Həftənin sancılanması-İYNƏ-YUMOR

"İynə" çapa gedərkən Quzanlıdan aldığımız məlumata görə,  traktorçu Şakir gülmə krizinə girib və bərk sancılanıb. Buna səbəb Cənubi Qafqazın ən çox tirajlı qəzetində çap olunmuş "Siyasilər dünya çempionatında hansı komandaya azarkeşlik edəcəklər" başlıqlı yazıda Müsavatın Seçki Qərargahının sədri Gülağa Aslanlının rəyinin öyrənilməsidir. Şakiri gülmə krizinə salan odur ki, ay kişilər, kimin nəyinə lazımdır, Gülağanın hansı komandanı tutması?

Məşədinin replikası

Facebook sosial şəbəkəsində "Polat Alemdar saatları-cəmisi 40 manata" reklamını görən Məşədi Cəfər deyir:
-40 manata Polat Alemdar saatı ola bilməz. Bu qiyməti Xon Kil Don, Brüs Li saatları (yəni kitayski saatlar)  ola bilər.

Əbu Sovet, ya İbn german?

Ağsaqqal jurnalist Tofiq Türkel qəzetləri oxuyur. "Rəsul  Məmmədov adlı şəxs Suriyaya döyüşməyə gedib" xəbərinə çatan dədə qımışır:
-Bu mənim iş yoldaşımın qardaşıdır. Oğlunun adı German, atasının adı Sovetdir. Yaxşı indi bu Suriyada hansı adı daşıyır: Əbu German, ya İbn Sovet?

Meyxana müsabiqəsi

Bakı Dirçəliş İttifaqının qərargahında meyxana müsabiqəsi keçirilir. Müsabiqə 1993-cü il 4 iyun hadisələrinə həsr olunur.  Münsiflər heyəti Hacı Mehman, Hacı Elşən, Məşədi Aydın.  Papaqdan çıxan qafiyələr:

"Al gəldi" mərhələsi

Gəncədən gəlirəm yükü raketdi
Müsavatın gücü "Uğur paket"di.

"Tut gəldi" mərhələsi

Zazalıda Arif qurdu postunu
Pənah Hüseyn atıb getdi dostunu.

"Qoyma, qaçdı" mərhələsi

Surət qiyam qaldırdı,  cinayət etdi
Rəhim ona qoşuldu, xəyanət etdi.

"Basdı, keçdi" mərhələsi

AXC rəhbərləri lideri tək qoydular,
Surətin adamları rayonları soydular.

Dahilərimiz mənəvi terror hədəfində

Facebook dostlarımdan biri maraqlı bir status yazmışdı. "Bu gün mənə Nizami Gəncəvi ilə Məmməd Əmin Rəsulzadə dostluq göndərdi.  Qəbul etdim, amma qorxu canımı bürüdü. Birdən birə iki mərhumla sosial şəbəkədə dost oldum. Allah xeyrə çalasın". Dostumun ironiyasını başa düşdüm. Məsələ ölmüş, amma məşhur adamların adına açılan facebook profilləri ilə bağlı idi. Facebookda "Elçibəy", "Yaşar Nuri", "Siyavuş Aslan" səhifələri var və aktiv də işləyir. Səhifəni işlədən dostlar vaxtaşırı bu aktyorların həyatından maraqlı epizodları, fotoları yayınlayırlar. Bu yol vəfat etmiş korifeylərimizi unudulmağa qoymur. Ancaq biri də var, ölmüş korifeylərin adından açılan profillər. Bu artıq, başqa adamın adı altında gizlənməkdir. O gün bir ürəkbulandıran halla rastlaşdım. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məhsəti Gəncəvi, Molla Pənah Vaqif adına açılmış profillər bir-biri ilə şir zarafatlaşır, bayağı sözlər yazırdılar. Təxminən belə. Nizami Gəncəvi:-Bu gün "Əli və Nino"da "Sirrlərə xəzinəsi" kitabım 5 manata satılıb. Məhəmməd Füzuli: -Alə, yaxşı da, özünü reklam eləmə.
O biri dahilərimizin adından da təxminən belə bir şeylər yazılmışdı. Bu artıq ayıbdı, dostlar! Belə şit zarafatlar heç kimə başucalığı gətirməz. Keçici, bayağı gülüşə milli dəyər səviyyəsinə qalxmış dahilərimizi alət etməyək.

Siyasətçinin romantikliyi

Vurğun Əyyub evdə qalmış xanım siyasətçilərədn birinin müsahibəsini oxuyur. "Ürəyimi zəbt edən insan qarşıma çıxmayıb" cümləsinə çatanda Vurğun bəy deyinir:
- Siyasətçi ki siyasətçi. "Ürəyimi zəbt edən insan"...Yox bir, ürəyimi işğal edən insan. Adam bir az romantik olar.

Məşədinin dostyana iradları

-"Filan rayonun icra hakimi filankəsi işdən çıxardı" xəbərini verən dostlar, həmkarlar, Azərbaycanda "icra hakimi" vəzifəsi yoxdur. Hakim məhkəmədə var, bir də idmanda. İcra hakimiyyətində başçı olur, müavin olur, məsləhətçi olur.
- "Filan deputat filan məmuru yıxdı-sürüdü" manşetini atan dostlar, adam adamı yıxıb-sürüyər davada, güləşdə. Söz yarışmasında, debatda sürüməz, yıxmaz. Uzağı üstün gələr. Sərt tənqid edər.

Ağız ədəbiyyatı

Facebbokda yaranmış bayatılar
 
(Yanlq postmodernist yazarlar üçün qoşulub)

Əzizim həmən yerdə,
Göy otluq, çəmən yerdə,
Köç salıb qocalaydım,
O sona çimən yerdə.

Ay deyiləm, ulduzam,
Gözələm, qəşəng qızam,
Kənardan nə baxırsan,
Gəl yaxına, yalqızam.

"Yerə üzü üstə düşmüsən"
Milli Parkda qızla oğlan söhbət edir. Oğlan:
-Sevgilim, sən göydən düşmüş mələksən.
Qız nazlanır:
- Oyy, çox sağol, əzizim.
Oğlan:
Amma, baxan kimi bilinir ki, yerə üzü üstə düşmüsən.

Bayraqdarın replikası

Milli Bayraqdarlar Hərəkatının başqanı Elman Türkoğluna facebookda mesaj gəlib ki, "Rəzil olmusan, lan! Videon yapıldı".  Elman dilxorcasına deyinir:
-Əvvəla, rəzil olmuşamsa, bundan sənə nə? İkincisi, olmuşamsa, ta olub-bitib, xəbərdar etməklə nə olasıdı ki? Üçüncüsü, rəzil olanların hamısı "Yurd" da vəzifə tutur. Nə olacaq ki?

Müsahibə

Məşhur müxbirimiz Əhmədalı Qayalar tədbirlərin birində məşhur reper Elşad Xosedən qısa müsahibə alıb. Eksklüziv müsahibəni təqdim edirik. Elşad həmişəki kimi qısa cavablarla kifayətlənib.
-Replə bağlı nə xəbər var?
-Reperi var (özünü qəsd edir), rep yoxdu.
- Şou-biznes nədi?
- Dadsız sous.
- Anar kimdi?
- Nağılbazdı?
- Bəs Samir?
- Qazdı.
          - Bəs  Telli?
          - Sazdı?
- Röyaya nə deyərdin?
- Gəl bəri, gir içəri...
- Bəs Nadirə?..
- Göbələksən!...
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31