Azərbaycan iqtisadi inkişaf modeli yeni bir mərhələyə qədəm qoyur

İl ərzində dünyanın əksər ölkələrində baş verən iqtisadi və maliyyə böhranı Azərbaycana da təsirsiz ötüşmədi. Ancaq sevindirici hal ondan ibarətdir ki, Azərbaycan hökuməti zamanında atmış olduğu adekvat addımlar nəticəsində bu təsirlərdən minimumla çıxa bildi. Hazırda da qlobal iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı inkişaf tempini davam etdirir. Bəs görəsən bu inkişaf tendensiyası qarşıdan gələn ildə də davam edəcəkmi? Bu və digər suallarla Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyevlə söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə millət vəkili “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanın ölkə iqtisadiyyatının gələcək illərdə inkişafına verəcəyi töhfə, eləcə də bu sahədə görüləcək işlərdən də danışıb.

Rüfət Quliyev: "Qeyri-neft sektorunun inkişafı üçün həyata keçirilən məqsədyönlü tədbirlərin bir çoxu öz bəhrəsini verəcək"

"Böhranın fəsadları istehsalçıları məcbur edib ki, daha səmərəli və intensiv formada işləsinlər"

İl ərzində dünyanın əksər ölkələrində baş verən iqtisadi və maliyyə böhranı Azərbaycana da təsirsiz ötüşmədi. Ancaq sevindirici hal ondan ibarətdir ki, Azərbaycan hökuməti zamanında atmış olduğu adekvat addımlar nəticəsində bu təsirlərdən minimumla çıxa bildi. Hazırda da qlobal iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı inkişaf tempini davam etdirir. Bəs görəsən bu inkişaf tendensiyası qarşıdan gələn ildə də davam edəcəkmi? Bu və digər suallarla Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyevlə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə millət vəkili "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərmanın ölkə iqtisadiyyatının gələcək illərdə inkişafına verəcəyi töhfə, eləcə də bu sahədə görüləcək işlərdən də danışıb.

-Rüfət müəllim, 2016-cı il Azərbaycanın siyasi və iqtisadi həyatında nə ilə yadda qaldı. Başa vurmaqda olduğumuz ili necə dəyərləndirərdiniz?

-İlk növbədə onu qeyd etmək istəyirəm ki, 2016-cı ildə keçirilən Referendumda ölkə əhalisi möhtərəm Prezidentimizə və onun iqtisadi, siyasi və sosial sahədə yürütdüyü siyasət kursuna öz sadiqliyini və ona yüksək etimadını bir daha nümayiş etdirdi. 2016-cı il həm də onunla da yadda qalacaq ki, biz bu il də dünyanın bir çox ölkələrində tüğyan edən iqtisadi və maliyyə böhranının fəsadlarını hiss etdik. Bu, bizim üçün bir imtahan idi və zamanın sınağına məruz qaldıq. Neftin qiymətinin dəfələrlə ucuzlaşması, strateji partnyorlarımız olan ölkələrin milli valyutalarının devalvasıyası, idxal edilən mal və avadanlıqların qiymətlərinin bahalaşması, Amerika dollarının dəyərinin kəskin artması Azərbaycanda Ümumi Daxili Məhsulun 3 faiz civarında azalmasına, manatın ucuzlaşmasına, qiymətlərin bahalamasına səbəb olmuşdu və bu, qaçılmaz bir proses idi. Lakin yola salmaqda olduğumuz ildə də Azərbaycan iqtisadiyyatı dayanıqlı oldu. Mən hələ bir il bundan əvvəl qeyd etmişdim ki, Azərbaycan iqtisadi inkişaf modeli yeni bir mərhələyə-artımsız inkişafa qədəm qoyur. Bu mərhələdə istehsal prosesi davam edir, ancaq müəyyən obyektiv səbəblər üzündən artım baş vermir. Ancaq inkişaf var, bu da mövcud iqtisadi durum üçün xarakterikdir. Onu da qeyd etmək zəruridir ki, böhranın fəsadları istehsalçıları məcbur edib ki, daha səmərəli və intensiv formada işləsinlər. Yəni böhran bir növ iqtisadiyyatın gələcək inkişafına təkan verib. Tarix göstərir ki, böhrandan kəskin əziyyət çəkən ölkələr müəyyən dövrdən sonra inkişafa nail olurlar. Necə deyərlər, hər qaranlıq gecənin bir işıqlı gündüzü olur. Son bir ildə ölkə rəhbərliyi tərəfindən

iqtisadi islahatların sürətləndirilməsi üçün çoxsaylı sərəncam, Proqram xarakterli göstəriş və tövsiyyələr verilib ki, hazırda bunların həyata keçirilməsi istiqamətində gərgin iş gedir. Təbii ki, bütün bunların bəhrəsini görmək üçün müəyyən vaxt lazımdır və bu vaxt get-gedə yaxınlaşır. Ümumiyyətlə, 2016-cı ili Azərbaycan üçün heç də uğursuz hesab etmirəm və hesab edirəm ki, bu il gələcək uğurlarımızın təməl ili olub və yaxın gələcəkdə həmin təməlin üzərində ucalan iqtisadiyyatımızın irəriləyişini görəcəyik.

-Dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra manatın dollara nisbətən ucuzlaşması daha çox bank sektoruna öz mənfi təsirini göstərdi. Hazırda bu sektorda vəziyyəti necə xarakterizə edərdiniz?

-Çox düz qeyd edirsiniz ki, dünyada neftin qiymətinin 3-4 dəfə azalması bütün sahələr kimi bank sektoruna öz mənfi təsirini göstərdi. Dolların bahalaşması ücbatından manatın devalvasiyası bütün banklarda böyük problemlər yaratdı. Azərbaycan Beynəlxalq Bankında baş vermiş neqativ hallar bu problemlərin içərisində başlıca yer tutur və banklara olab inamı demək olar ki, heçə endirib. Bundan savayı digər banklarda da problemli kreditlərə görə çətinliklər yaranıb. Ədalət naminə qeyd etmək lazımdır ki, hazırda 1 milyard 300 milyon manatdan yuxarı məbləğdə problemli kreditlərin yaranmasının əsas günahı elə bu bankların özlərindədir. Vaxtılə insafsızcasına 28-30 və hətta 36 faizlə kredit verən banklar indi bu kreditləri geri ala bilmirlər və vəziyyətdən çıxış yolu axtarırlar. Bir iqtisadçı alim kimi mən çıxış yolunu onda görürəm ki, bu banklar kredit fazilərini dəfələrlə azaltmalı və ödəniş müddətlərini əhəmiyyətli dərəcədə artırmalıdırlar. Dolların bahalaşması bəzi bankirlər üçün fürsət yaradıb ki, bundan da qazansınlar. Bankların təşəbbüsü ilə valyuta mübadiləsi məntəqələri bağlandı və ölkədə dollar qıtlığı yarandı. Nəticədə "qara bazar"-da dollar alveri geniş vüsət aldı. Sözsüz ki, "qara bazar"a dollar axını bankların düzgün olmayan siyasətinin nəticəsidir. Buna görə də ölkə rəhbərliyi sərt addımlar atdı, bank sektorunun sağlamlaşdırılması üçün zəruri tədbirlər həyata keçirdi. Heç şübhə yoxdur ki, görülən tədbirlər bank sektorundakı neqativ halların tezliklə aradan qaldırılmasına güclü impuls verəcək.

-Məlum proseslər ölkədə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi zəruriliyini ortaya qoydu. Bu mənada Milli İqtisadiyyatın Strateji Yol Xəritəsi qeyri-neft sektorunun daha da inkişaf etdirilməsinə nə dərəcədə təkan verəcək?

-Dəfələrlə qeyd etdiyim kimi biz artıq postneft dövrünün tələblərilə yaşayır və fəaliyyət göstəririk. Neft epoxası artıq keçilmiş və arxada qalmış mərhələdir. Qeyq etmək lazımdır ki, tarixən ənənəvi neft-qaz ölkəsi olan Azərbaycanda bu proses bir çox problemlər doğurdu. Cəsarətlə onu da bildirmək istəyirəm ki, əgər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörənliyi nəticəsində hələ illər öncə iqtisadiyyatımızın diversifikasiyası, yəni şaxələnməsi baş verməsəydi, bu hadisələr bizim üçün çox ağrılı olardı. Ancaq görülmüş qabaqlayıcı tədbirlər nəticəsində ölkə iqtisadiyyatı yeni istiqamətə - qeyri-neft sektorunun intensiv inkişafına üz tutdu, bu da özünü doğrultdu və bir çox arzuolunmaz halların qarşısı alındı. Bu tədbirlər nəticəsində qeyri-neft sektorunun lokomotivi olan sahibkar zümrəsi sürətlə inkişaf etməyə başladı. İri sahibkardan fərqli olaraq kiçik və orta sahibkarlıq daha tez inkişaf relsinə çıxdı. Hesab edirəm ki, bu istiqamətdə işlər daha intensiv və məqsədyönlü aparılmalıdır. Çünki, kiçik və orta sahibkarların payı Ümumi Daxili Məhsulda 50-55 faizini təşkil edərsə, bu, onun göstəricisi olar ki, bu sahibkarlar artıq formalaşıb, qeyri-neft sektorunda hegemon mövqeyə malikdir. Bu sahibkarların sayının daha da artması, fəaliyyət sahələrinin coğrafiyasının daha da genişlənməsi üçün ölkə başçısı tərəfindən bütün köməkliklər göstərilir, dotasiyaların məbləği ilbəil artırılır, güzəştli kreditlər verilir, aqrolizinqlərdə maşın və mexanizmlər artırılır, əsassız yoxlamalara və müdaxilələrə son qoyulur. Kiçik və orta sahibkarların çoxu aqrar və emal sektordadır və onların inkişafı, səmərəli fəaliyyəti ölkənin ərzaq təhlükəsizliyi üçün prioritet zəmindir. Məhsul bolluğu kəndlidən asılıdır. Buna görə də kəndlinin bütün qayğı və tələbatları diqqət mərkəzində olmalıdır.

-Ümumiyyətlə, bu sənəd Azərbaycan iqtisadiyyatı üçün nə vəd edir?

-Bu yaxınlarda möhtərəm Prezidentimiz "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərman imzaladı. Bu Fərmanda iqtisadiyyatın 12 əsas prioritet istiqamətlərinin Strateji Yol Xəritələri öz əksini tapır. Bu, çox böyük əhəmiyyətə malik Proqram xarakterli bir sənəddir və onun həyata keçirilməsinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına həvalə edilməsi bunun bariz sübutudur. Hər bir proritet istiqamət üzrə Strateji Yol Xəritəsinin hazırlanması gələcəkdə ölkənin inkişaf konsepsiyasının əsasında dayanacaq. Strateji Yol Xəritələrinin icra mexanizminə nəzarət çox güclü olacaq və qalır dövlət məmurlarının qollarını çırmalayaraq işə girişmələri və nəzərdə tutulan bütün məsələlərin həyata keçirilmələrini təmin etmələri. Hər bir rəhbər içşinin, dövlət qurumunun bu sahədə fədakarlığı gərəkdir ki, ölkə iqtisadiyyatı stabil və dayanıqlı dinamik inkişaf yoluna çıxsın. Tam səmimiyyətlə deyirəm ki, mənim Strateji Yol Xəritələrinin reallaşmasından böyük gözləntilərim var və inşallah gözlədiklərim çin olar. Bunun üçün qətiyyətli rəhbərimiz, savadlı mütəxəssislərimiz və əməksevər xalqımız var. Bu xalq öz fədakar əməyilə 1970-1980-ci illərdə Azərbaycanı keçmiş SSRİ məkanında ən yüksək zirvələrə çıxarmışdı və biz həmin insanların varisləriyik.

-Bu günlərdə Prezidentin tövsiyyəsi əsasında Tarif Şurası təbii qaz və elektrik enerjisinin qiymətinə yenidən baxdı və əvvəlki qərara müəyyən dəyişikliklər edildi. Bu dəyişiklikləri necə dəyərləndirərdiniz?

-Cənab Prezident Tarif Şurasının təbii qazın və elektrik enerjsinin limitlərinində etdiyi dəyişikliklərə yenidən baxdı və əhalinin əksər hissəsinin mənafeyini nəzərə alan optimal variantın qəbulunu məqbul saydı və nisbətən vəziyyəti yüngülləşdirdi. Sözsüz ki, bu, humanist bir addım idi və cənab Prezidentin xalqın rifah halının yaxşılaşması üçün gündəlik qayğısının təzahürüdür.

-Bəs, 2017-ci ildən gözləntiləriniz nədən ibarətdir?

-2017-ci ilə optimist nəzərlərlə baxıram. Düşünürəm ki, bu il iqtisadiyyatlımız inkişaf edəcək, xüsusilə qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün həyata keçirilən məqsədyönlü tədbirlərin bir çoxu öz bəhrəsini verəcək. Onu da deməyi zəruri sayıram ki, ölkə əhalisi özü də nəzərdə tutulan tədbirlərin reallaşmasnda daha fəal mövqe tutmalıdır. Dövlət nə lazımdırsa, onu edir, əhali də öz boynuna düşən vəzifələri yerinə yetirməli və sahibkarlar bu işin başında durmalıdırlar. Atalar sözüdür: "Allah deyir ki, məndən bərəkət, səndən hərəkət". Əgər bu hərəkət olsa, hər şey yaxşı olacaq. 2017-ci ildə ən böyük və əsas arzum o olacaq ki, doğma Qarabağımızın işğal olunmuş torpaqları azad olunsun, ərazi bütövlüyümüz bərpa edilsin. İnsanlarımız əmin-amanlıq şəraitində yaşasınlar.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31