Yanlışlıq

Ötən sayımızda Ermənistan prezidenti Serj Sərkisyan haqqında yazıda səhvə yol verilib. Korrektorun xətası üzündən "Serj Sərkisyanın var-dövləti açıqlandı" cümləsi belə verilib: "Serj Sərkisyanın var-yoxu açıqda qaldı".

"Get, korrektor işlə"

Gözəllik salonunda işləmiş, işdə yol verdiyi nöqsanlara görə lakin işdən atılmış və ömürlük bu sahədə işləməsi qadağan olunmuş bir xanım primadonna İlhaməyə iş üçün müraciət edir. İlhamə soruşur:
-Əsas işin nə idi? Nəyi bacarırsan?
Xanım:
- Qaşların düzgün korreksiyası ilə məşğul olmuşam.
İlhamə:
- Demək, korrektə ilə məşğuldun...Yaxşı bir tanış qəzet var, göndərərəm ora, korrektor işləyərsən.

Facebook deyimləri

O gün dostlardan biri facebook sosial şəbəkəsində yazıb:
Facebookda "göz vurma" düyməsiylə birgə bəzilərinə qarşı "üzünə tüpürmə" komandasına da ehtiyac var. Təcili düzəliş elə, Mark, qadan alım.

İnsaflı siçan

Bir gün pişik siçanın yuvasının ağzına gəlib deyir:
- Ay siçan, eşitdim kasıblamısan sənə kömək etmək istəyirəm. Deməli, sən öz yuvandan çıxıb sənin üçün açdığım 1 metrlik yuvaya qaç. Sənə 10 qizil da verim, yaşa.
Siçan pişiyin hiyləsini anlayıb deyir:
-Sağ olasan pişik qardaş, məsafə az, mükafat böyükdü, mən razı olmaram.

Küləyin xeyri

Bakıda güclü külək əsən gün sığorta işçisi sosial şəbəkədə yazır:
-"Güclü külək ağacı "Mercedes"in üzərinə aşırdı", "Küləyin aşırdığı ağac "Hyundai"ı əzdi", "Külək BWN-ni əzdi" tipli xəbərlər yazır. Sonra da yazır ki, filan sığorta şirkəti dəymiş zərərə görə pul ödədi.
Məşədi Cəfər sığorta işçisinə replika atır:
-Bəy, deyəsən axı, külək sığorta sektorunun canlandırıb ha. Allah bilir hər gün dua edirsiz ki, külək əssin. Ağaclar maşınların üstünə aşsın.

Sevgi zarafatları

1.-Gedəcəksənmi aşqım?
-Bəli!
- Ala ha,  gedəcəksən! Qapını kilidləmişəm, nə təhər gedəcəksən?

2. Qız onu tərk edən sevgilisinə:
-Sən alçaq, yaramaz, əclafsan!
Oğlan:
-Səni belə tərbiyəzi bilmirdim. Bir az mədəni ol!
Qız:
-Yaxşı. Siz olduqca alçaq, yaramaz və əclafsınız!

"İynə"nin reaksiyası

Koreyada qəribə bir qərar qəbul olunub. Daşımaçılıq və gəmiçilik nazirliyi qərar verib ki, paytaxt Pxenyanda tıxacların qarşısını almaq üçün əyalətlərdən gələn avtomobillər başkənddə buraxılmasın. Bu bilirsiz nəyə bənzəyir? Elə bil ki, birinin başına bit düşüb, yığışıb biti təmizləməkdənsə, adamın başını kəsirlər.

Uşaq yelləncəkləri buna görə sınır

Məşədi Cəfər solçulardan birinin paylaşdığı bu şəklin altına yazır:
-Mən də deyirəm həyətdə yelləncəklə niyə qırıqdı. Elə bu nənələr, gombul arvadlar xəlvətə minir deyə beləymiş.

Türkoğlu getdi, facebook yetim qaldı

Müxbirlərdən biri Məşədi Cəfərdən soruşur:
-Məşədi, Milli Bayraqdarlar Hərəkatının başqanı Elman Türkoğlu facebookda yazıb: "Bəylər, xanımlar, qardaşlar, bacılar, əzizlərim! Böyükdən böyük türk millətim, sizlərə verdiyim  vədə gəlib çatdı və mən facebookdan əbədi olaraq ayırılıram! Əlvida FACEBOOK!". Buna reaksiyanız necədir?
Məşəd Cəfər qəmgin halda:
-Nə olacaq, ta denən facebook yetim qaldı da.

İşıq niyə İŞİD-ə çevrildi

Bir deputat-köşə yazarı var, İŞİD fəallaşan zaman "İşığın İŞİD-ə çevrilməsi" başlıqlı məqalə yazmışdı. Adından məqalənin məzmunu bəllidir. İŞİD pisdi, gerilikçidi, şəriətçidi, feodal kafadı, gerizəkalıdı, qadınları bürümək, kişiləri (sələvi olmayanları) qətl etmək istəyir. Türkün sözü, oysa, bu yazarın özü "Şah İsmayıl-Sultan Səlim", "Babək-Mötəsim" müzakirələri zamanı ikincilərin tərəfini tutmuş, "Babək sapıq idi, Mötəsim mənəviyyatlı", "Bu gün biz Babəkin deyil, Mötəsimin dəyərlərini daşıyırıq", "Şah İsmayıl yanlış yolda idi, Sultan Səlim düz yolda" kimi laflar etmişdi. Əvvəla, yazar yanlış danışırdı: bu gün Azərbaycan və bir çox xalqlar var ki, məhz Babəkin dəyərlərini daşıyır, Mötəsimin yox. Misal, Novruz bayramı, qadınların azadlığı, qızların təhsil alması, din adamlarının açıqfikirliliyi və s. Mötəsimin dəyərlərini bir ovuc insan daşıyır ki, onların da adına vəhabi, sələfi deyirlər, insanlar onlardan uzaq qaçır, toya-yasa çağırmır, qız vermir, qız almırlar. İslam şərqində mövcud tolerant mühitin, dünyəvi təhsil və dövlət quruluşunun mövcudluğuna görə, xeyli dərəcədə Babəkə, dində islahat aparmış Şah İsmayıla minnətdar olmalıyıq. İŞİD kökünü müsəlman olmayanları qətl edən Mötəsim zehniyyətindən götürür.  Bu baxımdan "İşığın İŞİD-ə çevrilməsi bu günün, dünənin işi deyil. 7-ci əsrin işidir.

Demokratiya dəyərdən dəyənəyə çevriləndə

Ukraynada hər gün adam öldürülür. Dünyanın dəstəklədiyi "demokrat prezident" eynilə Bəşər Əsəd, Yanukoviç kimi ona tabe olmayanları gülləyə tutur, şəhər və kəndlərə tankdan atəş açır. "Yeddi oğul istərəm" filmində Kələndər dayı demiş, "Bular yaxşı idilərsə, niyə qağamı öldürdülər?" Yaxşı Yanukoviç demokratik yolla seçilməmişdi( buna şübhələr var), korrupsioner idi, hakimiyyətini qorumaq üçün xalqına güllə atırdı-devrildi. Pis idi, hamı yığışdı, lənətlədi, devirdi. Bəs bu təzə "demokratik yolla" seçilən prezident niyə camaatın qanını tökür? Məgər demokratiyada məqsədə çatmaqdan ötrü qan tökmək mübahdır" prinsipi hakimdi? Bəs harda qaldı, "əsas təməl prinsipi insan" azadlığı, insanların özgür seçimi, fikir plüralizmi" müddəaları? Kimsə çıxıb, "Demokratik yolla seçilmiş "şokolad kralı" separatizmə qarşı mübarizə aparır" deməsin. Buna deyirlər demokratiyanın dəyərdən dəyənəyə çevrilməsi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31