Almaniyada Azərbaycan və türk diaspor birliyi
Hər iki diaspor milli maraqlar uğrunda çalışır
16 Yanvar 2013 14:29 DiasporaTürklərin Avropada sayının artması və həmrəyliyinin möhkəmlənməsində 1961-ci ildə Almaniya Federativ Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış əmək miqrasiyasına dair müqavilələr mühüm rol oynadı. Seçki kampaniyalarında siyasi partiyaların türk diasporunu öz elektoratına çevirmək istiqamətində təşəbbüslərlə çıxış etməsi ölkə rəhbərliyi və siyasi elitasında türklərin Almaniyanın ayrılmaz bir hissəsi olması faktının qəbul olunduğunu göstərdi.
Hazırda Almaniyada türklərin sayı 2 milyon 637 min nəfər göstərilir ki, bu rəqəm ildən-ilə dəyişməkdədir. 2002-ci il Almaniya Statistik Dairəsinin hesabatında verilən məlumata görə, Almaniya türklərinin 32 faizini bu ölkədə anadan olanlar təşkil edirdi. Türklərin 60-70 faizi alman və türk dillərində danışır, 30-35 faiz türk isə ümumilikdə alman dilini bilmir və ya bu dili öyrənməyə cəhd göstərmirdi. Əsasən türklərin sıx yaşadığı yerlərdə məskunlaşan türk dilində danışan və türk mediasını izləyən bu şəxslər ağır işlərdə çalışırdılar. Türklər Almaniyanın demək olar ki, bütün şəhər və rayonlarında məskunlaşıblar. Əsasən Berlin, Bonn, Hamburq, Ştutqart, Frankfurt-Mayn, Köln, Körunberq, Düsseldorf, Mayns və digər şəhərlərdə yaşayan türklər sürücü, fəhlə, restoran işçisi, iqtisadçı, bank işçisi, ticarətçi və digər peşələrlə məşğul olurdular. Orta səviyyəli təbəqə qrupuna aid olan Almaniya türkləri içərisində imkanlı və varlı şəxslər də vardı. Həmin şəxslər Almaniya iqtisadiyyatının güclənməsində mühüm rol oynayırdılar. Almaniya iqtisadiyyatında türk diasporunun rolu getdikcə artırdı. Təkcə 1982-1993-cü illərdə türklərə məxsus iş yerlərinin sayının 3 mindən 30 minə qalxması türk biznesinin yüksələn xətlə inkişafının göstəricisi idi. 1999-cu ilin statistik göstəricilərində Almaniyada 55 min türk firmasının olduğu qeyd edilirdi. 2010-cu ilə qədər isə bu firmaların sayının 100 minə çatacağı və həmin firmalarda 650 min nəfərin çalışacağı proqnozlaşdırılırdı. İllik gəliri 30 milyard avrodan çox olan türk firmaları alman iqtisadiyyatıma böyük miqdarda kapital qoyurdular. Bunun nəicəsidir ki, artıq Almaniyanın məşhur firmaları və iri şirkətləri türk iş adamlarını özlərinə ortaq götürür və onların birliyindən, təcrübəsindən istifadə edirdilər. "Ən böyük əcnəbi kapital qoyan" etnik qrup imicini qazanan türklər hazırda da Almaniyada ən çox əmlaka malik diasporlardan hesab olunur. Almaniyanı özlərinə ikinci vətən hesab edən türk diasporunun nümayəndələri idman, media, informasiya texnologiyaları, bank işi, binaların layihələşdirilməsi və tikintisi, elm və digər sahələrdə təmsil olunmaqla yanaşı, Almaniyanın ictimai həyatında da fəal iştirak edirlər. Türk diasporu Almaniyada öz milli kimliyini, adət-ənənənlərini, mədəniyyətini, mətbəxini və dinini qoruyub saxlayan əsas etnik qrup sayılır. Bu xüsusiyyətlərə baxmayaraq türklər alman mədəniyyəti və ənənələrini də mənimsəyirlər. Almaniyada türklər barəsində tez-tez statistik və sosioloji tədqiqatlar aparılır. Bu tədqiqatlara görə, Almaniyada yaşayan türklərin ailələri almanlardan fərqli olaraq daha böyük və çoxuşaqlıdır. Tədqiqatlarda həmçinin o da qeyd edilir ki, türklərin ən böyük hobbiləri televiziya seyr etmək, qəzet oxumaqdır. Onlar pullarını daha çox banklarda saxlamağa üstünlük verirlər.
Türklər də almanlar kimi ailəbaşına bir avtomobilə sahibdirlər və marketlərdən deyil, türk mağazaları və səyyar ticari köşklərindən bazarlıq etməyə üstünlük verirlər. Türklər almanlardan fərqli olaraq alkoqollu içkilərdən az istifadə edir, üstünlüyü çay və qəhvəyə verirlər. Almaniyada şokolad alıcıları içərisində türklər birinci yeri tuturlar. Almaniyada ev sahibi olan türklərin sayı isə azlıq təşkil edir. Belə ki, Almaniyadakı türklərin 79 faizi kirayədə yaşayır. Türklərin orta aylıq gəliri 3000-4000 avro arasımda dəyişir. Almaniyada yaşayan türklərlə bağlı bir fakt xüsusilə alman rəsmiləri tərəfindən vurğulanır. Alman rəsmiləri də etiraf edirlər ki, türklər digər xalqlardan fərqli olaraq Almaniyaya daha sürətlə inteqrasiya olunurlar. Bu isə onların səs hüquqlarını qazanmaq istəyən siyasi partiyalar və ictimai xadimlərin diqqət mərkəzindədir. Türkiyə Araşdırmalar Mərkəzinin 2002-2003-cü il məlumatına görə, türk seçicilərinin etimad göstərdiyi əsas partiya Sosial Demokrat Partiyasıdır. Daha sonra Demokratik Sosializm Partiyası, Xristian Demokrat Partiyası və Yaşıllar Partiyası ardıcıl olaraq növbəti yerləri tutur. Türk seçicilərinin səs verdikləri partiyalardan əsas tələbi onların Almaniya vətəndaşlığına qəbuluna dair qanunvericiliyin bir qədər yumşaldılmasıdır.
Almaniyadakı türk diasporu ilə bu ölkədəki Azərbaycan diasporunun sıx əməkdaşlıq münasibətləri mövcuddur. Bir-biriləri ilə sıx təmasda olan azərbaycanlılar və türklər Almaniyada eyni mövqedən çıxış edirlər. "Avropa Türk İslam Kültür Federasiyası", "Avropa Türk-İslam Kültür Birliyi", "Avropa Türk-İslam Kültür Dərnəkləri Birliyi" və digər təşkilatların üzvlərinin əksəriyyətini azərbaycanlılar təşkil edir. Türk xalqının dilinin, milli adət-ənənələrinin, ədəbiyyatının, folklorunun, milli kimliyinin qorunub saxlanması və təbliğ olunmasında türk diasporu ilə çiyin-çiyinə Azərbaycan diasporu da yaxından iştirak edir. Azərbaycana humanitar yardım göstərən türk təşkilatları gələcəkdə də bu istiqamətdə işlər görəcəklərini bildirirlər.
Avstraliya- "Yaşıl" qitəyə türklərin mühacirəti XX əsrin əvvəllərindən başlayır. 1911-ci ilin statistik məlumatına əsasən, bu tarixdə Avstraliyada yaşayan türklərin sayı 332-yə çatırdı. 1954-cü ildə isə bu rəqəm 1036-ya qalxmışdı. Avstraliya türklərinin əksər hissəsi Şimali Kipr türkləridir. 1960-cı ildən buraya başlanan kütləvi türk mühacirəti ilə əlaqədar Türkiyə və Avstarliya arasında "Avstraliya türklərinin mövqeyi və fəaliyyəti haqqında Türkiyə Cümhuriyyəti hökuməti və Avstraliya Millətlər Topluluğu hökuməti arasında razılaşma" adlı əmək müqaviləsi imzalandı. Müqavilə türk mühacirlərinin Avstraliyaya maneəsiz keçməsinəı şərait yaradırdı. Bunun nəticəsində Avstraliyada türklərin sayı 1971-ci ildə 8 minə çatdı. Hazırda sayı 54595-ə çatan türklərin Avstraliyada formalaşdırdığı diaspor fəaliyyətinə görə bəzi ölkələrdən seçilir. Türklərin müəyyən hissəsi öz milli kimliyini qoruyub saxlamaqdan ötrü türkdilli məktəblərə gedir, öz aralarında ana dilində danışır, türk kafe, restoranlarında nahar edir və türklərə məxsus dükanlardan bazarlıq edirlər. Diasporda həmrəyliyin qorunması məqsədilə bir-biriylə tez-tez əlaqə saxlayan türklər vətənlə əlaqəsini itirmir, türk kanallarına baxır və öz musiqilərinə qulaq asırlar. Avstraliyada türk diasporuna məxsus kütləvi informasiya vasitələri də mövcuddur. Onların içərisində "Darya", "Yeni Vətən", "Zaman" və "Yorum" kimi mətbua orqanlar daha populyardır.
Kanada- 1880-cı ildən Kanadaya köçməyə başlayan türklər 1950-ci ildən etibarən bu ölkədə diasporlarını formalaşdırmağa başladılar. Əsasən mühəndislər, həkimlər və müxtəlif peşə sahələrində mütəxəssis olan türklərin buraya köçməsində başlıca rol Türkiyə-Kanada Birliyinin üzərinə düşürdü. 2003-cü ilin məlumatına görə, hazırda Kanadada türklərin sayı 24910 nəfər təşkil edir. Siyasi cəhətdən burada zəif olan türklər çox zaman prinsipial məsələlərin həllində erməni-yunan diasporlarına uduzurlar. Əsasən ədəbi-mədəni-idman sahəsində fəaliyyət göstərən türk diasporu lobbi strukturunu formalaşdırmağa çalışır. Türklərə məxsus bir sıra diaspor təşkilatı-Türkiyə-Kanada Birliyi, Kanada Türklərinin Mədəniyyət Cəmiyyəti, Türk Diaspor Təşkilatları Federasiyası və başqaları fəaliyyət göstərir.
Böyük Britaniya- Böyük Britaniyada 70 minə yaxın türk vətəndaşının yaşadığı təxmin edilir. Bu rəqəmə Böyük Britaniyada mühacir və ya qeyri-leqal olan türklərin sayı da daxildir. Böyük Britaniyaya 1970-ci illərdən etibarən sıx bir şəkildə gəlməyə başlayan türklərin təxminən 75 faizi Londonda, 23 faizi Birmingem, Mançestr, Liverpu və Leeds olmaq üzrə mərkəzi Böyük Britaniyada, geriya qalan hissəsi isə Şotlandiya və Şimali İrlandiyada yaşamaqdadır. Böyük Britaniya Türk Cəmiyyəti müxtəlif illərdə fərqli məqsədlərlə Böyük Britaniyaya gələn türklər və kipli türklərdən ibarətdir. Türklərin əksəriyyəti tekstil və qida sektorlarında fəaliyyət göstərirlər..Böyük Britaniya Daxili İşlər Nazilyinin məlumatına görə, hər il orta hesabla 8 min ətrafında türk təhsil və digər məqsədlərlə Böyük Britaniyaya viza almaq üçün müraciət edir. Əvvəlki illərdə gələn və hələ də təhsilini davam etdirən türklərin sayı da diqqətə alındığında 15 min ətrafında türkün Böyük Britaniya universitetlərində təhsil aldığı təxmin edilməkdədir. Böyük Britaniya ikili vətəndaşlıq qanunu qəbul etdiyindən, onun şərtlərinə tam cavab verən xaricilər öz vətəndaşlarını da qoruyaraq ingilis vətəndaşlığını da əldə edə bilir. 2006-cı ilin məlumatına görə, Böyük Britaniya vətəndaşlığı alan türklərin sayı 54 minə çatır. Yenə 2006-cı ilin mənbələrinə görə, 67 min türk Böyük Britaniyada doğulduğu və ya valideynlərindən birinin bu ölkənin vətəndaşı olduğu üçün Böyük Britaniya vətəndaşıdır. Bəzi mənbələrdə isə Böyük Britaniyada yaşayan türk sayının ən azı 150 min olduğu ehtimal edilir. Böyük Britaniyada yaşayan türklərin böyük hissəsi yeyinti və tikiş sənayesi sektorlarında çalışır. Onların əhəmiyyətli bir qismi on ildən çoxdur ki, Böyük Britaniyaya mühacirət ediblər. Böyük Britaniyada ingilis vəkillik firmalarında və hüquq bürolarında çalışan türklərin sayı da getdikcə çoxalmaqdadır. Bu ölkədə türk diaspor təşkilatları və mediası da fəaliyyət göstərir ki, onların əsas işləri ölkələrinin tanınması və lobbiçilikdir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir