Türkiyə uğurlu diplomatik gedişin bədəlini ödəyir
29 İyun 2016 13:30 Dünyaİstanbul terroru belə deməyə əsas verir
Türkiyə ilə İsrailin Roma anlaşması, ardınca Türkiyə prezidenti Ərdoğanın Rusiyalı həmkarına barışıq məktubu və bir gün sonra İstanbul hava limanında baş verən terror aktı heç də təsadüfi sayıla bilməz. Terroru kimin həyata keçirməsindən asılı olmayaraq ortada olan reallıq ondan ibarətdir ki, İstanbul terroru Türkiyənin son günlər atmış olduğu uğurlu diplomatik addımlara qarşı yönəlmiş bir əngəldir.
"Oğuz" Müstəqil Araşdırmalar Qrupunun sədri, politoloq Vüqar Zifəroğlu deyir ki, bölgədə bundan sonra baş verəcək hadisələrə birbaşa təsir edəcək və hər üçündə baş rolda Türkiyənin yer aldığı sözügedən vacib hadisələr, biri-biri ilə əlaqəlidir. Onun sözlərinə görə, terroru məhz Ankaranın İsrail və Rusiya ilə münasibətlərini yaxşılaşdırmaq məqsədi ilə atdığı addımların nəticəsi kimi qiymətləndirmək olar: "İlkin açıqlamalar ünvanın İŞİD olduğunu göstərir. Türkiyə mediası 1982-ci ildə Ankara Esenboğa hava limanında baş verən terror hadisəsi ilə paralellər apararaq, ASALA-nın hazırki varisi PKK-ya da işarə vurur. İstənilən halda hər iki teror təşkilatına qarşı aparılan ciddi və nəticəli əməliyyatlar belə bir "cavabın" verilməsi üçün əsas ola bilər. Amma indi, məhz Ankaranın münasibətləri son illərdə kəskin olduğu iki ölkə ilə razılaşmaya bu qədər yaxın olduğu zaman belə bir miqyasda terorun həyata keçirilməsi, istər istəməz şübhələrə yol açır. Yəni məsələn, bu teror hadisəsində xarici kəşfiyyat strukturlarının da barmağı ola bilər. Başqa bir məqam məhz havalimanının, özü də bu cür qorxunc, düşünüllmüş və açıq şəkildəhədəf məntəqəsi olaraq seçilməsidir. Ümumiyyətlə son bir ildə Türkiyənin mərkəz şəhərlərinin terror hədəfinə çevrilməsinin səbəbi, ilk növbədə turist sektorunun çökməsinə, bununla da Türkiyə iqtisadiyyatının ciddi ziyan verməkdir ki, faktiki olaraq buna da nail olunur. Turizm sektoru - Türkiyə iqtisadiyyatının "şah damar"ıdır və bu damarın sıxılması, qardaş ölkəyə ciddi maliyyə itkilərinə səbəb olur. Hava limanının hədəf kimi seçilməsi də əslində birbaşa turizm sektoruna yönəlik həmlədir, həm də turistlərə mesajdır. Deməli, burada həm də bir üstüörtülü şantaj da var, Türkiyəni nələrəsə məcbur etmək, dizə gətirmək məqsədi ilə. Hər halda İsraillə razılaşmanın əldə edilməsi, Rusiya ilə münasibətləri normallaşdırmaq üçün ciddi addımların atılması heç də bütün tərəfləri razı salmır". Vüqar Zifəroğlunun qənaətincə, Türkiyə və İsrail arasında razılaşma sənədinin ratifikasiya olunması ilə hər iki ölkə arasında 2010-cu ildən başlayaraq davam edən böhranın həllini tapması deməkdir: "Bildiyiniz kimi bu iki ölkə arasında üç məsələdə ciddi narazılıq var idi. "Mavi Mərmərə" məsələsinə görə İsrailin Türkiyədən üzr istəməsi, gəmidə həlak olmuş Türkiyə vətəndaşlarına təzminat ödənilməsi və Fələstinə tətbiq olunmuş embarqonun yumşaldılması. Sənədin ratifikasiyaya təqdim edilməsi hər üç məsələ ilə bağlı razılaşmanın olduğuna dəlalət edir. Təbii ki, bu regionda marağı olan ölkələri, Qərbi, İranı, eləcə də Rusiyanı narahat etməyə bilməz. İsrail qazının Türkiyə üzərindən Avropaya nəqli birmənalı şəkildə Rusiyanın bu sahədə olan monopoliyasına ciddi zərbə vurmuş olacaq. Eyni zamanda, Fələstin məsələsində əldə edilən razılaşma və həmçinin region münaqişələri ilə bağlı mümkün əməkdaşlıq, təkcə Rusiyanın deyil, İranın da ciddi narahatçılığına əsas verəcək. Bildiyiniz kimi, İran Fələstin məsələsindən hər zaman öz siyasi təbliğatında geniş istifadə edib və bu məsələdə İsrailin əleyhinə ən ciddi təbliğat mexanizmini qurmağa müvəffəq olmuş tərəfdir. Bu səbəbdən vurğulamaq lazımdır ki, Türkiyə-İsrail münasibətlərinin normal məcraya qayıtması və siyasi, eləcə də iqtisadi sahədə əməkdaşlıq etmələri həm Moskvanın, həm də Tehranın maraqlarına cavab vermir. Əslində Türkiyə-İsrail razılaşması cox ciddi razılaşmadır və vurğulamaq lazımdır ki, bir çox məsələlərə öz təsirini göstərəcək. Amma bu zaman ikinci bir addım atilir. İsraillə əldə edilən razılaşma ilə paralel Rusiya ilə məktub diplomatlyası işə düşür, nəticədə həm də İsraillə qaz razılaşmasına Rusiyanın mümkün müxalifliyi yumuşaldılır, hətta "Türk axını" layihəsinin təkrar rəfdən götürülərək müzakirəyə çəxarılması məsələsi gündəmə gətirilir. Ərdoğan həmin məktubda üzr istəyib, ya istəməyib, əslində hazırda bölgədə, elə Türkiyənin özündə baş verənlərin fonunda bu doğrudan da bir təfərrüatdır.
Baş nazir dəyişikliyindən sonra xarici siyasətdə müəyyən yumuşalmaların olacağı gözlənilirdi və bu təbii ki, daha çox özünü İsrail və Rusiyaya münasibətdə göstərməli idi ki, bu barədə dəfələrlə qeyd etmişik. Rusiya ilə bağlı son gəlişmələr, istər telefon zəngi, istər məktub məsələsi, bu iki ölkə arasında normal münasibətlərin bərpası üçün əsas ola bilər. Bu gün, hazırki dönəmdə hər iki ölkənin biri-birinə ehtiyacı var və məhz hər iki ölkənin Avropa Birliyi ilə soyuq münasibətlərinin davam etməsi fonunda Ankaranın ard-arda istər İsrail, istərsə də Rusiya ilə münasibətlərini müsbət istiqamətə döndərmək üçün ciddi addımlar atması, təqdirəlayiqdir və bölgədə baş verən proseslərə, o cümlədən Suriya məsələsinə ciddi təsir göstərə bilər. Bildiyimiz kimi, təyyarə olayından sonra Türkiyə faktiki olaraq Qərbdən lazımi dəstək ala bilmədi. Digər tərəfdən Qərb rəsmi Ankaranın Suriya siyasətini dəstəkləmək əvəzinə İŞİD faktorunu qabartmaqla faktiki olaraq Əsəd rejimi ilə bağlı məsələni arxa plana keçirtdi və bununla da daha çox rəsmi Moskva və Tehranla maraqlarını uzaşdırdı, nəinki Türkiyə ilə. Və bununla yanaşı ABŞ PYD və PKK-ya dəstəyini gücləndirməklə faktiki olaraq NATO üzvü olan müttəfiqini çətin duruma saldı. Avropa Birliyi isə miqrant məsələsində verdiyi vədi yerinə yetirmədi və bütün yükü Türkiyənin üzərinə qoydu, Almaniya isə hətta qondarma erməni soyqırımını tanıdı. Lakin bu münasibətlərin normallaşdırmaq və eləcə də razılaşmaların əldə edilməsinin bir bədəli də olmalı idi. Bu bədəli isə İstanbulda hava limanında 36 şəhid ödədi".
Süleyman