“Prezident İlham Əliyevin Türkiyəyə səfər təşəbbüsü...”

Vüqar Zifəroğlu: “Azərbaycanın qardaşlıq, həmrəylik addımı ataraq, istənilən hallarda Türkiyənin yanında olduğunu açıq şəkildə bütün dünyaya nümayiş etdirməsi deməkdir”

Türkiyə dövləti, onun yürütdüyü siyasəti başlıca hədəf seçən terrorizm bu dəfə də qismən istəyinə nail oldu. Belə ki, terrurçu şəbəkə daha bir terror aksiyası həyata keçirməklə həm onlarla insanın həyatına son qoydu, həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana nəzərdə tutulan növbəti səfərinə əngəl yaratdı. Ancaq Azərbaycandan alınan xəbər Türkiyəni hədəf seçən terrorçu qruplaşmalar üçün əsl şok effekti yaratdı. Belə ki, Ərdoğanın Azərbaycana səfər mümkünsüzlüyünü nəzərə alan Prezident İlham Əliyev buna qarşılıq olaraq Türkiyəyə səfər etməyi məqbul saydı. Azərbaycan rəhbərliyinin ortaya qoyduğu iradə bir növ terrorçu şəbəkə üçün əsl terror effekti sayıla bilər. Bununla Azərbaycan Prezidenti həmçinin rəsmi Bakının terrora böyun əyməyəcəyini nümayiş etdirmiş oldu. Eyni zamanda hər zaman Türkiyənin yanında olduğu mesajını bir daha dünyaya çatdırdı. Məlumat üçün qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın Bakı səfərinin əsas məqsədlərindən biri də Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak etmək idi. İndiki halda Azərbaycan Prezidenti İlham Əliyev siyasi iradə nümayiş etdirərək iclasın Türkiyədə keçirilməsini məqbul sayıb.

"Oğuz" Müstəqil Araşdırmalar Qrupunun rəhbəri, siyasi şərhçi Vüqar Zifəroğlu deyir ki, Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasının Bakı əvəzinə Ankarada keçirilməsi təşəbbüsünün Azərbaycan prezidentindən gəlməsi isə faktiki olaraq, Azərbaycanın bir qardaşlıq, həmrəylik addımı ataraq, istənilən hallarda Türkiyənin yanında olduğunu açıq şəkildə bütün dünyaya nümayiş etdirməsi deməkdir: "Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı. Bu Azərbaycanın, Azərbaycan prezidentinin Türkiyə ilə həmrəy olduğunu ən açıq şəkildə göstərən bir jestdir və bir daha bu iki ölkənin nə qədər bir-birinə yaxın və qardaş ölkə olduğunun ən bariz nümunəsidir. Ehtimal etmək olar ki, səfər əsasında qaldırılacaq məsələlər də hərtərəfli və çoxşahəli olacaq". Vüqar Zifəroğlunun sözlərinə görə, Azərbaycanla Türkiyənin münasibətləri çoxvektorludur və əminliklə demək olar ki, iqtisadi məsələlər - "Şahdəniz" yatağı və TANAP layihəsinin sürətlənməsindən tutmuş, postSovet məkanında baş verənlər, Yaxın Şərq, eləcə də Rusiya və İranın aktivliyi ilə bağlı bir çox məqamlar da hər iki qardaş ölkə prezidentlərinin müzakirə predmeti ola bilər". Mərkəz rəhbəri onu da hildirib ki,Türkiyədə istər fevral, istərsə də bu günlərdə baş verən terror aksiyasının başlıca hədəfi Türk milləti və Türkiyə dövlətidir: "Baş verən terror aksiyasını Türkiyə dövlətinin son günlərdə apardığı antiterror əməliyyatlarına və eləcə də Yaxın Şərq siyasətinə adekvat reaksiya, cavab olaraq qiymətləndirə bilərik. Ard-arda Ankaranın hədəf seçilməsinin özü Türkiyəni bir dövlət olaraq təhdid etmək mesajıdır ki, bu da təbii ki, rəsmi

Ankaranı müəyyən güzəştlərə və yumşalmalara məcbur etmək xarakteri daşıyır. Bu terror aksiyasının təşkilində yalnız adı çəkilən etnik separatçı və sol-kommunist terror qruplarının deyil, eləcə də regionda maraqları olan və Türkiyə ilə hədəfləri üst-üstə düşməyən dövlətlərin marağı olduğunu söyləyə bilərik. Kürd kartını ən kəskin şəkildə yenidən gündəmə gətirmək və bununla da bütün mümkün vasitələrdən istifadə etməklə təzyiq aləti olaraq istifadə etmək başlıca məqsəddir. Eyni zamanda regionda marağı olan qüvvələrin bəziləri bu tip aksiyalardan faydalanaraq Suriyada realda imitasiya xarakterli olan atəşkəsin pozulmasında başlıca səbəbkar kimi Türkiyəni göstərməyi hədəfləyirlər. Unutmayaq ki, bu terror təşkilatları Türkiyəni istəməyən xarici qüvvələr üçün "silahdır" və həmin qüvvələr bundan maksimim yararlanmağa niyyətlidirlər". Vüqar Zifəroğlunun sözlərinə görə, Rusiyanın son 2 ayda kürd kartını maksimum dərəcədə qabartması fonunda Birləşmiş Ştatlar rəsmilərinin Türkiyə rəsmilərinə Suriyada kürdləri vuraraq, atəşkəsi pozmamaları üçün xəbərdarlıq etməsi və buna adekvat olaraq rəsmi Ankaranın türk xalqının özünümüdafiə hüququna sahib olmaları barədə kəskin bəyənatı buna əyani sübutdur: "Birmənalı şəkildə vurğulanmalıdır ki, Ankarada baş verən terror olayı, istər Suryada , istərsə də İraqda yeni proseslərin başlamasına təkan verəcək".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31