“Suriyada azərbaycanlılar heç nəyə görə canlarından keçirlər”-FİKİR
Vüqar Zifəroğlu: “Yaxın Şərq elə bir bölgədir ki, orada baş verən hadisələrin ssenarisi Yaxın Şərqdə geosiyasi maraqları olan böyük dövlətlər tərəfindən qurulub”
3 Fevral 2014 14:18 SiyasətSon günlər Suriyada həlak olan azərbaycanlılarla bağlı aldığımız xəbərlərin ardı-arası kəsilmir. Həmvətənlərimizi Suriyada döyüşməyə vadar edən qüvvələr hansılardır? Müharibə şəraitində yaşayan bir ölkənin vətəndaşlarının başqa bir ölkədə məramı məlum olmayan döyüşlərdə həlak olması çox təəssüfedicidir. Sözü gedən məsələ ilə bağlı "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu fikirlərini "OLAYLAR"a bildirib.
Vüqar Zifəroğlu qeyd edib ki, İslamda müəyyən qeyri-ənənəvi cərəyanlar var ki, onlar bu gün Azərbaycanda da mövcuddur. Onlar öz auditoriyalarında, öz qruplaşmaları arasında müəyyən tədqiqatlar aparır və bu təbliğatlarla da cihada çağırış edirlər. Onların öz fikirlərinə görə bu, cihaddır. İslama görə də cihadda şəhid olanların cənnətlə müjdələnməsi məsələsini önə çəkirlər və bunu cihad kimi qəbul etdiklərinə və etdirdiklərinə görə burdakı gənclərimizi də belə təqiblərə məruz qoyaraq Suriyaya aparırlar və nəticədə onlar orada heç nəyə görə canlarından keçirlər.
Siyasi şərhçi Vüqar Zifəroğlu Suriyada baş verən hadisələrə də toxunub: " Suriyada baş verən proseslər bir növ xarici dövlətlərin də iştirak etdiyi bir geosiyasi çəkişmədir. Burada iri dövlətlərin maraqlarının toqquşması prosesi gedir, burada böyük dövlətlərin oyunları var. Eyni zamanda İranın oyunu var, eyni zamanda Rusiyanın oyunu var, ABŞ-ın oyunu var, Türkiyənin müəyyən maraqları var, eyni zamanda ərəb ölkələrinin müəyyən maraqları var. Bütün bu qarşıdurmalarda müəyyən qrup o cərəyanlardan, müəyyən qrup o hərəkatlardan istifadə edilir".
Vüqar Zifəroğlu azərbaycanlıların Suriyada döyüşməsini ürəkağrıdıcı fakt kimi qiymətləndirib: "Bu gün 20 faiz torpaqları işğal altında olan bir dövlətin vətəndaşının gedib hansısa ölkədə qarşıdurmalarda iştirak etməsi ürəkağrıdıcı və narahatçılıq doğuran bir faktordur".
Suriyada baş verən hadisələrdə təkcə dövlətlərin deyil, eyni zamanda onların dəstəklədiyi dini qruplaşmaların da maraqlarının olduğunu qeyd edib: "Yaxın Şərq elə bir bölgədir ki, orada baş verən hadisələrin ssenarisi Yaxın Şərqdə geosiyasi maraqları olan böyük dövlətlər tərəfindən qurulub. Ümumiyyətlə Yaxın Şərqin tarixinə də nəzər yetirsək görərik ki, Yaxın Şərqdə baş verən münaqişələrdə təkcə dövlətlər deyil, eyni zamanda onların dəstəklədiyi dini qruplaşmalar da aktiv şəkildə iştirak edirlər. Bu, Yaxın Şərqin özünün spesifik xüsusiyyəti ilə bağlı olan bir məsələdir. Təbii ki həmin qurumların da hər biri hansısa bir xarici dövlət tərəfindən dəstəklənir".
Sevda Qurbanqızı