Gürcü hakimiyyəti azərbaycanlılara təzyiqlər etdirir - MÜSAHİBƏ

Asif Ozan: “Azərbaycanlılara məxsus olan torpaqlar hərraca çıxarılaraq gürcülərə satılıb”

Gürcüstan azərbaycanlılarının problemləri üzrə ekspert, sosioloq Asif Ozanla Gürcüstanda yaşayan azərbaycanlıların problemləri barədə müzakirə apardıq:

-Gürcüstanda yaşayan azərbaycanlıların kifayət qədər təhsil problemləri var, bu amil əsasən Azərbaycan dili ilə bağlıdır. Hələ bu azmış kimi Gürcüstanda Azərbaycan məktəbləri bağlanır...

- Gürcüstanda yaşayan azərbaycanlılar 70 illik Sovet Birliyi dönəmində Azərbaycan dilində təhsil alıblar. Bu dövr ərzində də azərbaycanlıların Gürcüstanda böyük təhsil şəbəkəsi formalaşıb. Orta təhsillə yanaşı geniş miqyasda ali təhsli şəbəkəsi də mövcud olub. Sovet Birliyinin ilk illərində Gürcüstanda yaşayan soydaşlarımızın təhsil alması üçün ibtidai, orta ümumtəhsil, kollec təhsil və daha sonrakı illərdə isə ali təhsil infrastrukturu formalaşdı. Lakin, SSRİ parçalanandan sonra bu infrastrukturlar dağılmağa başldı. Əvvəlcə Tiflisdə azərbaycanlıların təhsil aldığı, ali məktəblərin nəzdnində olan Azərbaycan şöbələri bağlandı. Sonra tədricən kadrların qocalması prosesi başladı. Çünki, SSRİ dağılandan sonra Gürcüstanda yaşayan azərbaycanlılar üçün buradan pedaqoji kadrlar hazırlayıb göndərmə mexanizmi işləyib hazırlanmadı. Bu problemlə bağlı gürcüəsilli ziyalılar, habelə ekspertlər Gürcüstan Təhsil Nazirliyinə layihələr göndərmələrinə baxmayaraq bu günədək məsələ öz həllini tapmayıb. Tiflisdən Borçalıya azərbaycanlı kadrlar göndərilmədiyi üçün oradakı kadrlar son 20 il ərzində yaşlaşıb və onların əksəriyyətinin yaşı 50-dən yuxarıdır. Proses bu cür davam eləsə 10-20 ildən sonra Gürcüstanda yaşayan azərbaycanlı pedaqoqların hər 10 nəfərdən birinin yaşı 70-80 yaş aralığında olacaq. İndiki məqamda Gürcüstan hakimiyyəti yaranmış vəziyyətdən öz maraqlarına uyğun şəkildə istifadə etməyə çalışır. Təqaüdə çıxmış azərbaycanlı müttəxəssislərin yerinə gürcülər yerləşdirilir. Bu amil də Azərbaycan dilli təhsil qarşısında problem yaradır. Müəyyən müddətdən sonra Gürcüstandakı Azərbaycan məktəbləri tədricən sıradan çıxarılacaq.

-Asif müəllim, hakimiyyət dairələrinin müəyyən təzyiqlərinə görə bir qrup azərbaycanlı ailə Azərbaycana, digəri isə Rusiyaya köç etdi. Hal-hazırda da köç davam edirmi?

- Gürcüstanda yaşayan soydaşlarımız son dərəcə torpağına, yurduna, elinə, doğma dilinə və dəyərlərinə bağlı Azərbaycan türkləridir. Tarix boyu Gürcüstan azərbaycanlıları bütün sınaqlardan üzüağ çıxıblar. Baxmayaraq ki, 90-cı illərin sonlarında-SSRİ-nin dağılması ərəfəsində Ermənistanda olduğu kimi Gürcüstanda yaşayan soydaşlarımız da Qamsaxurdiya hakimiyyəti tərəfindən açıq-aşkar təzyiqlər və təcavüzlər oldu. Hətta, bir çox yaşayış məntəqələrindən, Bolnisidən Dımanisidən, Rustavidən, Külügdən, Dmmanisi rayon mərkəzindən 30 mindən çox azərbaycanlının evi, malı, mülkü silahla təhdid olunaraq zorakı yolla əllərindən alındı. Qamsaxurdiya dövründə və Şevardnadze hakimiyyətinin ilk illərindəki təzyiq və təhdidlərə baxmayaraq azərbaycanlılar öz yurdlarını tərk etmədilər. Çünki, Borçalıda yaşayan bütün azərbaycanlılar öz torpaqlarına bağlıdır, ona görə ki, Borçalı vaxtilə Azərbaycanın bir parçası olub. 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında olan silahlı münaqişədən sonra Gürcüstan vətəndaşlarının Rusiyaya getməsinə veto qoyuldu. Bu cür vəziyyətdə Borçalıda yaşayan soydaşlarımız maddi imkanlarını təmin etmək üçün Azərbaycan və Türkiyəni seçdilər. İranda azərbaycanlıların pul qazanmaq şansları mümkünsüz olduğu üçün Türkiyəyə getdilər. Gürcüstan azərbaycanlılarının kütləvi şəkildə Rusiya və Azərbaycana köç etməsi faktı isə yoxdur. Sadəcə olaraq bir müddət qabaq bir qrup azərbaycanlı işləmək üçün Rusiyaya gedib. Hələ də həmin azərbaycanlılar Rusiyada biznes qurub və sırf bu işlə məşğul olurlar. Vaxtaşırı onlar Borçalıya qayıdır və orada yaşayırlar. Lakin, müəyyən azərbaycanlılar var ki, Rusiya vətəndaşlığını qəbul ediblər, bu da Rusiyanın yeritdiyi siyasətin nəticəsidir. Kreml Dağıstandakı demoqrafik vəziyyəti düzəltmək üçün özünü bu siyasətə sövq edir. Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkədən çıxmasına şərait yaradan əsas problemlərdən biri təhsil problemidir. Çünki, ailələrin böyük əksəriyyəti öz uşaqlarına Azərbaycan dilində təhsil vermək istəyirlər. Bu Borçalı azərbaycanlıların Azərbaycana axışması üçün impulsa çevrilir. Ona görə də Azərbaycanın Təhsil Nazirliyi bununla bağlı tədbir görməlidir. Gürcüstanda azərbaycanlı kadrların hazırlanmsı üçün dövlət səviyyəsində tədbirlər hazırlanmalıdır.

-Gürcüstandan çıxmağa məcbur edilən azərbaycanlıları Rusiya və Azərbaycandan çox Tiflisə yönəltmək, düşünürəm ki, daha məqsədəuyğun olardı

- Gürcüstandan çıxan azərbaycanlıların hara getməsindən asılı olmayaraq sonradan onların Gürcüstana qayıtması dövlət səviyyəsində gürcü hakimiyyəti tərəfindən əngəllənir. Əgər hər hansı bir ailə iş üçün Azərbaycan, yaxud Rusiyaya gedibsə və bu müddət ərzində də həmin ailənin uşağı dünyaya gəlibsə, körpələr Gürcüstan vətəndaşlığına qəbul edilmirlər. Hakimiyyət də arqument kimi bir məsələni vurğulayır ki, uşaq hansı ölkədə dünyaya gəlibsə, o dövlətin vətəndaşı olmalıdır. Bayaq da vurğuladım ki, Qamsaxurdiya dövründə 30 min ailə Gürcüstandan zorla çıxarılıb. Bu günə qədər də həmin azərbaycanlılar heç bir dövlətin vətəndaşları deyillər. Dəfələrlə müraciətlərə baxmayaraq soydaşlarımız Gürcüstan vətəndaşlığına qəbul olunmurlar. Gürcüstan hakimiyyəti öz maraqlarını təmin etmək üçün bu cür qərarlar qəbul edir. Digər azərbaycanlılar da Gürcüstana qayıdıb Gürcüstan vətəndaşlığı istəsələr, onların haqları tanınmayacaq.

-Gürcüstanda sonuncu dəfə keçirilən Torpaq islahatları heç də Borçalıda yaşayan azərbaycanlıların xeyrinə deyil. Bu amil nəyə bağlanır?

- Gürcüstanda Torpaq islahatı çox ədalətsiz şəkildə aparılıb. Yüz illərlə Azərbaycana məxsus olan, Sovet dönəmində də yaşamış azərbaycanlıların balansına verilmiş torpaq sahələri - örüşlər, otlaq sahələri, əkin sahələri, bağlar SSRİ parçalanandan sonra yenidən torpaq qanunvericiliyinə, Torpaq Məcəlləsinə uyğun olaraq əhaliyə satılmalı, yəni ki, özəlləşdirilməli idi. Özəlləşmənin əsas şərtlərindən biri istismar olunan torpaq sahələsi tarixən hansı kəndə məxsusdursa ona qaytarılmalıdır. Ancaq, Gürcüstanda torpağın özəlləşdirilməsində bu qanunlar yerinə yetirilmədi və 100 hektarlarla, azərbaycanlılara məxsus olan torpaqlar hərraca çıxarılaraq gürcülərə satıldı. İndi də bir sıra kəndlərdə həmin torpaq sahələri mübahisə predmeti olaraq qalır. Azərbaycanlıların gürcü dilini, Gürcüstan qanunvericiliyini bilməməsi və bundan əlavə gürcü məmurlarının torpaqların azərbaycanlılar tərəfindən alınmasına maraqlı olmamaları torpaqların ədalətsiz bölgüsünə səbəb oldu. Həmin torpaqlar da ayrı-ayrı gürcü işadamları tərəfindən özəlləşdirildi və azərbaycanlılara məxsus olan həmin torpaqlar soydaşlarımıza icarəyə verilir. Təsəvvür edin ki, əllərindən torpaqları alınmış azərbaycanlılar öz mülklərində işləyir və əldə etdikləri gəlirlərin yarısını gürcülərə verirlər. Torpaqların bölünməsi 10 il əvvəlki status-kvoya qaytarılmalı və Torpaq Məcəlləsinə uyğun şəkildə aparılmalıdır.

-Asif bəy, Bidzina İvanişvili Gürcüstan hakimiyyətinə gələndən sonra Gürcüstanda insanların hüquq və azadlıqları hansı səviyyədədir? Qeyd edək ki, Mixail Saakaşvilinin komandası azərbaycanlılara qarşı daha mülayim aspektdən münasibət bəsləyirdi

- Təşəkkür edirəm. Bidzina İvanişvili hakimiyyətə gəlməmişdən qabaq bir sıra bəyanatlar verib və hal-hazırda da müəyyən fikirlər səsləndirməkdədir. Hələ yenicə hakimiyyətə gəlmiş siyasətçinin fəaliyyəti barədə fikir söyləmək çətindir. İvanişvili Mixail Saakaşvili tərəfindən qoyulmuş siyasi kursu davam etdirəcək. Çünki, bu kurs Gürcüstan cəmiyyəti çün çox uğurlu oldu. Yəni ki, Gürcüstan dövlətçiliyinin, cəmiyyətinin parlaq gləcəyini düşünən siyasət adamı həmin kursu dəyişməməlidir. İvanişvili də buna görə bu ideologiyanı dəyişməyə meyilli olmayacaq. Düzdür, başlanğıcda İvanişvili iqtidara gələn müxalifət kimi Saakaşvilinin əleyhinə müəyyən bəyanatlar verdi. Amma, bu Saakaşvilinin siyasi ssenarisinin dəyişilməsi demək deyil. İndiki məqamda da bu kursun uğurlu istiqamətləri davam etdiriləcək. Bununla belə Gürcüstanda yaşayan soydaşlarımız yeni hakimiyyətin qarşısında Saakaşvili dönəmində yol verilmiş bir sıra qanunsuzluqların, ədalətsizliklərin bərpa olunması haqqında artıq məsələlər qaldırmaqdadırlar. Ümid edirik ki, indiki hakimiyyət buraxılmış səhvlərin aradan qaldırılmasına görə azərbaycanlılara yardımçı olacaq. Amma, İvanişvilinin mahiyyəti haqqında indiki məqamda söz demək tezdir. Siyasətdə 100 gün söhbəti var, 100 gün gözləyək görək proseslərin sonu necə olacaq.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31