“Xaricdə yaşayan güneylilərin çoxu milli Hərəkata laqeyddir” - MÜSAHİBƏ
Elçin Hatəmi: “Türkiyədəki Azərbaycan dərnəklər Güney məsələsində aktivdirlər”
23 Yanvar 2013 14:19 DiasporaMüsahibimiz Türkiyənin Əskişəhər vilayətində siyasi mühacir kimi yaşayan Güney Azərbaycandan olan milli fəal Elçin Hatəmidir.
-Yaşadığınız ölkədə fəaliyyət göstərən Azərbaycan diasporu ilə əlaqələriniz varmı?
- Siyasi mühacir kimi BMT-nin Qaçqınlar Komitəsi tərəfindən qeydiyyatdan keçmişəm və hal-hazırda Türkiyənin Əskişəhir vilayətində ailəmlə birlikdə yaşayıram. Türkiyədəki Güney və Quzey diaspor qurumlarının bir çoxu ilə yaxın münasibətim var və onlarla müxtəlif sahələrdə Güney Azərbaycan məsələləri üzrə əməkdaşlıq edirəm. İran totalitar rejiminə qarşı siyasi və mədəni şəkildə dinc yolla fəaliyyət göstərirəm. Məsələn, Türkiyənin müxtəlif yerlərində siyasi tədbirlər və İran rejimininin millətimizə qarşı həyata keçirdiyi ayrı-seçkiliyə qarşı etiraz aksıyaları təşkil edirik və xalqımıza olan zülmlər, ədalətsizliklər barədə xəbərləri bir çox internet saytlarında, Quzey Azərbaycan və Türkiyə mediasında imkanımız olduğu qədər yaymağa çalışırıq.
-Elçin bəy, Güney azərbaycanlılar Türkiyədə yaxşı təşkilatlana biliblərmi?
- Hər bir siyasi mübarizədə təşkilatlanmanın böyük əhəmiyyətə mailkdir. Türkiyədə yaşayan Güney Azərbycan türklərinin bir çoxu İran dövləti tərəfindən təzyiqlərə məruz qaldıqları və can güvənlikləri üçün Vətəni tərk edib və BMT-nin Qaçqınlar Komitəsinin Türkiyə şöbəsinə sığınıblar. Həmin güneylilərin bir çoxu tələbə olduqları üçün və İrana gdib gəldikləri üçün molla rejiminin qorxusundan hərəkata biganə yanaşırlar. Əsasən də Güneydən olan siyasi mühacirlər burada müxtəlif çətinliklərlə qarşılaşırlar. Bir çoxunun ali təhsilli olmasına baxmayaraq inşaatda fəhləlik edirlər, restoranlarda, çayxanalarda çalışırlar. Onlar sosial problemlərinə görə düzgün təşkilatlana bilmirlər. Elələri də var ki, bir neçə təşkilatın üzvləridir, lakin həmin təşkilatların mərkəzi Türkiyədə deyil. Türkiyə dövləti bununla bağlı güneylilərə heç bir yardım göstərmir. Azərbaycanlılar tərəfindən müxtəlif şəhərlərdə dərnəklər yaradılıb və Azərbaycan tarixi, mədəniyyəti sahəsində təbliğat işləri ilə məşğuldurlar. Əskişəhərdəki Azərbaycan dərnəyi Quzey Azərbaycandan olan soydaşlarımız yaradılıb və Güney məsələsində də aktivdir. İstanbuldakı "Qızıe Özən mədəniyyət dərnəyi" güneyli azərbaycanlılar tərəfindən yaradılıb və Azərbaycan mədəniyyəti ilə bağlı çox ciddi şəkildə fəaliyyət göstərirlər. GAMOH, GAMAC, GAİP, "Dirəniş" və s. kimi təşkilatın üzvləri də Türkiyədə İran rejiminə qarşı işlər görürlər. Həmin təşkilatın üzvləri qəddar fars rejiminin millətimizə həyata keçirdiyi asimilasiya siyasəti barədə Türkiyədə media və sosial şəbəkələr vasitəsi ilə Türkiyə ictimaiyyəti arasında təbliğat işi aparırlar. Hətta, Türkiyənin TRT televiziyası güneylilərin fəaliyyəti ilə bağlı bir neçə dəfə reportaj hazırlayıb və yayıb. Türkiyə mətbuatında azərbaycanlılara azəri yox, Azərbaycan türkü deyə müraciət edirlər.
-Güney Azərbaycanla əlaqələriniz varmı?
- Güney Azərbaycanla əlaqələrimiz telefon və internet vasitəsilə olur. Güneydə olan bir çox milli fəallarla keçmişdə olduğu kimi indi də yaxın münasibətim var. Oyanış Hərəkatının aktivləşdiyini bildirirlər. Amma, ərzaq bahalaşmasına görə günü-gündən Azərbaycan türklərinin sosial vəziyyəti pisləşir. İranda dövlət işçilərindən başqa qalan bütün əhali İran hakimiyyətindən narazıdır. Hazırda bir çox milli fəal rejimin təhlükəsizlik orqanları tərəfindən həbs edilib və ağır işkəncələrə, təziqlərə məruz qalırlar. Rejimin basqılarından dolayı xalqın əksəriyyətinin narazı olmasına baxmayaraq hakimiyyətə qarşı etiraz edə bilmirlər.
-Türkiyədə milli fəaliyyətinizə əngəl yaratmırlar ki?
- Türkiyə demokratik ölkədir, indiyə kimi bu ölkənin dövləti tərəfindən bizim fəaliyyətimiz üçün heç bir problem olmayıb. Bizim təkcə ehtiyyat etdiyimiz yer İran hakimiyyətidir və molla rejimi dünyada terror hakimiyyəti kimi tanınır. Pentaqonun son hesabatına görə, İran ETTELAAT-ı dünyanın bir çox ölkələrinə xüsusi casuslar göndərir. Suriyada baş verən hadisələrə görə Türkiyə təşkilatın əsas fəaliyyət məkanına çevrilib. Turist kimi ölkəyə gəlib, müxalifət və iqtidara qarşı fəaliyyət göstərirlər. Türkiyədə hal-hazırda 400 nəfərə qədər ETTELAAT üzvü var. Onlar Xamneyinin əmrilə Türkiyədə yerləşdiriliblər. ETTELAAT dünyanın bir çox yerlərində terror hadisələri həyata keçiriblər və təşkilat Güney Azərbaycanda Milli Oyanış Hərəkatına da terror aktları keçirə bilər.
-Bir zamanlar xaricdə yaşayan soydaşlarımız irançılıqdan yaxa qurtara bilmirdilər. İndi vəziyyət necədir? Onların azərbaycançılıq və Azərbaycan Respublikası ətrafında birləşməsi çətinlik yaratmır ki?
- Xaricdə yaşayan soydaşlarımızın bir hissəsi şah rejimi devrildikdən sonra rejimin təzyiq və edamından canlarını götürüb qaçanlardır. Soydaşlarımızın əksəriyyəti viza ilə gedib və yaşadıqları ölkələrdə qanuni şəkildə qeydiyyatdan keçiblər. Hamısının da vəziyyəti olduqca yaxşıdır. Onların çoxusu irançılıq təfəkkürü ilə İranı tərk ediblər və İrana rahat şəkildə gedib-gələ bilirlər. Rejimlə bağlı heç bir problemləri yoxdur. Əksinə rejimə qarşı siyasi fəaliyyəti özləri və var-dövlətləri üşün təhlükə kimi görürlər, çoxu da Milli Hərəkata qarşı laqeyd münasibət bəsləyirlər. Bununla belə xarici dövlətlərdə yaşayan güneylilərdən Mlli Oyanış Hərəkatına qoşulanlar da az deyil. Getdikcə hərəkata qoşulanların sayı artır.
-Güney azərbaycanlılar Avropa vəa Amerikada dah fəaldırlar?
- Hər iki qitədə aktivdirlər . ABŞ, Kanada , Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərirlər və Güney Azərbaycan məsələsini beynəlxalq təşkilatlara qəbul etdirmək istəyirlər, onları məlumatlandırmağa çalışırlar.
***
Ukraynada Azərbaycan diasporunun yeni mətbu orqanı yaradılmışdır
Nikolayev vilayətində (Ukrayna) "Vestnik Azerbaydjana" adlı yeni vilayət qəzetinin ilk nömrəsi çapdan çıxmışdır. Ukraynanın Azərbaycan Diasporunun rəhbəri Hikmət Cavadovun və "Demokratiyanın nəbzi" Beynəlxalq İctimai Təşkilatın dəstəyi ilə nəşr edilən bu qəzetin təsisçisi "Nikolayev vilayətinin azərbaycanlı gənclər təşkilatı"dır. Ukrayna Azərbaycanlılar Konqresindən bildirmişlər ki, "Vestnik Azerbaydjana" qəzeti Ukraynada Azərbaycan diasporunun sayca dördüncü rəsmi mətbu orqanıdır. Düz üç il bundan əvvəl, 2010-cu il yanvarın 22-də Ukrayna Azərbaycanlılar Konqresinin təklifi ilə Nikolayev vilayətində yaşayan azərbaycanlı gənclərin ümumi yığıncağı keçirilmiş, həmin yığıncaqda "Nikolayev vilayətinin azərbaycanlı gənclər təşkilatı" (NVAGT) adlı ictimai təşkilat yaratmaq təklif olunmuşdur. Təşkilatın sədri Samir Orucov seçilmişdir. "Vestnik Azerbadjana" qəzeti əsas ictimai-siyasi hadisələri, mədəniyyət və təhsil sahələrində yenilikləri və vilayətin Azərbaycan icmasının fəaliyyətini işıqlandıracaq, ictimaiyyəti Ukraynada və Azərbaycanda baş verən hadisələrlə, dünya Azərbaycan diasporunun nailiyyətləri ilə tanış edəcəkdir. Hikmət Cavadovun sözlərinə görə, indi kütləvi informasiya vasitələri ictimai rəyin formalaşmasında çox mühüm rol oynadığına görə gələcəkdə Ukraynanın əksər vilayətlərində bu cür mətbu nəşrlər yaratmaq planlaşdırılır. Qəzet pulsuz yayılır. Onun elektron versiyasını http://demopulse.org saytında yükləmək olar.
***
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Təhsil Nazirliyində olmuşdur
Yanvarın 22-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı Təhsil Nazirliyində olmuşdur. Təhsil Nazirliyindən bildirmişlər ki, görüşdə nazir Misir Mərdanov türkdilli ölkələrin əməkdaşlığının, o cümlədən təhsil sahəsində əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışmışdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı bu quruma daxil olan ölkələrin bütün istiqamətlərdə, eləcə də təhsil sahəsində əlaqələrinin inkişafı üçün nəzərdə tutulan məsələlərdən bəhs etmişdir. Hər bir millətin intellektual potensialının inkişafında təhsilin mühüm rolunu qeyd edən qonaq bu baxımdan müvafiq sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruriliyini diqqətə çatdırmışdır. Türk xalqlarının ortaq əlifbasının və dilinin qəbul olunması məsələsinə toxunan X.Akıncı, həmçinin ortaq tarix və ədəbiyyat dərsliklərinin hazırlanması işinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Universitetlərarası əlaqələrin inkişafı barədə fikirlərini bildirən baş katib tədris proqramlarının uyğun hazırlanması, diplomların qarşılıqlı tanınması və ortaq təhsil telekanalının yaradılması məsələlərinin əhəmiyyətini də qeyd etmişdir. M.Mərdanov Azərbaycan ilə Türkiyə arasında mövcud əlaqələrin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində sürətlə inkişaf etdiyini söyləmişdir. Türkdilli ölkələrin universitetləri arasında əlaqələrin genişləndirilməsinin zəruriliyinə toxunan nazir birgə konfransların təşkilinin mümkünlüyünü diqqətə çatdırmışdır. Ali məktəblərin tədris proqramlarının uyğunluğu və diplomların tanınması məsələsinin əhəmiyyətini qeyd edən M.Mərdanov ilk növbədə müvafiq mütəxəssislər arasında bu istiqamətdə müzakirələrin aparılmasının vacibliyini bildirmişdir. Sonra türkdilli ölkələr arasında təhsil sahəsində əlaqələrin genişləndirilməsi işinin daha səmərəli təşkili ilə bağlı bir sıra digər məsələlər üzrə fikir mübadiləsi aparılmışdır.
***
Moldovada 20 Yanvar faciəsinin 23-cü ildönümü qeyd olunub
Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi və Moldova Azərbaycanlıları Konqresi (MAK) 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirmişdir. Azərbaycanın Moldovadakı müvəqqəti işlər vəkili S.Əliyev çıxışı zamanı Sovet ordusunun böyük heyətinin, daxili qoşunlar və xüsusi birləşmələrinin Bakıya hücumunun amansızlıqla və misli görünməmiş vəhşiliklərlə müşayiət edildiyini bildirmişdir. O, qeyd etmişdir ki, bu faciə zamanı dinc əhaliyə qarşı qırğın həyata keçirilmiş, yüzlərlə adam itkin düşmüş, yaralanmış və həlak olmuşdur. Mərasimdə çıxış edən Moldova Azərbaycanlıları Konqresinin sədri V.Novruzov vurğulamışdır ki, 1990-ci il yanvar ayında Bakı və respublika rayonlarında baş vermiş qanlı faciənin totalitar rejimin mahiyyətini nümayiş etdirdiyini, SSRİ silahlı qüvvələrinin azərbaycanlılara qarşı kütləvi qırğın həyata keçirdiyini söyləmişdir.
Tədbirin sonunda 20 Yanvar faciəsini əks etdirən film nümayiş etdirilmişdir.
***
Krımda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib
Yanvar ayının 20-də Krımda 1990-cı il 20 Yanvar tarixində Sovet qoşunlarının Bakıya hərbi təcavüzü zamanı qətlə yetirilən 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir. Xatirə gecəsi Franko adına Respublika Kitabxanasının "Xalqlar dostluğu" şöbəsində keçirilmişdir.Tədbirdə çıxış edən diaspor nümayəndələri Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edərək, Azərbaycan diaspor təşkilatlarının 20 Yanvar faciəsi ilə əlaqədar dünyanın müxtəlif ölkələrində keçirdiyi tədbirlərin əhəmiyyətini xüsusilə qeyd etmişlər.Tədbirdə Krım Azərbaycan İcması tərəfindən Bakıda Sovet ordusunun vəhşiliklərini əks etdirən foto-sərgi təşkil edilmişdir. Tamaşaçılara 20 Yanvar faciəsini əks etdirən film nümayiş etdirilmişdir. Qeyd edək ki, Krımda 20 Yanvar faciəsi qurbanlarının xatirə gecəsi 1991-ci ildən etibarən keçirilir. Krım Azərbaycan diaspor təşkilatı 1989-cu ildə təsis edilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir