Hicab, yoxsa geyim idxalı?

Son illərdə Azərbaycanda qadınların geyimi, xüsusilə hicab məsələsi tez-tez müzakirə olunur. Bu mövzuya toxunan kimi müzakirə iki sərt cəbhəyə bölünür: bir tərəf hicabı bütövlükdə dini tələb kimi müdafiə edir, digər tərəf isə onu yalnız gerilik və məhdudiyyət əlaməti sayır. Məncə, bu yanaşmaların hər ikisində məsələnin vacib bir tərəfi diqqətdən kənarda qalır: örtünmək dini seçim ola bilər, amma örtünmənin konkret forması həmişə yalnız dindən gəlmir.

Bu gün müsəlman ölkələrində istifadə edilən örtüklərə baxsaq, onların bir-birindən ciddi şəkildə fərqləndiyini görərik. İranda çador, Səudiyyə Ərəbistanında niqab və əbaya, Əfqanıstanda burqa-çadəri, İndoneziya və Malayziyada isə jilbab və tudung geniş yayılıb. Əgər bunların hamısı eyni dini mənbədən gələn vahid geyim forması olsaydı, görünüşlərinin də bir-birinə bənzəməsi gözlənilərdi. Halbuki belə deyil.

Çador (çadra) İranın tarixi və şiə mədəni mühiti ilə formalaşıb. Niqab və qara əbaya Ərəbistan yarımadasının iqlimi, qəbilə ənənələri və mühafizəkar dini şərhləri ilə bağlıdır. Əfqan burqası puştunların yerli məhrəmlik anlayışının və sonradan sərtləşən siyasi-dini mühitin məhsuludur. İndoneziya və Malayziyada istifadə edilən rəngli jilbab və tudung isə Cənub-Şərqi Asiyanın estetik zövqünü əks etdirir.

Deməli, din eyni olsa da, geyim formaları fərqlidir. Çünki din örtünmə prinsipini müəyyənləşdirə bilər, amma parçanın rəngini, kəsimini, bağlanma qaydasını və milli üslubunu hər zaman özü yaratmır. Bunları çox vaxt coğrafiya, iqlim, tarix və yerli mədəniyyət formalaşdırır.

Burada əsas sual ortaya çıxır: Azərbaycanda bu gün "dini geyim" kimi təqdim edilən formaların nə qədəri həqiqətən bizim milli-mədəni ənənəmizə aiddir?

Azərbaycan qadınının tarixən öz baş örtükləri olub: kəlağayı, örpək, yaylıq, yaşmaq, tülbənd və müxtəlif regional bağlama formaları. Bunların içərisində kəlağayı xüsusi yer tutur. İpəkdən hazırlanan, buta və nəbati naxışlarla bəzədilən kəlağayı yalnız geyim deyil, bütöv bir mədəniyyət nümunəsidir. Onun rəngi, naxışı və bağlanma forması qadının yaşına, ailə vəziyyətinə, iştirak etdiyi mərasimə görə dəyişə bilirdi.

Kəlağayı qadının başını və çiyinlərini örtür, üzünü isə açıq saxlayırdı. O, qadını görünməz etmirdi; əksinə, onun milli kimliyini, zövqünü və ictimai mövqeyini göstərirdi. Azərbaycan qadını örtünəndə də öz rəngini, naxışını və estetik dünyasını qoruyurdu.

Bu gün isə küçələrimizdə daha çox İran çadoruna, ərəb əbayasına və başqa ölkələrdən gəlmiş hicab formalarına rast gəlirik. Bəzən bu geyimlər elə təqdim olunur ki, guya İslamın dəyişməz və yeganə forması məhz budur. Halbuki onların hər biri müəyyən xalqın dini şərhlə birləşmiş tarixi geyim modelidir.

Burada söhbət insanların dini seçiminə müdaxilə etməkdən getmir. Hər kəsin inanmaq, inancına uyğun geyinmək və həyat tərzi seçmək hüququ var. Ancaq dini seçimlə başqa xalqların milli geyim modelini mənimsəmək eyni şey deyil. İnsan örtünməyi seçə bilər, lakin bunun üçün mütləq İran çadoruna, ərəb əbayasına və ya Əfqanıstan burqasına bürünməli deyil.

Başqa xalqların geyimini dini ad altında dəyişməz həqiqət kimi qəbul etdikdə fərqinə varmadan yalnız dini təsirə deyil, mədəni təsirə də məruz qalırıq. Əslində, bizə "dinin geyimi" kimi təqdim edilən bir çox forma başqa xalqların tarixinin, coğrafiyasının və adətinin məhsuludur. Din burada həmin geyimlərin Azərbaycana keçməsi üçün vasitəyə çevrilir.

Mənim etirazım örtünməyə deyil, milli kimliyimizin dini görünüş adı altında başqa xalqların geyim modelləri ilə əvəzlənməsinədir.

Niyə azərbaycanlı qadın örtünmək istəyəndə ərəb qadınına bənzəməlidir? Niyə onun qarşısına yalnız qara əbaya, çador və ya standartlaşdırılmış xarici hicab nümunələri qoyulmalıdır? Məgər bizim kəlağayımız, örpəyimiz, yaylığımız bu ehtiyacı milli zövq və ənənə daxilində qarşılaya bilməzmi?

Kəlağayı konkret məzhəbin və ya təriqətin geyimi deyil. O, Azərbaycan xalqının milli-etnoqrafik irsidir. Lakin onun dini geyim olmaması örtünmə vasitəsi kimi istifadə edilə bilməyəcəyi anlamına gəlmir. Əksinə, qadın öz inancına uyğun örtünərkən milli mədəniyyətini də yaşada bilər.

Şəkilləri yanaşı qoyanda fərq aydın görünür: burqa Əfqanıstanı, çador İranı, niqab Ərəbistan yarımadasını, jilbab Cənub-Şərqi Asiyanı təmsil edir. Kəlağayı isə Azərbaycanı.

Ona görə də hicab haqqında danışarkən yalnız "örtünmək və ya örtünməmək" mübahisəsinə ilişib qalmamalıyıq. Başqa bir sualı da verməliyik:

Örtünürüksə, niyə mütləq başqasına bənzəyərək örtünməliyik?

İnanc insanın vicdanına, geyimin forması isə çox zaman onun mədəniyyətinə bağlıdır. Dini qorumaq üçün milli kimliyi itirmək tələb olunmur. Əksinə, öz milli geyim ənənəmizi yaşatmaqla inanc və mədəniyyət arasında daha təbii, daha sağlam bir münasibət qura bilərik.

Azərbaycan qadınının baş örtüsü onun üzünü və kimliyini yox etməməlidir. Onu öz xalqından, rəngindən və tarixindən uzaqlaşdırmamalıdır.

Azərbaycan qadını örtünmək istəyirsə, öz kəlağayısı ilə də örtünə bilər. Çünki inanc başqa xalqa bənzəmək deyil; inanc insanın öz kimliyini itirmədən dəyərlərinə sadiq qalmasıdır.

Şəmil Sadiq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31