“AKKORD”dan Azərbaycana zərbə, Bakı-Quba yolu yenidən çökdü

70 il “təminatı” olan 1 illik yol

3 il əvvəl Azərbaycana milyonlar bahasına başa gələn Bakı-Quba-Rusiya yolu yenidən çöküb. "AKKORD" Şirkətlər Qrupunun tikintisini həyata keçirdiyi beynəlxalq əhəmiyyətli bu yol son üç ildə ikinci dəfə çöküb. Yol Nəqliyyat Nazirliyinin sifarişi ilə inşa edilib. 146 kilometrlik yolun 134,5 kilomteri "Akkord" Şirkətlər Qrupunun təşəbbüsü ilə betondan inşa edilmişdi. Yol istifadəyə veriləndə Nəqliyyat Nazirliyi bu yolun 70 il davamlı olacağı barədə bəyanat yaymışdı. Çünki yol əməlli-başlı xərc aparmışdı. Yolun tikintisi 147 milyon manata başa gəlmişdi. Daha doğrusu, yolun tikintisinə ilkin mərhələdə 136 milyon manat ayrılsa da, sonradan bu məbləğ daha 11 milyon manart artırıldı. Beləliklə, adı çəkilən, beynəlxalq əhəmiyyətli bu magistralın bir kilometri Azərbaycana 1,1 milyon manata başa gəldi. Layihədə yolun beton örtüyü xüsusi istilik sistemilə quraşdırılmalı olsa da, sonradan bu ideya reallaşmadı və elə adi beton örtüklü yol çəkildi və istifadəyə verildi.

Kilometri 1 milyona olan 1 illik yol

Açılışdan bir il sonra "AKKORD"un inşa etdiyi bu yolda iri çatlar əmələ gəldi. Bəziləri yolun çökəcəyini proqnozlaşdırsalar da, rəsmi qurumlar və tikintini həyata keçirən "AKKORD" yolda heç bir problemin olmadığını dedilər. Nəqliyyat Nazirliyi beton plitələrdə əmələ gələn çatları  adi bir yoldakı çatlar kimi qiymətləndirdi. Amma hadisədən bir  neçə ay sonra yol qəfil çökməyə başladı. Çökmələr əsasən yolun Bakı-Sumqayıt istiqamətində başlandı. Bir ay ərzində həmin ərazidə yol tam yararsız vəziyyətə düşdü. Hadisədən xəbər tutan Nəqliyyat Nazirliyi və "AKKORD" Şirkətlər Qrupu yolun bir hərəkət hissəsini bağlayıb orada təmirə başladılar. Çökən hissələr qazıldı, yolun beton döşəməsinin altına armatur toxunmalar tikildi və sonradan ərazi yenidən betonlandı. Bu əməliyyat yolun çökmüş və çökməkdə olan 15-20 yerində aparıldı. Sonradan məlum oldu ki, beton yolun tikintisində istifadə olunmaq üçün nəzərdə tutulan armatur toxunmalar satılıb və yol adi beton qarışıqla inşa olunub. Buna görə də yol hərəkət edən ağırtonluq yük maşınlarına tab gətirməyib çöküb. Amma problem bununla bitmədi. "AKKORD" həmin yolu bütünlüklə armatur toxumalarla tikmədiyi üçün  magistralın digər hissəsində çökmələr başladı. Artıq daha bir neçə yerdə bu cür hallar yarandı və "AKKORD" Nəqliyyat Nazirliyi ilə birlikdə bu yolu əvvlki kimi yamamağa başladı.

Son bir ayda isə yolun daha bir hissəsi, Siyəzən rayonundan keçən ərazi tamamilə bərbad günə düşüb. Beton yolun Siyəizən ərazisindən keçən hissəsindən ümumiyyətlə keçmək mümkün deyil. Kilometri 1 milyon manata başa gələn yolda artıq hərəkət etmək mümkünsüz olub. Təxminən həmin ərazidə 1 kilometrdən çox hissə tam yararsız vəziyyətdədir. Bir sözlə, beton yol tam olaraq sıradan çıxıb. Siyəzəndə elə bir vəziyyət yaranıb ki, hətta bu yolun beton layihəli yol olmasını sübut edən heç nə qalmayıb. Beton örtüyü tam dağılan yolu yağış suları daha da bərbad vəziyyətə salıb, yol palçıqdan keçilməz vəziyyətə düşüb. Nəqliyyat Nazirliyi və "AKKORD" şirkətlər qrupu isə hələ ki bu yolun bərpasına baş aparmaq istəmir.

"AKKORD"un Azərbaycana vurduğu külli miqdarda ziyan

Təsəvvür edin ki, Qafqazda ən baha qiymətə başa gələn, dünyanın ən bahalı yolları sırasında adı çəkilən Bakı-Quba-Rusiya yolu bu gün dünyanın ən sonuncu məhəllə yolunu xatırladır.  Bu yola ayrılan vəsaitin naməlum şəraitdə yoxa çıxması yoldakı vəziyyətdən açıq-aydın bilinir. Bu qiymətə asfalt örtüklü yol Azərbaycandan əvvəl İstanbulda inşa edilib. Azərbaycan isə bu yolun daha müasir və dözümlü variantını reallaşdırmaq istədi və yol asfhalt ötrükdən deyil, betondan çəkildi. İstanbulda 121 kilometr uzunluğu olan bu yol Bakıda çəkilən beton yoldan  2 il əvvəl 120 milyon avroya başa gəldi. Amma hazırda həmin yolda heç bir dəyişiklik yoxdur və yol istifadəyə verildiyi vəziyyətdə də qalıb, istifadədədir. Bu yolun bir kilometri Türkiyə Cümhuriyyətinə 1 milyon manatdan da ucuz başa gəlmişdi və ayrılan vəsait təyinatı üzrə xərcləndiyindən yolda heç bir problem olmadı. Türkiyədə həmin yolu inşa edən şirkət bu yola 55 il təminat verib. Amma Azərbaycanda həmin yoldan da baha başa gələn beton yol iki ildən sonra sıradan çıxdı. Niyəsini demirəm ona görə ki, bunun ən yaxşı "sirri"ni Nəqliyyat Nazirliyi və "AKKORD" Şirkətlər Qrupu bilir. Çünki həmin vəsait bu iki qurumun əlində cəmləşib, yola cavabdeh də həmin qurumlardır. Bu qurumlar isə yol pis vəziyyətə düşdükcə, sərnişin və sürücülər aylarla əziyyət çəkəndən sonra bu yolun çökən hissəsini bir az malalayır, taleyi məlum olmayan yüz milyonlarla manatın "üstünü örtür". Hələ ki, bu proses gedir. Amma belə getsə, yaxın bir ildə həmin 147 kilomtrlik beton yol yenidən tikilməli olacaq. Çünki, bu yolun təmirə ehtiyacı çoxdan keçib və yol təmirlik deyil. Amma bu yolun yenidən tikilməsinə artıq 146 milyon deyil, 200-300 milyon manat xərclənəcək. Hamısı da "AKKORD"la Nəqliyyat Nazirliyinin bəzi "başbilənlər"inin səhlənkarlığı üzündən. Bu nöqsanlar üzündən Azərbaycan büdcəsi 200 milyon manatını itirdi, kimlərsə qazandı. Amma yenə sonda əziyyət çəkən həmin yolla hərəkət edən sadə camaat oldu. Azərbaycan dövlətinin büdcəsindən Azərbaycan xalqının rifahı naminə ayrılan 200 milyon manata yaxın vəsait hansısa iki-üç məmurun səhlənkarlığı və tamahının qurbanı oldu.

Samir Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31