Qəmli notlar

Evdə qalmış şairədən qəmli notlar

-Sənsiz acılar mənə sarılar ...

-Mənə "sevirəm" demə. Mənə sevgini yaşat.

-İçimdəki sevgiləri o qədər öldürdüm ki, axırda mənə sevgi qatili deyəcəklər.

"Romantik" kompliment

Gənc şairlərdən biri riyaziyyat fakültəsində oxuyan, sevgidən, romantikadan anlamayan sevgilisi ilə bulvara çıxır. Oğlan qıza kompliment deyir:
-Əzizim, mən səni öz adınla çağırmaq istəmirəm. Sənə Vəfa, Sədaqət, İffət, İsmət, Sevda, Mətanət, Qiymət demək istəyirəm...
Riyaziyyatçı qız çantanı oğlanın təpəsinə keçirib deyir:
-Bunlar kimdi ə? Məndən qabaqkı sevgililərinin adıdı? Tfu, sənin üzünə!

"Şeirlərin...atası kimdi?"

Evdə qalmış şairə qız Müstəqil Yazarlar Ocağına şeirlərini gətirir. Murad Köhnəqala şeirlərə baxıb, başını bulayır. Soruşur:
- Başqa nə ideyaların var? Yeni şeirlər haqda düşünürsən?
Qız təmkinlə:
-Təbim gəlib, yeni şeirə hamiləyəm.
Murad həyəcanla:
- Atası kimdi?
- Kimin?
-Şeirlərin də. Yəni ilham mənbəyi kimdi?

Əsgərlik deyimləri

Üzümə qarşı cümlə qura bilməyənlər arxamca dastan danışır...
-Mən səngərdə dayanmışam, sən barda kef edirsən. Zato, düşmən məndən qorxub yatmır, sən heç kimin vecinə deyilsən (əsgər, barda şellənən yaşıdlarına xitabən).

Həftənin yanlış proqnozu

Müsavat başqanı İsa Qəmbər dünya çempionatının finalından Braziliya ilə Argentina oynayacaq demişdi. Braziliya yarımfinalda Almaniyaya 7:1 uduzdu.  "İynə" çox saylı idman həvəskarlarına qoşularaq deyir: "Proqnoz fıs çıxdı".

Həftənin müşahidəsi

Braziliya-Almaniya yarımfinal oyunu oynan gecə Facebook Braziliyanın məşhur "Marakana" stadionuna oxşayırdı.

Braziliyanın uduzmasına ünlülərin reaksiyası

Üç qat dünya çempionu Braziliya yığmasının məğlubiyyətinə reaksiyası:
Məşədi Cəfər:
-Braziliyanın uduzması bilirsiz nəyə bənzəyir? Ona bənzəyir ki, Azərbaycan muğam ustaları beynəlxalq festivalda yer tutmadan qayıdıblar.
Elçin Bayramlı:
-Və ya ona bənzəyir ki, Azərbaycan aşıqları saz festivalında axırıncı yeri tutublar.

Görməmiş adamlar və anlamsız şəkillər

Ünlü müğənnilərdən biri facebookda  şəkil paylaşıb, yazır: "Marmaris", "Antalya".
Məşədinin reaksiyası:
- Hə, qardaş, nə olsun! Bilirik də Marmarisdə, Antalyada dincəlirsən. Bu şəklin anlamı nədir? Şəklin altından yaltaqlar yazır: "Əla!", "Super!", "Gözəl səs ustadına eşq olsun!", "Ayə, qoyma gəldi, Cimidi e, Cimi!".

İlkin Qəmbərdən ABŞ-a jest

Bakı. Siyasi Araşdırma Mərkəzi. Gənc politoloqlar söhbət edir:
-Səncə, İsa Qəmbərin oğlu qəzetini 4 iyulda niyə buraxdı?
- Pah, bə bilmirsən, jest edir də. 4 iyul ABŞ-ın milli bayramıdı axı.

Böyüyüb ünlü yazar olacaq...

Ünlü yazarlardan biri balaca qızı haqqında status yazır:
-Yavru deyir dənizin içində yatıb, dənizi üstümə yorğan kimi çəkmək istəyirəm.
Məşədinin reaksiyası:
-Demək istəyir ki, bizim tayfa irsən yetənəklidir. Mən də istedadlıyam, qızım da. Qız da böyüyüb ünlü yazar olacaq.

Satirik şair Fikrət Məmmədlidən seçmələr

Bir müəllim var idi,
Gecə-gündüz yatmırdı.
Aldığı azca maaş,
Kreditə çatmırdı.

Bir molla oğlan vardı,
Uzun cübbə geyərdi.
Hal-əhval soruşanda,
"Ölən yoxdu"- deyərdi.

Bir həkim oğlan vardı,
Xalatı tərs geymişdi.
Xəstə baxıb:-
"Nə yaxşı,cibi yoxdu"-demişdi.

...Və bir də şair vardı,
Gözü-könlü tox idi.
Onun Haqqdan savayı,
Tutacağı yox idi!

"Belə maşın düzəldənə adam heç güllə atar"

Jurnalist Xaqani Səfəroğlunun ailəsinə çörək pulu qazanmaq üçün dranqulet "Jiquli" sürməkdən əldən düşmüş yerlilərindən biri Mamed nəhayət, bir az pul toplayır, bir az da bankdan kredit götürüb köhnə bir "Mercedes" alır. Mamedin əli-ayağı yorğunluqdan ağrımır,  yuxuda sürət ötürücü keçirməklə arvadı oyatmır. 3-4 gün "Mercedes"in ləzzətini çıxarandan sonra maşını sürür II Dünya Müharibəsi veteranı olan atasının məzarının üstə və deyir:
- Allah sənə rəhmət eləsin ay dədə, belə maşın düzəldənə də heç güllə atarlar?!

"Hara getsək, zibilləndirəcəklər"

Demkonqres üzvü partiyalardan birinin ofisi. Siyasi Şura üzvlərindən biri pəncərəni açıb gəlib yerində oturur:
-Püff, bu nə iydi?!Bəlkə ofisi dəyişək...Yer darısqal, tez zibillənir, iy bayıra çıxmır. Üzvlər çox siqaret çəkirlər, yeri zibilləndirirlər...
Partiya sədri deyir:
-Dəyişmək, dəyişməsinə də, amma bu üzvlər ki bizdə var, hara getsək zibilləndirəcəklər.

AXCP ilə Müsavat arasında barışdırıcı şəxs-Əlisa

2002-ci il. AXCP ilə Müsavat arasından umu-küsü, düşmənçilik davam edir. Köhnə hərəkatçılar toplaşıb qərar gəlirlər ki, partiya liderlərinə elçi göndərsinlər. "Kimi göndərək" məsələsi dartışılır. Qarşıdurmaya qoşulmamış köhnə hərəkatçılardan biri deyir:
-Elə adamlar olsun ki, hər iki tərəflə körpüləri yandırmamış olsun. Məsələn, Cavanşir Quliyev, Akif İslamzadə...
- Bəs nümayəndə heyətinə kim rəhbərlik etsin?
- Əlisa Nicat.
- O niyə.
- Yeganə ziyalıdır ki, hər iki partiya liderinin adını özündə birləşdirir. Əli-İsa.

"Hətta dahi Tərlan da..."

Braziliyanın  veteran futbolçuları Pele, Romario, Kareka, Bebeto Rio-de Janeyronun "Qol" kafesində futbol üzrə dünya çempionatına baxırlar. Braziliya ilə Xorvatiya oyunudur. Braziliyanın müdafiəçisi Marçello öz qapısına top vurur.  Hamı Marçellonu söyür. Futbol karlı pele dostlarını təmkinli olmağa səsləyir:
-Olan şeydi. Marçellonu söyməyin. Hətta dahi Tərlan Əhmədov belə öz qapısına avtoqol edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31