“Strateji mərkəzlər hədəfə alınacaq”-İranlı professordan qorxunc proqnoz
29 Mart 23:33 DünyaTehran Universitetinin təqaüddə olan siyasi elmlər üzrə professoru Əhməd Nəqibzadə "Euronews"un İran xidmətinə verdiyi müsahibədə İran İslam Respublikasının "SSRİ modeli"nə bənzər şəkildə dağılacağına dair fərziyyə irəli sürüb. Bu barədə "Araz News" xəbər yayıb.
Əhməd Nəqibzadənin fikrincə, Qərb, xüsusilə, ABŞ və İsrail böyük və klassik bir müharibəyə girmək əvəzinə mərhələli, ağıllı və hədəfli bir strategiya izləyir:
"Bu strategiyanın məqsədi ölkəni tamamilə məhv etmək deyil, əsas qərarvericiləri təsirsiz hala gətirmək, rejimin strateji infrastrukturunu zəiflətmək və İran İslam Respublikasını elə bir çıxılmaz vəziyyətə salmaqdır ki, klassik müharibə olmadan süquta uğrasın, Sovet İttifaqında olduğu kimi".
Nəqibzadə İslam Respublikasını açıq şəkildə Sovet İttifaqına bənzədir.
"Mən əvvəllər də demişəm ki, İran İslam Respublikasının dağılması Sovet İttifaqına bənzər şəkildə ola bilər. O vaxtdan bəri onlar daim "Ayətullah Qorbaçov"u axtarmaqdadırlar..."-deyə, o, bildirib.
Siyasi elmlər üzrə ekspert həmçinin İslam Respublikasının idarə üsulunun kommunist rejimlərə bənzədiyini bildirib: "İslam Respublikasının fəaliyyəti kommunist rejimlərə çox bənzəyir. İnsan hakimiyyətin zirvəsinə çıxmaq üçün yoldaşlarının üzərinə basaraq irəliləyir və zirvəyə çatdıqda istədiyini edir".
İranlı ekspert həmçinin bildirib ki, hakimiyyətin bir əldə cəmlənməsi dəyişikliklərin aparılması üçün böyük maneə təşkil edir.
"Mənim gördüyüm budur ki, ölkədə hər kəs danışıqların tərəfdarıdır və bir nəfərdən başqa hamı anlayıb ki, başqa yol yoxdur... O da Əli Xameneyidir" -deyə, ekspert vurğulayıb.
Nəqibzadə deyib ki, hökumətlə xalq arasında misli görünməmiş bir məsafə yaranıb. O, bildirib ki, bu məsələ hakimiyyətin legitimliyini zəiflədir.
Əli Xamneyi və onun müşavirlərinin Qərb ilə danışıqlardan çəkinməsi məsələsinə toxunan ekspert deyib ki, hakimiyyət danışıqlar nəticəsində daxili müxalifətin dilinin uzanmasından qorxur.
"Danışıqlar nəticəsində Qərbin istəklərinə təslim olmaq İran rəhbərliyinin nüfuzunun azalmasına gətirib çıxaracaq. Bu halda isə onlar "müharibədə məğlub olmağa və məhv olmağa üstünlük verirlər".
Professor yaxın gələcəkdə rejimin tam çıxılmaz vəziyyətə düşəcəyini proqnozlaşdırıb.
"Düşünürəm ki, bir il sonra bu vaxtlar İran İslam Respublikası ən çıxılmaz vəziyyətində olacaq və onun baza və strateji mərkəzləri hədəfə alınacaq" -deyə, o, qeyd edib.
Nəqibzadə həmçinin Moskvanın İranla Qərb arasında hər hansı sazişə təsiri haqqında da diqqətçəkən məqamlara toxunub. O, Rusiyanın İranda dəyişikliklərin qarşısını almaq və Qərbə yaxınlaşmanı əngəlləmək üçün ciddi nüfuzu olduğunu bildirib.
"Moskva, İranla Qərb arasında münasibətləri yaxşılaşdırmaq niyyətində olan hər kəsi səhnədən uzaqlaşdırır. İranla Qərb arasında məsələ Rusiyanın vasitəsi ilə əsla həll olunmayacaq"-deyə, o, əlavə edib.