Terror aksiyası, yoxsa İslam dünyasına qarşı hazırlanmış ssenari
9 Yanvar 2015 14:59 DünyaBu günlərdə Parisdə baş verən məlum hadisə dünyanın, daha dəqiq desək Avropanın diqqətini yenidən İslam dünyasına yönəltdi. İndi bir çoxları terror aksiyası kimi qələmə verilən bu olayın nə üçün Parisdə baş verdiyi sualına aydınlıq gətirməyə çalışır.
Analitik Vüqar Zifəroğlu hesab edir ki, hədəf kimi dəfələrlə İslam peyğəmbərini təhqir edən "Charlie Hebdo"nun seçilməsi əslində gözlənilən idi. Onun sözlərinə görə, bundan əvvəl də nəşr etdiyi karikaturalara görə inanclı müsəlmanların təzyiqlərinə məruz qalmışdı: "Lakin jurnal, nədənsə olanlardan nəticə çıxartmaq əvəzinə sanki, əsəbləri daha da tarıma çəkmək üçün yarışa girmişdi". Vüqar Zifəroğlu hədəf kimi Parisin seçilməsini də təsadüfi hesab etmir: "Təqribən üç ay əvvəl, - sentyabrın ortalarında İŞİD-ə qarşı 40-a yaxın ölkənin dəstəyi ilə formalaşdırılan koalisiya toplantısı məhz bu şəhərdə keçirildi. Bu məhz o koalisiya idi ki, Türkiyə o koalisiyaya bir az soyuq yanaşdı və ABŞ-ın dövlət katibi Con Kerrinin həmin ərəfədə Türkiyə ziyarəti zamanı rəsmi Ankara, koalisiyaya əsgəri deyil, sosial dəstək verə biləcəyini açıqladı. Hədəf olaraq Fransanın seçilməsi bir sıra başqa parametrlərə görə də maraq doğurur. Məsələn, Fransanın Daxili İşlər Nazirliyinin 2 il əvvəl yaydığı statistik məlumat diqqətçəkicidir. Fransada hər il 4 min insan dinini dəyişdirərək İslamı qəbul edir. Ölkədə dini və etnik zəmində statistik say hesabatı aparılması qanuni olmadığı üçün müsəlman əhalinin sayını sadəcə təhmin edə bilərik: minimum 6-7 milyon civarında. Ölkədə terrorla mübarizə dəstələrinin 20 gün əvvələ qədər Paris, Normandiya və Tuluzada İŞİD-ə qarşı həyata keçirdiyi geniş miqyaslı əməliyyatda ortaya çıxan məlumat da maraqlıdır. Fransanın rəsmi dairələri, ölkədən təqribən min nəfərədək insanın İŞİD sıralarına qoşulduğunu, bunların təqribən yarısının isə münaqişə bölgəsində olduğunu, İŞİD-ə qatılanların dördə birinin sonradan müsəlman olan fransızlardan ibarət olmasını təxmin edirlər. 2014-cü ilin noyabr ayında İŞİD tərəfindən yayımlanan iki videoda isə fransız olduğu ehtimal edilən və əlində "Kalaşnikov" avtomatı tutan bir İŞİD üzvünün, Fransaya hücum çağırışı etdiyi, ikinci videoda müsəlman olduğunu söyləyən bir başqa militanın bənzər bir çağırış etdiyi görünür. Videoların yayımlanmasından əvvəl Fransa, 19 sentyabrda İŞİD-ə qarşı ilk hava hücumu gerçəkləşdirmişdi. Bu videoların ardınca fransız polisi həyəcən siqnalı verdi. Hətta cəmiyyət arasında baş qaldıran qorxu və çaşqınlığı aradan qaldırmaq üçün Fransanın daxili işlər naziri Bernard Cazeneuve mətbuata açıqlama verərək sivillərə yönəlik təhdidin Fransanın İŞİD-ə qarşı mübarizəsində haqlı olduqlarını göstərdiyini bildirdi". Analitik bildirib ki, terror aktını İŞİD bibaşa üzərinə götürməsə də, rəsmi kanalları ilə bunu tərəfdarlarının edə biləcəyini açıqladı: "Əslində baş verən terror hadisəsində maraqlı və sual doğuran məqamlar çoxdur. Məsələn, Paris və Nyu-Yorkda hələ aylar öncə terror planlaşdırılması ilə bağlı xəbərlər medianın gündəminə belə gətirlmişdi. Fransa təhlükəsizlik orqanları hər hansı bir terror hücumu ola biləcəyi ilə bağlı açıqlama vermişdilər. Parisdə bununla əlaqədar ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülmüşdü. Və bütün bu açıqlamalar və tədbirlərə rəğmən günün gündüz vaxtı, Avropanın ən hərəkətli şəhərində əli silahlı bir neçə nəfər redaksiya binasına basqın edir, hamını güllələyir və hətta sonra da küçədə polisləri qətlə yetirərək rahat şəkildə avtomobilə minib uzaqlaşırlar.
Daha bir maraqlı məqam, məsələn, hücum edənlərin təkbir işarəsini sol əllə vermələridir. Dindar müsəlmanlar gözəl bilirlər ki, Allahın təkliyinin simvolu kimi qəbul edilən bu işarə, yani işarət barmağının yuxarı qaldırılması sağ əllə edilir. Ümumiyyətlə İslamda sağ və sol əllə bağlı konkret hökmlər mövcuddur və müqayisədə sağ ələ üstünlük verilir və bu prinsipial əhəmiyyət daşıyır. Lakin sol əllə işarət barmağının havaya qaldırılması peşəkar hərbçilərin də istifadə etdiyi bir işarədir və "toparlanın", "yığışın" mənasını ifadə edir. Polisin qətlə yetirildiyi videoya diqqətlə baxdıqda, hücum edənlərin də məhz hərbçi kimi, soyuqqanlı davranmaları, atış mövqelərini sərbəst seçmələri və özlərini təhlükəyə atmamaları aydın sezilir. Adətən dini terror təşkilatlarında əməliyyatı həyata keçirənlər özlərini qorumağı deyil, daha çox adam tələf etməyi düşündüklərindən, təhlükəsizliklərinin qeydinə bir o qədər qalmırlar". Vüqar Zifəroğlu da deyir ki, baş verənlər 11 sentyabr hadisələrini xatırladır: "O zaman qələmi qırılan Səddam Hüseyn oldu. Ehtimal etmək olarmı ki, bu dəfə Qərb artıq Bəşər Əsədin qələmini qırmaq niyyətinə düşüb? Diqqət edək: Fransa prezidenti Fransua Holland, cəmi 2 gün əvvəl, - yani 5 yanvar tarixində Suriyada kimyəvi silah tətbiq edildiyinin ortaya çıxmasından sonra bu ölkəyə yönəlik hərbi müdaxilə gerçəkləşdirmədiklərindən peşman olduğunu bildirmiş, hətta Əsədi şeytana da bənzətmişdi Əslində Əsədin getmək zamanı çatıb. Bunu artıq tərəflərin hamısı anlamaqdadır. Əgər indiyədək post-Əsəd dövrü ilə bağlı qaranlıq gələcəklə əlaqədar ehtiyat hissi var idisə, İŞİD faktoru bu ehtiyat hissini tamamilə atəş yanğısına çevirdi. Yəni, bundan daha pis zatən ola bilməz. 5 yanvarda dilə gətirilən bu peşmanlıq etirafından 2 gün sonra, İŞİD Parisin ortasında basqın təşkil edir. Başqa bir detal isə Fransa senatının 27 gün əvvəl Fələstini dövlət olaraq tanınmasını tələb edən qərar layihəsini qəbul etməsidir. Terror hadisəsi baş vermiş faktdır. Amma bu hadisədən hansı qüvvələrin yararlanacağını müəyyənləşdirmək, bəlkə də onun pərdəarxasına işıq sala bilən amil ola bilər. Bu terror hadisəsi nəticəsində, onsuz da son bir neçə ayda İslamafobiya azarına tutulan və getdikcə sağ-millətçiləri populyarlıq qazanan Avropada yeni ab-hava yaradacaq.
Süleyman İsmayılbəyli