Məsələni erkək-erkəyə həll etmək - İYNƏ FOTO
“Yadıma kabab düşür”
22 Noyabr 2013 16:37 YumorAXP sədri Pənah Hüseynlə Müsavat başqanının müavini Arif Hacılı və şair Vəli Xramçaylı "Qurd qapısı" restoranının yanından keçirlər. Yolun kənarına bağlanmış quzunu görən Arif deyir:
- Bu quzunu görəndə yadıma kəndimiz düşür.
Vəli Xramçaylı:
- Mən o quzunu görəndə dağları, şəlalələri, göy çəmənləri xatırlayıram...
Pənah Hüseyn:
- Qardaş, mən quzu səsi eşidəndə yadıma kabab düşür.
"Müxalifət böyümədi"
Siyasiləşmiş üç şair "Gənclik"dəki "Mirvari" kafesində yeyib-içirlər. 3-cü "rumka"da şairlərdən biri kənarda dayanmış yekə, kök erkəyə işarə ilə deyir:
- Görən, bizim müxalifətimiz böyüyüb nə vaxtsa belə erkək olacaq?
Şairlərdən ikincisi:
- Olacaq e, amma buynuzssuz.
Üçüncü şair:
- Bizim müxalifət böyümədi, elə quzu ikən kəsdilər.
"Erkək salonu"
Tanınmış aktyorlar Nurəddin Mehdixanlı ilə Müdhət Aydın İstanbulda gəzirlər. Müdhət üzərində Polat Alemdarın şəkli olan "Erkək salonu" yazılmış yerə baxıb deyir:
- Bu nədi belə?
Nurəddin:
- Görmürsən, erkək salonudur da..
Müdhət özünü sındırmır:
- Madam erkək salonudur, qoç şəkli vursunlar da, ta Polat Alemdarı niyə vururlar?
"Ürəyi hara getdi?"
Milli Bayraqdarlar Hərəkatının sədri Elman Türkoğlu saytları izləyir. "Həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın məhkəmədə ürəyi getdi" xəbərini oxuyan Elman heyrətlə soruşur:
-Qardaş, ürəyi hara getdi? Sonra geri qayıtmadı?
Yeni deyimlər
-Murad Köhnəqala dərd əlindən Norveçə getdi, dedilər bəxtəvər gəzməyə gedib.
Facebookda yeniyetmə zarafatları
- Bürcün nədi?
- Oxatan. Səndə?
- "Raqatka".
"Romantik" yuxu
Sadiq sevgilisinə:
- Reyhan, dünən yuxuda səni gördüm.
- Necə?
- Gördüm ki, səni maşın vurur, ölürsən, aparırlar basdırmağa. Səni məzara qoyurlar, amma üstün açıqdır. Görürəm ki, üzündə nur var...Amma sonra məlum oldu ki, sən demə nur-zad deyilmiş, maşının işığı ağzında qalıbmış.
"Mənə gəzəyən toyuğun yumurtası lazım deyil"
Yaşar Türkazər marketə daxil olub 15 qəpikdən 10 ədəd yumurta alır. Evə çatanda görür ki, yaxınlıqdakı dükanda yumurta 10 qəpiyədir. Artıq məsrəfə heyfsilənən Yaşar cəld geri qayıdır. Amma yumurtanı qaytarmağa bəhanə tapa bilmir. Axır bir bəhanə tapır. Dükançıya yaxınlaşıb deyir:
- Yumurta həyət yumurtasıdır?
- Bəli.
- Öz toyuğunuzundur?
Dükançı əminliklə:
- Bəli, qardaş!
Yaşar bir də soruşur:
- Bəs xoruz necə, özünüzündür?
Dükançı əsəbləşir:
- Əşşi, mən nə bilim e? Məncə yox, xoruzu başqa həyətdən gətirmişdik.
Yaşar "hücuma keçir":
- Onda qardaş, al yumurtalarını. Mənə gəzəyən, pozğun toyuğun yumurtası lazım deyil.
Yeniyetmə yaradıcılığından
-Pessimist yalnız tuneli görür, optimist tunelin sonundakı işığı görür, realist tunellə birlikdə işığı və gələn qatarı da görür.
Kliçko və onun "Zərbə"si
İdmançıların "türkün sözü" qəribə huyu olur. Ukraynalı boksçu, siyasətə qoşulmuş Vitali Kliçko "Zərbə" adlı hərəkat yaradıb. Adam, gərək elə boksçu olduğunu bildirəsən? Gürcü Arveladze də futbolçu olub, bir zamanlar İtaliyanın güclü "Milan" klubunda forma geyinib. İndi o da seçki blokunun, partiyasının adını "Korner" və "Buts" qoysun? Tutalım ki, bir zamanların məşhur qapıçısı Rinat Dasayev siyasətə qatılıb. Siyasi hərəkatının adını "Əlcək" və "Ofsayt" qoymalıdır? Nə isə, bu xoxolların işi dəhşətdi.
Ağız ədəbiyyatı
Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər haqqında formalaşmış şifahi xalq ədəbiyyatı nümunələri
Mən aşiq gülə bir də
Yol gedir Güləbirdə.
Elə xəta edib ki
Çətin ki gülə bir də.
(Cəlilabadın Alar kəndində Fərhad Əliyev barədə yaranıb)
Əzizinəm Kərəcə
Ərdəbilə, Kərəcə.
Cavabını alacaq
İlişibdi Fərəcə.
(Ayaz Mütəllibov haqqında Ordubadın Üstüpü kəndində yaranıb)
Mən aşiq Turan olsun
Böyükyurd-Turan olsun!
Türk dünyası birləşsin
Başqan Bəyturan olsun.
(Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan haqqında Masallının Təkdam kəndində yaranıb)
Mən aşiqəm tasına
Darağına, tasına
Kimsə qarşı gələmmir
Siyasətin asına.
(CXP sədri Bədrəddin Quliyev haqqında yaranıb)
"Loğman Yurdu təriflədi"
2000-ci ilin sentyabrıdır. AXCP-də "islahatçı"-"mühafizəkar" söhbətləri gedir. Bir gün məktəbli bacısı oğlu Loğman Abdullaya yaxınlaşıb inşa yazmağa kömək istəyir. Loğman başlığa baxır, "Mən səni sevirəm, ana Yurdumuz" sərlövhəsini oxuyub etiraz edir:
- Yox, bala, mən bu adda inşa yaza bilmərəm. Görüb eləyən olar, qəzetlər xəbər tutar, sabah bu cür yazarlar: "Loğman Yurdu təriflədi".
Foqtsdan böyük futbola xidmət
Qırğızıstanla 0:0-lik heç-heçədən sonra Azərbaycan futbol yığmasının almaniyalı baş məşqçisi mətbuat konfransı keçirir. Jurnalistlərdən biri soruşur:
- Rusiya, İsraillə heç-heçə edən, Şimali İrlandiyaya qalib gələn Azərbaycan yığması Qırğızıstanı böyük hesabla məğlub etməli idi. Necə oldu ki, heç-heçə oynadınız?
Berti Foqts təmkinlə və qayğılı görkəmdə:
- Uşaqlar, mən istəsəydim, qırğızların qapısına 10 top vurardıq. Amma bu, onlara pis təsir edəcək, futboldan soyuyacaqdılar. Ona görə heç-heçə elədik ki, orda da futbola maraq artsın, futbol inkişaf eləsin.
"Hizbut-təhrir" Samiri hədəfə aldı
"İynə" çapa, Mübariz YAP-a gedərkən aldğımız məlumatdan şok olmuşuq. Gələn xəbərlərə görə, İrana bağlı "Hisbut-təhrir" terror təşkilatının 10 könüllüsü "Samirlə birgə ölək" qrupu yaradıblar. Qrupun məqsədi Böyük Millət Partiyasının başqanı, türk dünyasının böyük öndəri, rus-fars-erməni üçlüyünün qənimi Samir Adıgözəllini partlatmaqdır. "İynə" bütün təktanrıçı türkləri hər gün uca öndərimizə dua etməyə dəvət edir. Allah iraq eləsin, liderimizə bir şey olsa, uca məmləkətin, Turanın taleyi necə olar. Kiş-kiş, qulaqlardan uzaq.