Siyasi reklamlar - İYNƏ - YUMOR
10 Yanvar 2014 16:36 Yumor"İynə"nin nəzdində fəalliyyət göstərən "İmic" Piar Mərkəzi siyasi partiyalar və liderlər üçün reklam mətnləri hazırlayır. Hazır mətnlərdən bir neçəsini təqdim edirik.
- Milli Şuradan Milli Məclisə!
- Müsavatin başqanı,
Dəyişsin rubaşkanı
Axıtmasa baş qanı,
Olmaz cümhürbaşqanı! (Mətnin müəllifi satirik şair Mirzə Sakitdir)
(Müsavat haqqında yazılıb)
- Əli yoluna inan!
- İsaya inanma, inancsız da qalma!
(AXCP üçün yazılıb)
Ötən həftənin ən gülməli xəbər başlığı
"Müsavat təkbaşına iqtidar olmaq yürüşünə başladı". Deyilənə görə, bu başlığı oxuyan Tovuzun Ağdam kəndində iki nəfər gülməkdən qəşş eləyib, özündən getmişdir.
Reklam və elanlar
"İynə" pulsuz reklam və elan mətnləri qəbul edir. Siz öz reklam və elanlarınızı "İynə"nin səhifəsində yerləşdirə bilərsiniz.
Tikirəm
Keyfiyyətli siyasi torbalar tikirəm. (İsa)
Satıram
20 illik partiyanın siyasi kursu satışa çıxarılır. 3 mandata da dəyişirəm. (Gülağa)
İş axtarıram
Xarizmatik, ağır çəkili liderəm. Partiya sədri, məclis sədri işləyə bilərərm. Öz partiyam da var. (Teyyub)
Atıram
6 aylıq müttəfiqlik müqaviləsi bağlayıb, yarı yolda ustalıqla müttəfiqimə atıram. (Arif)
Rəqibə-müttəfiqə qarşı qara piar aparıram. Sosial şəbəkələrdə gizli profillər açıb rəqiblərimi söyürəm, ictimai rəydə gözdən salıram. Xidmət pulludur. (Fuad)
Yanlışlıq
Tanınmış jurnalist Valeh Məhərrəmli haqqında ötən sayımızda getmiş yazıda xətaya yol verilib. "Valeh gözəl qələm sahibidir" cümləsi belə verilib: "Valeh gözəl kələm sahibidir".
"Fuad İctimai Palatanın qələmini qırdı"
AXCP sədrinin qəzetdəki "İctimai Palata artıq yoxdur. Bu qurum öz missiyasını bitirdi" açıqlamasını görən ünlü yazar Tofiq Türkel qımışır:
- Vəssalam, İP yoxdu daha. Fuad İctimai Palatanın qələmini qırdı
Məqsədi gizlətmək taktikası
AXCP-Müsavat savaşının şıdırğı vaxtlarıdır. Müsavatçı yazar bəylərdən biri facebookda status yazır: "Bu gün metroda seyrəklik idi. Bizim vaqonda ayaq üstə 8-9 adam olardı. Hamısı da yaşlı adamlar idi - 50-65 yaş. Oturanların əksəriyyəti isə 20-25 yaşlı gənclər idi. Bu cür eybəcər mənzərəni ilk dəfəydi görürdüm..."
Mədəni, saf dostlar hərə bir şərh yazır. Biri yazır ki, "indiki cavanlarda mədəniyyət qalmayıb", biri yazır ki, "biabırçılıqdı" , başqa biri zəmanədən şikayətlənir. Amma heç kim mətləbi qana bilmir. A kişi, bəy demək istəyir ki, işə ictimai nəqliyyatla-metro ilə gedib-gəlir. İki gündən sonra "Fuad Qəhrəmanlı xarici maşını necə alıb" məqaləsini psixoloji cəhətdən rahat yazmaq üçün.
"SSRİ bərpa olsa, bütün bunlar sənin olmayacaq"
Keçmiş millətçi, hazırkı sosialist Elçin Bayramlı balıq tutur. Tərslikdən toruna qızıl balıq düşür. Balıq deyir:
- Ey solçu-kommunist, dilə məndən nə dilərsən. Yerinə yetirim, sən məni burax, çıxım-qoyum gedim.
Elçinin çox düşündüyünü görən balıq deyir:
-Ev, vəzifə, bağ, maşın...Nə istəyirsən?
Elçin deyir:
-Sən SSRİ-ni bərpa elə, bu dediklərin öz-özünə olacaq.
Balıq qanıqara halda:
- Etməyinə edərəm e, amma SSRİ bərpa olsa, bütün bunlar sənin olmayacaq.
- Bəs kimin olacaq?
- Raykom katibi, prokuror oğlanlarının.
Mühacirətə getməyin bəhanələri
O gün ünlü, çox tanınmış, milli düşərgənin azman lideri olduğunu iddia edənlərdən biri facebookda başqa profilindən (bəyin 3-4 profili var) bar-bar bağırırdı: "Ay camaat, PKK profilimi oğurlayıb". Axşama qədər bu çığır-bağır davam elədi, nəhayət, adamın profili bərpa edildi. Adam utanıb-qızarmadan bəyan edirdi ki, onun profilini "PKK oğurlayıb". Nə var-nə var adam ara-sıra Türkiyə bayrağı, boz qurd şəkli-zadı paylaşır. Əvvəla, türk düşməni, cocuq qatili olsa da PKK hər xırda-xuruş adamlara vaxt ayırmaz. İkincisi, əgər profilini PKK ələ keçirmişdi, bəs niyə qaytardı? Necə bərpa elədin? O boyda Türkiyə cümhüriyyəti dövlətinin qərb hissəsində at oynadan terrorçu təşkilat bir ala-yarımçıq millətçiyəmi uduzdu?
Bu faktın üstündən keçərdim ha, o gün bir ateistin yazdığı olmasaydı. O da yazırdı ki, qatı dindar şiələr profilimi ələ keçirməyə cəhd edirlər. Burda dalağım sancdı. Mühacirətə getməyin yeni bəhanələri yaranır, arxadaşlar! Bu o deməkdir ki, ay Avropa, qoyma, mən burda ateistlik edirəm, Allahı danıram, fanatik müsəlmanlar, təməlçilər profilimi sındırır. Və ya ay Türkiyə, mən gecə-gündüz türkçülüyü təbliğ edirəm, amma PKK mənim səhifəmi ələ keçirir. Təcili, mənə sahib çıx! Yeməzlər, qardaş, yeməzlər.
"Gör, sənin quracağın necə olacaq?"
Məşhur solçu yazar Elçin Bayramlı oğlu Altayla söhbət edir. Altay soruşur:
- Ata, SSRİ niyə dağıldı?
Elçin bir ah çəkir:
- Ona görə ki, SSRİ-nin kommunist rəhbərləri millətçiliyə meyl elədilər.
Altay qımışır:
- Sən də 3-4 il əvvəl millətçi idin, indi kommunizmə meyllənmisən. Gör, sənin quracağın quruluş necə olacaq?
"Sənin dərmanların o biri qutudadır"
Nənə narkoman nəvəsinə deyir:
- Bala, bu gecə yenə yuxuda uçurdum. Yaman ləzzətli idi...
Oğlan qanı qara halda:
- Nənə, neçə dəfə sənə demişəm ki, sənin dərmanların o biri qutudadır...
Heç kimi incitməyən taktika
Ən yaxşısı KXCP-nin və şəxsən Mirmahmud ağanın taktikasıdır. Soruşursan "İctimai Palatadan çıxmısız", cavab: "Həm hə, həm yox!". Soruşursan, "Milli Şuradan çıxmısız", cavab: "Həm hə, həm yox". Ən yaxşısı elə budur. Heç kimi incitmirsən, ictimai qınağa da tuş gəlmirsən.