Azərbaycan diasporunun dəstəkverici qüvvəsi-türk diasporu

Azərbaycan diasporu ilə birgə mübarizə aparan, ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında diasporumuza yaxından dəstək verən əsas qüvvələrdən biri də türk diasporudur. Hər iki ölkənin milli maraqlarının qorunması istiqamətində həyata keçirilən birgə mübarizə tədricən öz müsbət nəticəsini verməkdədir. Xüsusilə, say baxımından türklərin daha çox üstünlük təşkil etdiyi Avropa ölkələrində türk diasporunun Azərbaycan diasporuna nümayiş etdirdiyi dəstək həm dövlətimiz, həm də onun müvafiq qurumları tərəfindən müsbət qiymətləndirilməkdədir.

Azərbaycan diasporu kimi o qədər də dərin tarixə malik olmayan türk diasporunun say tərkibi və məskunlaşma coğrafiyası da bir qədər fərqlidir. Türkiyənin Xarici İşlər Nazirliyinin son illərdə açıqladığı məlumata görə, dünya ölkələrində türklərin sayı 5-7 milyon nəfər arasında dəyişir. Onlar dünyanın 70-dən artıq ölkəsində məskunlaşıblar. Türklərin say baxımından ən sıx məskunlaşdığı region isə Avropa qitəsidir. Xüsusilə, bu qitənin ən dəqiq dövlətlərindən biri kimi tanınan Almaniyada türklərin sayı digər Avropa ölkələrindəki türklərin sayından dəfələrlə çoxdur. Statistik məlumatlara görə,  Almaniyada türklərin sayı 3 milyon nəfərə çatır.  

Türk diasporunun formalaşma tarixi başlanğıcını Osmanlı İmperiyası dövründən və Türkiyə Respublikasının qurulmasından götürür. Osmanlı İmperiyası o zaman dünyanın ən zəngin dövlətlərindən sayılırdı. Bu imperiyanın vətəndaşları  digər dövlətlərdə olduğu kimi səadət ardınca başqa dövlətlərə mühacirət etmirdilər. Avropa, Asiya və Afrika qitələrində böyük ərazilərə malik olan Osmanlı İmperiyasında türklər nadir halda yaşadıqları əraziləri tərk edirdilər. Başqa dövlətlərdə yaşayan türklər yalnız işlə əlaqəli olaraq buralara gəlmişdilər. Onların çoxu öz səlahiyyət müddəti bitəndən sonra geri köçürdülər. Onların bir qismi isə çalışdıqları dövlətlərdə özlərinə yaxşı şərait yaratdıqlarından buralarda qalmalı olurdular. Bu səbəbdən də tədqiqatçıların çoxu türk diasporu tarixini bu dövrdən götürürlər. Zamanla Osmanlı İmperiyası zəiflədikcə.nəzarət edilən ərazilərin əldən çıxmasına baxmayaraq türklərin bəziləri yaşadıqları dövlətləri tərk etməyib öz icmalarını yaratdılar. Bununla da türk diasporunun təməlini qoymuş oldular.

Avropa qitəsində türk diasporunun formalaşması prosesi 1950-ci illərdən başlayır. Məhz bu tarixdən etibarən Avropa kütləvi şəkildə türk mühacirlərini qəbul etməyə başladı. Ailəvi halda ilk mühacirlər məskunlaşdıqları Avropa ölkələrində qısa zamanda özlərinə iş tapdılar. Bu mühacirlər əsasən orta yaş hədlərində olan türklər idi. Onlar özləri ilə Avropaya türk ənənənləri, mətbəxi, musiqisini gətirirdilər. Mühacir türklərin vətənlə sıx əlaqələrinin olmasına baxmayaraq onlar Avropa mühitinə tez adaptasiya olunurdular. Bir-birinə əks olan Şərq və Qərb mədəniyyətlərinin ağırlıqlarını çiyinlərində daşıyan türk mühacirləri hər iki tərəfdən təzyiqlə üzləşirdilər. Bir tərəfdən Qərb mədəniyyəti ənənələrinə assimilyasiya olunan türklər digər tərəfdən Şərq mədəniyyəti və ənənələrini Avropa qitəsində təbliğ edirdilər. Bu mühacirlərin əksəriyyəti daim Avropada yaşamaq məqsədini qarşısına qoymamışdı. Onların çoxu maddi durumlarını yaxşılaşdırdıqdan sonra Vətənə qayıdırdılar. Lakin onlar Vətənə dönərkən Avropa ənənələrini də özləri ilə gətirdilər ki, bu da Türkiyəni Avropaya inteqrasiya olunmasında mənəvi-psixoloji baxımdan mühüm rol oynadı. 1960-cı illərdən sonra başlanan kütləvi türk mühacirəti tərkibinə görə, müxtəlif təbəqələri əhatə edirdi. Türkiyənin düşdüyü sosial-iqtisadi durum, işsizlik, inflyasiya, hökumət böhranları türklərin bir çox ölkələrə, xüsusən Avropaya mühacirət etməsinə səbəb oldu. Kompakt halda Avopa ölkələrində məskunlaşan türklər qısa zamanda öz icmalarını yaratdılar. Türklərdə təbii-bioloji yolla artımın yüksək olması Avropada demoqrafik duruma ciddi təsir göstərməyə başladı. Xarici ölkələrdə yaşayan türklərin sayının artımı diasporun formalaşdırılma prosesini sürətləndirdi. Ucuz işçi qüvvəsi və birgə halda çalışmaları onlara üstünlüklər verirdi. Zavod, fabriklərdə çalışan türklərin çoxu Avropa dillərini öyrənməyə cəhd etmirdi. Türk məhəllələrində yaşayan həmvətənləri ilə birgə çalışan bu şəxslərin dil öyrənməyə ehtiyacları yox idi. Ailə, nikah ənənəsini, milli ənənələrini qoruyub saxlayan türklər məskunlaşdıqları ölkənin də ənənələrinə riayət edirdilər. Təşkilatlanmanın güclü olduğu türk diasporunda xüsusilə ziyalılarıjn rolu böyük idi. Avropada əsasən Fransa, Almaniya, Böyük Britaniya, Niderland, Avstriya, Belçika, İsveçrə, İsceç, İtaliya, Norveçdə çoxluq təşkil edən türklərin fəaliyyəti, yaşayış tərzi yerli əhalidən xeyli fərqlənirdi. Əsasən fəal və bacarıqlı işçi kimi tanınan türklər ağır sənaye müəssisələrində, tikinti işlərində çalışır, xırda və orta bizneslə məşğul olurdular. Türklərin bu xüsusiyyətləri Avropada müsbət qarşılanırdı. Çalışqan, namuslu və çılğın olduqlarına görə fabrik, zavod rəhbərləri onları işə götürərkən tərəddüd etmirdilər. Avropada türklər üçün türk dili əsas ünsiyyət vasitəsi hesab edilirdi.

Avropanın sosial-iqtisadi həyatının ayrılmaz tərkib hissəsi olan türk diasporu milli ənənənələrə riayət edən etnik diasporlardan hesab olunur. Onların Avropaya daha tez adaptasiya olunması, işçilərinin çalışqanlığı Avropa dövlətlərini Türkiyə ilə əmək müqavilələrinin imzalanmasına stimul yaratdı. İlk belə müqavilə  1961-ci ildə Almaniya ilə imzalanmışdır. Daha sonra 1964-cü ildə Avstriya, Belçika, Niderland, 1965-ci ildə Fransa ilə imzalanan əmək miqrasiyası barədə müqavilələr türklərin Avropa ölkələrinə miqrasiyasında böyük rol oynamışdır. Türk diasporunun Avropada ictimai-siyasi fəaliyyəti isə 1970-ci illərdən başlayır. 1970-1980-cı illər arası Avropada türk təşkilatlarının sayı 156-ya çatırdı. Bu dövrə qədər yalnız Avropada 70 diaspor təşkilatı fəaliyyət göstərirdi ki, onların da əksəriyyəti Almaniyada təsis edilmişdi. Türk diaspor təşkilatları mədəni, ədəbi təbliğatçılıq işləri ilə də məşğul olurlar. Avropada günü-gündən sayı artan türk diaspor təşkilatları tərəfindən təsis olunmuş kütləvi informasiya vasitələrinin də sayı tədricən artmağa başlayıb. 1970-ci illərdə Avropada cəmi 34 türk kütləvi informasiya vasitəsi fəaliyyət göstərdiyi halda, 1980-ci ilə qədər onların sayı 100-ü keçmişdi.

Türkiyə Milliyətçi Hərəkat Partiyasının yaradılması Avropada türklərin fəaliyyətinin güclənməsinə stimul verdi. Türk kütləvi informasiya vasitələri sosial, mədəni, iqtisadi problemlərlə yanaşı, siyasi polemikalara da geniş yer ayırmağa başlayırdı. 1976-cı ildə Avropada Milliyətçi Hərəkat Partiyasının 106 şöbəsi fəaliyyət göstərirdi ki, bu da diasporun siyasi fəallığının kifayət qədər yüksək olduğunu göstərirdi. Milliyətçi Hərəkat Partiyası tərəfdarları Avropada türk kimliyini, türkçülük faktorunu təbliğ etməklə, onların assimilyasiya olunmasının qarşısını almağa çalışır, türklərə qarşı olan bu fikirləri dəyişmək istiqamətində iş aparırdılar. Türkiyədə partiyalar arasında olan münasibətlər Avropadakı türklər arasında münasibətlərə də öz təsirini göstərməkdəydi. Avropanın sosial-iqtisadi və ictimai-siyasi həyatında fəal rol oynayan türk diasporunun maddi durumu isə bu dövrdə orta səviyyədə idi. Türkiyənin əldə etdiyi iqtisadi və siyasi nailiyyətlər türk diasporunun mövqelərinin güclənməsinə şərait yaradırdı. Erməni, kürd və yunan diasporunun əks-təbliğatına baxmayaraq Avropada türklərə sevgi və sayğı ilə yanaşılırdı. Türkiyənin Avropaya inteqrasiyası, atılan uğurlu addımlar türk diasporunun fəaliyyətinin daha da genişlənməsinə imkan yaradırdı.

Almaniya-XVI  əsrdən etibarən türk mühacirlərinin Almaniyaya köçünün başlanmasına baxmayaraq burada türk diasporu 1950-ci ildən sonra yaranmağa başladı. 1950-ci ildən Almaniyaya köçən türklərə qarşı "müvəqqəti qonaq", "əcnəbi işçi", "Almaniyanın müsəlman təbəqəsi", "insan haqları uğrunda mübarizə aparan ordu" və digər baxışlar və yanaşmalar mövcud idi. Zamanla türk mühacirlərinin sayının durmadan artması ölkə ictimai-iqtisadi həyatında rolunun güclənməsilə onlara münasibət və baxışlarda ciddi dəyişiklik yarandı. Almaniyaya ilk köçən mühacirlər burada daimi yaşamaq məqsədi güdmürdülər. Onlar müxtəlif sahələrdə çalışaraq maddi durumlarını yaxşılaşdırdıqdan sonra Vətənə geri dönmək barədə fikirləşirdilər. Sonradan çalışdıqları sahədə onlara ehtiyacın artması bu ölkəyə tamamilə adaptasiya olunmaları ilə əlaqədar burada daimi məskunlaşan türklər öz diasporlarını formalaşdırmağa başladılar. Almaniyada ilk dəfə olaraq 1923-cü il, aprelin 26-27-də Düsseldörf şəhərində yaşayan türklərin birinci konqresi keçirildi. İlk konqresin gedişində iştirak etmək üçün Almaniyanın müxtəlif şəhərlərindən həmkarlar ittifaqlarının nümayəndələri, ziyalılar, iş adamları, təşkilat rəhbərləri, jurnalist və digər peşə sahibləri də bu toplantıya təşrif buyurmuşdu. Birinci konqresdə bir çox məsələlər müzakirə olunmuş və qarşıda duran vəzifələr müəyyənləşdirilmişdi. 1988-ci ildə türk diasporunun üzvləri və təşkilat rəhbərləri federasiya formasında birləşərək ümumi türk işi və türk milli kimliyinin qorunub saxlanması istiqamətində bigə fəaliyyət göstərməyə başladılar. Federasiyanın yaranması diaspor təşkilatlarının kortəbii və pərakəndə fəaliyyətini aradan qaldıran Almaniyada türklərin həmrəyliyi və milli birliyi üçün atılan mühüm addım idi.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

nbsp;

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31