Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşından ŞOK AÇIQLAMALAR

Mahmud Mehdiyev: “Qoy hamı mələk siması geymiş Gültəkin Hacıyevanın hansı qanunsuz hərəkətlərlə məşğul olduğunu, qanunsuz sərvətlər topladığını bilsin”

Dünən sabiq millət vəkili Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev deputat xanımın ona və ailəsinə qarşı etdiyi haqsızlıqla bağlı mətbuat konfransı keçirib. M.Mehdiyev bildirib ki, mətbuat konfransını keçirməyə vadar edən başlıca səbəb sabiq millət vəkili Gültəkin Hacıyevanın son vaxtlar dövlətə qarşı, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan xalqının rifahına xidmət edən siyasətinə qarşı bəzi mətbuat orqanlarında qərəzli çıxışlarıdır: "Bu günə qədər millət vəkili olduğu müddətdə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənə və ailə üzvlərimə qarşı etdiyi haqsızlıqlar səxsi həyatla bağlı olduğu üçün susur, bu məsələlərin ictimailəşməsini istəmirdim. Lakin bu gün bir vicdanlı azərbaycanlı, Vətənini, dövlətini, Prezidentini sevən şəxs olaraq və dövlət maraqlarını şəxsi maraqların fövqündə daha uca hesab edən insan kimi Gültəkin Hacıyevanın öz dövlətinə qarşı iftira dolu hərəkətlərinə susa bilməzdim. Uzun illər bu dövlətin "çörəyini yemiş", sonradan əqidəsini 180 dərəcə dəyişən, vətəninə, dövlətinə üz çevirən şəxsin hərəkətlərinin bir adı var - nankorluq. Qoy hamı mələk siması geymiş Gültəkin Hacıyevanın hansı qanunsuz hərəkətlərlə məşğul olduğunu, qanunsuz sərvətlər topladığını, mənim kimi yüzlərlə vətəndaşın hüquqlarını necə pozduğunu bilsin". Mehdiyev qeyd edib ki, Gültəkin Hacıyeva ilə toyunun olmasına iki həftə qalmış, 2003-cü ilin may ayında Ümummilli lider Heydər Əliyevin göstərişinə əsasən order əsasında Bakı şəhər İcra Hakimiyyəti tərəfindən G.Hacıyevaya şəhərin mərkəzində "Bakı Dövlət Sirki"nin yaxınlığında Bakı şəhəri S.Vurğun küçəsi 92 a-da yerləşən, 12 saylı evdə 3 otaqlı mənzil verilib: "Həmin mənzilin təmirinə və mebelə mənim tərəfimdən valideynlərimin köməyi ilə 50.000 (əlli min) dollar xərc çəkildi. Gültəkin Hacıyeva bildirmişdi ki, evi təmir edəndən sonra yüksək qiymətə icarəyə verib xərcimizi çıxararıq. Toydan sonra biz müvəqqəti olaraq anam Məmmədova Nəhayət Vəli qızının mülkiyyətində olan Bakı şəhəri, Azadlıq prospekti 114-də yerləşən 81 saylı 2 otaqlı mənzildə yaşamışıq. Lakin təmir qurtaran ərəfədə, yəni 2004-cü ilin avqust ayında biz faktiki boşandıqdan sonra o nəinki mənim evə çəkdiyim xərci ödədi, hətta bildirdi ki, bizim başımıza "oyun aşacaq". G.Hacıyeva ilə ayrıldıqdan sonra 3 otaqlı mənzilin təmiri ilə əlaqədar yaranmış borcların qaytarılmasından ötrü anam qanunla ona verilmiş mülkiyyət hüququnu həyata keçirərək 2 otaqlı mənzilini satmış və borcları qaytarmışdır". Bununla kifayətlənməyən G.Hacıyeva onun borcların ödənilməsi üçün satılmış 2 otaqlı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi və yaşayış hüququnun tanınmasına dair məhkəmədə iddia qaldırmış, statusundan sui-istifadə etməklə Nəsimi rayon məhkəməsi qanunsuz qətnamə qəbul etdirilməsinə nail olmuşdur. G.Hacıyevanın bir-başa müdaxiləsi, təzyiqi və sifarişi ilə ali məhkəmə kollegiyası məcbur olub tanınmayan yaşayış hüququnun əvəzinə 22.000(iyirmi iki min manat) kompensasiya ödənilməsi barədə qərar qəbul edib: "Qeyd olunan məbləğin anamdan zorla alınmasından ötrü, mənim prokurorluq orqanlarından , qardaşımın isə vergilər orqanlarından işdən çıxarılacağı ilə hədələyərək bütün əmlaklarımız üzərinə həbs qoyularaq hərraca çıxarılmışdır. Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi və digər əmlaklarımız satılaraq Gültəkin Hacıyeva "reketlik" yolu ilə bizdən 22000 manat pul qopardı". Mehdiyev deyir ki, G.Hacıyeva oğlumu alver mənbəyinə çevirib, onun qarşısına müxtəlif maddi xarakterli tələblər qoyaraq oğlu ilə görüşmək imkanından məhrum edib: "Bu səbəbdən "Uşaqla görüş qaydasının müəyyən edilməsinə dair" iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etdim. Lakin G.Hacıyeva mənim uşaqla görüşməyimin qarşısını almaq məqsədi ilə, eyni zamanda Səbail rayon məhkəməsində işə obyektiv baxılmasına maneə törətmək məqsədi ilə barəmdə yalan, böhtan və təhqiramiz xarakterli ərizə ilə Daxili İşlər Nazirinə müraciət etmişd. O, ərizəsində onu və azyaşlı oğlumu döyməyimi, öldürməklə hədələməyimi və s. "faktları" göstərmişdi. Lakin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılan araşdırma zamanı G.Hacıyevanın ərizəsində göstərdiyi "faktlar" öz təsdiqini tapmadı. Gültəkin Hacıyeva deputat olduğu üçün onun valideynlik hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciətlərim nəticəsiz qaldı. O, Ulu Öndərin tapşırığı ilə Bakı şəhər İcra Hakimiyəti tərəfindən verilən 3 otaqlı mənzilə köçməmiş, onu qazanc məqsədi ilə "Ajkrane LTD" (Salyan şossesi 84) firmasında işləyən Paul adlı xarici vətəndaşa kirayəyə vermişdir". Mehdiyev qeyid edib ki, G.Hacıbəyli təkcə ona qarşı deyil, həmçinin öz yaxın qohumlarına qarşı da haqsızlıqlar edib. Milli Məclisə üzv seçildikdən sonra G.Hacıyeva əmisi İdris Hacıyevin adına "Emil" MMC müəsissəsini açıb. Lakin, əldə etdikləri maddi sərvətləri bölüşdürə bilmədiklərindən, G.Hacıyevanın təzyiqi ilə Goranboy rayon icra hakimiyyətinin məhkəmədə qaldırdığı iddia əsasında karxana İdris Hacıyevin əlindən alınıb: "İddia bununla əsaslandırılmışdı ki, guya karxananın işlədiyi ərazidə yaşayış evləri olduğu üçün mədən işləri aparmaq olmaz və təhlükəlidir. Lakin G.Hacıyevanın təzyiqi ilə məhkəmə "Emil" MMC-yə mədən işlərini qadağan etməsinə baxmayaraq, icarə müqaviləsi ilə yenidən həmin ərazi Gültəkin Hacıyevanın atası Yunis Hacıyevin adına açılmış "Gülüstan" MMC-yə verildi". Goranboy rayonunda artezian su quyularının qazılması üçün ayrılmış pul vəsaitindən də "otkat" tələb edən G.Hacıyeva sui-istifadə edərək artezianın birini Xanqərvənd kəndində yaşayan Bayram adlı qohumunun həyətində qazdırmışdır. Həmin artezian məsələsinə görə kənd sakinləri rayonda yolu kəsməyə cəhd etmiş və G.Hacıyevanın əleyhinə Bakıda mətbuat konfransı keçirtmişlər: "Gültəkin Hacıyeva millət vəkili səlahiyyətlərindən sui-istifadə etdiyi üçün həmin vaxt mənim ondan yuxarıda qeyd olunan mənzilin təmirinə cəkdiyim xərci tələb etməyim və ədalətin bərpa olunması qeyri-mümkün idi.Lakin mən hazırda bu məsələ ilə bağlı Nəsimi rayon məhkəməsinə iddia hazırlamışam. Gültəkin Hacıyeva nəinki təmirə çəkdiyim xərcləri vermədi, hətta mənzilin təmirində işləmiş ayrı-ayrı ustaların, sadə fəhlələrin pulunu vermir, ondan halal pulunu tələb edən şəxsləri tutduracağı ilə hədələyirdi. Həmin vaxt Gültəkin Hacıyevanın evində təmir işlərini aparmış və halal pulunu ala bilməyən Bəxtiyar Eyvazov müxtəlif instansiyalara müraciət etsə də nəticəsi olmamışdır. Əksinə G.Hacıyeva onu hədələmiş, qanuni tələbindən çəkindirməyə nail olmaq üçün onu polisə vermişdir.Mənim bu üç il ərzində susmağımın səbəbi o idi ki, 16 il dövlət qulluğunda çalışmış şəxs kimi, vicdanlı azərbaycanlı kimi mənim üçün dövlət maraqları şəxsi maraqlardan üstündür. Baxmayaraq ki, Gültəkin Hacıyevanın qanunsuz hərəkətlərinin qurbanı təkcə mən yox , həm də digər ailə üzvlərim olub. Gültəkin Hacıyevanın təzyiqi ilə qardaşım Seymur Mehdiyev Vergilər Nazirliyinin mərkəzi aparatında məsul işdən azad olunub. Dövlət Dillər İnstitutunu fərqlənmə diplomu ilə bitirərək həmin institutda müəllimə işləyən üç uşaq anası bacım Aynur Mehdiyeva ali təhsil ocağından ədalətsizliklə xaric olunub. Gültəkin Hacıyevanın ailəmiz haqqında formalaşdırdığı pis fikirlər nəticəsində mən gələcəkdə xoşagəlməz halların baş verə biləcəyindən ehtiyatlanaraq prokurorluq orqanlarından çıxmağa və susmağa məcbur olmuşam". Mətbuat konfransına G. Hacıbəyli tərəfindən haqsızlığa məruz qalmış Xuraman Mirzəyeva da qatılıb. X. Mirəzəyeva bildirib ki, G. Hacıbəyova ondan Mahmud Mehdiyevin anasından qanuni yolla aldığı evi tərk etməyi tələb edib: "Gültəkin Hacıyeva müxtəlif qadınları öyrədərək mənə hədə-qorxu gəlmiş, bizdən pul almağa təhrik etmişdir".

 Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31