Həmrəylik bir sevgidir…

Dünya sonsuzdur. Onun tarixi də, yaşı da bitməz və tükənməzdir. İnsanlığın da yaşı az deyil. Amma bu sonsuz dünyanın şüurlu məxluqu olan Insanın özünün həyatı "bir pəncərədən baxıb keçmək" qədər qısadır. O qədər qısa ki, biz onu illərə, aylara , günlərə, hətta saatlara və dəqiqələrə də bölməyi öyrənmişik. Zamanı niyə bölürük görəsən? Yəqin ki, İnsan ona nəsib olan həyat parçasını bacardıqca düzgün və səmərəli dəyərləndirməyə çalışır. Ona görə də onu qısa fraqmentlərə bölərək təftiş edir, keçdiyi həyat yoluna və əldə etdiyi həyat təcrübəsinə söykənərək növbəti mərhələnin planınını cızır, məqsədlərini müəyyənləşdirir. Beləcə İnsanlıq öz mövcudluğunu ibtidaidən aliyə və sadədən mürəkkəbə doğru təkamül etdirməklə, həyatın özünü də durmadan dəyişməkdə və inkişaf etdirməkdədir.

Biz də dəyişirik, biz də inkişaf edirik. Biz də özümüzün, cəmiyyətimizin və dövlətimizin həyatını zaman və məkan ölçülərində hissələrə bölür, itirdiklərimizlə qazandıqlarımızı dəyərləndirməyə çalışırıq. Adətən, biz bunu bəlli zamanlarda və daha çox hər dəfə başa vurmaqda olduğumuz illərin sonunda edirik. Bu gün də illərin qovşağındayıq. Bir neçə gündən sonra 2016-cı ilə qədəm qoysaq da, hələ bir müddət il boyu vərdiş etdiyimiz kimi 2015 yazmaqda davam edəcəyik və nəhayət, yeni bir ildə yaşadığımız şüurumuza da, vərdişlərimizə də hakim kəsiləcək. Hamımımız birlikdə daha bir il yaşlaşacaq və məntiqə görə daha bir qədər müdrikləşəcəyik.

Bu il bizlərlə bərabər Müstəqil Azərbaycanımız da bir yaş böyüdü. Dövlətimiz bir qədər də möhkəmləndi. Bu il ərzində qazanılan uğurlar millətin fəxarətini də bir daha artırdı. Bu ilin iyun ayında dünya idman tarixində ilk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi cəsarətli bir addım kimi tariximizə yazıldı. Avropa Oyunları kimi möhtəşəm bir beynəlxalq idman tədbirinin ilk məşəlinin vətənimizdə alovlandırılması Azərbaycana unudulmaz qürur hissi yaşatdı. 12-28 iyunda keçirilmiş ilk Avropa Oyunlarına 50 Avropa ölkəsindən 6 000-ə yaxın idmançı qatıldı. Bakıda keçirilən ilk qitə yarışlarında özündə 30 idman fənnini birləşdirən 20 idman növü üzrə yarışlar keçirildi və qazanılan medalların sayına görə idmançılarımız Avropada 2-ci oldular. Beləcə, ilk Avropa Oyunları xalqımız və dövlətimiz üçün 2015-cü ilin iftixar mənbəyinə çevrildi.

Bu il ölkəmizin ictimai-siyasi və həm də sosial-mənəvi həyatında baş verən əhəmiyyətli hadisələrdən biri də cəmiyyətimizin siyasi yetkinlik və vətəndaşlıq məsuliyyətinin ən dəqiq indikatoru sayıla bilən Parlament seçkiləri oldu. Oktyabr ayından müxtəlif məzmunlu seçki şüarlarının təqdim olunması ilə başlayan, seçicilərə ünvanlanan siyasi çağırışlarla və get-gedə güclənən siyasi ehtiraslarla müşayət olunan proseslər nəhayət, noyabrın 1-də özünün məntiqi sonuna çatdı. Bütün seçki öncəsi prosesləri səbrlə, təmkinlə izləyən, öz dövlətini və millətini sevən, onun müstəqilliyini qorumağa və möhkəmləndirməyə çalışan Azərbaycan seçiciləri öz qərarını Ana Yasamızda nəzərdə tutulduğu kimi, öz səsləri ilə ifadə və təsdiq etdilər. Bu seçkilər Azərbaycan vətəndaşlarının ölkənin və xalqın gələcəyini düşünmək baxımından siyasi yetkinliyə, yüksək məsuliyyət hissinə malik olduğunu göstərən növbəti bir sınaq oldu.

Azərbaycan vətəndaşı özünün əsrlər boyu dəyişməz məziyyəti olan haqq və ədalət hisslərinə sadiq qalaraq öz elçilərini ölkə parlamentinə üzv seçdilər. Beləcə, 2015-ci il daha bir seçim ili kimi yaddaşlara yazıldı və ölkəmiz daha böyük uğurlar əldə etmək üçün inkişafın yeni mərhələsinə qədəm qoydu.

Əvvəlki illərdə əsası qoyulmuş qlobal iqtisadi layihələrin həyata keçirilməsi 2015-ci ildə də uğurla davam etdirildi. Ümumi dəyəri 45 milyard ABŞ dolları həcmində qiymətləndirilən və dünyanın indiyə qədər gerçəkləşdirilmiş enerji layihələri arasında kapital tutumuna görə ən irihəcmli layihə olan "Cənub Qaz Dəhlizi" Azərbaycan qazının qardaş Türkiyədən keçməklə birbaşa Avropaya çatdırılmasını nəzərdə tutur. Layihə bu günə qədər beynəlxalq qurumlar tərəfindən təsdiq edilmiş 3 trilyon kubmetrdən çox qaz ehtiyatlarımızın ən azı 100 il ərzində Avropaya ixrac edilməsi üçün unikal şərait yaradacaq və Azərbaycanı dünyada həm neft, həm də qlobal qaz ixracatçısı kimi tanıtdıracaq. Mərkəzi Asiyanın qardaş türk respublikalarının da gələcəkdə bu layihəyə qoşulması ehtimalı bu layihənin iqtisadi faydalılıq əmsalını dəfələrlə artıra bilər. İqtisadi əhəmiyəti qədər siyasi əhəmiyyəti də əvəzsiz olan bu layihə Xəzər bölgəsi ilə Avropa ölkələri arasında əməkdaşlığı yeni müstəviyə çıxaracaq və Azərbaycanın qlobal məkanda rolunu və nüfuzunu daha da artıracaqdır. Əgər 1994-cü ildə Azərbaycanda imzalanmış "Əsrin müqaviləsi" XX Əsrin ən önəmli layihəsi hesab edilirdisə, bu gün tikintisi uğurla aparılan "Cənub Qaz Dəhlizi" layihəsi həm ölkəmiz üçün, həm də bütövlükdə regionumuz üçün XXI əsrin ən nəhəng layihəsi hesab olunur. Bu layihənin Avropa ölkələri üçün müstəsna əhəmiyyət kəsb etməsi Azərbaycanı bu il ərzində də qlobal siyasi-iqtisadi məkanın diqqət mərkəzində saxlamış oldu. Bütün bunlarla yanaşı, il ərzində iqtisadiyyatımızın davamlı inkişafı, qeyri-neft sektorunun inkişafında əldə edilən nailiyyətlər, təhsil, səhiyyə və sosial müdafiə sistemimizdə baş verən irəliləyişlər və nəhayət, hər bir Azərbaycanlının daha təhlükəsiz və daha təminatlı əmin-amanlıq şəraitində yaşaması bu ilin ümumi mənzərəsinin digər nikbin çalarlarıdır.

İlin ən nikbin sonluğu isə dünya Azərbaycanlılarının həmrəylik günü ilə başa çatır. Vətənin Həmrəylik çağırışına dünyanın hər tərəfindən gələn əks-sədalar xalqımızın doğma Vətənə sədaqətinin ən parlaq təcəssümüdür. İlin son günü - 31 dekabr - bu böyük dünyanın harasında qərar tutmasından asılı olmayaraq hər bir Azərbaycanlının öz nəzərlərini Vətənə yönəltdiyi Milli Həmrəylik günüdür. Həmrəylik - insanların əsrlər boyu arzuladığı, xəyallarında yaşatdığı və daim ona doğru can atdıqları elə bir ictimai şüur səviyyəsidir ki, ona nail olan xalqlar xoşbəxt və firavan yaşamaq arzularına qovuşa bilirlər. Sovetlər dövründə bayram etməyə alışdığımız "dünya zəhmətkeşlərinin həmrəyliyi" son nəticədə o insanların heç də həmrəy olmadığını və əslində belə bir həmrəylik üçün heç bir real əsasın da olmadığını göstərmişdi. Milli idealın və bu ideal uğrunda çarpışan ideyalogiyamızın mövcud olmadığı bir zamanda biz nədə həmrəy ola bilərdik?!. Indi dərk edirik ki, ortada heç bir real rəy olmadığından əslində hamımız bir şeydə - məhz rəysizlikdə həmrəy idik. Bu isə həmrəylikdən daha çox həmrəngliyə bənzəyirdi.

Indi isə dünya Azərbaycanlılarının həmrəyliyini bayram edirik və bu həmrəyliyimizin əsasında bir çağırışla Vətənimizi parça-parça hissələrdən toparlayıb vahid bir gücə çevirməyə və Yer kürəsinin hər bir guşəsində qərar tutmuş soydaşlarımızı da Azərbaycan amalı ətrafında səfərbər etməyə nail olmuş Heydər Əliyev zəkası durur. Yalnız bu il yox, elə 1993-cü ildən başlayaraq taleyimizdə yaşanan dönüş və bu günə qədər davam edən yüksəliş də məhz Milli Həmrəyliyimizin bəhrəsidir.

Həmrəylik də bir mədəniyyətdir. Həmrəylik dinləmək, başqalarına məxsus olan dünyagörüşünü və baxış bucağını bölüşmək, milli mənafeyimiz naminə ümumxalq yolunu seçmək, Vətən üçün düşünmək, el üçün çalışmaq mədəniyyətidir. Həmrəylik elə bir idealdır ki, o ancaq az məsələlərdə mümkün olur. Amma bu "az"lar xalqın tarixi taleyində çox böyük rol oynayan "az"-lardır və hər bir soydaşımızın qəlbində və şüurunda özünə yer tapan bu "az"-ların cəmindən böyük bir AZƏRBAYCAN sevgisi yaranır. Deməli, Həmrəylik həm də bir sevgidir. Millətə, xalqa, dövlətə, bayrağa və nəhayət, insanın insana və İnsanlığa olan sevgisidir Həmrəylik. Bu sevgi ilə də soydaşlarımız ilin son günündə ən xoş arzularla dolu nəzərlərini Ana Vətənə yönəldir və Azərbaycanımızla fəxr edirlər. Beləcə həyatımızın daha bir ilini başa vurmaqda və Yeni ilə addımlamaq ərəfəsindəyik. Ən xoş arzuların və niyyətlərin bir-birinə qovuşduğu bir zamanda Azərbaycanımıza və dünyanın bütün Azərbaycanlılarına sevgi dolu Həmrəylik, Yeni ildə isə yeni uğurlar, can sağlığı və səadət arzuları ilə,

Cavanşir Feyziyev

Millət vəkili, Fəlsəfə doktoru

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31