Subsidiya: aqrar sektora dəstəyin təşviq aləti kimi

Son illər ölkə iqtisadiyyatının inkişafı üçün baş verən dövlət səviyyəsində dəstək bir neçə istiqamətdə həyata keçirilirdi. Elə sahələr var ki, onlarla bağlı hərtərəfli himayə siyasəti bir neçə il bundan qabaq həyata keçirilməyə başlamışdı.

Məhəmməd Əliyev,

Azərbaycan Dövlət İqtisad Universiteti

"Biznesin idarə edilməsi" kafedrasının müdiri

Dosent 

Aqrar subsidiyanın meydana çıxma zərurəti

Son illər ölkə iqtisadiyyatının inkişafı üçün baş verən dövlət səviyyəsində dəstək bir neçə istiqamətdə həyata keçirilirdi. Elə sahələr var ki, onlarla bağlı hərtərəfli himayə siyasəti bir neçə il bundan qabaq həyata keçirilməyə başlamışdı. Bunlar sırasında xüsusilə kənd təsərrüfatı sahəsində aqrar subsidiyaların verilməsi buna misal ola bilər. Azərbaycanda aqrar sektorun inkişafı ilə bağlı müxtəlif tədbirlər həyata keçirilsədə, onların içərisində büdcə vasitəsilə stimullaşdırma, aqrar subsidiyaların verilməsi olduqca əhəmiyyətli addım idi. Məlum olduğu kimi 2007-ci ilin yanvar ayında ölkə daxilində enerji daşıyıcılarının qiymətlərinin artımından sonra hökumət büdcədən kənd təsərrüfatını məlum qərarın təsirindən qorumaq məqsədilə 80 milyon manat subsidiya ayırmışdı. Sonrakı illərdə isə bu vəsait 100 milyon manata çatdırıldı. Həmin subsidiyadan istifadəyə dair qaydalar  isə Nazirlər Kabinetinin 15.02.2007-ci il tarixli 32 saylı qərarı ilə müəyyənləşmişdi. Bu qərarla müəyyənləşmiş subsidiyalar sonrakı illərdə artan xətt üzrə davam etdi. Nəhayət son illərdə isə bu məbləğ 120 milyon manat səviyyəsində olub.

Dünya təcrübəsi və Azərbaycan

Dövlət büdcəsindən kənd təsərrüfatına edilən dəstək forması kimi aqrar subsidiyalar özündə həm dizel yanacağı ilə bərabər mineral kübrələri nəzərə alır. Son illər kənd təsərrüfatı məhsulları istehsalçılarının mineral gübrələrlə təminatının yaxşılaşdırılması məqsədilə xərclərin bir hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi müsbət nəticə vermişdir. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına əsasən 2005-2015-ci illər ərzində ölkəyə idxal edilən mineral gübrələrin həcmi təqribən 2 dəfə artmışdır. Eyni zamanda, 2008-2015-ci illərdə "Aqrolizinq" ASC tərəfindən fermerlərə güzəştli şərtlərlə satılan gübrənin ümumi həcmi 68,4 min tondan 124,6 min tona çatmışdır. Hər bir formada fermerlərə edilən dəstək siyasəti aqrar sektorun daha effektiv çalışmasına xidmət məqsədilə edilir.

Təbii ki, bir ölkədə inkişafın səviyyəsini xarakteriza edən indikatorlrdan biri də onun dünya təcrübəsi ilə əlaqəli şəkildə təhlil edilməsindən keçir. Bu mənada qlobal kontekstdə qiymətləndirəndə maraqlı analogiyalar aparmaq mümkün olur. Aparıcı ölkələrin iri həcmdə aqrar subsidiyalar həyata keçirməsi son nəticədə inkişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərən fermerlərin ixrac potensialını azaldır. Buna görə də, inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Azərbaycanda ixracı stimullaşdırmaq məqsədilə subsidiyalara ciddi ehtiyac var. Oxfam İnternational Təşkilatının hesabatında qeyd edilir ki, Birləşmiş Ştatların daxili istehsalçılara subsidiya verməsi Afrikanın pambıq ixracatçılarını ciddi problemlər ilə üz-üzə qoyub.Yalnız ötən il Afrikanın 8 ölkəsinin itkisi yarım milyard dollardan artıq olub. Bu baxımdan, nəinki ixrac potensialını, eləcə də daxili bazarın qorunması üçün Azərbaycanda aqrar sektora yönəldilən subsidiyalar ilə bağlı ayrıca təkmil siyasətin həyata keçirilməsinə ehtiyac var. Qeyd edək ki, 2007-ci ildə ABŞ senatı subsidiyaların verilməsi ilə bağlı 2 mühüm sənədə düzəliş etmişdir. Həmin düzəlişlərə əsasən Birləşmiş Ştatlar taxıl istehsalçılarına ayrılan subsidiyaların strateji olması, təbii fəlakətlər o cümlədən daşqın və quraqlıq nəticəsində fermerlərə dəymiş ziyanın tam ödənilməsi və fermerləri müdafiə etmək üçün sığorta proqramlarının həyata keçirilməsi qəbul edilmişdir. Əslində bu gün subsidiyaların həyata keçirilməsində əsas məqsəd yerli istehsal edilən məhsulların daha ucuz  başa gələn analoji malların idxal-rəqabətindən qorumaqdır. Məsələn. ABŞ-da pambığın bir kiloqramı 1 dollar 46 sentə başa gəldiyi halda,  bu Afrikada isə 42 sentə başa gəlir. Buna görə də, konqres amerikalı fermerləri subsidiyalar vasitəsilə müdafiə edir. ABŞ və Avropa Birliyi ölkələri fermerlərini daha çox müdafiə edən ölkələrdəndir. Həmin ölkələrdə fermerlərin xərclərinin böyük bir qismi dövlət tərəfindən qarşılanır. ABŞ-da ən çox subsidiya bu sahələrə yönəldilir: buğda, pambıq, süd və s. İstər Amerika Birləşmiş Ştatlarında, istərsə də Avropa Birliyi ölkələrində kənd təsərrüfatına subsidiya həyata keçirilən zaman strateji məhsul hesab edilən sahələrə daha çox vəsaitlər yönəldilir. Ona görə Azərbaycanda müxtəlif sahələr üzrə subsidiyaların effektivliyinin artırılması istiqamətində də effektiv işlər görülməkdədir. Bütün bunlar dünya təcrübəsini öyrənərək və onlardan çıxan dərslər nəzərə alınmaqla gerçəkləşdirilir.   

Qanunvericilik bazasının təminat yaradıcı rolu haqqında

Azərbaycan Respublikasında aqrar sektora dövlət dəstəyi məqsədilə qanunvericilik bazası da mövcuddur. Belə ki, "Mülkiyyət haqqında"(1993), "Lizinq xidməti haqqında"(1996) qanunlar və ölkə prezidentinin 23.10.2004-cü il tarixdə "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamı vardır. Son aylarda isə analoji fərman və sərəncamlar daha da artmışdır. Bütün bunlar qanunvericilik sahəsində hüquqi təminat mexanizmlərinin daha da təkmilləşməsinə xidmət məqsədilə edilmişdir.

Strateji Yol Xəritəsi:  maliyyə mənbələri diversifikasiya müstəvisində

Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində kənd təsərrüfatına dəstək siyasəti ilə bağlı subsidiyalaşmanın digər maliyyə mənbələri ilə əvəzlənməsi priortet götürülmüşdür. Bu sənəddə ağırlıq daha çox özəl maliyyə mənbələrinə daha səmərəli çıxış üzərində qurulmuşdur. Təhlillərimiz göstərdi ki, kənd təsərrüfatına maliyyə baxmından dəstək siyasəti 2 mərhələdə baş verir: birinci mərhələ daha çox dövlət büdcəsindən ayrılan əvəzsiz maliyyə yardımları hesabına baş verirdisə, ikinci mərhələdə daha çox müxtəlif özəl maliyyə mənbələrinə çıxış imkanlarının daha da genişlənməsi hesabına baş verməsi dominant olaraq  götürülür. Deməli, rəsmi siyasət bundan ibarət olacaq ki, dövlətin maliyyə resursları sərf edilmədən də özəl maliyyə mənbələri kənd təsərrüfatına vəsait yönəltməkdə maraqlı olacaqlar. Bilirik ki, əvvəlki illərdə aqrar sektora kredit qoyuluşları az həyata keçirilirdisə, sonrakı illərdə bu dinamika yüksəlməyə doğru dəyişmişdir. Mərkəzi Bankın məlumatlarına əsasən, bu sahəyə kredit qoyuluşu 2005-ci ildə 97,6 milyon manat olduğu halda, 2015-ci ildə bu göstərici 508,1 milyon manat təşkil etmişdir.  Deməli, həm dövlətin resursları bu istiqamətdə sərf edilmişdir ki, bu da dövlət büdcəsindən və büdcədənkənar fondlardan maliyyələşmədə xüsusi önəmi artmışdır. Strateji Yol Xəritəsində isə aqrar sahəyə subsidiyalaşmadan daha öncül yanaşma ondan ibarət olacaq ki, kənd təsərrüfatı özünün rentabelliyinin yüksəlməsi və səmərəli fəaliyyətinə görə özəl investisiyaların bu sahəyə cəlb edilməsi təşviq ediləcəkdir. Bu mənada                                                                                                                                                      Strateji Yol Xəritəsində dövlət büdcəsindən aqrar sahəyə subsidiyalaşma istiqaməti yer almamışdır. Əvəzində maliyyəyə çıxışın asanlaşdırılması istiqamətində tədbirlər planlaşdırılmışdır. Bu tədbirlərin ciddi nəticə verəcəyi təqdirdə dövlət büdcəsindən ayrılan subsidiyalar minimumlaşdırılacaq. Bunun əsas hədəflərindən biri bundan ibarətdir ki, fermerin dövlət büdcəsindən asılılığı aradan qalxır, özəl maliyyə resurslarından daha rasional istifadə hesabına əlavə maliyyə qaynaqları qazanmış olur.

Subsidiyalar: DTT-a üzvlük kontekstində

Bu addımın başqa bir hədəfi isə onunla bağlıdır ki, yaxın illərdə Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olacağı təqdirdə aqrar subsidiyalarla bağlı məhdudlaşdırıcı ("zənbillər") tədbirlərə öncədən hazır olması ilə bağlıdır. Çünki, DTT-nın kriterləri içərisində ölkələrin inkişaf səviyyəsindən asılı olaraq dövlət tərəfindən subsidiyalaşmaya məhdudiyyətlərin tətbiqi baş verəcək. Bu zaman uzun müddət subsidiyadan asılı olan fermerlərimizin rəqabət imkanları çətin olacaq. Bununla bağlı preventiv (öncələyici) tədbirlərin olması ölkəmizin DTT-a üzv olacağı təqdirdə adaptasiya tənəzzülünə az məruz qalmasına gətirib çıxaracaq.

Biz ona görə də kənd təsərürfatı məhsullarının Avropa bazarına çıxarılması marağında olmalıyıq ki, ixracatın diversikfikasiyasına nail olaq. Bir istiqamətli ixracat imkanına malik olmayaq. Bilirik ki, ilkin kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyası çox məhduddur. Belə ki, bu məhsulların 90 faizi keçmiş Sovet İttifaqı ölkələrinə (Baltikyanı ölkələr istisna olmaqla), xüsusilə Rusiyaya ixrac olunur. Deməli, daha geniş diapazonlu bazarlara çıxış üçün ixracatı şaxləndirməliyik. O zaman isə daha keyfiyyətli, markalanma və istehlakçıların zövqlərinə adekvat  standartlı məhsul istehsalına malik olmalyıq. O zaman isə biz təkcə daxili istehlakçılarımızın zövqlərinə uyğun məhsul istehsal etməyəcəyik, region və qlobal bazarlarda rahatlıqla ixracat potensialımızı da formalaşdırmış olacağıq. Aqrar sahə ilə bağlı bütün islahat addımları buna hesablanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31