“Bu Qələbə qəhrəmanlıq və fədakarlığın zirvəsidir” – Əfsanə İbrahimova – ÖZƏL

"Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri - 8 Noyabr Zəfər Günü xalqımızın qürur, birlik və qəhrəmanlıq günüdür. Bu gün 2020-ci ildə baş vermiş Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbənin rəmzidir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Əfsanə İbrahimova deyib. Ekspert bildirib ki, 44 gün davam edən müharibə nəticəsində torpaqlarımız işğaldan azad edildi, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Uzun illər boyu işğal altında qalmış doğma torpaqlarımız - Qarabağ və ətraf bölgələr Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı. Lakin xalqımız heç vaxt bu ədalətsiz vəziyyətlə barışmadı. "Qarabağ Azərbaycandır!" şüarı hər bir azərbaycanlının dilində və ürəyində idi. 

"2020-ci ilin payızında Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, tarixi ədaləti bərpa etdi. 8 noyabrda Şuşa şəhərinin azad olunması ilə müharibənin taleyi həll olundu və düşmən təslim olmağa məcbur edildi. Bu gün artıq Azərbaycan tarixinin qızıl hərflərlə yazıldığı gündür. Bu Qələbə böyük qəhrəmanlıq, eyni zamanda, fədakarlıq nəticəsində əldə olundu. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Onların qanı bahasına qazanılmış bu torpaqlar artıq azad, bu bayraq isə əbədi dalğalanandır. Hər bir azərbaycanlı bu gün Qələbə sevincini yaşamaqla yanaşı, şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla anır. Çünki onların igidliyi sayəsində biz bu azadlığa qovuşduq," - deyə siyasi şərhçi əlavə edib.

Ə. İbrahimova qeyd edib ki, zəfərdən sonra Qarabağda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Azad edilmiş şəhər və kəndlərimizə həyat qayıdır, yollar, məktəblər, mədəniyyət ocaqları inşa olunur. Bu, həm də şəhidlərimizin ruhuna ən böyük hörmət və Azərbaycanın gələcəyinə inamın təzahürüdür. 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və Ordumuzun məğrur simasının təntənəsidir. Bu gün hər bir azərbaycanlı qürurla deyir: Qarabağ Azərbaycandır!
Zəfər Günün mübarək, Azərbaycan!

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31