“Təyyarə birbaşa redaksiyaya enib?” - İYNƏ - YUMOR

Ağsaqqal yazar Tofiq Türkel qəzetləri vərəqləyir. "Yeni Müsavat"dan "Elbəyi Həsənli İsveçrədən "Yeni Müsavat"a gəldi" xəbərini oxuyan Dədə Tofiq ironiya ilə:
- Elə yazıblar ki, elə bil təyyarə birbaşa redaksiyaya enib.

Avropada ADP söhbəti

Norveçin Oslo şəhəri. Norveçdə yaşayan ADP-çi ilə Bakıdan yeni gəlmiş ümidçi söhbət edir. ADP-çi:
- Bizim partiyada nə var, nə yox?
Ümidçi:
- Köhnə hamam, köhnə tas.
- Sərdar neynir?
- Nə edəcək, yenə özünü sərdar kimi aparır.
- Zakir Hüseyn nə edir?
- Bütün günü otaqda oturub zikr edir.
- Bəs Həsrət?
- Həsrət arıqlayıb yaman. Güney həsrəti yaman geri saldı onu...
- Cəmil neynir?
- Cəmil Milli Şuradadı.
- Həsənlini demirəm e, ADP-çi gənc fəal Cəmili deyirəm.
- Mən də onu deyirəm də. Gənclərin adları ADP-də, özləri Milli Şuradadır.

"Həkim xəstələrdən yazar"

ADP-nin qərargahı. Zakir Hüseynovla Həsrət Rüstəmov sədrin qəbuluna gəlirlər. Köməkçi onları içəri buraxmır. Həsrət:
- Sədrlə söhbətim var, çəkil görüm.
Köməkçi buraxmır:
- Olmaz, məşğuldu!
- Neynir axı?
- Kitab üzərində işləyir
- Nə kitab?
Köməkçi:
- "Xəstə Bayraməlinin yaradıcılığında sufi motivləri" kitabını bitirib, indi də "Xəstə Qasımın şeirlərində erməni məsələsi" kitabını yazır.
Həsrət təəccüblə:
- Bu niyə ancaq xəstələrdən yazır?
Zakir qımışır:
- Adamın ixtisası həkimdi də.

Qarakurtkalılar partiya yaratdı

"İynə" çapa gedərkən aldığımız məlumata görə, tanınmış yazar Xədicə İsmayılın elan etdiyi Qanunçuluq Çərçivəsində Mötədil Tərəqqi Partiyası siyasi aləmdə ciddi rezonans doğurub. Gənc və fürsət gözləyən siyasətçiləri hərəkətə keçirib. Qatı millətçi Əhmədalı Qayalar da yeni partiya elan edib. Partiya belə adlanır: Radikal Ultrasağ Barışmaz Millətçi Qarakurtkalılar Partiyası.

Qarakurtka-Qaraçuxa

Əhməd Oruc Günel Mövludun, Seymur Baycanın dilinə düşmüş "Qarakurtkalılar" sözünü belə izah edir:
- Onlar bununla Yazıçılar Birliyinə ilişirlər e. AYB-də Qaraçuxa imzalı bir katib var axı.

Söz verdi, İstanbula apardı

Bir gün jurnalist Əli Zülfüqaroğlu həmkarı Vüsal Tağıbəylini qanıqara görür.
- Nə olub, ay Vüsal?
Vüsal qəzəblə:
- Görmürsən, məni aldadıb...
- Kim?
- Oqtay Hacımusalı. Mənə dedi ki, səni İstanbula aparacam. 3 ay gözləmişəm, təzə paltar almışam, hazırlaşmışam, çantam hazırlamışam, bu gün deyir ki, gəl, "İstanbul" kafesinə. Sən demə məni bura gətirəcəkmiş...


Yanlışlıq

Ötən sayımızda Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan haqqında yazıda səhvə yol verilib. "Levon dağlar qoynunda yerləşən, qartallar məskəni, qırqovullar diyarı N şəhərində dünyaya göz açmışdır" cümləsi korrektorun xətası üzündən belə verilib: "Levon dağlar qoynunda yerləşən, qartallar məskəni, siçovullar diyarı N şəhərində dünyaya göz açmışdır".

Sovet vaxı doğulsaydım...

Məşhur solçu yazar Elçin Bayramlı oğlu Altayla söhbət edir. Altay deyir:
- Ata, mən Sovet vaxtı doğulsaydım necə olardı?
Elçin qımışır:
- Yaxşı oalrdı e. Amma adın Altay olmazdı. Yəqin, "Sovet"dən, "Ruslandan", "Traktor"dan zaddan qoyacaqdım.

Fətullah Güləndən yeni deyimlər

Nifrət:

-Mən həyatda 3 şeydən nifrət edirəm: Ədalət, İnkişaf, Partiya.

Qarğış:

- Sizi görüm sandıqdan çıxmayasınız!
- Qərargahınız başınıza uçsun!
- Pulunuz kəsilsin!

Düzəliş

Son nömrəmizdə "Mədəniyyət" bölümündə getməli olan "Ruhinin layihəsində dəyişiklik" başlıqlı xəbər səhvən "Siyasət"də verilib və belə gedib: "Putinin layihəsində dəyişiklik". Maraqlıdır ki, xəbərin şəklinə də Milli Şuranın toplantısı verilib.

Yeni partiya adları

"İynə"nin nəzdində fəalliyyət göstərən "İmic" Piar Mərkəzi yeni partiya yaratmaq istəyən yazarların, gənclərin ad üstündə baş sındırdıqlarını nəzərə alaraq yeni partiya adları təklif edir. Siz ad üçün başınız yormayın, partiya yaradın, adını biz verəcəyik.
- Milli İnkişaf Uğrunda Möhkəm Dirəniş Partiyası
- Qanun Çərçivəsində Aksiya Keçirənlər Partiyası
- Yolun Qırağı ilə Hədəfə Yürüyənlər Partiyası
- Yoldan Sapanlara Qanun Çərçivəsində Sapandla Daş Atanlar Partiyası
- İrəli Gedənlərlə Ayaqlaşanlar Partiyası
- Dalda Qalanları Ayaqlayanlar Partiyası
- Bir Addım İrəli, İki Addım Geri Partiyası (solçular üçün)

Yolun qırağı ilə gedirik

Məclislərin birində CXP lideri Bədrəddin Quliyev keçmiş hərəkatçı Ülvi Həkimovla görüşür. Badri Ülvini qınayır, tənqid atəşinə tutur:
- Bəs deyirdiz, biz milli yoldayıq, nə oldu? Çəkilmisiz kənara.
Ülvi bəy qımışır:
- Biz yoldan çıxmamışıq. Sadəcə, yol doludur deyə, hədəfə doğru yolun qırağı ilə gedirik.

"Milli Şura kənardan sənin kimi görünür"

Satirik şair Mirzə Sakitin Milli Şura üzvlərindən biri ilə "Facebook"da dialoqu olub. Mirzə həmin yazışmanı şəbəkə ünvanında status kimi paylaşıb: "Bu gün Milli Şura üzvlərindən birilə yazışırdım. Aramızda belə bir dialoq oldu:
- Salam bəy.
- Salam.
- Necəsən?
- Sağ ol, yaxşıyam. Sən necəsən?
- Mən də yaxşıyam bir söz soruşum.
- Buyur.
- Bax, Allah sənə bir fürsət verib, xaricdəsən. Niyə çalışıb bir elm kəşf etmirsən?
- Nə elmi, Mən alim deyiləm axı.
- Noolsun deyilsən. Fizikadan, kimyadan, zaddan başın çıxmır?
- Fizika ilə kimyadan yox, amma zaddan başım çıxır.
- Axı deyirlər xaricdə texnika güclüdür. Ayə, düz-qoş da. Elm kəşf etməyə nə var axı. Vallah, bu imkan var ikən istifadə elə.
- Texnika dedin, yaxşı yadıma saldın. İmkan etsəm bir traktor alaram. Kotan haqqında bir az məlumatım var.
- Bəy, bir söz soruşum. Milli Şura uzaqdan necə görünür?
- Eynilə sənin kimi!". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31