Yüzlərlə, minlərlə Borçalı gənci işsizdir - MÜSAHİBƏ

Gürcüstanda olan Azərbaycan şirkətlərində yetəri qədər erməni əsilli gürcülər çalışır

Sərkərdə Sərxanoğlu: "Saakaşvilinin hakimiyyəti dönəmində də azərbaycanlılara qarşı gizli dislokasiya siyasəti aparılıb"

Gürcüstan azərbaycanlılarının problemləri üzrə ekspert və yazar Sərkərdə Sərxanoğlu Borçalının problemləri barədə sualları cavablandırdı:

-Zəngin gürcülər Gürcüstanda yaşayan azərbaycanlılara məxsus torpaqları zor gücünə özəlləşdirirlər. Yerli ictimaiyyət tərəfindən bu amil Gürcüstan hakimiyyətinin azərbaycanlılara qarşı antiaptiya münasibəti kimi qəbul edilir.

- Gürcüstanda yaşayan soydaşlarımıza qarşı təzyiqlər hər zaman olub və bu basqılar müəyyən zaman kəsiyində açıq, yaxud da qapalı şəkildə aparılıb. Mixail Saakaşvili hakimiyyətə gələndən sonra belə bir fikir vardı ki, Gürcüstanda yaşayan azərbaycanlılara qarşı təzyiqlər azalıb. Əksinə həmin basqılarda heç bir azalma müşahidə edilməmişdi. Saakaşvilinin hakimiyyəti dönəmində də Gürcüstan azərbaycanlılarının problemlərinin heç biri köklü şəkildə həll edilmədi. Prezident Saakaşvili vəd etmişdi ki, eks-prezident Eduard Şevardnadzenin dövründə aparılmış torpaq islahatlarına yenidən baxılacaq, ədalətsiz şəkildə bölüşdürülmüş torpaqlar yenidən və ədalətli şəkildə bölüşdürüləcək. Amma, Saakaşvili bu vədinə əməl etmədi. Əvvəllər azərbaycanlılara məxsus olan torpaqlar elə Saakaşvili dönəmində də zəngin gürcülərin zor gücünə həmin gürcülərin əlində qaldı. Daha sonralar Gürcüstanda sosial problemlər artdıqca, insanların yaşayış səviyyəsi aşağı düşdükcə yenə də zəngin gürcülər və daha çox erməniəsilli Gürcüstan vətəndaşları azərbaycanlılara məxsus torpaqları zorla zəbt etdilər. Təbii ki, bu da azərbaycanlılara qarşı təzyiqin bir formasıdır. Torpaqsızlaşmış azərbaycanlılar da Gürcüstanı tərk etmək məcburiyyətində qaldılar və bu amilə görə də soydaşlarımız Rusiya, Türkiyə və Azərbaycana axışmağa başladılar. Gürcüstan hakimiyyəti azərbaycanlıların torpaqlarını əllərindən almaqla soydaşlarımızı Gürcüstandan çıxarmağa çalışır. Saakaşvli dönəmində də təhsil sistemində heç bir yenilik olmadı. Borçalıda olan bir neçə məktəb Azərbaycan dövlətinin hesabına təmir olunsa belə, Gürcüstan dövlət səviyyəsində bununla bağlı heç bir addım atmadı. Əvəzində isə onlarla Azərbaycan məktəbi bağlanıb, məktəblərə üz tutan şagirdlərin sayı kəskin şəkildə azalıb, təhsilin səviyyəsi aşağı düşüb, məktəblərdə çalışan azərbaycanlı kadrlar yaşlaşırlar, gənc kadr demək olar ki, yoxdur. Bu da Gürcüstan dövlətinin təhsilimizə diqqətsizliyindən irəli gəlir. Dolayısı yolla bu da bir təzyiq şəklidir. Borçalıda heç bir yeni infrastruktur yaradılmır, bölgədə iqtisadi vəziyyət olduqca acınacaqlıdır. Bu o deməkdir ki, Saakaşvilinin hakimiyyəti dönəmində də azərbaycanlılara qarşı gizli dislokasiya siyasəti aparılıb. Sadalanan məsələlər həllini tapmadığı üçün insanlar öz yerlərini tərk etmək məcburiyyətində qalıblar. Bununla bağlı biz həyəcan siqnalı vermişik ki, Borçalıdan insanlar köçür, yerlərini tərk edirlər. Təəssüflər olsun ki, bütün cəhdlərə baxmayaraq bu gün də məsələ öz həllini tapmayıb. İnsanları məcburi şəkildə geri köçürmək, miqrasiyaya görə cərimələməklə borçalıları öz yerlərinə qaytarmaq uğursuz bir cəhddir. Çünki, heç bir iqtisadi infrastruktur, iş, dolanışıq yeri yaradılmadan insanları Borçalıya qaytarmaq yalnış addımdır. Azərbaycanlılara qarşı təzyiqlər var, olub və olacaq. İvanişvilinin hakimiyyətə gəlməsi isə Saakaşvilinin vaxtında yatmış, qınına çəkilmiş gürcü milliyyətçiləri üçün stimul oldu. Bu yaxınlarda neçə azərbaycanlı ailəsinin evinə basqınlar oldu, neçə soydaşımız döyüldü, evləri talan olundu. Əgər İvanişvili Gürcüstan hakimiyyətində daha da möhkəmlənərsə, prezident seçkilərində İvanişvilinin tərəfdarları qalib gələrlərsə Gürcüstanda milliyətçilik daha açıq müstəviyə və radikal formaya keçəcək. Bu vəziyyət kəskin xarakter alsa Gürcüstanda yaşayan azərbaycanlılara qarşı təzyiqlər açıq və aqressiv şəkilə düşəcək.

-Bidzina İvanişvili hakimiyyətə gələndən sonra azərbaycanlı ailələrə gürcü basqınları bir növ ənənəyə çevrilib. Yoxsa ki, Gürcüstan hakimiyyəti azərbaycanlıları tamamilə ölkədən çıxarmağı planlaşdırır?

- Məsələyə bir neçə prizmadan yanaşmaq mümkündür. Bu hallar Gürcüstanda keçirilən parlament seçkilərindən dərhal sonra baş verdi. Gürcüstan azərbaycanlıları arasında da bu məsələyə baxışlar müxtəlifdir. Bir qisim hesab edir ki, Gürcüstanda yaşayan azərbaycanlılara qarşı radikal milliyyətçi, şovinist mövqe tutmuş insanlardan ruhlanan bəzi milliyyətçilər, kriminal ünsürlər İvanişvilinin hakimiyyətə gəlməsindən ruhlanaraq bu prosesləri dərhal canlandırdılar. İkinci versiya - Saakaşvilinin tərəfdarları bu məsələni bilərəkdən təşkil edirlər ki, müxalifət hakimiyyətə gələcəyi təqdirdə vəziyyətiniz bu olacaq. Bu etniklərə verilən mesaj idi. Üçüncü versiya ondan ibarətdir ki, məsələdə Rusiyanın əli var. Dördüncü versiya isə kriminal ünsürlərin törətdikləri cinayət əməlləridir. Bütün hallarda isə azərbaycanlılara qarşı olan təzyiqlərdə cinayət izləri var. Vəziyyət onu göstərir ki, Gürcüstanda dövlətçilik kövrəkdir. Azərbaycanlıların hüquqlarının hər an tapdalanması, kriminal ünsürlərlə üz-üzə dayanması təhlükəsi yetəri qədər yüksəkdir. İstər Gürcüstan, istərsə də Azərbaycan dövləti Gürcüstan hakimiyyətindən bu məsələni diqqətdə saxlamağı tələb etməli, özü nəzarətə götürməli və orada yaşayan azərbaycanlıların təhlükəsizliyi ciddi şəkildə təmin edilməlidir.

-Problemlərdən çıxış yolu kimi Azərbaycan investisiyasının Borçalıya yatırılması təklif olunur.

- Çox gözəl təklifdir. Zaman-zaman bu məsələlər gündəmə gətirilib, bununla bağlı tək Azərbaycandan yox, Rusiyadan və digər ölkələrdən olan Borçalı əsilli işadamlarından oraya sərmayə yatırmaları istənilib, hətta tələb olunub. Azərbaycan dövləti qarşısında məsələ qaldırılıb və Azərbaycan bununla bağlı müəyyən addımlar atıb. Bildiyiniz kimi orada müəyyən Azərbaycan şirkətləri fəaliyyət göstərir. Amma, ortada çox üzücü bir məqam var. Hansı ki, orada olan Azərbaycan şirkətləri və işadamları özlərinə yaxın adamları işə götürürlər, daha çox gürcüləri işlətməyə üstünlük verirlər. Azərbaycan sərmayəsi Borçalıya, Gürcüstana yatırılır. Lakin, bu sərmayədən Borçalıda yaşayan azərbaycanlılar çox az bəhrələnə bilirlər. Sərmayə məsələsi ilə bağlı insanlar bir az da ehtiyatlanırlar. Çünki, Gürcüstanda dövlətçilik çox həssasdır, bu da Gürcüstanda hakimiyyətlərin tez-tez dəyişməsilə əlaqədardır. Hər dəyişmə də Gürcüstanda rahat ötüşmür. Ona görə də insanlar sərmayələrini Borçalıya yatırmağa risk etmirlər. Problem Azərbaycanın dövlət səviyyəsində məsələyə əl qoymasından sonra həll edilə bilər. Yatırılmazdan qabaq isə Borçalıda yaşayan azərbaycanlıların müqəddəratl nəzərə alınmalıdır. Azərbaycan dövləti bütün hallarda addımlar atır, amma bu addımlara nəzarət mexanizmi zəifdir. Əsasən eyni açılan iş yerlərində gürcülər çalışır və Gürcüstanda olan Azərbaycan şirkətlərində yetəri qədər erməni əsilli gürcülər çalışır. Amma, yüzlərlə, minlərlə Borçalı gənci işsizdir.

-Sərkərdə bəy, ya Azərbaycandan, ya da ki, Borçalıdan olan iş adamlarının Gürcüstan azərbaycanlılarının yaşadıqları ərazilərə investisiya yatırması faktı var?

- Çox təəssüflər olsun ki, az rast gəlinən bir haldır. İstər Azərbaycanda, istərsə də Rusiyada yaşayan Borçalıdan olan iş adamları olsun, yalnız öz doğulduğu kəndlərə ya yol ya da ki, su kəməri çəkdirirlər. Öz ailələrinə nə isə edirlər, amma sırf Borçalı üçün nə isə etdiklərinin şahidi olmamışıq. İstisna hallarda isə az hallarda təqdirə layiq işlər görülür. Onların doğulub, boya-başa çatdıqları bu yerlərə səthi nəzərlərlə baxmaları düşündürücüdür. Məsələ ilə bağlı QHT-lər yaradılmalıdır, əslində belə QHT-lər var. Çox təəssüf ki, sırf Borçalı adına yaradılan QHT-lərin fəaliyyətləri zəifdir, başda Borçalı Cəmiyyəti olmaq şərtilə. Onların üzdə görünən hər hansı bir problemin həllinə çalışdığı və nəyəsə nail olduğuna rast gəlməmişik. Məsələrin hamısı, sual doğuran bütün problemlər üzərində ən azı QHT-lər səviyyəsində işlənilməli, Gürcüstan hakimiyyətinə dəvətlər göndərilməlidir. Bu cəhdlərin heç biri olmadığına görə də işadamlarının Borçalıya sərmayə yatırmasının şahidi olmuruq.

-Gürcüstan azərbaycanlılarının yaşadıqları yerlərdə turizm imkanları kifayət qədər genişdir. Bəs nəyə görə Borçalıda turizmin inkişafı üçün lazımi tədbirlər görülmür?

-  Saakaşvili hakimiyyətinin son 5 ilini Gürcüstanda "turizm ili" elan etmişdi. Turizmdən gələn gəlirlər Gürcüstan dövləti üçün prioritet məsələdir. Gürcüstanda turizmə sərmayə yatıran insanlara o qədər güzəştlər edilirdi. Torpaqlar pulsuz, faizsiz verilirdi, neçə il həmin işadamları vergilərdən azad edilirdi. Məqsəd də Gürcüstanda turizmin inkişafına təkan vermək, işsiz gürcüləri işlə təmin etmək idi. Bizdə olan məlumatlara görə Gürcüstan turizminə Azərbaycanda olan işadamları da sərmayə qoyurlar. Amma, onlar daha çox Qara dəniz bölgəsinə üstünlük verirlər. Borçalı da turizmin inkişafı üçün çox gözəl və münbit şəraitə malikdir. Sanki, gizli bir əl Borçalıya gələnləri tutub saxlayır. Bunun səbəbi hələ də bizə məlum deyil. Borçalı ilə bağlı yaradılan QHT-lər, İctimai Birliklər bu məsələni də Azərbaycan dövləti, Borçalıdan, Azərbaycanda olan işadamlarının qarşısında qaldıra bilərdilər. Əgər hər hansısa təşkilat Borçalının bu keyfiyyətindən xəbərdar deyilsə bu bizim öz günahımızdır.

-Gürcüstan hakimiyyəti dövlət vəzifələrində daha çox ermənilərə üstünlük verir, sayı 1 milyona yaxın olmasına baxmayaraq biz adətən azərbaycanlıları Gürcüstanda dövlət vəzifəlisi kimi görməyə adət etməmişik.

- Borçalılar Gürcüstanda siyasi cəhətdən aktiv kütlə deyil. Gürcüstanın 23 illik müstəqlillik tarixində azərbaycanlılar daha çox sosial, iqtisadi, təhsilyönümlü fəaliyyətlə məşğul olublar. Lakin, azərbaycanlıların heç vaxt Gürcüstanın siyasi proseslərə inteqrasiyası olmayıb. Ona görə də borçalıların siyasi təşkilatları yoxdur, siyasi partiyalardakı fəaliyyətləri isə olduqca aşağı səviyyədədir. Əvvəllər isə parlamentdə təmsil olunan azərbaycanlılar ya məktəb direktoru olub, ya restoran sahibi, ya da kiçik biznes adamı olublar. Ümumiyyətlə isə azərbaycanlılar bununla bağlı cəhdlər belə etmirlər. 3-5 nəfər var ki, yüksək dövlət vəzifəsi daşıyırlar, onlar da hakimiyyətin maraqlarına xidmət edirlər. Ermənilər isə biclik işlədərək deputatdan tutmuş nazir vəzifəsinədək yüksəliblər. Azərbaycanlıların Gürcüstanın siyasi proseslərindəki fəaliyyətini aktivləşdirmək üçün bu istiqamətdə maarifləndirmə işi aparılmalıdır. Hələlik isə bu barədə heç bir tədbir görülmür.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31