Revanşistlərə daha bir mesaj- “Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar”

"Ermənistanda hətta sözdə sülhdən dəm vuranların belə hərəkətlərində, yeritdikləri siyasətdə revanşizmə meyl duyulduğundan, qonşu ölkədə 30 il müddətində Azərbaycana qarşı törətdikləri vəhşiliyə görə heç kimin özünü günahkar saymadığı açıq-aydın ortada olduğundan və hətta özlərini yenə də haqsızlıqla üzləşmiş məzlum obrazında təqdim etməyə başladıqlarından, görünür, onlara kimliklərinin tez-tez xatırladılmasına ehtiyac var". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin deputatı Sahib Alıyevin sözlərinə görə, bu xatırlatma ən yüksək səviyyədə səslənəndə isə onun təsiri yetərincə böyük olur: "Ən azı Ermənistan rəhbərliyində yer alanlar yaxşı fərqindədirlər ki, həmin xatırlatmalar təkcə daxili auditoriyanın başımıza gətirilənləri unutmaması üçün deyil. Və bunun nəzərə alınmamasının nəyə aparıb çıxaracağını onlar gözəl bilirlər. "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə də dövlət başçısı Ermənistanın işğal dövründə etdiyi vəhşiliklərdən birinə, təbii resurslarımızın necə talandığına toxundu: "Təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi. Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar. Görünür, onlar üçün ən qiymətli iki məsələ var idi: biri Azərbaycan təbiətini tamamilə məhv etmək, ikincisi də ən qiymətli santexnika cihazlarını özləri ilə aparmaq. O işğal dövrünün onlar üçün əsas yadigarı yəqin ki, odur".
Hay toplumu anlamalıdır ki,  bir daha vurğulayıram, bu faktlar təkcə onların başımıza gətirdiklərini unutmamağımız üçün deyilmir. Həm də ona görə deyilir ki, revanşizm haqda düşünənlər bilsinlər: Azərbaycan İkinci Qarabağ savaşı zamanı və sonrakı əməliyyatlarda döyüş meydanında öz qisasını alsa da, onların bizə qarşı etdiklərinin cavabını eynilə vermədi. Şəhər və kəndlərinin altını üstünə çevirmədi, mülki obyektləri hədəfə almadı, maksimum səviyyədə dinc əhaliyə xətər yetirməməyə çalışdı. 
Amma əgər yenidən hədlərini aşsalar, etdikləri rəzillikləri təkrarlamasaq da, növbəti savaş bizim yox, məhz onların ərazisində gedəcək. Nəticəsini indidən hesablasalar, heç də pis olmaz"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31