Türkiyə, Mərkəzi Asiya ölkələrinə və Avropa ölkələrinə mühacirət etdilər. 1918-ci il, may ayının 29-da İrəvan şəhərinin güzəştə gedilməsi, Azərbaycan torpaqlarında Ararat Respublikasının yaradılması, 1919-1920-ci illərdə Ermənistanın Azərbaycan Xalq Cümhuriyyətinə qarşı etdiyi hərbi təcavüz nəticəsində bu ərazilərdə yaşayan yerli azərbaycanlı əhali arasında yeni miqrasiya dalğasının baş verməsinə gətirib çıxardı. Bu illərdə baş vermiş hərbi-siyasi hadisələr Cənubi Qafqaz regionunun etnik xəritəsini xeyli dəyişdi. Ermənistanın hakim partiyası olan "Daşnaksütyun"un yerli azərbaycanlı əhaliyə qarşı yeritdiyi soyqırım siyasəti nəticəsində çoxsaylı azərbaycanlıların yaşadıqları kənd və qəsəbələr boşaldıldı. Qaçqın düşən və mühacirət edənlərin böyük hissəsi Osmanlı imperiyası, İran və Azərbaycan Xalq Cümhuriyyəti ərazilərində məskunlaşdı. Beləliklə, bu proseslər azərbaycanlıların nəzərdən keçirilən miqrasiya proseslərinə xüsusi bir dinamiklik vermişdi.  1918-ci il, mayın 28-də  Şimali Azərbaycan torpaqlarında  Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının tarixi nailiyyəti idi. Lakin 1920-ci il, aprelin 28-də onun  Sovet Rusiyası tərəfindən süquta yetirilməsi azərbaycanlı əhalinin bir qisminin ölkəni tərk etməsinə səbəb oldu. Onların böyük əksəriyyəti Türkiyə, İran və Qərbi Avropa ölkələrinə mühacirət etdilər.  Qeyd etmək lazımdır ki, hələ 1919-cu ildə Azərbaycanın Fransada rəsmi akkreditasiyasından sonra Paris şəhər perifekturası "Fransa-Qafqaz" Komitəsini qeydə almışdı. Bu komitənin nizamnaməsinin birinci paraqrafında qeyd olunurdu ki, "Komitə Fransa ilə Cənubi Qafqaz respublikaları, Gürcüstan və Azərbaycanla iqtisadi əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə yaradılıb". Komitənin Azərbaycandan vitse-prezidenti Miryaqub Mirmehdiyev seçilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Fransada qalan Azərbaycan diplomatları və sahibkarları Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında Azərbaycan Mühacirləri Assosiasiyasını yaratdılar. "Fransa-Qafqaz" Komitəsinin Tələbə Cəmiyyətinin sədri isə D.Rəhimov seçilmişdi.  1924-cü ildə isə Azərbaycan Xalq Cümhuriyyəti dövründə ticarət naziri işləmiş neft sənayeçisi, milyonçu Mirzə Əsədullayevin qızı, yazıçı Ümmülbanu Parisə mühacirət etdi. Bu dövrdə Almaniya, Avstriya və İtaliyada mühacirət həyatı yaşayan Məhəmməd Əsəd bəyin onlarla əsəri şap edilmişdi. Onun "Əli və Nino" və "Qızıl buynuzdan olan qız" əsərləri çox böyük uğur qazanmışdı. Azərbaycan mühacirət nümayəndələri tərəfindən nəşr olunan bu əsərlər milli ideologiyanın formalaşması işinə böyük bir töhfə idi.

1919-cu ildə Paris sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Ceyhun Hacıbəyli, Əlibəy Hüseynzadə və başqaları Qərbi Avropa ölkələrinin siyasi, diplomatik nmayəındələri ilə sıx əlaqələr yaratmağa nail olmuşdu. Həmvətənlərimizin gərgin əməyi nəticəsində bu ölkələrin mətbuat orqanlarında Azərbaycanla bağlı məlumatlar və məqalələr dərc edilmişdi. Onların göstərdikləri səylər nəticəsində Azərbaycanın keçmişi, onun təbii sərvətləri, qonşu Qafqaz xalqları ilə münasibətləri, ermənilərin 1918-ci ildə Azərbaycan xalqına qarşı törətdikləri soyqırım cinayətlərinin mahiyyətinə dair  nəşr olunan materiallar böyük əhəmiyyət kəsb edirdi. Əlbəttə ki, bütün bu görülən işlər Qərbi Avropa ölkələrində Azərbaycan xalqına qarşı obyelktiv mnasibətin formalaşması işində çox mühüm rol oynadı. Qeyd etmək lazımdır ki, bu dövrdə mühacirlər say etibarilə o qədər də çoxluq təşkil etmirdi. Lakin onların böyük əksəriyyəti siyasi xadimlər, iş adamları, yazıçılar, alimlər, jurnalistlər olduqları üçün Azərbaycan diasporunun bu ölkələrdə formalaşması və  inkişafı işində  həlledici rol oynamışdılar. Onlar Azərbaycan xalqının elit təbəqəsinin nümayəndələri idilər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31