Soyadını dəyişmək istəyən funksioner kimdir?-:"İYNƏ"

Dədə Tofiqin sualı

Tofiq Türkel qəzetləri vərəqləyir. "Yeni Müsavat"dan "Jurnalist Rey Kərimoğlunun ayağından 3 qəlpə tapıldı" xəbərin oxuyan Dədə Tofiq təəccüblə:
- Maraqlıdır, bu indiyə qədər aeroportdan keçməyib? Adamın üstündə dəmir olanda siqnal verir axı.

Həkim məsləhəti

Köklükdən əziyyət çəkən, əyilib ayaqqabısının bağını bağlaya bilməyən hüquq müdafiəçisi Elçin Behbudov  həkimə gedir.
- Necə edim ki, 3 aya arıqlayım. Qabaqdan tədbirlər gəlir, qonaqlar olacaq. İstəyirəm o vaxta qədər formada olam...
Həkim əlində iki dənə disk Elçinə uzadır:
- Al, biri Üzeyir Mehdizadənin, o biri Məleykə Əsədovanın diskləridir. Qulaq as, 3 ay nədi, 25 günə arıqlayacaqsan. Gündə iki dəfə, yeməkdən qabaq ki, iştahan qaçsın.

Bayraq daşımaqdan yoruldu

2020-ci il. Milli Bayraqdarlar Hərəkatının lideri Elman Türkoğlu KXCP-ni tərk edib YAP-a keçir. KXCP-nin Elmanın düşərgə dəyişməsinə reaksiyası belə olur:
- Uzun illərdir, bayraq daşıyırdı. Görünür, bayraq daşımaq onu yorub.

"Atam şkafın altında qalıb"

Bir gün evdə nadinclik edən, qab-qacağı sındıran dəcəl bir oğlan anasına deyir:
- Ana, şkafımız aşıb!
Anası əsəbləşir:
- Yaxşı neynək, qoy atan gəlsin, deyəcəm...
Oğlan qımışır:
- Özü bilir də.
- Hardan?
- Şkafın altında qalıb.

Yanlışlıq

Ötən sayımızda Ermənistanla bağlı xəbərdə səhvə yol verilib. "İrəvanda ev uçub, 16 nəfər zərər çəkib" cümləsi korrektorun xətası üzündən belə verilib: "İrəvanda ev uçub, 16 nəfər zəhər içib".

Ağ atlı oğlan gəldi

Bulvarda qızla tanış olmaq istəyən Samir Adıgözəlli bir gözəl qıza yaxınlaşıb soruşur:
- Sən bu günə qədər ağ atlı oğlan gözləmisən?
Qız nazla:
-Bəli.
Samir gülərüzlə:
- Budur, mən gəlmişəm.

Şair ad qoydu

Qan Turalının qardaşı Fuad Cəfərov azad yazarların "Dədə Qorqud"u Rasim Qaracanın yanına gəlir.
- Rasim dayı, mənə də bir təxəllüs seç.
Rasim nə deyirsə, Fuad razılaşmır. Axırda əlacı kəsilən şair deyir:
- Yaxşı onda sən də ol Qan Fuad.

"İynə"dən təklif

Əgər olimpiya çempionu, dzü-doçu Elnur Məmmədli olimpiadanın açılış mərasimində  bayraq daşıdığına görə, yorulub əldən düşübsə və buna görə uduzubsa, gələn dəfə bayraq daşımağa Milli Bayraqdarlar Hərakatının ideoloqu, başqanı və yeganə lideri Elman Türkoğlunu aparın.

"Təzyiqim yuxarıdı, qoyun əti yemirəm"

Yaşar Türkazər avtobusla gedirmiş. Birdən yuxusuz Yaşarı əsnəmək tutur. Dəblə geyinmiş bir oğlan deyir:
- A kişi, ağzını tut da. Az qaldı məni yeyəsən.
Yaşar cəld dillənir:
- Narahat olma! Məndə təzyiq var, qoyun əti yemirəm.

"Bozbaşı salatla yedim"

ADP-nin qərargahı. Sərdar Cəlaloğlu özünü yaxşı hiss etməyən Həsrət Rüstəmovu müayinə edir. Sərdar həkim soruşur:
- Bu gun nə yemisən?
Həsrət:
- Aşağıda, yeməkxanada bozbaş yedim.
Sərdar bir az düşündükdən sonra təkrar soruşur:
- İştaha ilə yedin?
Halı özündə olmayan Həsrət dilxorcasına dillənir:
- Xeyr, salatla yedim.

"Siz universiteti bitirəndə"

İncəsənət Univetrsitetində oxuyan Müdhət Aydın gözəl bir qıza yaxınlaşıb soruşur:
- Salam, xanım, siz evlisiz?
Qız laqeydliklə:
- Xeyr, evli deyiləm.
- Bəs nə vaxt evləncəksiz?
- Universiteti qurtaranda.
Qız soruşur:
- Bəs siz necə,  evlisiz?
- Xeyr.
- Nə vaxt evlənəcəksiz?
Murik qımışır:
- Siz universiteti bitirəndə.

Tanınmışlardan sitatlar

- Mən müxalifəti sevə-sevə tənqid edirəm!
                                       (Mirzə Sakit)
-  Mən Suriyanı sevə-sevə məhv edirəm!
                                           (Bəşər Əsəd)
- Mənə deyirlər ki, səndən yaxşı məşqçi olmaz. Çünki futbolçu olmamısan. Belə çıxır ki, mən yaxşı jokey olmaq üçün gərək əvvəl at olam.
                                        (Futbol məşqçisi Joze Maurinyo)
- Rəsul Quliyevə gələn, mənə gəlsin. (1998-ci il, Nurəddin Məmmədli)

"Pul olarsa, tərəfdar da olacaq, partiya da"

Oğlu Sülhəddin Əkbərdən soruşur:
- Ata, partiya sədri olmaq yaxşıdır, yoxsa  çoxlu elektorata sahib olmaq?
Sülhəddin qımışır:
- Çoxlu pula malik olmaq yaxşıdır, bala. Pul olarsa, tərəfdar da olacaq, partiya da.

Bəyturanın Çin dərin dövlətinin diqqətində

İki partiyanın mühafizi, Türk Millətçi Partiyasının başbuğu və Milli Qurtuluş Partiyasının başqanı Vqüar Bəyturanın kənara çəkilməsi və müəmmalı sükutu Çin dərin dövlətini narahat edib. "İynə"yə sızan bilgilərə görə, Çin dərin dövləti Bəyturanın izlənməsi üçün 23 əməkdaş ayırıb. Onlara tapşırılıb ki, baş buğun bütün hərəkətlərini izləsinlər, apardığı görüşlərin məzmununu öyrənsinlər. Xüsusi qrupa peyk rabitəsi cihazları, yüksəksürətli mobil internet avadanlıqları verilib.

Siyasi tapmacalar

- O kimdir ki, VHP-dədir, amma müxalifətçidir?
Cavab:
- Samir Əsədli.
- Bəs o kimdir ki, AXCP-dədir, amma cəbhəçi deyil?
Cavab:
- Nurəddin Məmmədli.
- O hansı partiyadır, möhürü var, elektoratı yoxdur?
- AVİP.

"O gedəcək, Arif gələcək"

KXCP sədri Mirmahmud ağadan soruşurlar:
- Ağa, İsa Qəmbərin başqanlıqdan getməsini istəyirsən?
Ağa daimi ampulasında:
- Həm hə, həm yox.
- Necə yəni?
- İstəyirəm ona görə ki, gənclərin önünü kəsib. İstəmirəm ona görə ki, o gedəcək Arif gələcək, o da gənclərin önünü kəsəcək.

"Gərək soyadımı dəyişəm"

Suriyada Bəşər Əsədin xalqa qarşı cinayətlərindən təngə gəlmiş VHP funksioneri Samir Əsədli deyinir:
- Bu yaramaz bizi biabır elədi. Gərək soyadımı dəyişəm...
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31