“Lüksemburq kəndinin komandasını uda bilərik” - İYNƏ - YUMOR
14 Mart 2014 17:58 YumorSaytdan "Samux rayonunun Lüksemburq kəndi" şəklini görən Dədə Tofiq deyinir:
- Bax, futbol üzrə yığmamız ancaq bu Lüksemburqu uda bilər.
Facebookdan seçmələr
Azər Qismət:
Adında "Nur" sözü olduğuna görə müğənni Nura Suri paltarlarını yığışdırıb xaricə qaçmaq istəyir. Səhiyyə Nazirliyi isə apteklərdən "Nurofen" tabletlərini yığışdırır. Yazıçı Məqsəd Nur isə xarakiri etməyi qərara alıb. İndilərdə aldığımız məlumata görə, Nurlan Əzizbəyli artıq vəsiyyətini yazıb. "Nurgün Motors"un işçiləri isə iş axtarır. Viktor Hüqonun "Gülən adam" romanı isə kitabxanalardan bayıra atılır.
İran universitetlərində yeni ixtisaslar
Kanadada yaşayan güneyli mühacir Hüseyn Türkelli facebok hesabında yazır: "Ölmədik, qaldıq bu günü də gördük... İran rejimi universitetlərdəe bir çox humanitar bölümləri-təhsil ixtisaslarını "islama zidd təlimlər" adı ilə bağlayır, əvəzində məddahlıq-mərsiyəxanlıq-sinəzənlik bölümləri açmağı planlaşdırır".
Şərhlər:
Məşədi Cəfər: "Yaxşıdı. Sosiloloq-məddah, politoloq-rövzəxan ixtisasları üzrə mütəxəssislər hazırlanacaq.
Dədə Tofiq:
- Cəmiyyətdə nəyə tələbat varsa, onun da ixtisası olmalıdır. İranda politoloq, sosioloqa deyil, rövzəxana, məddaha, sinədöyənə ehtiyac var.
Həftənin hadisəsi
"İynə"yə sızan məlumata görə, bu günlərdə toy şənliyində gənc müğənninin (oğlanın) qarın ağrısı tutub. Bəyi şadlıq evindən xəstəxanaya aparıblar. Çünki "Tetrasklin", "İmodium" kömək eləməyib.
"Qaçaq Məmati"
"Qaçaq" filminə çəkilməkdən türk aktyor Gürkan Uyğunun adı axırda "Qaçaq Məmati" olacaq.
Başıörtülü təhlükə
KXCP-nin qərargahı. Bəylər oturub qəzet oxuyurlar. Bəybala Əbil "Məscidin axundu üstüörtülü şəkildə xaricdən gələn təhlükədən danışdı" xəbərinə belə reaksiya verir:
- Yaxşı olardı ki, axund ölkəyə gələn başıörtülü təhlükədən danışaydı.
Ünlüllərdən seçmələr
Rəsul abi:
- Əvvəllər süfrəyə oturmadan öncə "Bismillah" çəkilərdi, indi fotoşəkil çəkilir... Facebookda paylaşılan yemək şəkilləri də yəqin bu üzdəndi. İnsanlar bu şəkillərlə ağlı ilə deyil, mədəsi ilə düşündüklərinin obrazını özləri cızırlar.
Dədə Tofiq:
- "Haramda xoşbəxtlik axtarana xoşbəxtlik haram olar."
- Düşmən kor nişançıdır, amma dost bilir hardan vuracağını...
Hazırcavab funksioner
Müsavatyönlü saytların birində AXCP haqqında sərt yazını görən Əli Kərimli qəzəblənir. Natiq Ədilovu çağırıb deyir:
- Gör, biz hansı partiya ilə müttəfiqlik sazişi imzalamışdıq...Axx! O müqaviləni bizə kim məsləhət elədi? Gətir, görüm o sazişi. O saziş harda imzalanıb?
Adilov cəld dillənir:
- Vərəqin aşağısında...
Məşədinin reaksiyası
Zaurun "Ümid var" verilişi bağlandı. Cavan həmkarlarım zəng edib soruşur ki, məşədi, necə baxırsan bu işə. Veriliş bağlanmalıdırmı? Övladlarım, tək "Ümid var" verilişini bağlamaqla iş bitmir. Elgiz Əkbərin "Adam içində" verilişi də qapanmalıdır. Ümumiyyətlə, şəxslərlə iş bitmir, insanların problemlərini şoulaşdıran, ailə dramı üzərində reytinq yığmağa çalışan televiziya proqramlarının hamısı bağlanmalıdır. Türk, rus telekanallarında bu cür layihələr var, evlənmə proqramları yayınlanır. Amma onların heç birində bizdəki bayağılıq, səviyyəsizlik yoxdur. Aparıcı özünü artistiliyə qoymur, problemə, insanların dərdinə bu şoumen marağı ilə yanaşmır. Şou göstərmək istəyən gedib konsert proqramı ilə çıxış etsin, sirkdə göstərsin. Bir zamanlar Qorxmaz Əlili açmışdı. Şou-Əlili. Şou-Zaur, Şou-Əkbər adlı konsert-proqramları ilə çıxış etmək olar. Yetər ki, insanların əsəbi ilə oynamasınlar.
Həftənin endirimi
Metroda ticarət obyektlərinin bağlanması səbəbi ilə "28 may" və "Nərimanov" stansiyalarındakı keçidlərdə mallar su qiymətinə düşdü.
Yeniyetmə yaradıcılığından
1. Bir gün qız bir oğlanla zarafatlaşır.Oğlan deyir:
-Məni ələ salmısan?
Qız deyir:
-İstəyirsən ayaq altına da salım...
2. Bir oğlan aptekə gəlib hiçqırıq dərmanı istəyir. Elə bu zaman satıcı ona bir şillə vurur. Oğlan təəccüblə:
- Əmi, məni niyə vurursan?
Kişi:
- Hıçqırıq dərmanı istəmirdin?
- Həə.
-Daha hıçqırmayacaqsan!
Oğlan hələ şokdadı:
- Mən axı, dərmanı qardaşım üçün istəyirdim...
Əczaçı özünü sındırmır:
- Sən də get, ona qəfil şillə vur, dərmana pul verməyin.
"Xəbərim yoxdu, dünən tez yatmışam"
Riyaziyyat dərsində müəllimə Xəzər Teyyublunun oğlu Arazdan soruşur:
- Bax, düzünü de, ev tapşırığını kim eləyib?
Araz qımışır:
- Müəllimə vallah da, billah da xəbərim yoxdu...Dünən axşam tez yatmışam!
"Sistemi yoxlayırdım"
Məleykə Əsədovanın qızının oxuduğu məktəb. Dərsdə müəllim başa salır:
- Uşaqlar siz dərsə gəlmisiz. Dərsdə sakit oturmaq lazımdır. Əgər nə isə soruşmaq istəyirsinizsə, əlinizi qaldırın!
- Bir oğlan əlini qaldırır.
- Nəsə soruşmaq istəyirsən?
- Yox, sadəcə yoxlamaq istəyirəm ki, sistem necə işləyir?
"O qədər də baha yox"
Müdhət Aydının tələbə vaxtlarıdı. Bir gün Müthət sevgilisinə deyir:
- Sevgilim sənə bahalı hədiyyə almışam!
Qız laqeyd halda:
- Sənin hədiyyən nə olacaq e. Yəqin 4-5 manatlıq bir şeydi...
Mürik:
- Baha dediksə, o qədər də baha yox da. O qədər pulum hardadır, kasıb oğlanam.
Ünlü yazar Kamil Həmzəoğlu facebookda bu şəkli paylaşıb yazır: "Sovetski belə olacaq. İtalyan mütəxəssisin layihəsidir. Məşədi Cəfər ona belə rəy yazır:
- Bu "Sovetski" olmadı ki. "İtalyanski" oldu.