Məhkəmədə

Bir gün bir neçə dəfə türmə həyatı yaşamış təcrübəli oğrunun məhkəməsi keçirilir. Hamı danışır, sonda qərar çıxarmağa hazırlaşan hakim müttəhimə deyir:

-Son söz olaraq nə demək istərdiniz?
Müttəhim yazıq görkəmdə, amma ironiya ilə:
-Mənim son sözüm vəkilə olacaq. Qardaş, haqqımda hökm verilir, məni türməyə aparırlar e, sən danışacaqsan, ya yox?

Məşədinin reaksiyası

Braziliyalılar 4 top vurdu, amma hesab 3-1 oldu.

Kumiri Tərlan Əhmədovdu

Futbol üzrə Braziliya yığmasının müdafiəçisi, Xorvatiya ilə oyunda öz qapısına qol vurmuş.
Marçeloya deyiblər-Kumirin kimdir? Deyib:- Tərlan Əhmədov.

"Yazarkən, məndən razılığımı almamışdılar"

Tanınmış jurnalist, sığorta işçisi, ən əsası sosialist Elçin Bayramlını yolda polis saxlayır. Cərimə olunmaq istəməyən Elçin hay-küy salır. Görür ki, xeyri yoxdu, çe Gevaradan sitat gətirir:
-Deyirsən qanunu pozmuşam? Qanunları pozduğum üçün çox üzgünəm. Amma o qanunları yazarkən məndən razılığımı soruşmamışdılar.

"Dünən zooparka, bu gün Luna parka"

Yazıçı Əkrəm Əylisli sahildə gəzərkən qarşısına pinqvin çıxıb. Yazıçı bilmir neyləsin, polisə yaxınlaşır . Polis də məsləhət görür ki, pinqvini zooparka aparsın. Üç gün sonra polislə Əkrəm təsadüfən yenə qarşılaşıb. Amma yanında həmin pinqvin olur. Polis qayıdır:
-Bəs, pinqvini zooparka aparmadın?
Əkrəm Əylisli təmkinini pozmur:
- Dünən zooparka aparmışam, bu gün də Luna parka aparıram.

Quşlamalar

İsa Qəmbərin oğlu İlkin Qəmbərin "ruskiyazıçnı" saytından quşlamalar.
-"Sem dayı"-"Yeddi dayı". "İkiçayarası"-"Mejdu dva reka", "Xolostoy patron"-"Subay müdir".

"Onun əli qana batıb"

2024-cü il. Müsavat başqanı İsa Qəmbər siyasətdən gedib, Horadizə köçüb. Kiçik oğlunun toyunda İsa bəy qoç kəsir. Bakıdan gələn qonaqlar da var. AMİP sədri sakitçə toy mağarına girir. İçəridə Nazim İmanov AMİP liderindən soruşur:
-İsa bəylə niyə görüşmədin?
Etibar qımışır:
-Onun əli qana batıb.

Yanlışlıq

Ötən sayımızda məşhur siyasi şərhçi Əhmədalı Qayaların müsahibəsində yanlışlığa yol verilib. "Avropa Birliyi Moskvanın "Cənub axını" layihəsini dayandırıb. Bu kəmər Avropaya RUS QAZINI aparmalı idi. Kreml şokdadı. Sem dayının "siyasi dzü-do" fəndi Putin üçün "soyuq düş" effekti verib" cümləsi səhvən bu cür gedib: "Avropa Birliyi Moskvanın "Cənub axını" layihəsini dayandırıb. Bu kəmər Avropaya RUS QIZINI aparmalı idi. Kreml şokdadı. Sem dayının "siyasi dzü-do" fəndi Putin üçün "soyuq düş" effekti verib".

Sezon bitdi, legioneri yola salırlar

Dostlar soruşur ki, müsavatçılar, cəbhəçilər Cəmil Həsənlinin niyə vururlar. Ha demişəm, siyasi məsələlərə qarışmaym, olmur. Gərək gəncləri başa salasan, səndən söz soruşana cavab verəsən. Deməli, belədir, əzizlərim. Cəmil müəllim siyasət adamı deyildi. Milli Azadlıq Hərəkatına bir çoxları kimi elmdən gəlsə də, siyasətçi ola bilmədi. O tək deyil ha, belələri çoxdu. Vurğun Əyyub da siyasətçi ola bilmədi. Məhəmməd Hatəmi də. Elmdən siyasətə gəlib siyasətçi olanlar da var. İsa Qəmbər, Pənah Hüseyn elmdən gəldilər, siyasətçi oldular. Əslində heç elmdə də uğurlu olmamışdılar. Hə, Cəmil müəllim deputat da alim kimi seçilmişdi.   Onu Milli Şuraya da xahişlə gətirmişdilər. Həmin dövrdə lazımlı adam idi. Seçkidən sonra da lazım olmadı. İnsanın gərəkli olmadığını demək lazımdı axı. İndi cəbhəçilər və müsavatçılar başa salmaq yolunu tutublar. Onlar Xalid Əlimirzəyevi, Rüstəm İbrahimbəyovu da beləcə urvatsız edib yola salmışdılar. Həm də ki, a qadanızı alım, Cəmil müəllim xarici ölkədən alınıb komandaya salınmış legioner futbolçu kimi bir şey idi. Nə adamı vardı, nə elektoratı. Sezon bitdi, indi legioneri yola salırlar.

Ruslar dünyanı təəccübləndirir

Facebook sosial şəbəkəsində politoloq Ərəstun Oruclunun "Altay diyarında baş verən sel nəticəsində Rusiya yenidən bütün dünyanı təəccübləndirdi. Güclü su axını kəndlərin birinə ballistik raketin bir hissəsini gətirib çıxarıb..." statusunu oxuyan Dədə Tofiq deyinir:
-Qorxuram, bir gün rus çayından  nüvə düyməsi də tapıla. Putinə nə var, soyunub girər çaya çimməyə, düyməni verər Alinaya, oda oynadar-oynadar, atar çaya.

"Sözsüz" yazanın sözü qurtarıb

Bir də görürsən facebook sosial şəbəkəsində dostlardan bəziləri şəkil paylaşır, altından yazır: "Sözsüz". Qardaş, nə qədər olar axı? Hər şəklin altından "sözsüz" yazırsansa, bu o deməkdir ki, sözün yoxdur da.

İŞID hədələndi

Bülənd Arınc Türkiyə adından İŞİD-ə hədə gəlir:
-Kərkükü tərk etməsəniz, Türkiyə sərt tədbirlərə əl atacaq...İraq ya Polat Alemdar girəcək, ya da şoumen Məhəmmədəli Ərbil gedib, vətənini qurtaracaq...

Müxalifət Hollandiyaya azarkeşlik edəcək"

Facebook fəallarından biri yazıb ki, Azərbaycan müxalifəti futbol üzrə bu ilki dünya çempionatında Hollandiyaya azarkeşlik edəcək. Ağlınıza başqa şey gəlməsin-narıncı rəngə görə.

Çağdaş kommunistlər belə olur...

Sosializmin alovlu təbliğatçılarından biri bahalı "Mercedes"inin şəklini paylaşıb, yazıb: "Satıram. Kim alsa, inboxa yazsın. Çox keyfiyyətli maşındır".
Stasusa rəylər:
Alovlu bolşevik: -Yaxşı maşındı. Amma Sovet maşının yerini verməz.
Qığılcımdan alov doğar:-"Nİva"nın yanında  heç nədi.
Samir Sarı:-Mən elə bilirdim, siz "Jiquli", "Volqa", "Qaz-24" sürürsüz...
Məşədi Cəfər:-Çağdaş kommunistlər belədir də. "Niva"nı, "Moskviç"i, "Jiquli"ni tərifləyər, amma "Mercedes" sürər. "Jiqulevski" pivəsini tərifləyər, amma "Bavariya" içər. Sosializmə təbliğ edər, ancaq burjuy kimi yaşayar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31