“Vətənpərvərlik, milli hisslərin təbliği son dərəcə önəmlidir”
Vüqar Zifəroğlu: “Bu tarixi əraziləri 5 yerə parçalanmış, 20 faiz torpaqları işğal altında olan bir ölkə üçün isə, ümumiyyətlə həyati əhəmiyyət daşıyır”
19 Yanvar 2015 16:32 Sosial"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlunun "OLAYLAR"-a müsahibəsi
-Vüqar bəy, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi üçün ilk mərhələdə hansı addımların atılmasını zəruri sayardınız?
-Təbii ki, ilk növbədə maarifləndirmə lazımdır. XXI əsr dünyanın qloballaşaraq, cəmiyyətlərin biri-birilərinə inteqrasiyası əsridir. Marşall Maklyuenin qlobal kənd nəzəriyyəsini yadımıza salaq. Kommunikasiya texnologiyalarının inkişafı, informasiya cəmiyyətinə keçid, hamımızı içinə alan vahid bir məkan formalaşdırmaqdadır. Bu təbii prosesdir və bundan qaçmaq, buna qarşı getmək mümkün deyil. Təbii ki, bunun müsbət tərəfləri olduğu kimi, məsələn, xalqların inteqrasiyası və biri-birilərini daha yaxından tanımaları, onların öz mədəniyyətlərini təbliğ etmələri üçün geniş imkanların açılması, multikulturalizm ənənələrinin formalaşması kimi, mənfi tərəfləri də var. Və mənfi tərəfi daha iri dövlətlərin öz mədəniyyətlərini yaymaq adı ilə mədəni-sosial ekspansiya aparmalarıdır. Bu gün qərb həyat tərzi mediadan tutmuş, adi qida mədəniyyətimizə qədər öz təsirini göstərməkdədir. Adi primitiv misal çəkim. Bu gün Azərbaycanda kola içənlərə ayran içənlərin nisbəti nə qədərdir? Bütün bu amillər bizə primitiv, mənasız görünə bilər. Amma bir ciddi məqam var: Hər milləti millət edən onun özünəməxsus cəhətləri, mədəniyyəti və dəyərləridir. Ailə institutundan tutmuş, adi qida, geyim tərzinə qədər bu ekspansiyanı hiss ediriksə, bu artıq ciddi siqnal deməkdir. Təsəvvürünüzə gətirin ki, qloballaşma nəticəsində dünya, Maklyuenin dili ilə ifadə etsək qlobal bir kəndə çevrilib. Və bu kəndin qonşuları dövlətlər və onları təmsil edən xalqlardır. Onların hər biri öz dəyərlərini təqdim edir. Lakin bu dəyərlərini nə dərəcədə tanıda bilirlər? Və ya onu müdafiə edirlər? Gənclik isə hər bir millətin gələcəyi, onun döyünən ürəyi, sabaha olan ümididir. Bu anlamda milli məfkurədən, milli təəssübkeşlikdən uzaq, panamerikan mədəniyyətinin təsiri və anql-sakson irqinin təsiri ilə böyüyən bir nəslə Qarabağı anlatmaq mümkündürmü? Və ya ona qədim dəyərlərimizi, yasalarımızı, adətlərimizi izah edə bilərikmi? O, bunu nə dərəcədə qəbul edər, anlayar? Məhz bütün bu amillər bizi məcbur edir ki, gənc nəslə daha artıq diqqət ayrılsın. Və burda söhbət heç də yalnız sosial diqqət və qayğıdan getmir. Dövlətimiz gənclərimizlə bağlı kifayət qədər bu cür proqramlar həyata keçirir və uğurlarımız da var. Amma biz - yəni cəmiyyət, ziyalılar, ictimaiyyət nümayəndələri də bu gənc nəsillə işləməli, onları maarifləndirməli, kökümüzdən uzaqlaşmağa qoymamalıyıq. Dəyərlər hər millətin simasıdır. Qloballaşma təkcə inteqrasiya deyil, eyni zamanda ciddi mədəni ekspansiyaya məruz qalaraq öz simanı itirməklə bir millət olaraq mövcudluğunu itirmək təhlükəsi də yaşamaq anlamını ifadə edir. Biz bu cür təhlükələrə qarşı hazır olmalıyıq.
-Ümumiyyətlə, bu istiqamətdə atılan addımlar, görülən işləri yetərli saymaq olarmı? Bu gün gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində atılan addımlar qaneedicidirmi?
-Şəxsən mənim fikrimcə, biz daha artıq iş görməliyik. Tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz, dəyərlərimiz sistemli şəkildə, uşaqlarda, yeniyetmələrdə və gənclərdə maraqla qarşılanacaq şəkildə, onların anlaya biləcəyi tərzdə təbliğ edilməlidir. Diqqət edin: onların anlaya biləcəyi şəkildə! Bu vacib məqamdır. Hər yaşın, hər nəslin öz "dili" var, bizlər bu dildən istifadə etməliyik. Burda başqa bir məqam odur ki, bu təbliğat elə şəkildə aparılmalıdır ki, onlarda müsbət fikir oyatmaq əvəzinə, əksinə ikrahla qarşılanmasın. Yəni hər şeyi qədərində və dəyərində etmək lazımdır. Vətənpərvərlik, milli hisslərin təbliği son dərəcə önəmlidir. Bu tarixi əraziləri 5 yerə parçalanmış, 20 faiz torpaqları işğal altında olan bir ölkə üçün isə, ümumiyyətlə həyati əhəmiyyət daşıyır. Bunun üçün isə, yalnız dövlətimizdən nəsə gözləmək düzgün deyil. Bir daha təkrar edirəm: bizim hər birimiz bu işdə öz töhfələrimizi verməliyik. Mənəvi dəyərlər hər millətin özünəməxsusluğunu ortaya qoyan və milli kimliyi təsbit edən başlıca meyarlar toplusudur. Dəyərlərdən uzaqlaşmaq, milli kimliyini itirmək, səni bir millət olaraq özünəməxsus xüsusiyyətlərinə görə fərqli edən cəhətlərindən uzaq düşmək deməkdir. Dövləti formalaşdıran millət faktorudur. Bir dövlət onu quran millətin maraqlarının təminatçısıdır. İndi təsəvvürünüzə gətirin ki, əgər bir millət öz dəyərlərinə sahib çıxa bilməyərək, digər mədəni təsirlər altında əriyər və yox olarsa, o zaman bu ölkənin mövcudluğunu şərtləndirən sosial-siyasi şərtlər ödənilərmi? Bu səbəbdən birmənalı şəkildə vurğulamaq olar ki, milli-mənəvi dəyərlərin qorunması ölkənin, cəmiyyətin inkişafı və eləcə də təsirlərdən, hər cür mədəni ekspansiyadan qoruması baxımından son dərəcə əhəmiyyətlidir.
-Konkret olaraq siz gənclərdə vətənpərvərlik hisslərinin tərbiyyəsi istiqamətində hansı addımların atılmasını zəruri sayardınız?
- İlk növbədə ailə dəyərlərimiz və dövlətçilik tariximizin düzgün şəkildə təbliği məsələsinə diqqət ayırmaq lazımdır. Ümumiyyətlə tariximiz və tarixi şəxsiyyətlərimizlə bağlı qırmızı cizgilər müəyyənləşdirilməlidir. Bu gün XXI əsrdə Azərbycan adının qədim olub-olmadığı və ya Babəkin, Şah İsmayılın Azərbaycan və türk tarixində oynadığı müstəsna rollar müzakirə predmetinə çevrilməməlidir. Bunlar bizim dəyərlərdir. Onları təbliğ etmək və əksinə, dünyaya tanıtmaq əvəzinə öz aramızda lüzumsuz və mənasız müzakirələr açmaqla, elə gənclərdə və ya müəyyən qədər məlumatsız insanlarımızda çaşqınlıq yaratmış oluruq. Gənc nəsil bizim dövlətçilik tariximizi bilməlidir. Gənc nəsil bizim hökmdarlarımızı tanımalıdır. Gənc nəsil, dünya mədəniyyətinə və elminə son dərəcə böyük töhfələr vermiş Türk millətinin bir hissəsi olan bzlərin dünya tarixində və mədəniyyətində oynamış olduğu rolumuzu bilməlidir. Aydın şəkildə, əsaslandırılmış şəkildə. Bu səbəbdən də görüləcək işlərimiz çoxdur.
-Rəhbərlik etdiyiniz mərkəzin bu sahədəki töhfələri, nəzərdə tuduğu layihələr nədən ibarətdir?
-24 aprel 2004-cü ildə "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunu yaradarkən elə məqsədimiz, gənclər arasında dəyərlərimizi, tarixi keçmişimizi təbliğ etmək, dövlətimizə töhfələr vermək məqsədi ilə müxtəlif istiqamətlərdə araşdırmalar aparmaq olub. Diqqət etsəniz görərsiniz ki, elə birliyimizi yaratdığımız tarix də simvolik xarakter daşıyır: Qondarma erməni soyqırımı günü. 2003-cü ildə Ceyhun Bayramlı ilə birgə ilk tərcüməmiz nəşr olundu: "Ön və Orta Asiya türklərinin tarixinə dair dörd anonim mənbə" kitabı. O kitabda indiyə qədər Azərbaycan türkcəsinə tərcümə edilməmiş dörd anonim mənbənin tərcüməsini təqdim etmişdik. Onlardan biri də XVIII əsrə aid olan anonim erməni xronikası idi. Həmin mənbədə Nadir şah Əfşara erməni baxışı ortaya qoyulurdu. Çox gözəl mənbədir, hətta erməninin belə Nadirə ehtiramla yanaşmasını orada görürük. Sonra Ceyhun Bayramlının "Hanı dediyim bəy ərənlər" kitabını çap etdik. Azərbaycan türklərinə məxsus bəylik meyarları ilə bağlı publisistik düşüncələri özündə əks etdirən kitab idi. 2009-cu ildə mənim tərcüməm əsasında "X əsr yəhudi-xəzər yazışması" nəşr olundu. Şərqşünas Kokotsevin tərcüməsi əsasında hazırlamışdım. Xəzər xaqanı Yusifin yəhudi sefarodunun rəhbəri Xasday ibn Şafrudla yazışmalarını özündə əks etdirir. Həmin tərcümədə tariximizlə bağlı çox maraqlı məqamlar var və ilk dəfədir ki, dilimizə tərcümə edilirdi. Onu da vurğulamaq istərdim ki, mənim tərcüməm əsasında Türkiyədən olan dostlarımız da həmin əsəri Anadolu türkcəsinə uyğulayaraq çapa hazırlamışdılar. Daha sonra Ceyhun Bayramlının 2010-cu ildə "Dastan ədəbiyyatımıza kənar təsirlər", 2011-ci və 2014-cü illərdə isə "Babək və Hürrəmilik (yalanlar və gerçəklər)", "Təhrif edilmiş tarix: Babək və hürrəmilər olduğu kimi" kitabları çap olundu. Milli qəhrəmanımız Babəklə bağlı bu kitablar ümumiyyətlə böyük səs-küyə səbəb oldu. Çünki biz burada Babəkə sovet ideologiyasının illərlə bizə sırıdığı pəncərədən deyil, müstəqil dövlətin tarixşünaslığı pəncərəsindən nəzər yetirdik. Kitabda 50-yə yaxın orta əsr mənbəsinə istinad olunub. 2012-ci ildə mənim müəllifi olduğum "Media imperiyası" kitabı nəşr edildi. Monoqrafiyada müasir dövrümüzün aktual mövzularından biri olan media korporasiyaların qlobal informasiya məkanına təsiri problemi araşdırılıb. Əsərdə XXI əsrin əvvəllərində dünya jurnalistikasının inkişafında müşahidə olunan ziddiyyətli məqamlar nəzərdən keçirilir, media korporasiyalarının informasiya məkanına təsiri və inhisar problemi faktoloji materiallar əsasında təhlil edilir. 2013-cü ildə isə "Sirr" romanım nəşr edildi. Romanda nəql edilən hadisələr 10-cu əsrdə baş verir. Əsərdə bir sıra tarixi məqamlara, o cümlədən 970-ci illərdə Slavyan tayfaları arasında gedən münaqişələrə də diqqət yetirilib. Knyaz Svyatoslav, onun oğlu Vladimir kimi tarixi obrazlar əsərdə yer alıb. Xəzərlərin faciəli sonluqla bitən xəyanətlərlə zəngin süqutuna yeni bir baxış sərgilənib. 4000 ildən artıqdır Yaxın Şərqdə bitməyən savaşın mahiyyəti ilə bağlı yeni versiya ortaya atılıb. 2014-cü ildə daha bir aktuallığı ilə seçilən əsər təqdim etdik. Bundan əlavə birliyimiz mütəmadi şəkildə müxtəlif mövzularda araşdırma və analitik məqalələrlə çıxış edir, ekspert qismində müxtəlif tədbirlərdə iştirakımız olur. Ümumiyyətlə bu təşkilatı yaradarkən məqsədimiz sırf millətimizə maariflənmə sahəsində yardım etmək və dövlətimizə əlimizdən gələn qədər dəstək vermək olub. Kitablarımızı da öz maliyyə vəsaitimiz hesabına dərc etmişik.V əbu zaman heç bir maddi qazanc güdməmişik. Bunu özümüzə borc bilmişik. Hazırda başqa bir sıra maraqlı layihələrimiz də var ki, İnşaallah onları da tezliklə təqdim edəcəyik. Əminəm ki, onlar da ən az yuxarıda adlarını sadaladığım araşdırmalar qədər maraqla qarşılanacaq.
-Ali baş komandan, cənab prezidentin Silahlı Qüvvələrlə bağlı verdiyi sərəncam və fərmanlar, əsgər və zabitlərimizə göstərdiyi diqqət gənclərdə vətənpərvərlik hisslərinin artmasına nə dərəcədə təsir göstərir?
-Birbaşa təsir göstərir. Bütün bunlar hamısı istər milli vətənpərvərlik hisslərinin güclənməsinə, istərsə də vətənə, bayrağa olan sevgi hissinin formalaşmasına birbaşa təkan verən amillərdir. Ümumiyyətlə hərbi sahədə uğurlar, Ali baş komandanın Silahlı Qüvvələrlə bağlı verdiyi sərəncam və fərmanlar birmənalı şəkildə Azərbaycanda hərbi vətənpərvərlik ruhunun yüksəlməsinə təkan verən amildir. Diqqət edin: hərbi sahədə son zamanlar əldə etdiyimiz uğurlar gənc və ortayaşlı nəsildə necə müsbət təsir oyatmaqdadır. Keçən ilin avqust hadisələrini yadınıza salın. Yüzlərlə gənc müdafiə nazirliyinə rəsmən müraciət etdi ki, könüllü şəkildə hərbi xidmətə qatılmaq istəyir. Bu ruhdur! Və biz bu ruhun daha da böyüməsi, güclənməsi üçün yalnız dövlətdən, cənab Prezidentdən hansısa addımları atmasını gözləməli deyilik. Bizlər də öz fəaliyyətimizlə dövlətimizə dəstək olmalıyıq. Azərbaycan bir əsrdə iki dəfə şəhid qanları və milli mücadilə yolu ilə böyük çətinliklərlə müstəqilliyini qazanmış bir ölkədir. Bunun qədrini bilməliyik.
-Sizcə, bu istiqamətdə daha çox reklam çarxlarının hazırlanması məqsədəuyğun olmazmı?
- Reklam çarxları deyil, sosial çarxlar hazırlanmalıdır. Dünyanın hər yerində bu praktikadan istifadə edilir. Ümumiyyətlə, hərbi-vətənpərvərlik, milli dəyərlərimizlə bağlı PR texnologiyalarından geniş istifadə edilməlidir. Sosial çarxlar da burda ən vacib detallardan biridir. Son dərəcə peşəkar şəkildə hazırlanmış bir çarx və ya hər hansı bir PR kompaniyası, böyük nəticələrə təkan verə bilər. Bir daha təkrar edirəm, Avropada, ABŞ-da bu texnologiyalardan geniş istifadə edilir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir