Paşinyan rəqiblərini sıradan çıxarmağa çalışır?- Ermənistanda həbslərin pərdəarxası- ÖZƏL

Ermənistanda "Güclü Ermənistan" partiyasından Stepanavan şəhər merliyinə namizəd Arsen Qevorqyan və partiyanın 14-ə yaxın üzvü və tərəfdarı saxlanılıb. Deputat Areqa Ovsepyan həbsləri Paşinyan hakimiyyətinin siyasi təqibi kimi qiymətləndirib.

Ermənistanda müxalif partiya üzvlərinin, o cümlədən merliyə namizədin saxlanılması Paşinyan hakimiyyətinin daxili siyasi vəziyyətə nəzarəti gücləndirmək cəhdi kimi qiymətləndirilə bilərmi? Bu həbslər Ermənistanda qarşıdan gələn siyasi proseslərə və müxalifətin hakimiyyətə qarşı mübarizə imkanlarına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:

" İndiki məqamda,  Ermənistandakı bu həbslər birmənalı qarşılana bilməz və qarşılanmırlar. Çünki həbsləri həyata keçirən rəsmi qurumların məlumatlarına baxsaq, onlar təbii ki, səbəb kimi həmin şəxslərin müxtəlif vaxtlarda törətdikləri, cinayət tərkibli hadisələrə əsas gətirəcəklər. Ancaq bəllidir ki, burada məqsəd sadəcə onların cinayətkar əməllərinin qarşısını almaq deyil.
Bu məsələnin başqa bir tərəfi, başqa bir nüansı da ondan ibarətdir ki, hakimiyyət özünə qarşı potensial rəqiblərini aradan qaldırır. Ola bilsin ki, hakimiyyət mövcud rəqiblərinin seçki yolu ilə hakimiyyəti ələ almaq və yaxud da fərqli mövqelərdən səsvermə nəticəsində qalib gəlmək imkanlarını ciddi təhlükə kimi qiymətləndirmir. Ancaq az da olsa, onların tərəfdarlarının olması hakimiyyətdə müəyyən risklərə qarşı əvvəlcədən tədbir almaq duyğusunu, refleksini ortaya çıxarır ki, bu da həbsləri zəruri edir.
Həmin şəxslərdən hər hansı birinin yol verdiyi nöqsanlar və törətdikləri cinayət tərkibli əməllər onlara qarşı həbslər də daxil olmaqla, müxtəlif tədbirlərin görülməsinə imkan yaradır.
Mənə elə gəlir ki, bu geosiyasi şəraitdə Paşinyan hakimiyyəti Türkiyə ilə sərhədləri açmağa çalışır. Paşinyan qeyd edir ki, Azərbaycanla sülh müqaviləsi imzalamaq da onlar üçün prioritet məsələlərdən biridir.
Belə bir reallıqda, yəqin ki, Ermənistan hakimiyyəti hesablayır ki, 200 ildən çoxdur, hətta 300 ilə yaxın bir dövrdə ermənilərin beyninə yeridilmiş "türk düşməndir", "türk öldürülməlidir", "türkdən dost olmaz", "türkü harada gördüksə, məhv etməliyik" və s. kimi xəstə xülyaların arxasınca gedən bu zehniyyət indiki proseslərə zərbə vura bilər. Həmin düşüncənin ardınca gedənlər seçki yolu ilə, yəni çoxlu səs toplamaqla hakimiyyəti ələ ala bilməsələr də, müxtəlif mövqelərdə təmsil oluna bilməsələr də, bu, ermənilərin daxilində çatışmazlıq və qarşıdurma yarada bilər. Ona görə də bu razılaşmalara gedilən ərəfədə hakimiyyət bir növ öz rəqiblərindən yaxa qurtarmağa çalışır. Bu məsələnin bir tərəfi də var. Digər tərəfi və mənə görə, əsas hesab etməli olduğumuz məqam isə Paşinyanın sırf siyasi rəqiblərini bir-bir sıradan çıxarmaq niyyətidir. Çünki yenə seçkilər keçiriləcək və yeni seçkilərdə Paşinyanın nüfuzu artacaq. O, 2018-ci ildəki Paşinyan deyil. Nəticə etibarilə, onun partiyasına və özünə olan inam da azalır. Alternativ qüvvələr ön plana çıxır. İndi Paşinyanın həyata keçirdiyi bu addımlar onların həm nüfuzuna zərbə vurur, həm də de-fakto və de-yure onları özünə rəqib kimi aradan qaldırmağa xidmət edir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31