Oxşarlar - İYNƏ - YUMOR

Kim kimdir?

Çingizin Foqtsla bağlı proqnozu: ürək ağrısı, stress davam edəcək

Futbol azarkeşləri sabiq qapıçı və AFFA-nın baş katibi Çingiz İsmayılovun yanına gəlib deyirlər:

- Çingiz müəllim, AFFA Berti Foqtsla iki illik müqavilə imzaladı. Nə deyə bilərsiniz? Nə gözləmək olar? Nə proqnoz verərdiniz?

Çingiz müəllim deyir:

-  İki ildə möhkəm baş ağrısı, stress, əsəb, ürək ağrısı gözlənilir.

"Özü sındırıb çıxarıb"

Xalq artisti Aygün Kazımova qəzetləri vərəqləyir. Qəzetdən "Özbək lideri İslam Kərimov qızı Gülnarənin qabırğalarını sındırıb" xəbərini oxuyan Aygün qımışır:

- Yəqin qız özü xahiş edib. Fiqurasını gözəlləşdirmək üçün qabırğaları çıxarırlar axı. O da sındırıb çıxarıb.

Noxud falı

Siyasətçilər və partiyalar üçün

Müsavat-Rəqibləriniz artacaq. Daxili rəqiblərinizə Şimaldan dəstək gələcək.

Vəhdət Partiyası-Cənubdan pul baratına ümid etməyin, gəlməyəcək. Onu çoxdandı İslam Partiyasına verirlər.

KXCP-Şuradan çıxın. Şura hökuməti sizə nə verdi ki, bu Şura da nə verə?

Xəzər Teyyublu- Gəlirləriniz artacaq, dostlarınız azalacaq.

İsa Qəmbər-Turqut Müsavatda asanlıqla başqan ola bilməyəcək. Arifin haqqına girməyin. Heç olmasa, 2 il başqan olsun.

Arzu Səmədbəyli-Noxudlar yüksəliş vəd etmir. "Xalqın arzusu" ola bilməyəcəksiz.

Asəf Quliyev-Keçmiş dostlarınız partiya qurmağınıza mane olacaqlar.

Kölgə kabineti

"İynə" çapa gedərkən şok məlumat almışıq. Bu, AXCP-nin kölgə kabineti ilə bağlı məlumatdır. Əli Kərimli Müsavatın yoxluğunda Milli Şuranın kölgə kabinetini hazırlayıb. Kabinetdə şok isimlər var.

1.Prezident Əli Kərimli

2. Baş nazir Nemət Əliyev

3. Milli Məclisin sədri Lalə Şövkət

4. Baş prokuror Mənsum Bayramov

5. Daxili işlər naziri Əvəz Temirxan

6. Mədəniyyət və turizm naziri Eldəniz Quliyev

7. Müdafiə naziri Loğman Abdulla

8. Daşınmaz Əmlak Agentliyinin sədri Xəzər Teyyublu

9. Prezident dəftərxanasının böyüyü Fuad Qəhrəmanlı

10. Prezident çayxanasının böyüyü (keçmiş təcrübəsinə əsasən) Eldar Namazov

11. QMİ sədri Mirmahmud Mirəlioğlu

12. Dini komitənin sədri Nəriman Qasımoğlu

13. Xarici işlər naziri Ruslan Bəşirli

14. Kənd təsərrüfatı naziri Qara Tofiq

15. Tikinti və söküntü naziri Ağ Aydın

16. Əkinçilik və bostançılıq naziri Pənah Hüseyn

 

Əli Kərimlinin iqtidarı dövründə Müsavat liderlərinin də kabineti olacaq.  

Rauf Arifoğlu-MQCMİ-də ayrıca kamera

Arif Hacılı-Təhlükəsizlik idarəsində xüsusi kamera.

İsa Qəmbər- Qocalar evində xüsusi otaq

"O rolu necə oynamısan"

Milli Şuranın qərargahı. Cəmil Həsənli mətn diktə edir, Eldəniz Quliyev də yazır. Cəmil müəllim alıb oxuyur, başını bulayır:

- Vay, vay, nə qədər səhv var!..Sən bu qabiliyyətlə "Qaçaq Nəbi" filmində Mirzə rolunu necə oynamısan?

"Bu proqnoz olmadı ki, girib-çıxmaq oldu"

Jurnalist Xaqani Səfəroğlu həmkarı, siyasi təhlilçi Azər Rəşidoğlundan soruşur:

- Gələn il baş verəcək hadisələrlə bağlı nə kimi proqnozların var?    

Azər deyir:

-Yaz! Müsavat Milli Şuradan çıxacaq, Liberallar Milli Şuraya girəcək. Rəsul Quliyev  ACP-dən çıxacaq, yeni partiyaya girəcək. Elçin Bayramlı Azərbaycan Kommunist Partiyasına girəcək, Adil Qeybulla Müsavat Partiyasından çıxacaq. 1000 nəfər gənc YAP-a girəcək, 10 nəfər AXCP-ni tərk edəcək....

Xaqani Səfəroğlu səbrsiz halda dillənir:

- Bu proqnoz olmadı, girib-çıxmaq oldu.

Proqnoz

"İynə"nin nəzdində fəaliyyət göstərən "Qlobus" Araşdırma Mərkəzi 2014-cü ilin siyasi proqnozları ilə çıxış edib. Proqnozları təqdim edirik.

- İlin son günü Müsavata Şaxta Baba gəlməyəcək. Buna səbəb başqanın Şaxta Baba haqqında qeyri-konstruktiv sözlər danışmasıdır. Müsavat Milli Şuradan uzaqlaşacaq. AXCP Müsavatdan uzaqlaşacaq, Pənah Hüseyn AXCP-yə, Vurğun Əyyub Rauf Arifoğluna yaxınlaşacaq. Nurəddin Məmmədli siqaret yandırmaq üçün Sülhəddin Əkbərə yaxınlaşacaq.

 

"Böyük ulduzlar balaca adamlar haqqında heç nə demir"

Yolka şənliklərinin birində iki partiyanın mühafizi, Milli Qurtuluş Partiyasının sədri  və Türk Millətçi Partiyasının qurucu lideri Vüqar Bəyturan astroloq Səbuhi Rəhimliyə yaxınlaşıb deyir:

- Ustad, bir ulduzlara bax gör, mənim barəmdə nə deyirlər...

Səbuhi Rəhimli cəld dillənir:

- Böyük ulduzlar balaca adamlar haqqında heç nə demir. Sənin barəndə desə-desə  yolkanın başındakı ulduzlar proqnoz verə bilər.

 

"Arif Hacılı Siyavuş Novruzova yaxınlaşdı"

Saytların birindən "Arif Hacılı Siyavuş Novruzova yaxınlaşdı" xəbərini oxuyan İsa Qəmbər cəld müavininə telefon açır:

- Nə məsələdi, a bəy?

Arif and-aman edir:

- Nə məsələ olacaq e, boş şeydi. Şəhidlər Xiyabanında tədbir idi, siqaret yandırmağa od tapa bilmədim. Yaxınlaşdım Siyavuşa ki, siqareti yandırmağa kibrit ver. Bunu da jurnalist gördü. Gedib xəbəri "Arif Hacılı Siyavuş Novruzova yaxınlaşdı" başlığı ilə verib.

 

"Baha başa gələcək"

AXCP sədri Əli Kərimli evinə girən zaman iki nəfər qoluzorlu ona yaxınlaşır.

- O nədi, qəzetdə Mübariz Qurbanlıya barmaq silkələmisən. Demisən ki, "gələn il YAP-a baha başa gələcək". Kimi hədələyirsən? 500 minlik partiyanı hədələmək olar? Nə demək istəyirsən bununla?

Rəngi ağarsa da, Əli bəy vəziyyətdən çıxır:

- Məni düz başa düşməmisiz. Mən demək istəmişəm ki, qiymətlər ki, belə bahalaşır, YAP da ziyana düşəcək. Qərargah saxlamaq asan deyil e. Bunun elektrik enerjisi, su, qaz haqqı var. Əməkdaşların maaşı var...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31