“Samsung” şirkətinin “Kontakt” mağazası ilə fırıldağı üzə çıxdı

Şirkət saxta və keyfiyyətsiz mallarını bu mağazalarda müştərilərə satır

"Kontakt" mağazalar şəbəkəsinin istehlakçılara keyfiyyətsiz mal satması barədə yazmışdıq. Redaksiyamıza müraciət edən Bakı şəhər sakini Coşqun Vəliyevin şikayəti əsasında yazdığımız yazıda bildirilirdi ki, şikayətçi "Kontakt"mağazalar şəbəkəsində aldadılaraq  ona keyfiyyətsiz telefon satılıb. Telefon 1 il zəmanətlə satılmasına baxmayaraq iki aydan sonra mağazanın biabırçı saxtakarlığı üzə çıxıb. Belə ki, alınan telefonla SMS yazan Coşqun Vəliyev dəhşətli mənzərənin şahidi olub. Mobil telefon  şikayətçinin əlindəcə partlayıb. Bunu şikayətçi özü iddia edir: "İki ay əvvəl Kontakt" mağazasından "Samsung Galaxy S-3" markalı mobil telefon aldım. Telefon zəmanətlə verildi və mən də arxayın olub həmin cihazı işlətdim. Bir neçə gün əvvəl telefonla SMS yazırdım. Bu vaxt mobil cihaz qəflətən əlimdə qızdı və partladı.  Telefonun zəmanət kartı olduğundan mağazaya üz tutdum. Mağazada mənə bildirdilər ki, onların servisi paytaxtın Rəşid Behbudov küçəsi 56 ünvanda yerləşir və mən ora müraciət etməliyəm. Mən həmin ünvana,  GSM servis mərkəzinə yollandım. Bütün cəhdlərimə baxmayaraq servis mərkəzi xidmətdən imtina etdi".
Şikayətçi deyir ki, sözügedən servis mərkəzindən bildiriblər ki, telefonun təmiri üçün 180 manat ödənilməlidir: "Onlara telefonun bir illik zəmanəti olduğunu bildirməyimə baxmayaraq xidmətdən boyun qaçırdılar. Servis mərkəzinin tələb etdiyi vəsaiti ödəmədiyim üçün telefonun təmirini reallaşdıra bimədim".
Coşqun Vəliyev hələ də mobil telefonsuz qaldığını bildirir və bu vaxta qədər nə ona dəyən ziyan ödənilir, nə də telefon pulsuz təmir olunmur. "Kontakt" mağazalar şəbəkəsinin rəhbərliyi isə onu yaxına buraxmır.
Şikayətçi deyir ki, məsələ ilə bağlı kiçik araşdırmalar da aparıb. Məlum olub ki, "Kontakt" mağazalar şəbəkəsi saxta mallar satmaqla məşğuldur. Belə ki, mağazalar şəbəkəsi "Samsung" firmasının saxta və keyfiyyətsiz mallarını müqavilə əsasında satır və bununla da külli miqdarda qazanc əldə edir. "Samsung" şirkəti ilə "Kontakt" mağazalar şəbəkəsinin rəhbərliyi arasında bununla bağlı müqavilə də imzalanıb. Müqaviləyə əsasən mağaza adıçəkilən şirkətin saxta və keyfiyyətsiz mallarını Azərbaycan istehlakçısına satmaqla istehlakçılra zərbə vurur. Əvvəlcə istehlakçını aldadaraq onunla zəmanət talonu imzalayan "Kontakt" hər hansısa bir malı satandan sonra o mala cavabdeh deyil.
Şikayətçinin dediyinə görə, o "Kontakt" mağazalar şəbəkəsinin aldatdığı ilk müştəri deyil. Mağaza bu vaxta qədər onlarla, bəlkə də yüzlərlə müştərini aldadaraq onlara "Samsung" firmasının saxta mallarını satıb, müştəriləri aldadıb. Nəticədə yüzlərlə Azərbaycan istehlakçısına ziyan dəyib. Məlum olub ki, "Samsung" firması ilə əlbir olan "Kontakt" mağazalar şəbəkəsi Azərbaycanda bu cür çirkin işlərlə məşğuldur. Hər iki müəssisənin rəhbərləri birləşərək müştəriləri aldatmaqla məşğuldur.
Mövzunu diqqətdə saxlayacağıq.
Samir Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31