“Deyəsən, məndən danışacaq” - İYNƏ - YUMOR
21 Fevral 2014 18:09 YumorKXCP sədrinin müavini Xəzər Teyyublu çayxanada Salyan cəbhəçiləri ilə görüşür. Televizorda "Xəbərlər" gedir. Aparıcı:
- İran prezidenti Həsən Ruhani Xəzərdən danışdı" sözlərini eşidən Xəzər təşəxxüslə dillənir:
- Sakit olun, görək nə deyir, deyəsən məndən danışacaq...
Ədalətsizlik
Tanınmış yazar Elçin Bayramlı Tovuzda məhəllə camaatı ilə söhbət edir. Oğlu Altay da yanındadır. Altay soruşur:
- Ata, 23 fevral kişilər bayramının ləğvi ədalətsizlikdi, eləmi?
Hamı gözləyir ki, Elçin yenə marksist çıxış edəcək, Sovet Ordusunun yaranmasından danışır. Amma diqqəti başqa məsələyə çəkir:
- Əlbəttə ədalətsizlikdir! Ləğv edirlərsə, 8 martı da ləğv edərdilər. Kişilərin bayramı yoxdu, sanki tək qapıya oynayırıq.
Gülməli facebook statusları
- Türkiyə mətbuatı yazır ki, "Möhtəşəm yüzil"in ssenari müəllifləri filmin qazandığı uğurdan riqqətə gələrək təzə dizi çəkmək qərarına gəliblər. Artıq filmə ad da tapıblar: "Mustafanın suçu nə?
- Bu gün yavru çox kədərlidir. Deyəsən, bu da anası kimi şairə olcaq. (Kədərli bir şairənin statusu)
Siyasi sayıq redaktor
Gənc yazar Oqtay Bəndərabbas qəzetlərdən birinə məlumat göndərir. Redaktor yazıya baxır, "Destruktiv ədəbiyyat meylləri" başlığını görüb deyir:
- Bunu verə bilmərik. Destruktiv qüvvələrdi, desturktiv ədəbiyyatdı, bunlar bizlik deyil. Verə bilmərik. Konstruktiv ədəbiyyat olsaydı, verərdik.
Meyxanaçıların qurultayına hazırlıq
Meyxanaçılar Birliyi qurultaya hazırlaşır. Meyxanaçı Ağamirzə təşkilatçı şirlkətin nümayəndəsi ilə görüşür. Nümayəndə:
- Ağa, qurultay nə ilə başlanacaq?
Ağamirzə hövsələsiz halda:
- Alə, meyxanaçıların qurultayı nə ilə başlayar? Replə, estrada ilə başlamayacaq ki? Əlbəttə, meyxana ilə başlayacaq...Deməli, belə, mən bu qafiyə ilə açılış edirəm:
Xoş gəlübdü, qurultaya qonaqlar
Xoşbəxtlikdən allanıbdı yanaqlar.
Mehman sədarətin seçilməsini təklif edir:
- İndi gərək biz seçəyin sədarət
Yuxarı başda otursun o rəyasət.
Elşən Xəzər say komissiyasının seçilməsini təklif edir:
- İndi mən də dəvət edib sizləri
Seçək, onlar da saysınlar bizləri.
Rəşad Dağlı qonaqları salamlayacaq:
- Xoş gəliblər, yaxından da, uzaqdan da gələnlər
Bizi seçib, meyxana ustadlarını sevənlər.
Nümayəndə:
- Bəs sonu necə olacaq? Kim bitirəcək qurultayı?
Ağamirzə:
- Alə, mən. Kim bitirəcək... Axırda bu qafiyəni açacam, yarım saat deyişmə olacaq, sonra toplantını bağlayacam.
- İşimizi bitirdik, yola salaq dostları.
Çıxanda düzəldin siz əyilmiş stolları.
İsti-isti şou-biznes xəbərləri
Meyxanaçıların qurultayında dava düşüb. "İynə"nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, qurultay vaxtından düz 3 saat sonra bağlanıb. Buna səbəb meyxanaçıların mübahisəsi olub. Beləki, qurultayın sonunda meyxanaçı Kərim "Qurultayı mən bağlayacam" deyib. Bu isə Rəşad Dağlının, Aydın Xırdalanlının etirazına səbəb olub. Onlar "sən bu qədər adamı bağlaya bilməzsən. Sonda deyəcəksən ki, meyxanaçıların hamısını bağladım". Etirazlar münaqişəyə çevrilib. Söhbətə "Sovetski"dən məhlə uşaqları çağırılıb. Sonda münaqişə həll edilib. Qərara alınıb ki, qurultaydan seçilmiş 20 söz əjdahası bir ağızdan deyir ki, "Qurultay bağlı elan olunur". Belə də olub. Və hamı da razı qalıb.
"Vəzifə verdilər, götürmədim"
Ceyhun Musaoğlu saytları izləyir. Saytlardan birində Rusiya prezidenti Vladimir Putinin dostu İlham Rəhimovun müsahibəsinə rast gələn Ceyhun "Mənə vəzifə verdilər, götürmədim" başlığını görüb deyinir:
- Saytın qoyduğu başlığa bax. "...verdilər, götürmədim". Az qalır desin ki, "dedim ağırdı, daşıya bilmərəm.
Ukrayna üçün manşetlər
Ukrayna hadisələri ilə bağlı yazılan xəbər manşetləri.
- Kiyevdə cin şüşədən çıxdı!
- Yanukoviç şəhərdən çıxdı!
- Kliçko rinqə çıxdı. Bu dəfə Yanukoviçlə savaşmaq üçün!
- Hadisələrdə Putun barmağı var
- Kiyevdə Sem dayı rus ayısı ilə savaşır.
- Ukraynada müharibə, müharibədə Ukrayna gedir!
Müsavat Ukrayna müxalifətinə şüarlar göndərdi
Müsavat Partiyasının qərargahı. Başqanın kabineti. İsa Qəmbər komanda üzvləri ilə oturub. Kiyev hadisələri müzakirə olunur. İsa Qəmbər deyir ki, Ukrayna müxalifətinə yardım etmək lazımdır. Hərə bir təklif verir. Arif Hacılı deyir:
- Bizim Kiyevə əlimiz çatmır. Silah göndərə bilmərik-yoxumuzdu. Adam göndərə bilmərik-heç burda dinc mitinqə adam çıxara bilmirik. Ancaq mənəvi dəstək verməliyik. Məndən olsa ora cəlbedici şüarlar göndərməliyik.
Bəylər düşünüb-daşınıb şüarlar yazırlar.
-"Maydan"a qədər siz gəlin, ordan o yana mən aparacam. (Kliçko üçün)
-Lənət şeytana, xoxollar meydana! (Arseni Yatsenyuk üçün),
- Ya Avrointeqrasiya, ya da Avrointeqrasiya! (Oleq Tyaqnibok üçün).
Qərara alınır ki, komissiya yaradılsın, bu şüarlar Ukrayna dilinə tərcümə olunub, Kiyevə göndərilsin.
Ağız ədəbiyyatı
Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər haqqında formalaşmış şifahi xalq ədəbiyyatı nümunələri.
Mən aşiq beyniqandı
Dəlidir, beyniqandı
Farslar haylarla dostdur
Qohumdu, eyniqandı.
(Təbrizdə yaranıb)
Mən aşiqəm xoxola
Belarusa, xoxola.
Ruslarla düşmən olub
Gözmü dəydi xoxola?
(Ukraynalılar haqqında Krımda yaranıb)
OMON gəldi hay verin
Nə istəsə pay verin.
Aza duran deyillər
Gətirin tay-tay verin.
(Moskva bazarında formalaşıb)
Eləmi arxa gəlsin,
Su axsın, arxa gəlsin.
Mən təkəm, düşmənim çox
Köməyə arxa gəlsin.
(Yanukoviçin dilindən qələmə alınıb)