Prezident İlham Əliyevin  Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışının  TAM MƏTNİ

 

Prezident İlham Əliyevin  Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışının  TAM MƏTNİ

- Əziz hərbçilər.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Mən Sizi və bütün Azərbaycan xalqını şanlı Zəfərimizin beşinci ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Mənim dəvətimi qəbul edən qardaş ölkələrin rəhbərlərini, nümayəndə heyətlərini səmimiyyətlə salamlayıram.

Bu gün bizim paradda Əziz qardaşım, Türkiyə Cümhuriyyətinin cumhurbaşqanı hörmətli Rəcəb Tayyib Ərdoğan iştirak edir. Əziz qardaşım İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi. Onun verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Qardaş Türkiyə xalqı hörmətli Prezident Ərdoğanın liderliyi ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərmişdir. Müharibə zamanı onun "Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!" deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.

Müharibədən və şanlı Zəfərimizdən bir il sonra tarixi Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Şuşa Bəyannaməsini imzalayaraq bizim əlaqələrimizi ən yüksək zirvəyə - müttəfiqlik səviyyəsinə qaldırmışlar. Bu gün bizim hərbi paradda Türkiyə hərbçilərinin iştirakı birliyimizin növbəti təzahürüdür.

Beş il bundan əvvəl Zəfər paradında da əziz qardaşım Rəcəb Tayyib Ərdoğan bizimlə bərabər idi. Bu gün isə bizimlə bərabər digər əziz qardaşım iştirak edir. Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bizim qonağımızdır. Pakistan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir. Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür.

Dost ölkələrdən gəlmiş bütün qonaqları salamlayıram və onların bu gün bizimlə bərabər olmaları bir daha birliyimizi, həmrəyliyimizi, qarşılıqlı dəstəyi əyani şəkildə göstərir.

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdü. Bir milyon Azərbaycan vətəndaşı qaçqın, köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı hərbi cinayətlər törədilmişdir. Xocalı soyqırımı törədilmişdir, etnik təmizləmə siyasəti aparılırdı. Bu, bizim iradəmizi sındırmadı. Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi. Biz sülh danışıqlarını apararkən, eyni zamanda, bəyan edirdik ki, əgər bu danışıqlar nəticə verməsə, Azərbaycan istənilən yollarla, o cümlədən hərbi yolla öz tarixi, əzəli torpaqlarını azad edəcək.

Uzun müddət davam edən danışıqların nəticəsi sıfır olmuşdur. Onun da əsas səbəbi o idi ki, Ermənistan öz xoşu ilə bir qarış torpağı azad etmək fikrində deyildi. Ermənistanın arxasında duran bəzi dövlətlər isə onlara siyasi, iqtisadi və hərbi dəstək göstərərək, onlarla həmrəy idi. Onların fikri əzəli Qarabağ torpağımızı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək idi. Bizim isə siyasətimiz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməkdən ibarət idi. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. Biz güc toplayırdıq və aydan-aya, ildən-ilə gücümüz artırdı. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim Zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi. Biz güclü iqtisadiyyat qurmuşduq. Əgər bunu etməsəydik, bizim maliyyə imkanlarımız çox məhdud idi. Biz iqtisadi müstəqillik qazanmışdıq və bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil. Bu, bizə daha böyük siyasi güc verirdi. Biz müstəqil siyasət aparan ölkə idik. Bu amillər digər amillərlə bərabər bizi şanlı Zəfərə yaxınlaşdırırdı.

Azərbaycanda ictimai-siyasi sabitlik tam bərqərar olmuşdur. Vətəndaş həmrəyliyi, vətəndaş birliyi, xalq-iqtidar birliyi əsas amillərdən biridir. Biz gənc nəsli vətənpərvərlik ruhunda, Vətənə sevgi ruhunda tərbiyə etmişik və bizim gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək, güllə altına gedərək tarixi torpaqlarımızı işğalçılardan azad etdilər. Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir.

Biz enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək, bir çox ölkələr, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik. Bütün bu amillərlə bərabər, ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı. Biz güclü ordu, güclü Silahlı Qüvvələr yaratmışıq. Ordumuzun döyüş qabiliyyətini artırmışıq, ordumuzu ən müasir silahlarla, texnika ilə təchiz etmişik. Bütün bu və digər amillər bizim Qələbəmizi, şanlı Zəfərimizi şərtləndirmişdir.

Ermənistan isə düzgün nəticə çıxara bilməmişdir və İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşmışdı, bizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdı. Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Hətta deyirdilər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirdilər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər.

44 gün ərzində bizim şanlı Silahlı Qüvvələrimiz hər gün irəli gedirdi, bir gün bir addım geriyə atmamışdır. Böyük peşəkarlıq, rəşadət, qəhrəmanlıq və fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bütün dünyaya güclü dövlət və müzəffər xalq kimi özümüzü göstərmişik. Bunu döyüş meydanında sübut etmişik. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd düşmənlərdən azad edildi. Biz düşməni qova-qova irəliyə gedirdik və azad edilmiş hər şəhər və kənd, orada qaldırılan Azərbaycan Bayrağı bizim Ordumuzu, xalqımızı daha da ruhlandırırdı. Nəhayət noyabrın 8-də "alınmaz qala" sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edilmişdir. Bizim şanlı Zəfər yürüşümüz 27 sentyabrdan 8 noyabra qədər uğurla davam edirdi. Biz dağlardan, çaylardan, dərələrdən keçərək, sıldırım qayalara dırmaşaraq şanlı Zəfərə doğru gedirdik. Şuşanın düz beş il bundan əvvəl azad edilməsi Ermənistan ordusunun belini qırdı və ondan sonra onlar təslim oldular. Ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan rəsmən təslim olaraq kapitulyasiya aktına imza atdı. Beləliklə, ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi biz özümüz bərpa etdik.

Bu gün isə Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Bu gün "Böyük Qayıdış" Proqramı icra edilir. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır. Bütün bu tarixi nailiyyətlərlə bağlı bir daha əziz xalqımı təbrik edirəm. Biz bu beş ili qürur hissi ilə yaşamışıq. Əminəm ki, bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaqdır. Biz - bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaqdır.

Mən bütün Azərbaycan xalqını şanlı Zəfərimiz münasibətilə bir daha ürəkdən təbrik edirəm, Azərbaycan xalqına cansağlığı, yeni uğurlar arzulayıram. Qarabağ Azərbaycan!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31