Amerikadakı Azərbaycan və türk diasporunun birgə əməkdaşlığı

Okeanın o tayında erməni təbliğatına qarşı başlıca maneədir

Birləşmiş Ştatlara türklərin ilk gəlişi hələ XVI-XVII əsrlərə təsadüf etsə də, "Yeni dünya"ya kütləvi axın 1880-ci ildən başlayır. İqtisadi səbəblərlə izah olunan bu mühacirət prosesinin gedişində yüzlərlə türk cənub sahilləri boyu məskunlaşmışdı. Qısa zaman ərzində yerli ictimaiyyətlə qaynayıb-qarışan türklər ilk vaxtlar bir-birilərinə yaxın ərazilərdə məskunlaşırdılar. 1924-cü ildə Amerikada etnik diasporlara qarşı başlanan narazılıq hissləri ölkəyə daxil olmaqla sərt qanunların qəbul edilməsinə əsas yaratdı. 1950-ci ildən qanunlarda edilən dəyişikliklərlə əlaqədar digər ölkələr kimi Türkiyə vətəndaşlarının Birləşmiş Ştatlara daxil olmasına da kvota əsasında icazə verildi. 1965-ci ildə isə tamamilə yeni liberal qanunlar qəbul olundu. Məhz bundan sonra Birləşmiş Ştatlara türk mühacirətinin yeni mərhələsi başladı. Yeni mühacirlərin çox hissəsi Amerika vətəndaşlığını qəbul etdikdən sonra diasporun formalaşma prosesi sürətləndi. Bu işdə xüsusi fəallığı ilə seçilən türk ziyalıları və tələbələri ictimai proseslərdə iştiraklarını gücləndirdilər. Düzdür, öncə siyasi fəallığı passiv olan türk diasporu zaman keçdikcə problemlərini həll edərək işlərini daha planlı şəkildə qururdular.

Birləşmiş Ştatlada fəaliyyətlərini genişləndirən  türk diasporu sayca və maddi cəhətdən onlardan üstün olan erməni və yunan diasporlarının təzyiqləri ilə qarşılaşırdılar. Amerikada türklərdən əvvəl məskunlaşmış ermənilər "məzlum xalq" imici yaratmaqla iqtisadi durumlarını yaxşılaşdırmış və bunun ardınca isə siyasi fəallıqlarını artırmışdılar. Böyük güzəştlərə malik olan ermənilər və yunanlar informasiya üstünlüklərinə əsaslanaraq, türklər barədə böhtanlar və yalnış məlumatlar yayırdılar. Böyük dövlətlərin ikili siyasətindən istifadə edən ermənilər və yunanlar müəyyən məsələlərdə türk diasporunu, hətta sıxışdıra da bilirdi. Lakin 1990-cı ilin əvvəlindən Amerika ictimaiyyətində Türkiyə və türk diasporuna olan baxış müsbət yöndə dəyişməyə başladı. Amerika ictimaiyyəti dünyada baş verən siyasi proseslərdə Türkiyənin və türklərin rolunu və yerini daha aydın görürdü. Türkiyədə siyasi sistemin demokratik mahiyyəti, milli adət-ənənə, musiqi və mətbəxlərinin ekzotik və cəlbediciliyi amerikalıların mövqeyində və münasibətində dəyişiklik yaratdı. Türkiyənin NATO-ya üzvlüyü, Birləşmiş Ştatlarla hərbi və siyasi müttəfiqliyi, dini inanclarında fanatikliyin olmaması türk gənclərinin və elm xadimlərinin uğurları amerikalıların baxışlarının dəyişməsinə ciddi təsir göstərən faktorlar idi. Hələ ötən əsrin əvvəllərindən Türkiyəyə və türk xalqına qarşı uydurma "soyqırım" iftirasını himayə edən erməni və yunan lobbisi 2000-ci illərin əvvəllərinə qədər Kapitoli zirvəsində çox güclü mövqeyə malik idi. 1970-ci illərdən sonra formalaşmış türk lobbisi qismən də olsa məsələlərin həllinə təsir edə bilirdi. Lakin türk diasporunun sayca azlığı, seçici hüququndan pərakəndə istifadə edilməsi, diaspor daxili fikir ayrılıqları türk lobbisini zəiflədən faktor idi. Türkiyə-Amerika münasibətlərinin inkişafı zaman keçdikcə öz hüquqlarının əhəmiyyətini anlayan lobbiçiliyə marağı artan türklərin fəaliyyətinə öz təsirini göstərdi. 2000-ci ildən etibarən Türkiyənin geosiyasi mövqeyinin güclənməsi, iqtisadi inkişafı Birləşmiş Ştatlarla hərtərəfli əlaqələrin qurulması türk diasporunun və lobbisinin daha geniş imkanlara malik olmasına şərait yaratdı. 2001-ci il, 11 sentyabr hadisəsindən sonra türk xalqının nümayiş etdirdiyi qəti və aydın mövqe iki xalq arasında münasibətlərin inkişafına bir qədər də təkan verdi.

Son illər amerikalı ekspertlər, araşdırmaçılar Türkiyə faktoruna mühüm əhəmiyyət verməyə başlayıblar. Hazırda Türkiyə və türk lehinə elmi-tədqiqat işləri aparılır. Türkiyənin nüfuzu artdıqca, türk lobbisinin siyasi dairələrdə mövqeyi möhkəmləndikcə əvvəllər ermənipərəst kimi tanınan bəzi siyasi xadimlər bu gün türk lobbisini və diasporunu dəstəkləyən çıxışlar edirlər. Birinci Körfəz savaşı və Əfqanıstan əməliyyatları zamanı Birləşmiş Ştatların müttəfiqi kimi çıxış edən Türkiyə barədə Nyu-Yorkda fəaliyyət göstərən "Avrasiya Qrupu"nun məlumatında bu fikirlər yer alıb: "Türkiyənin NATO-da dəyəri artıbdır. Türkiyənin Avropanın təhlükəsizlik və müdafiəsində, Avropa Birliyində fəallığı Birləşmiş Ştatlarda yaşayan türklərin həyatında dəyişiklik yaradacaq". Bu fikirlərin davamı olaraq türkpərəst konrqesmenlərin sayının və türk diasporunda siyasi fəallığın  artdığını görə bilərik. Hələ 1991-ci ildə uydurma "erməni soyqırımı"nın Konrqesdə müzakirələri zamanı senator Preslerin çıxışında söylədiyi "Mən və dostlarım Türkiyə ilə münasibətlərə böyük önəm veririk" sözləri türk lobbisinin güclənməyə başladığının bariz nümunəsi idi. 2001-ci ildə ermənipərəst konqresmen Adam Şiftin özlərinin maddi və əlaqə imkanlarının güclü olmasına baxmayaraq dedidyi " Artıq güclənməkdə olan türk lobbisinin Kapitoli zirvəsindəki mübarizəsi kəskin şəkil alacaq" sözlərinə türk lobbisinin cavabı da orijinal oldu: "Biz mübarizədən qorxmuruq və güclü olan qalib gələcək". 2001-ci ildə Konqresdə Respublikaçılar Partiyasının üç üzvü- Robert Uiksler,  Edvard Uitfild və Key Qrenqerin təşəbbüsü ilə Birləşmiş Ştatlar-Türkiyə münasibətləri və Amerikadakı türk diasporu məsələləri ilə məşğul olan işçi qrupu yaradıldı. İlk gündən 17 konqresmenin daxil olduğu işçi qrupu üzvlərindən Tom Lentas, Den Barton, Bob Klement və başqalarının adını çəkmək olar. Türkiyə və türk diasporuna Birləşmiş Ştatların böyük əhəmiyyət verdiyini bildirən işçi qrupu üzvləri gələcəkdə Amerika-Türkiyə münasibətlərinin ardıcıl və dinamik şəkildə inkişaf edəcəyini bildirmişdilər.

Birləşmiş Ştatlardakı türk lobbisi hazırda iki istiqamətdə, diaspor təşkilatları və professional lobbi şirkətləri ilə əməkdaşlıq vasitəsilə iş aparır. Əsasən diaspor təşkilatlarının işi daha diqqətəlayiqdir. Birləşmiş Ştatlarda türk diasporunun ən güclü bəyük təşkilatlarından biri Türk-Amerikan Dərnəkləri Assambleyasıdır. Assambleya Türkiyə-Birləşmiş Ştatlar mnasibətlərinin inkişafı, Türkiyə maraqlarının icraedici və qanunverici hakimiyyətdə təmin olunması və digər istiqamətlərdə iş aparır. 1929-cu ildə Birləşmiş Ştatlarda yaşayan türklər tərəfindən təsis olunan Türkiyə-Amerikan Dərnəkləri Assambleyası gəlir məqsədi güdməyən təşkilat kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Ətrafında 55-ə qədər diaspor təşkilatını birləşdirən Türkiyə-Amerikan Dərnəkləri Assambleyası əsasən aşağıdakı işlərlə məşğul olur.

Birincisi, Birləşmiş Ştatlarda yaşayan türklər arasında əlaqələrin qurlması

İkincisi, Türk tarixini, mədəniyyətini, musiqisini, adət-ənənələrini təbliğ etmək,

Üçüncüsü, Türkiyə və türklərə qarşı böhtan xarakterli informasiyalara layiqli cavab vermək,

Dördüncüsü, Amerikalı iş adamlarının Türkiyəyə kapital qoyuluşunun təmin etmək.

"The Turkish Times" qəzeti və "Turkish Panoramma" jurnalını nəşr edən Türkiyə-Amerikan Dərnəkləri Assambleyasının illik büdcəsi 300-500 min dollar arasındadır. Türkiyə-Amerikan Dərnəkləri Assambleyası ilə paralel olaraq Birləşmiş Ştatlarda "Türk Araşdırmalar İnstitutu" da fəaliyyət göstərir. Adıçəkilən institut diaspor sahısində fəal iş aparmaqla yanaşı lobbi fəaliyyəti ilə də məşğul olur. 1982-ci ildə paytaxt Vaşinqtonda gəlir məqsədi güdməyən təşkilat kimi təsis edilən institut əsasən elm və təhsil istiqamətində iş aparır. Amerika məktəblərində türk tarixi və dili bölmələrinin açılmasına nail olan "Türk Araşdırmalar İnstitutu" Amerikadakı fəaliyyətini genişləndirməkdədir.

Birləşmiş Ştatlarda faıliyyət göstərən türk diasporunun bu ölkədə ən sıx əməkdaşlıq etdiyi və əlaqə qurduğu diasporlardan biri Azərbaycan diasporudur. Hər iki ölkənin ümummilli məsələlərinin həllində eyni mövqedən çıxış edən Azərbaycan və türk diasporu Birləşmiş Ştatlardakı erməni lobbisinə bir nömrəli maneədir. Hər il qondarma "erməni soyqırımı"nın ildönümü yaxınlaşdqca məkrli erməni təbliğatına qarşı tutarlı zərbələr endirən və əvvəlcədən adekvat tədbirlər görən Azərbaycan və türk diasporu uzun illərdir ki, Birləşmiş Ştatlarda erməni lobbisinin bu istiqamətdə hansısa uğur əldə etməsinə əngəl yaradır. Birləşmiş Ştatların konqresmenləri və Dövlət Departamenti rəsmiləri ilə sıx əlaqələr quran iki qardaş ölkənin diaspor təşkilatları Azərbaycanın haqq səsinin Amerika ictimaiyyətinə çatdırılması prosesində də yaxından iştirak edirlər. Qarşıdan gələn 20 Yanvar faciəsi, 26 fevral Xocalı soyqırımı günlərində də Birləşmiş Ştatlarda fəaliyyət göstərən Azərbaycan və türk diasporu müxtəlif anım tədbirləri, konfrans və dəyirmi masalar keçirməyi nəzərdə tutublar. Eyni zamanda qondarma soyqırımın növbəti ildönümü ərəfəsində də hər iki qardaş ölkənin diaspor təşkilatları şəbəkələşmiş şəkildə fəaliyyət göstərərək erməni yalanlarını bir daha ifşa etməyə çalışacaqlar. Azərbaycan və türk diasporunun Birləşmiş Ştatlardakı uğurlu fəaliyyəti siyasi və diplomatik sahədə də öz uğurlu nəticələrini göstərməkdədir. Belə ki, Birləşmiş Ştatlarda növbəti 4 il müddətinə prezident seçilən prezident Barak Obamanın müdafiə naziri postuna təqdim etdiyi namizədin Türkiyəpərəst olması da məhz Azərbaycan və türk diasporunun müvəffəqiyyəti və uğurlu lobbi fəaliyəti kimi xarakterizə edilir. Təsadüfi deyil ki, Ağ Ev rəhbərinin sözügedən təqdimatı Birləşmiş Ştatlardakı erməni lobbisində etirazla qarşılanıb və ermənilər Barak Obamaya qarşı kampaniyaya başlayıblar.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31