"İynə"

“Elman Türkoğluna iş çıxdı”

Oğlu Ana Vətətn Partiyasının sədri Fəzail Ağamalıya xəbər gətirir:

- Ata, xəbərin var, müxalifət mitinq keçirir.
Fəzail müəllim sevincək:
- Əla! Çox gözəl!
Oğlu təəccüblə:
- Həmişə sevinməzdin. İndi nə baş verdi ki?
Fəzail qımışır:
- Nə baş verəcək, Elman Türkoğluna iş çıxdı. Yazıq nə vaxt idi ki işsizdi.

Müxalifətdən yeni şüarlar

- "Bibiheybətə qədər siz gedin, oradan o tərəfə sizi mən aparacam" (Müsavat)
- "Qəmbərli olsa da yolumuz, Qəmbər özü sağ qolumuz" (AXCP)
- "Ölkəni banan respublikasına deyil, banan istehsal edən respublikaya çevirək" (İbrahim İbrahimli)

Dədələr belə söyləmiş

- Güzgü mənim ən yaxşı arkadaşımdı. Mən ağlayanda o əsla gülməz. (Dədə Tofiq)
- - Kolbasanın haramı, halalı olmaz, gəlirin haramı, halalı olar (Bədrəddin Quliyev)
- Mən erməniyə torpaq satmamışam...azərbaycanlılara satmışam (Niyaməddin Orduxanlı)
- Başlamaq bitirməyin yarısıdı..Deməli, 2 dəfə başlasaq, bitirmiş olarıq (Taleh Əliyev)

"Yadıma düşəndə cin atına minirəm"

Mayis Səfərlinin Sovet Ordusunda olan vaxtlarıdır. Bir gün Mayis yeməkxanada erməni əsgər yoldaşı ilə yemək yeyir. Erməninin ağzını marçıldatması Mayisi əsəbləşdirir. Durub erməninin başına bir qapaz vuru və deyir:
- Bəsdi də marçıldatdın. Bir də eləsən öldürəcəm səni!
Erməni daha marçıldatmır. Birdən Mayis yerindən qalxıb erməninin başına birini də ilişdirir.
Erməni etiraz edir:
- İndi niyə vurusan?
Mayis əsəbi halda:
- Yadıma düşəndə cin atına minirəm də.

Molla- Röya

Tədbirlərin birində tanınmış mollalardan biri müğənni Röya Ayxanı yanlayıb deyir:
- Qızım, soyunmaq olmaz. Haramdı. Abırlı geyin, başını bağla.
Röya etirazla:
- Pah, indi 13-cü əsr deyil ee. Geri qayıdırıq, başımı bağlayam?
Molla cəld dillənir:
- Ona qalsa, lüt gəzmək ondan da qədimdi. İbtidai icma dövründə idi.

İmtahanda

Ruhi əsəb xəstəxanasında psixologiya imtahanı. İki dəli imtahana girir. İmtahandan çıxandan sonra dəlilərdən biri o birinə:
- Necə elədin? Yazdın bir şey?
- Yox, vərəqi ağ verdim.
Dəli əsəbləşir:
- Ay gic, mən də ağ verdim. İndi elə biləcəklər ki, səndən köçürmüşəm.

Diplomatik cavab

Siyasi toplantıların biri. Jurnalistlər toplantıdan sonra KXCP sədri Mirmahmud Mirəlioğluna yaxınlaşırlar.
- Ağa, Əli Əliyevin partiyası nə zaman güclənib böyük partiya olacaq? Ümumiyyətlə, olacaqmı?
Ağa diplomatik tərzdə:
- Bəli olacaq.
- Nə zaman?
- Deyim də. Deməli, Tom Cerrini tutanda, "Qurtlar vadisi" serialı qurtaranda, Polat Ələmdar öləndə, Məmati tövbə edib namaza başlayanda, "Fatmagülün suçu nə" sualına cavab tapılanda, Samir Bağırov əsgərliyə gedəndə... AVİP də güclü partiya olacaq.

Facebook gülməcələri

Google-zadam?

Oğlanla qız söhbət edir. Qız:
- Əzizim, həyatım, sən idealıma çox yaxınsan. Mən axtardığım hər şeyi səndə tapmışam.
Qız məzələnir:
- Mən Google-zadam?

Yeni "podxod" vasitəsi

Bakı. Dənizkənarı Milli Park. Oğlan qızla tanış olmaq istəyir.
- Salam, xanım.
Qız:
- Salam
Oğlan:
- Bilirsiz də Eurovision-2012 Bakıda olacaq.
Qız:
- Hə, bilirəm.
Oğlan:
- Onu da bilirsiz ki, Bakıya Rusiyadan 760, Türkiyədən 83, Böyük Britaniyadan 91 adam gələcək?
Qız əsəbləşir?
- Mənə nə? Nə gic-gic danışırsan e?
Oğlan:
- Gic niyə oluram? Nömrəmi verirəm də-760 83 91. Sən də anla

Utanc verən hadisə

Aktyor Rövşən Kərimduxt deyir:
- Maşının qara şüşəsində saçını düzəldən zaman və öz-özünə danışa-danışa getdiyin vaxt birdən maşının içində insan olduğunu görəndə keçirdiyim utanc hissini Tanrı heç kimə göstərməsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31