Qafqaz Universitetlər Birliyi təsis olunub
22 May 2013 13:38 SosialTürkiyənin Ərdahan Universitetində Türkiyə, Azərbaycan, Gürcüstan, İran və Rusiyadan 21 universitet rəhbərinin imzası ilə Qafqaz Universitetlər Birliyi təsis olunub. Azərbaycan Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev, Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç, Naxçıvan Dövlət Universitetinin prorektoru, professor Xanəli Kərimli və Naxçıvan Özəl Universitetinin prorektoru, dosent İbrahim Kazımbəylinin də iştirak etdikləri imzalama mərasimindən sonra konfrans keçirilib. Ərdahan Universitetinin rektoru Aşık Şənlik bildirib ki, Birliyin yaradılması universitetlər arasında təcrübə mübadiləsi, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi baxımından çox mühümdür.Türkiyə Yüksək Təhsil Qurumunun sədri Yusuf Ziya Özcan təmsil olunduğu hökumətin Qafqaz Universitetlər Birliyinə böyük əhəmiyyət verdiyini, bu qurumun Qafqaz coğrafiyasındakı ali təhsil ocaqları arasında əməkdaşlığı gücləndirəcəyini deyib. Bildirilib ki, Şimali Qafqaz respublikalarının bu prosesdə iştirakının təmin olunması üçün də addımlar atılır. Hələlik Rusiya Federasiyasının Çeçenistan Respublikasının universiteti proqram çərçivəsində əməkdaşlığa qoşulub. Ukraynanın Krım Muxtar vilayəti də birliklə əməkdaşlıq edir. Mübadilə proqramının əhatə dairəsinin genişləndirilməsi də nəzərdə tutulur. ("OLAYLAR"İA)