Lənkaran tarixindən səhifələr - TARİX
Bəzi əsas tarixi məqamlar və hakimlər barəsində yazılanlara əlavələr
24 Sentyabr 2012 16:11 SosialHafiz Mirzə
Lənkəran diyarı özünün iqtisqdi, mədəni və geostrateji əhəmiyyətinə görə tarixən həmişə İran və Rusiyanın əsas diqqət mərkəzində olmuşdur. Buna görə də bu ərazinin başı üzərində bir sıra qondarma tarixlər, hadisələr, plan və qəsdlər formalaşdırmışdır. Ən azı, bu iki ölkə onu Azərbaycanın bir parçası kimi tanımaq istəməmiş, daim onu öz ərazisinə qatmağa və ya ona xüsusi status verməyə çalışmışlar. Xoşbəxtlikdən bütöv Azərbaycan ərazisinin kənarında deyil, tən ortasında olması bu ərazinin ayrıca və müstəqil bir subyekt kimi tarixi mövcudluğunu və başqalrı tərəfindən ilhaq olunmasını qeyri-mümkün etmişdir. Lənkəran şəhəri çox qədim tarixə olmasa da, bir diyar, mahal və ya rayon olaraq Azərbaycanın çox qədim yaşayış məskənlərindəndir. Bunu sübut edən 3 min illik tarixə malik Sığın qəbristanlığını göstərmək olar. Ərazidə ən qədim türk tayfaları olmuş muğlar, kaslar və ya saklar, talış kökənli, hirklər və gellər yanaşı və bir-birinin içində yaşamışlar. Uzaq tayfaların hücumları onları kadusi tayfa birliyində birləşdirmiş, sonra isə atəşpərəstlik çox qüdrətli tellərlə tayfaları daha da yaxınlaşdırmışdır. İslam isə buradakı bütün tayfaların arasındakı fərqlilikləri aradan qaldırmışdır. İslamda millət yox, hümmət anlayışı daha əsasdır. İndi talış və ya türk hesab olunmasına rəğmən, buradakı insanları ayıran, ədavətə aparan heç bir səbəb yoxdur. Bu məsələ toponimlərin adlanmasında da özünü göstərmişdir. Türk və talış toponimləri o qədər yanaşı, bir-birinin içindədır ki, bəzən bu adlar mahalın və ya ən xırda ərazinin də konkret milli mənsubiyyətini dəqiqləşdirməyə mane olur. Sığın qəbristanlıqdakı qəbir daşları və küp qəbirlər bu yerlərin təkcə talış yox, həm də qədim türk məskənlərindən biri olduğunu təsdiq edir. Ən qədim qəbristanlığın "Sığın" (ruhların sığındığı yer) adlanması, dağ zirvələrinin türk dilində (Qızyurdu, Kömürgöy) olması və eləcə də onlarca qədim türk toponimi bu yerlərdə milli zəmində heç bir ixtilafın olmadığına və olmayacağına işarədir. Ərazidə sonralar talış və türk adlanan xalqların bir-birinin dilini də gözəl bilməsi bu xalqların ən qədim tarixi birliyinin ifadəsidir. Cənub bölgəsinin tarixi bütövlükdə Lənkəran tarixinin tərkib hissəsi kimi qəbul oluna bilər. Lakin 1930-cu ildə inzibati ərazi vahidlərinin formalaşdırılması prosesi getdikdə onun tərkibindəki bəzi iri kəndlərin ətrafında da rayonlar yaradıldı və xəritədə Masallı, Astraxanbazar (Cəlilabad), Astara, Lerik, Yardımlı, Puşkin (Biləsuvar) və Lənkəran rayonları peyda oldu. Elə tarixən də bu bölgə Uluf, Daştvənd, Dırıq, Zuvand, Əsalim, Sırıq, Piran, Astara-kürabı və Talış mahallarından ibarət olmuşdur. Sonralar əraziyə dağlara nəzərən bütövlükdə Talış diyarı da deyilmişdir. Diyarda əsasən Astara(Məhəmmədhüseyn xan), Qızılağac(Musa xan) və Lənkəran(Əmir Aqis xan) xanlıqları hakimlik etmişdir. Bu xanlıqlar arasında gedən rəqabət müharibələrə çevrilmişdir. Qızıağac hakimi Musa xan hər üçünə qalib gəldi və vahid Astara xanlığını yaratdı. Sonra Seyid Camaləddin Qara xan 1749-cu ildə Lənkəran hakimi olarkən paytaxtı Lənkərana köçürtdü. Onun oğlu Mirmustafa xan isə 1786-ci ildə hakimiyyəti öz əlinə alarkən ərazini Talış xanlığı adlandırmağa başladı. Talış ifadəsi konkret bir məkan və bir etnos deyil, tayfa birliklərini ifadə etdiyi, həm də coğrafi xarakter daşıdığı və hər üç hakimliyi qismən əhatə etdiyinə görə qəbuledilən idi və heç bir tərəfdə qıcıq oyatmırdı. Lakin sonradan Mirmustafa xan Azərbaycan Qacarlar sülaləsinə qarşı açıq mübarizəyə başlayanda bu ad digərlərində arzuolunmaz çalarlar qazandı. Ona qahmar çıxmağa söz vermiş Rusiya tərəfindən isə 1914-cü ildə Talış xanlığı tarixin arxivinə göndərildi. Ümumiyyətlə, bu xanlıq və ərazi daha çox Lənkəran adı ilə məşhurlaşmışdır. Təsadüfi deyil ki, hələ XIV əsrdə Şərqdə məşhur olmuş Təbib Ramazan özünə adətən olduğu kimi doğulduğu yerin adına uyğun olaraq Lənkərani kimi təxəllüsünü götürmüşdür. 1501-ci ildə Şah İsmayıl Xətai bir gecə Lənkəranda Şahsuvar bəyin qonağı olmuşdur. M.F. Axundov özünün ən gözəl komediyasının adını da "Sərgüzəşti vəziri xani-Lənkəran" qoymuşdur. Hələ qədim dövrlərdən etibarən ərazinin Lənkəran yaşayış məskənində bataqlıq hissələri quruduqca və dəniz geriyə çəkildikcə buralarda ətraf yerlərin varlı torpaq sahibləri olan "lənlər" məskunlaşırdı. Bir versiyaya görə məhz bu səbəbdən də ərazi tədricən Lənkəran (torpaq sahiblərinin yaşadığı yer) adını almışdır. Lakin buranın müxtəlif siyasi və etnik maraqlar naminə səhvən Ləngəran (guya Aranın lənglik yaradan yeri), Ləngərkünan ( gəmilərin lövbər salıb dayandığı yer) və Lənkon (qamış evlər) adlandığını ehtimal edənlər də var. Daha az qəbul olunan versiya "Lankon" adıdır. "Lankon" qamış evlər deməkdir. Amma varlı insanların qamış evlərdə yaşadığı heç inandırıcı gorunmur. Bu adda bir kəndin indi şəhərin "Sərdaxıl" qəbristanlığı ərazisində yerləşdiyi də ehtimal olunur. Artıq burada strateji cəhətdən mühüm bir şəhər salındığını görən Nadir xan Əfşar 1725-ci ildə 30 hektar ərazini qala divarları ilə əhatəyə aldırır və Lənkəranı qala-şəhərə çevirir. Nadir şahın dövründə ərazinin mərkəzi Qızılağac kəndi, sonra Astara olmaqla hakimliklərə bölünmüşdü. Ərazi Şirvan bəylərbəyliyinin mahalı statusunda idi.Şirazlı İbrahim xan mahal hakimi təyin olunmuşdu. Onun şərabxorluğundan istifadə edən vergitoplayanı və qaynı Seyid Mir Abbas hakimi oldu. Onun oğlu Seyid Camaləddin (Qara xan) Nadir şah Əfşara ləzgilərlə döyüşdə xüsusi xidmət göstərdiyi üçün şah ona nəsilliklə ötürülən xan titulu verdi. Qara xanın oğlu Mirmustafa xanın dövründə onu paralel olaraq Talış xanlığı da adlandırırdılar. Amma o müstəqil olmadığı, ayrıca xütbə oxutmadığı, pul buraxmadığı və Qacarlar sülaləsinə tabe olduğu üçün rəsmən Talış xanlığı kimi tanınmırdı. Amma Mirmustafa xan nəhayət Qacar sülüləsinə qarşı açıq mübarizəyə qalxdı və hakimliyin adın Talış xanlığı adlandırdı. Qacar qoşunları hücum etdikdə xan yaxınları ilə birlikdə Sara adasına sığındı. O, birləşmək və himayəsinə keçmək üçün yenidən Rusiyaya müraciət elədi. İranla döyüşən rus qoşunları artıq Azərbaycan ərazisində idi. Aslandüzdə rus qoşunları Fətəli xana qalib gəlib, irəlilədilər. Beləcə, Lənkəran qalası 1812-ci il dekabrın 31-dən 01 yanvara keçən gecə çar Rusiyasının qoşunları tərəfindən sonuncu istehkam olaraq mühasirəyə alındı. Rusların odlu silahı çox idi. Buna görə də qala darmadağın edildi. Bu zaman 17 min dinc əhali, 4 min əsgər həlak oldu. Zaman-zaman ruslar qalanı dağıdırdılar. Qala hasarları yerlə yeksan edildikdən sonra bürclərinin birinin üstündə əlavə tikili ucaltmaqla onu mayaka, o birini isə tarixən olduğu kimi qazamata çevirdilər. Bu bürclər mövcud zamana kimi qalır. Digər iki bürc və qala divarları tam dağıdılmışdır. Amma yerli əhali bu ərazini indiyə kimi "Qala" adlandırmaqdadır. Məhz Lənkəran qalasının süqutu 1813-cü ildə Gülüstan müqaviləsinin imzalanmasına və tarixdə ilk dəfə olaraq Azərbaycanın iki hissəyə bölünməsinə səbəb oldu. 1814-də xanlıq faktiki olaraq komendantların ixtiyarına keçdi, tam səlahiyyətsiz duruma düşdü, 1826-cı ildə isə tamam ləğv edildi. Çar hakimiyyəti illərində ərazi Bakı quberniyasının Lənkəran qəzası adlandı. Onun başında isə pristavlar dururdu. Sovet hakimiyyəti illərində Şəhər XDS olsa da, faktiki hakimiyyət Kommunist Partiyasının raykom katiblərinin ixtiyarında idi. Müstəqillikdən sonra isə Şəhər İcra hakimiyyəti yarandı. 1930-cu ilə kimi bölgədə yalnız Lənkəran tanınsa da, sonra 7 rayona bölündü.1938-ci ildə bu rayonlaşma yekunlaşdı. Hazırda ərazı Cənub bölgəsi olaraq, Lənkəran isə bölgənin qeyri-rəsmi mədəni mərkəzi hesab olunur. Burada Şəhər İcra Hakimiyyəti Başçısı, kəndlər üzrə onun nümayəndəliklər və yerli bələdiyyələr fəaliyyət göstərir. Lənkəranda aşağıda adları qeyd olunan şəxslər hakimiyyət başında olmuşlar.
1.Şahsuvar bəy Lənkərani- XV əsr
2.Əmir Sinah bəy Lənkərani - XV əsr
3.Əmir Qubad xan -XV əsr
4.Əmir Həmzə xan( əsasən Astarada)-XVI
5.Əmir Bayandur xan -XVI əsr
6.Saru xan (mərkəz Astara)-XVI
7.Əmir Aqis (Lənkəran hakimi);
8.Əmir Musa xan (Qızılağac, sonra Lənkəran hakimi) -1727-1736;
9.Şirazlı İbrahim xan(Uluf hakimi)-1730-1733 ;
10. Seyid Mirabbas-1733-1735;
11. Seyid Camaləddin (Qaraxan)-1735-51;
12.Zöhrab bəy- 1751-58;
13.Mir Əsgər bəy-1758-60;
14.Mirmustafa xan -1760-61;
15.Seyid Camaləddin(Qaraxan)-1761-86;
16.Mirmustafa xan-1786-1814;
17.Mirhəsən xan-1814-26;
18.Mayor İlyinski--komendant-1814;
19.Pristav Nurulla bəy;
20."Muğan Sovet Respublikası" - Otryadnev- 2-3 ay;
21.Lənkəran Qəza İcraiyyə Komitəsinin sədri: Şirəli Axundov-1920-30;
22.Lənkəran Qəza Partiya Komitəsinin katibi Əli Məmmədov 1920-1930;
23.Lənkəran Qəza Partiya Komitəsinin katibi Böyükağa Mirsalayev-1930-37;
24.Raykom katibləri: Ümid Süleymanov- 1937-1943;
25.Mövsüm Həsənov - 1943;
26.Bağır Bağırlı 1943-47;
27.Ramiz Məmmədov - 1947-49;
28.Xurşid Məmmədov - 1949-53;
29.M.Allahyarlı - 1953;
30.Adil Əbilov-1953-58;
31.Nəhmət Abdullayev -1958-61;
32.Hidayət Səmədov - 1961-62;
33.Məmməd Rahman oğlu Məmmədov-"Mamedka"-1962-65;
34.Məmməd Babayev-1965-69;
35.İsa Məmmədov- 1969-81-ci il;
36.Dilruba Camalova -1981-88-ci il ;
37.Aqil Rəhimov -1988-1989-cu il;
38.Yaşar Rzayev - 1989-1991-ci il;
39.Şəhər İcra Hakimiyyətinin başçıları: Mirsəmid Abbasov - 1991-1992-ci il;
40.Hüseynqulu Məmmədov -1992may- 1993 iyun;
41.Ələkram Hümbətov (separatçı,"TMR" lideri) -15 iyun - 23 avqust 1993;
42.Dilruba Cəbrayıl qızı Camalova - 23 avqust 1993 - may 2000-ci il;
43.Yaşar Höccətulla oğlu Rzayev - may 2000-ci il-aprel 2003-cü il;
44.Zeynal Səfər oğlu Nağdəliyev - aprel 2003-cü il - 24 dekabr 2005-ci il;
44.Süleyman Surxay oğlu Mikayılov - 24 dekabr 2005-ci ildən-04 mart 2010-dək.
45.Tofiq Hüseyn oğlu İbrahimov - 04 mart 2010-cu ildən 14 aprel 2012-ci ilədək;
46.Taleh Azay oğlu Qaraşov- 14 aprel 2012-ci ildən
Lənkəran bələdiyyəsinin sədrləri:
01.Əlinazim Axundov -1999- 2000;
02.Eldar Hüseynov -2000-ci ildən;
Lənkəranda insanların məşğuliyyəti və rahat, firavan yaşayışı üçün Allah-təala öz kəramətini əsirgəməmişdir. Burada yaşayan insanlar sülhpərvər, səmimi, zəhmətkeş, istedadlı və qonaqpərvər olmaları ilə fərqlənmişlər.Tarixən böyük ticarət mərkəzi olması Lənkəranı həm də bir mədəniyyət mərkəzi kimi inkişaf etdirmişdir. Lənkəran şəhərinin 104 adda küçəsi, onlarca məhəlləsi, 2 mikrorayonu var.Əsil lənkəranlılara onların qonaqpərvərliyinə, səxavətinə, zadəganlığına və zəhmətsevərliyinə görə "Xan Lənkəranlı" adı verilmişdir.
Lənkəran bu adı indi də doğrultmaqdadır.