“İmzanı Saxa türklərindən toplayarasan” - İYNƏ - YUMOR

İki partiyanın mühafizi, Türk Millətçi Partiyasının əbədi, Milli Qurtuluş Partiyasının isə müvəqqəti sədri, böyük öndər Vüqar Bəyturan tərəfdarlarını, seçki texnoloqlarını yığıb söhbət edir. 2015-ci il parlament seçkiləri müzakirə edir. Tərəfdarlarından biri Əlişir Əhəd soruşur:
- Bəy, namizədliyini hansı rayondan verəcəksən. Bakıda, ya Masallıdan?
Bəyturan təşəxxüslə:
- Bu nə sualdır? Mən məhəllə davası aparmıram! Sizin kimi məhlə şovinisti, regionçu təfəkkürlə yaşamıram. Mən vətənim bütöv Turandır!
Əlişir Əhəd:
- Yaxşı neynək, qardaş. O zaman imzanı Astanadan, Trabzondan, Saxa türklərindən toplayarsan...


"Dairə önəmli deyil, çevrə önəmlidir"

ADP sədri Sərdar Cəlaloğlunun yanında toplantı. 2015-ci il parlament seçkilərinə hazırlıq müzakirə olunur. Sədr müavini Həsrət Rüstəmov deyir:
- Bu seçkidə heç olmasa sədri deputat seçilməsinə çalışmalıyıq. Bunun üçün də əlverişli dairə tapmamız lazımdır. İndidən uyğun bir seçki dairəsi tapıb işləmək lazımdır...
Sərdar bəy təşəxxüslə deyir:
- Namizəd üçün, lider üçün dairə önəmli deyil övladım, çevrə önəmlidir. Adamın çevrəsi güclü olsun.


Yanlışlıq

Ötən sayımızda Milli Şura ilə bağlı yazımızda səhvə yol verilib. Müsavata meylli korrektorun xətası üzündən son aksiya ilə bağlı xəbərdə "Aksiyaya qatılmış Milli Şura üzvləri ilə polislər arasında qarşıdurma yaşanıb" cümləsi belə verilib: "Aksiyada satılmış Milli Şura üzvləri ilə polislər arasında qarşıdurma yaşanıb".


Ağız ədəbiyyatı

Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər haqqında yaranmış şifahi xalq ədəbiyyatı nümunələri.

Əzizinəm qırılsın
Biləylərin qırılsın.
Rusa adam güvənər?
A səylərin qırılsın!
(Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç haqqında Krım tatarları arasında yaranıb)

Mən aşiq bayraqdara
Öndərə, bayraqdara.
Güneyə laqeyddi
Nə oldu baydaqdara?
(Bütöv Azərbaycan Ocaqlarında Elman Türkoğlu haqqında yaranıb)


Meyxana müsabiqəsi

Bakı və Kəndlər Birliyinin və Meyxanaçılar Birliyinin birgə təşəbbüsü ilə meyxana müsabiqəsi keçirilir. Münsiflər heyəti: Mehman Əhmədli, Elşən Xəzər, Aydın Xırdalanlı. Qafiyələri papaqdan Pərviz Bülbülə çıxarır:

"Al gəldi" mərhələsi

Yaman qəzəblənibdi Yanukoviçin dayısı
Krıma qoşun çıxarıb Şimal ayısı

"Tut gəldi" mərhələsi

Merkel çevik tərpəndi, qalib gəldi Putinə
"Sovetski"də piketdi, camaat yığılıb tinə.

"Qoyma, qaçdı" mərhələsi

Maydanda üsyan oldu, Viktor aradan çıxdı,
Xoxollar qəzəblənib spikeri də yıxdı.

"Basdı, keçdi" mərhələsi

Tatarlara kükrədi, siqnal gəldi Ramzana
Dəlidir, ağlı yoxdur, elə deyir "qan-qana".


"Havadan uçuşan ekspert rəyləri"


Ağsaqqal jurnalist Tofiq Türkel Cənubi Qafqazın bir nömrəli qəzetinin gəydələnin 14-cü mərtəbəsindəki ofisində oturub çay içir. Böyründə oturmuş müxbir Türkiyədə telefon danışığı skandalı ilə bağlı xəbər hazırlayır. Müxbirin "Türkiyə bu telefon danışıqlarını müzakirə edir. Ekspert rəyləri havada uçuşur" başlığını görən Dədə Tofiq dözə bilmir:
- A bala, bu başlıqdı? Ekspert rəyləri havada uçuşa bilməz. Ekspert özü havada uça bilər...
- Necə?-deyə, sısqa müxbir maraqla soruşur.
Dədə Tofiq qəzəblə:
- Bax, səni götürüb pəncərədən vızıldadaram aşağı, aşağıdan baxıb deyərlər ki, "ekspert havada uçur".


Metroda aksiya

VHP sədrinin müavini Samir Əsədli  türkiyəli qonaqlarını Bakıda gəzdirir. Qonaqlardan biri Əli Gömləksiz metroya düşməyi təklif edir. Metroda "şalvarsız aksiya"nın olduğunu bilən Samir deyir:
- Bu gün orda aksiya var. Ancaq köynəksizlər aksiyası deyil, şalvarsızlar aksiyasıdır. Bizə aiddiyyatı yoxdur.


"Salam, nar ağacı"

Aldığımız məlumata görə, tanınmış şair Rüstəm Behrudi gəmi ilə Türkmənistana səfər edib. Şair səfər təəssüratlarını "Salam dor ağacı" poemasında toplayıb. Qayıdandan sonra Göyçaya nar yeməyə gedən şairin Göyçay təəssüratları "Salam, nar ağacı" əsərində toplayıb.


Facebook lətifələri

Hamı qorxur

Balaca siçan anasına deyir:
- Ana, həyat cox qəribədi..
- Niyə?
- Bax biz pisiklərdən qorxuruq elədir?
-Bəli.
-Amma pişiklər də itlərdən qorxur. İtlər uşaqlardan, uşaqlar
kişilərdən, kişilər qadınlardan, qadınlar isə bizdən.


Aşotun dərdi

Ermənistan, Spitak rayonu. Aşot dilxor halda evə gəlir. Arvadı soruşur:
- Nə olub, a kişi?
-Heç nə, arvad, qanım qaradır.
- Axı, niyə?
Kişinin dərdi açılır:
- Sinif yoldaşım Arakel bununla üçüncü dəfədir məni arvadının 40 mərasiminə dəvət edir. Amma mən bircə dəfə də onu dəvət eləməmişəm.


Nadiri təqib edirlər

Kefinin saz vaxtı müğənni Nadir Qafarzadə polisə zəng edir:
- Alo, polisdi?
- Bəli. Buyurun
- Məni 5400 nəfər təqib edir...
- Ola bilməz! Harada?
- Tvitterdə.


"Şalvarı çıxarmağa vaxt edə bilmədim"

Meyxanaçı Rəşad Dağlı balaca oğlunu danlayır:
- Görüm lənətə gələsən! Gör yıxılıb, şalvarını nə günə qoymusan!..
Oğlan hazırcavablıqla:
- Vallah, "uspet" eləyə bilmədim, dədə.
- Nəyə?
- Şalvarı çıxarmağa. Bilsəm, yıxılacam, şalvarı çıxarardım.


"O atovun nəslidir"

Bakının Zirə kəndi. Əri ilə dalaşmış arvad balaca oğlu ilə oturub. Oğlan soruşur:
- Ana, biz nədən yaranmışıq?
Ana:
- Adəm ata ilə Həvva anadan.
Oğlan:
- Bəs atam deyir ki, meymundan yaranmışıq.
Ana əsəbi halda:
- O atovun nəsidi. Biz Adəmdən yaranmışıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31