“Rusiya Yaxın Şərqdəki itkilərini Ukrayna ilə balanslaşdırmaq istəyir” - GÜNDƏM
Moskva Gömrük İttifaqını ortaya atmaqla Ukraynadakı balansı tamamilə öz xeyrinə dəyişməyə çalışır
23 Yanvar 2014 17:30 DünyaUkraynada baş verən hadisələr dünyanın diqqət mərkəzindədir. Hakimiyyətdə olan Yanukoviç iqtidarının Rusiyayameylli siyasətinə qarşı etiraz edən Ukrayna xalqı öz məqsədlərinə çatmayınca amallarından əl çəkəcək kimi görünmürlər və o cür də mövqe nümayiş etdirmirlər. Bəs, xalqın tələbi qarşısında prezident Viktor Yanukoviç hansı addımlar atacaq? Güzəştə gedəcəkmi? Bu kimi suallarla ekspertlərin fikrini öyrəndik.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi ekspert Rusfiz Qonaqov qeyd edib ki, hazırda davam edən proseslər prezident Yanukoviçi çətin duruma salıb. Ölkədə iğtişaşlar və mitinqlər davam edir. Belə bir şəraitdə siyasi ekspert hesab edir ki, Yanukoviç üçün çox çətin bir vəziyyət yaranıb. Rufiz Qonaqov vurğulayıb ki, Yanukoviç müxalifəti danışıqlar masası arxasında əyləşdirmək istəyir ki, bu gərginliyi azaltsın. Amma hadisələrin gedişatı göstərir ki, Yanukoviç hələ ki, buna nail ola bilmir.
BMAM sədri hesab edir ki, hansısa məqamlarda Yanukoviçlə müəyyən razılaşma əldə olunacaq. Yanukoviç müəyyən güzəştlərə gedəcək və müxalifət də öz növbəsində güzəştə getmək məcburiyyətində qalacaq.
Milli Dirçəliş Partiyasının sədri, millət vəkili Fərəc Quliyev isə Ukraynada tərəflər arasında artıq savaş getdiyini diqqətə çatdırıb: "Ukraynada iki tərəfin savaşı gedir: Müstəqillik tərəfdarları ilə dövlət siyasətini dəstəkləyənlərin savaşı". Millət vəkili hesab edir ki, Ukraynada milli düşüncə qalib gəlmək üzrədir. Ukraynanın müstəqilliyini dəstəkləyən qüvvələr son mərhələdə qalib çıxacaqlar. Ukrayna xalqı müstəqil yaşamaq istəyən bir xalqdır.
Millət vəkili Fərəc Quliyev Ukraynada müstəqillik tərəfdarlarının mövqeyini dəstəklədiyini bildirib: "Ukraynada müstəqillik tərəfdarlarının, avrointeqrasiya tərəfdarlarının mövqeyini dəstəkləyirəm. Hadisələr Rusiya tərəfindən nə qədər dəstəklənsə də xalq mütəqilliyin tərəfdarıdır və sonda xalqın istəyi qalib gələcək".
"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu isə bildirib ki, Ukraynanın Gömrük İttifaqına qoşulması məsələsi çox ciddi etirazlarla qarşılanıb və bu prosesin dinamikası inkişaf etməkdədir. "Ukrayna elə bir strateji əhəmiyyətə malikdir ki, nə Qərb onu Rusiyaya güşəştə gedə bilir, nə də ki, Rusiya onu Qərbə güzəştə gedə bilir. Avropa Ukraynanın gələcək perspektivdə Avropa təşkilatlarına alternativ kimi gördüyü Gömrük İttifaqına qoçulmasını istəmir" deyə ekspert öz fikirlərini ifadə edib.Vüqar Zifəroğlu eyni zamanda hesab edir ki, Rusiya Yaxın Şərqdəki itkilərini Ukrayna ilə balanslaşdırmaq istəyir: "Rusiya da bu məsələsə əlindən gələni edir ki, Yaxın Şərqdəki mövqe uduzmalarını Ukrayna ilə balanslaşdıra bilsin".
"Bildiyimiz kimi indiki iqtidardan əvvəl narıncı inqilabla hakimiyyətə gələn Yuşşenko hakimiyyəti Qərbə yaxınlığı ilə seçilən bir iqtidar idi. Yuşşenkodan sonra hakimiyyətə gələn Yanukoviç iqtidarı Rusiyaya meylliliyi ilə seçilir. Düzdür, Yanukoviç balansı siyasət yürütsə də Rusiyaya meylli bir siyasətçidir" deyə ekspert Rusiyanın hazırkı itidarının Rusiya meylli olmasını bir daha diqqətə çatdırıb.
Vüqar Zifəroğlunun szlərinə görə, Rusiya Gömrük İttifaqını ortaya atmaqla Ukraynadakı balansı tamamilə öz xeyrinə dəyişməyə çalışır.
Siyasi ekspert Ukraynada balansın Avropanın xeyrinə dəyişəcəyini inkar etmir: "Yanukoviç iqtidarının hər hansı bir şəkildə müxalifətlə razılaşmaya gedəcəyi gözlənilir. Düzdür, müxalifətin tələbi ilə Yanukoviç istefaya getməyəcək. Bu, inandırıcı deyil. Bununla belə müəyyən bir müddətdən sonra seçki məsələləri gündəmə gələ bilər və Ukrayna parlamentində Avropanın xeyrinə balans dəyişikliyinin şahidi ola bilərik".
Sevda Qurbanqızı