Yanlışlıq

Ötən sayımızda "Media xəbərləri" bölümündə korrektorun xətası üzündən qaraqışqırıq.com saytının rəhbəri ilə bağlı xəbərdə səhvə yol verilib. "Saytın baş redaktoru soyundu" cümləsi belə gedib: "Saytın baş redaktoru qoyundu".

Başsağlığı

"İynə" kollektivi olaraq Rusiya yığmasının Braziliyada keçirilən futbol üzrə dünya çempionatında Rusiya yığmasının qrupda qalması münasibətilə tanınmış solçu yazar, yeni nəsil kommunist hərəkatının ümidi Elçin Bayramlıya dərin hüznlə başsağlığı verir.

Xain xoflu olar

İki həftədir facebook sosial şəbəkəsində insanları narahat edən "Rəzil olmuşsun lan, videon çəkildi". "Lan, bu nə görüntü?" tipli linkləri açan ancaq siyasətçilərdi. Ay qardaş, açma da! Görünür, siyasətçi qardaşlar özlərindən o qədər narahatdırlar ki, balaca şübhə olan kimi tez açırlar görək, harda yaxalanmışam.

Dədə Tofiqdən sitatlar

Ağsaqqal jurnalist Tofiq Türkel mundialla bağlı söyləmiş görəlim nə söyləmiş:
-Əlcəzair ki bu qədər gözəl futbol oynayır, ona "Əl-Cəzair" demək düz deyil. Bunlar Ayaq-Cəzairdilər.

İsa Qəmbərin oğlu İlkinin rusdilli saytından seçmələr

İlkin dahi İmadəddin Nəsiminin "Dünya duracaq yer deyil, ey can səfər eylə" beytini belə tərcümə edib: "Zemlya nepodxodyaşiy ostanovka, ey djan, vıytı na putişestvie" .

Tərbiyəsi pozuldu

Sosial şəbəkədə solçular bu şəklin altına yazıblar:

- "Kapitalizmdə yetişən tərəvəz bundan artıq olmaz ki"
- "Meyvə-tərəvəzin də tərbiyəsi pozuldu"

"Eşitmək istədiyin ən yaxşı söz"

Şəkili deputat Əli Məsimovun gənc vaxtlarıdır. Bir gün tələbələr yeyib-içirlər. Dostlardan biri Əlidən soruşur:
-Əli bəy, eşitmək istədiyin ən gözəl söz hansıdır?
Əli bəy qımışır:
- Haindi yaxşı yeyib içirsən, hesabı vermək istəyəndə ofisiant deyir ki, "Çatıtdı".

Facebook gülməcələri

1.Qız:
- Aşqım, indiyədək neçə sevgilin olub?
Oğlan qımışır:
- Əzizim, saymıram ki, bərəkəti qaçar.

2. Əgər kişi susursa, demək qadın danışır. Qadın susubsa, demək yatıb.

Partiya sədrinə iş təklifi

Qəzetçi dostu Məşədi Cəfər pulsuzluqdan, işsizlikdən gileylənən Türk Millətçi Partiyasının genel başqanı, Milli Qurtuluş Partiyasının sədri (iki partiya rəhbəri olasan, amma işsizlikdən şikayətlənəsən. İşə bax da)  Vüqar Bəyturana yazır:
-Bəy, salam. Qəşəng bir iş var.
Bəyturan sevincək:
-Nədir? Gəlirlidr?
- Hə qəşəng işdir.
- Nədi axı?
- Kəndə ot biçini başlanıb. Kənd uşağısan, gəl, iki dənə qəşəng kəsən kərənti götürək, sezona gedək. Pul qazan, gəl, burda piarınla məşğul ol. Neçə vaxtdı mətbuata çıxmırsan.

Aeroport qiymətinə

Solçu yazarlardan biri "Aeoroport qiymətinə qadın geyimləri" reklamına lağ edir:
-Aeroport qiymətinə paltar olar? Bir hava limanının tikilməsinə neçə milyon manat sərf olunur?
Başqa bir solçu düzəliş edir:
-Niyə olmur? Bu dəqiqə Bağdad, Homs, Odessa aeroportları elə şalvar qiymətinə olar. Uçulub-dağılıb.

Haralısan?

Dostlardan biri facebookda yazır: "Mahnıdakı məntiqə baxın: - Bakının Maralısan , yar haralısan". Day, özün deyirsən də haralıdır.
Yazıya rəylər
Məşədi Cəfər:
-Bakı paytaxtdı da. Hamı da Bakıdadı indi. Soruşur ki, propiskan Bakıyadı, bildik, bəs əslin haralıdır?
Dədə Tofiq:
-Soruşan yüz faiz Tahir Kərimlinin partiyasının üzvüymüş.

Yeniyetmə deyimləri

-Sənin olmayacağımı bilə-bilə niyə sevirsən, dedi. Öləcəyini bilə- bilə yaşadığını dedim, susdu.
-Skaypda söhbət . Qız: -Bax, əslində heç kəsə kamera açmıram ha.
Oğlan: -Bəs mənim günahım nə idi?

"İctmai yerdə lüt çimmək olmaz"

Milli bayraqdarlar Hərəkatının lideri Elman Türkoğlu balıq tutmağa gedir. Elman elə soxulcanı qarmağa taxıb suya atır ki, polis başının üstünü kəsdirir:
-Ay vətəndaş, neynirsiz burada?
Elman ilişdiyini görüb söhbəti fırladır:
-Mən...mən? Heeç, soxulcanlarımı çimizdirirəm.
Polis Elmanın məzələndiyini hiss edib əks-hücuma keçir:
-Elə isə nədən soxulcanlarınızın çimərlik geyimi yoxdur? Bilmirsiz ki, ictimai yerdə lüt çimmək olmaz?..

Yeniyetmə yaradıcılığından

-Kartof bəzi insanlardan qürurludur. Ən azından o qızarmaği bacarır.

Görməmiş, əynindən çıxarmır

Bir nəfər sonradan görmə təzə kürkünü geyinib üstünə azca "paraşok" tökür, gəlir çimməyə. Soruşurlar ki, niyə kürkü çıxarıb çimmirsən. Deyir ki, mən çimmirəm ki, kürkü yuyuram. Soruşurlar:-Paltaryuyan maşınla niyə yumursan? Deyir:-Eh, maşında başım hərlənir axı.

Dərsdə

Fikri göylərdə olan müəllimlərdən birinin dərsi. O, təsadüfən cüvəllağı şagirdlərdən birini ayağa qaldırıb deyir:
-Aydın, mənə 2 dənə əvəzlik de!
Şagird:
-Kim?Mən?
Fikri göylərdə olan müəllim şagirdin bu sözləri hansı mənada dediyini müəyyən etmədən dillənir:
-Əla! 5 alırsan! Otur!

Nostalji

Sovet dövrünün sevgi və yoldaşlıq məktubları.

-İmza: "İntizar küçəsi, Həsrət döngəsi, Məhəbbət məktəbi, Eşq fakultəsi, 5-ci kurs tələbəsi, Qırsaqqızov Yapışqan Əlçəkməz oğlu.
-Əsgər məktubları belə başlanardı: "Əvvəla, salam! Salamdan sonra əgər zəhmət çəkib biz tərəfin əhvalı ilə tanış olmaq istəsən, biz sağ-salamat varıq. Sənin də sağ-salam olmağını o bir Allahdan arzu edirik".

Tələbə yaradıclığından

-İnsan nə edərsə, özü-özünə edər... Amma soruşsan, kimdir günahkar. Deyər:Həyat, Tale, Qismət...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31