"İynə"

Bəyturan yeraltı fəaliyyətə keçib

Elman Türkoğlu ilə Yaşar Türkazər söhbət edirlər. Yaşar deyir:

- Dünən toyda deyirdin, təzə xəbərlər var. Vüqar Bəyturan yeraltı fəaliyyətə keçib. Nə məsələ idi?
"Paxmel"dən təzə ayılmış Elman qımışır:
- Həə, dünənkini deyirsən. Əşi, nə yeraltı fəaliyyət e? Maşını satıb, işə yerin altı metro ilə gedib-gəlir. Onu deyirdim.

Dəliyəm, tez yeyəm, ağzım yansın?

Bir gün dəlixanaya yoxlama gəlir. Dəliləri yoxlayırlar ki, görən hansı ağıllanıb. Bu işi aşpaza tapşırırlar. Aşpaz dəlilərin qarşısına  boş qablar və çəngəl-qaşıq qoyur. Hamı "yeməyə" başlayır. Bir nəfər oturub baxır, əlini qaşığa uzatmır. Bunu görən həkimlər tez əl-ayağa düşürlər.
- Sən niyə yemirsən?
Dəli ciddi görkəmdə:
- Gözləyirəm soyusun.

"Ta denən mənasız vaxt itkisidir ki"

Həmid Herisçinin tələbə vaxtlarıdır. Bir gün Həmid sevdiyi qızla bulvarda gəzişir. Həmid soruşur:
- Səncə, sevgi nədir?
Qız deyir:
- Əzizim, göydəki ulduzları say, biləcəksən.
Həmid dilxor halda:
- Ta denən mənasız vaxt itkisidir ki.

Məktəb lətifələri

5-ci sinif:
Müəllim:
- Özünü yaxşı apar, yoxsa atana zəng edəcəyəm!
Şagird qorxur:
-Yaxşı müəllim, bağışlayın.

9-cu sinif.
Müəllim:
-Özünü yığışdır, bax, atana zəng edəcəyəm!
Şagird laqeyd halda:
-Elə də neyləyim?!

11-ci sinif.
Müəllim:
-Özünü adam kimi apar, yoxsa atana deyəcəyəm!
Şagird arsızlıqla:
- Alə, görsən məndən də salam denən!

"Ev düzəldə bilsəm..."

Ümid funksioneri Taleh Əliyev bir gün toydan dəm çıxır. Yolda qarşısna bir butulka çıxır. Butulkanı alıb sürtən Talehin qarşısnda cin peyda olur. Cin:
- Hörmətli Taleh bəy, sizin 3 arzunuzu yerinə yetirə bilərəm. Amma mən yazığı burax.
Taleh sevincək:
- Yaxşı buraxıram, amma 1 arzum var, onu yerinə yetir.
- De, görək.
- Mənə Bakıda 3 otaq ev ver.
Yazıq cinin qanı it qanına dönür:
- Nə pis adamsan sən. Ev düzəldə bilsəm, bu balaca butulkada niyə oluram, özümə ev düzüb-qoşaram da. 

Köçəryanın vəsiyyəti

Robert Köçəryan ölüm ayağında oğlunu yanına şağırıb deyir:
- Ey oğul, mən öləndə, qəbrimin üstünə bir vedrə yaş peyin tökərsən...
Oğlu təəccüblə:
- Olmaz ata! Elə niyə?
Robik bic-bic qımışır:
- Yox, mən deyəni elə. Camaat peyini görüb deyəcək ki, atana rəhmət, ay bunu tökən.  

Müxalifətdən yeni şüar

- Ey uca millətim, Bibiheybətə qədər siz gəlin, bizim şəkillərimizi qaldırın, "Filankəs bəy" qışqırın, biz də qrant alıb xərcləyək.

"Məktəb partladı"
Bir gün erməni Artuş Alekberyanın oğlu dərsdən evə gəlir. Ata soruşur:
- Oğlum, bu gün nə etdiniz?
Oğlan təmkinlə:
- Kimya dərsində bomba hazırladıq.
- Əla, axşamçağına nə planlaşdırmısız? Məktəbə qayıdacaqsan?
Oğlan qımışır:
- Hansı məktəbə? Məktəb partladı da.

İmtahanda

Müdhət Aydının İncəsənət Universitetində oxuyan vaxtlarıdır. Bir gün imtahanda 2 alan Müdhət etiraz edir:
- Professor, mən "2" almağa layiq deyiləm.
Professor:
- Bilirəm Müdhət...Amma nə edim, "2"-dən aşağı qiymət yoxdu axı.

Qısa və cəld

Oğlu  "Real" Madrid- "Barselona" futbol matçına baxan millət vəkili Səyavuş Novruzova yaxınlaşır:
- Ata, olar səni...
- Olmaz! Görürsən futbola baxıram.
- Çox vacibdi e.
- Onda cəld və qısa!
Oğlu cəld deyir:
- Min dollar!

"İstəyirəm evə tez çatım"

Aeroport yolunda Aydınlar Partiyasının sədr müavini Qorxmaz İbrahimlini yol polis saxlayır.
- Ay qardaş, hara gedirsən bu sürətlə! 140 sürürsən ee.
Qorxmaz deyir:
- Vallah, rəis, tormoz tutmur, tez sürürəm ki, birini vurub bədbəxt eləməmiş, evə çatım.

Düzəliş

Son nömrələrimizin  birində Azadlıq Partiyasının sədri Əhməd Orucla bağlı yazıda getmiş cümlə anlaşılmazlıq yaradıb. Oxuculardan xahiş olunur ki, "Əhməd Oruc son vaxtlar gopçuluğa meyl salıb" cümləsini belə oxusunlar:  , "Əhməd Oruc son vaxtlar ovçuluğa meyl salıb".

"Elə bildi ki ölmüsən..."

Afina olimpiadasında rinqdə rəqibdən qorxub qaçmış  boksçu Vüqar Ələkbərov bir gün yarışa gedir. Döyüşarası fasilədə məşqçisi deyir:
- Yaman qorxuzmuşdun ha rəqibi..
- Sən Allah! Niyə ki? Nədən qorxmuşdu?
- İkinci "udarda" yıxıldın, elə bildi ki ölmüsən...

Yanlışlıq

Ötən sayımızda nəqliyyat naziri Ziya Məmmədovla bağlı yazıda səhvə yol verilib. "Ziya Məmmədov "Şollar"ı çox sevir" cümləsi korrektorun xətası üzündən belə verilib: "Ziya Məmmədov dolları çox sevir".

"Mənə lax yumurta atdılar"

2003-cü il prezident seçkiləri ilidir. Tədbirlərin birində müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Müsavat başqanı İsa Qəmbərə yaxınlaşır.
- İsa bəy, keçən həftə Ağstafaya getmişdim-seçicilərlə görüşə, yerli müsavatçılar mənə lax yumurta atdılar...
Başqan qımışır:
- Narahat olma, Hafiz bəy. Tapşıraram, gələn dəfə təzə kənd yumurtası atarlar.

Ezop dili

- Nə zamandı azad yazarların toplantısında qan olmur
Açması:
- Qan Turalı Azad Yazarlar Ocağından gedib.
- Satanistlə molla bir araya gəlib.
Açması:
- Elnur Astanbəyli ilə Hacı İlqar İctimai Palatada bir araya gəlib.

Noxud falı

Müsavat- AXCP mitinqləri təxirə salacaq. Noxudlar ehtiyatlı olmağı tövsiyə edir.
İran-İsrail müharibəyə hazırlaşır. Noxudlar mollalara məsləhət görür ki, pulları ölkədən çıxarsınlar.
Ümid Partiyası-Nəsimi Məmmədli partiyadan getməyə hazırlaşır. Onun Ağdam, Zaqatala, Ağcabədi rayon təşkilatları ilə ciddi təmaslara keçdiyi v yaxın günlərdə yeni partiya elan edəcəcəyi gözlənilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31