Müdhətin iradı - İYNƏ - YUMOR
14 Fevral 2014 17:18 YumorTanınmış aktyor Müdhət Aydın qəzetləri vərəqləyir. "Ən gözəl qadın adları? Zərifə, Lətifə..." cümləsini oxuyan Müdhət deyinir:
- Zərifə niyə qoyurlar ki? Zərif də qadın adıdır da?
Savablarınızı artırın, nəzir gətirin!
Zəlzələdən sonra Seysmoloji Xidmət Mərkəzinin əməkdaşı televiziyada danışır. Dindar aparıcı sual verir:
- Sizə elə gəlmirmi ki, zəlzələnin baş verməsi günahlarımızın çoxalması ilə bağlıdır?
Seysmoloq təkərə düşüb deyir:
- Təbii ki, bu faktor da var. Ona görə də çalışmalıyıq ki, savablarımızn sayını artıraq.
Efirə zəng edən Həmid Herisçi deyir:
- Cəmaət, təcili şəkildə savab qazanın. Seysmoloji mərkəzin şikayət və təkliflər kitabına nəzir atın.
Yazara etika dərsi
Ünlü yazarlardan biri yazar dostları ilə pivə içir. Keflər, türklər demiş "on numara". Yazarı o qədər tərifləyirlər ki, sən dahisən, əjdahasan, sözün yaradanısan, adam yenə türklər demiş "zıvanadan çıxır". Bir hadisə danışır:
- O gün Koroğlu parkında oturmuşdum. Qulağında telefon olan biri soruşdu ki, bu abidə kimindi. Tanımadı deyə, əsəbimdən dedim ki, Zorgenin. Kişi də telefonda danışdığına dedi ki, gəl, Zorge heykəlinin yanına, ordayam. Bu, mənə ləzzət elədi...
Yazarlardan biri deyir:
- Nahaq elə demisən. Hər adam heykəlləri tanıya bilməz ki. Savadlısı var, savadsızı var. Sənin hərəkətin vətənpərvərlik deyil, sadəcə etikasızlıqdır.
Köhnə cəbhəçilərin söhbəti
Bakı, türk kafelərindən biri. Köhnə cəbhəçilər söhbət edir. Onlardan biri deyir:
- Filan bəy bizi aldatdı. Nə işimiz vardı onun partiyasında. Adamı yandıran odur ki, köhnə bir pencəyi vardı, indi milyonları var.
O biri dost:
- Filan bəyin indi pencək fabriki var, amma sən bir həsir, bir Məmmədnəsirsən.
KXCP, yoxsa KXDR?
Ötən sayımızda Şimali Koreya ilə bağlı yazıda səhvə yol verilib. "KXDR növbəti hərbi paradını keçirəcək" cümləsi belə verilib: "KXCP növbəti hərbi paradını keçirəcək". Yanlışlığa görə, Volqaboyunda yaşayan xəzər türklərindən və Xəzər Teyyubludan üzr istəyirik.
Ağız ədəbiyyatı
Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər haqqında yaranmış şifahi xalq ədəbiyyatı nümunələri.
Mən aşiqəm qamətə
Boy-buxuna, qamətə.
Sələfilər azalır
Gözmü dəydi, Qamətə?
(Sələfi dini icmasının ruhani başçısı Hacı Qamət haqqında Qaraçuxurda formalaşıb)
Mən aşiqəm sultana,
Şahənşaha, sultana!
Turan eli yaradır
Eşq olsun Nursultana!
(Ankarada Nursultan Nazarbayev haqqında yaranıb)
Ürək döyünməsə...
Milli Parkda Tibb Universitetində oxuyan iki sevgili oturub. Oğlan qıza deyir:
- Əzizim, əlini ürəyimin üstünə qoy.
Qız:
-Qoydum.
- Nə hiss edirsən?
- Döyüntü.
- Bilirsən o kimin üçün döyünür?
Qız sevincək:
- Əlbəttə, mənim üçün.
Oğlan:
-Xeyr, əzizim. Ürək bir insan orqanı kimi öz funksiyasını yerinə yetirir. Döyünməsə, digər orqanlara qan getməz.
Sənin üçün dünyanın o başına da gedərəm...
İki sevgili çay qırağında söhbət edirlər. Oğlan qıza olan sevgisindən, ondan ötrü ölümə belə getməyə hazır olmasından danışır. Birdən qızın ayağı ilişib çaya yıxılır. Suda boğulan qız kömək istəyir, bağırır. Oğlan çaydan aralı qaçmağa başlayır. Qız:
- Məni qoyub hara qaçırsan?
Oğlan:
- Gedirəm kəndə, yardıma adam çağıram.
Qız yazıq halda:
- Axı, kənd uzaqdadır...
Oğlan:
- Mən sənin üçün dünyanın o başına da gedərəm!..
"Maraqlıdı, davanı kim başladıb"
Bir uşağı atası möhkəm döyür. Döyülməkdən bezən uşaq deyir:
- Ata, sən Allah, de görüm, səni də atan döyüb?
Ata təmkinlə:
- Əlbəttə, döyüb. Uşaq maraqla:
- Atanı da baban döyüb?
- Yəqin ki.
-Babanı da onun atası döyüb?
Ata:
- Yüz faiz belə olub.
Oğlan yeniyetmə ağlı ilə:
-Maraqlıdı, bu davanı kim başladıb axı.
"Əsas möhürdü"
Oğlu Türkel Əli Kərimlidən soruşur:
- Ata, saytdan oxudum ki, bir müşavirini də azad etmisən. Belə getsə, kim qalacaq partiyada?
Əli bəy qımışır:
- Övladım, 2000-ci ildə partiyadan o boyda "klassiklər" getdi, yenə AXCP bizdə qaldı. Əsas möhürdü, bala. Möhür oldusa, partiyada neçə adamın qalmasının önəmi yoxdur.
Eksklüziv müsahibə
"İynə"nin müxbiri Əhmədalı Qayalar tədbirlərin birində KXCP sədri Mirmahmud Mirəlioğlu ilə eksklüziv, atüstü müsahibə alıb. Bəy çox ciddi məsələləri müzakirə etmək üçün partiya qərargahına tələsdiyi üçün müsahibə balaca alınıb. Amma buna da şükür.
Müxbir:
- Ağa, Xədicə İsmayılın siyahısında adınız keçir. Nə deyərdiniz...
Ağa:
- Xədicə İsmayılın adı da bizim siyahımızda var, nə olsun ki. "Yurd" həqiqətləri kitabına onun adını salmışıq...
- Deyir ki, şeyxlə əlaqəniz var.
- Mənim şeyxlə də, axundla da, qazı ilə də, sadə dindarla da əlaqələrim var. Çünki dindar adamam.
- Deyirlər Milli Şuradan gedəcəksiz...
- Biz getsək, Şurada millilik qalmaz.
- KXCP sədrliyindən gedəcəksiz?
- Bu elə sualdır ki, həm bilirəm, həm bilmirəm. Bilirəm ona görə ki, hamı gedəcək. Bilmirəm, ona görə ki, nə zaman gedəcəyimi bilmirəm.
- Deyirlər AXCP dağılır...
- Düz demirlər. AXCP bundan sonra dağılmayacaq. Kim qalıb ki dağıla...
- Parlament seçkilərinə girəcəksiz?
- Seçkiyə girəcəyik, amma parlamentə girəcəyimizə əmin deyiləm.
"İsa bazarlığa özü gedir"
Tədbirlərin birində cinbala müxbirlərdən biri Sərdar Cəlaloğluna yaxınlaşır.
- Sərdar bəy, İsa Qəmbərin bazarlığa getməsinə inanırsız? Fuad Qəhrəmanlı belə deyir...
- Fuad düz deyir. İsa da, Arif də, Rauf da bazarlığa gedir.
Müxbir sevincək:
- Bax, dediniz ha! Danmaq yoxdur!
Sərdar təmkinlə:
- Niyə danıram ki. Gəlsinlər sübut edim. Camaat evinə bazarlıq eləmir? Əminəm bu adlarını çəkdiyim adamlar evə ərzaq almaq üçün bazara özləri gedir.
Oxşarlar